On beş yaşında qalsın

 

Qapına ünvansız məktub atalar,

İçində ox şəkli, ürək şəkli.

Biləsən yenə də səni sevən var

Elə gəncliyində olduğu kimi.

 

Gizli götürəsən anan görməyə,

Sivişib aradan səssiz çıxasan.

Tanış bir ünvanı eynində tutub,

Məktubu sinənə yüz yol sıxasan.

 

Ürəyin atlana, titrəyə, əsə,

Kağızı açasan, gah qatlayasan.

Elə qarışa ki, həriflər, sözlər,

O tanış xətti tanımayasan.

 

Əl çala eyvana əyilən budaq,

Budaq da, yarpaq da bir nəğmə ola.

Qəfil həzinləşə o kiçik varaq,

Dünya başdan-başa sevgiylə dola.

 

Bu sevgi ta səni elə isitməz,

Saçındakı qar da ahıllaşıbdır.

Səndən ötən zaman geriyə dönməz,

Sevginin yolları nağıllaşıbdır.

 

Ömrün ilk çağına toxunma, könül,

O illər bir şirin xatirən olsun.

Əyninə geydiyin yaşın üşüyər,

Məktub da qoy on beş yaşında qalsın.

 

Xətrinə dəyərsən qocalığımın

Sonbeşik qızım saçındakı

teli mənə göstərib təəssüfləndi

 

Saçın ağlığından qorxma, ay qızım,

Boy atıb göyərən yalandan qorx.

Kürsü həvəsilə yüz dona girib

Fərsizə baş əyib əlçalandan qorx.

 

Şəvə saçlarında bir tel nədir,

Ayır ver könlümü bağlayım, qızım.

O bəyaz tel sənin üz ağlığındır,

Sər sinəmin üstə qoxlayım, qızım.

 

Pərişan eyləyib sıxmasın səni,

Geridə qoyduğun qaynar illərın

Sən ömür bağımın çiçəyisən,

Ağlığa yaraşır çiçək əllərın.

 

Ürəyinin odu-atəşi durur,

Hələ məhəbbətın dərya-dənizdi.

Aldanma  saçdakı qaralıqlara,

Ağı, qarası da mənə əzizdi.

 

Ucalıq yoludur saçda cığır.

Gözü doluxsunub ucalığımın.

Toxunma, könlümün kövrək yerinə

Xətrinə dəyərsən qocalığımın.

 

Qalxın, mehmetciklərim

 

Başda riyakar Fransa olmaqla, yenə

bir neçə Avropa ölkəsi qondarma

erməni "soyqırımına" imza atdılar.

 

Baş əymə, mənim türküm

Diz çökmə xəyanətə,

Tanrı özü dayaqdı

"Göy Türk" soylı millətə -

Hoylanmağın vaxtıdır,

Özünü türk sayanlar,

Metenin, Atillanın

İzinə iz qoyurlar.

Dünya türkü təkləyib

Bu savaşda mərd olaq,

Verək kürək-kürəyə,

Duraq ürək-ürəyə,

Cərgələnək, sıx duraq.

Alay-alay hoylanaq,

Xəyanətin cavabın

Gələcəyə qoymayaq.

Qalxın, mehmetciklərim!

Qalxın "Çanaqqala"dan

Şuşadan, Xocalıdan,

Yenə qalib çıxaq

Açılan bu davadan.

Bu yalanlar üçün,

Tökülən qanlar üçün

Hesab soraq dünyadan.

Möhtəşəm türk dünyası,

Yırğalan bir nəhrtək,

Kükrəyib qalx yerindən,

Getməsin gözə yuxu,

Şərə züy tutan Qərbə

"Qanunı" Süleymanın

Ölüm fərmanın oxu!

 

Ürəkdən çıxır

 

Yozumsuz bir dərdlə ömür sürürəm,

Elə bil ruzum da bu dərddən çıxır.

Birini bitirib başa vurmamış,

Biri körpə kimi bələkdən çıxır

 

Gecələr masama fikir tökürəm,

Elə hey arana-dağa çəkirəm

İçimdə hayana əyib, bükürəm.

Ağrısı ox kimi kürəkdən çıxır.

 

Məni Təbriz oyur, Şuşa yandırır.

Göyçəm, Zəngəzurum qoşa yandırır.

Dərdimi qanır, qandırır.

Bütün bu oyunlar fələkdən çıxır.

 

Qələm yorulub sözün içində,

Dözümüm bərkiyib dözüm içində.

Tüstüyə boğulur özüm içində,

Yanğısı ah kimi ürəkdən çıxır.

 

Utanıram qəbahətimdən

 

Mən sevə bilmədim səninki kimi,

Bu ürək mənə ürək olmadı.

Sevgisini verdi özgə yerinə.

Özünə bir kərə gərək olmadı.

 

Yandıra bilmədim sönük könlümü,

Üstünə ayrılıq yağışı düşdü.

Pəncərəmə qondu bir sarı yarpaq,

Bildim ki, payızdı, gəlib yetişdi.

 

Mən sevə bilmədim səninki kimi,

Neçə yol incidib qırdım könlünü.

Uşaqtək oynadım göz yaşlarınla,

Keç bu günahımdan, bağışla məni.

 

Bilmədim gerçəkmi, ya elə yalan,

Qisməti talenin adına yazdım.

Təsəlli əvəzi tənhalığımın -

Şəklin çarpayımın üstündən asdım.

 

Mən özüm-özümə yenildim yaman,

Bir günahın əsiri oldum o gündən.

Neyniyim, sevmədim səninki kimi,

İndi utanıram qəbahətimdən.

 

Birtəhər

 

Bir su atmaram dalınca sənin

Sanma, qürurumu sındıracağam.

Baş açmıram, sırrı nədir ürəyin,

Ona da həddini qandıracağam.

 

Tanrıya gedən yol sevgi yoludur,

Onu bircə kərə döndərsin mənə,

Məni bu sevgiyə qul edəcəksə,

Ən böyük cəzanı göndərsin mənə.

 

Ensin günahları yazan mələklər,

Bu eşqi günaha yazsın biryolluq.

Sevgi bir xətasa ürəyə əgər,

Bu bəxti dəftərdən pozsun biryolluq.

 

Yorğun ürəyimə sığınıb belə,

qədər axtarım ötən günləri?

Diksinib küləyə, yağış səsinə.

qədər kiridim xatirələri.

 

Hər kəsdən xəlvəti təsəlli bilib,

Xəyalda ümidi daşıdım, yetər.

Bu daş qürurumla savaşa girib,

Səni yaşayacam, sənsiz birtəhər.

 

Bir payız

darıxmaq istəyirəm

 

Yenə ağır qədəmli

Dərin xəyallı payız gəlir,

Eyvanımızın altından keçən,

Sənin ayaq izlərin

                      yaddaşına köçən küçəmizdə

Həvəssiz payız küləyı veyillənir.

Əzəlki kimi hər səhər

Eyvana çıxıram,

sükut çəkili,

Payız mürgülü

yollarına baxıram.

Üşüyən təkliyimi

Payız yağışında yuyuram.

Metroya, avtobusa tələsən

İnsanların arasından

Səni seçmək,

Gendən-genə nəfəsindən

Bir udum içmək,

Əllərimi yelləyib

Baxışlarımla səni ötürmək

İstəyirəm.

Kölgən ötənə kimi

Dalınca baxmaq,

Bir payız darıxmaq

İstəyirəm.

Baxışlarım, sanki

İçimdən keçən Tanrı yoluna

Səcdəyə gəlir,

Dualarımdan göylər əyilir.

Qollarım bir cüt göyərçin qanadları kimi

Boşluğa açılır.

Kölgən bu boşluqda uzandıqca, uzanır,

Çəkdiyim ahlardan geri qayıdır,

Eyvanımızın tavanından,

Kəndir  asılır

İntiharın ayaq səsi gəlir.

 

Dualar oxuyuram

 

İçimdə sənli bir dünyam var,

Hamıdan, hər kəsdən

Gizli saxlayıram.

Qapı-pəncərəsini

Bərk-bərk bağlayıram.

Yalnızlıq ulayanda,

Sənsizlik ağlayanda

Ora düşürəm,

Xatirə xəyalınla,

Dönməyən vüsalınla yaşayıram.

Boş qalan illərimi,

Qayıtmağına gümansız

Ümidlərimi,

Hərdən boşluğa yağan

gözlərimi,

Kirpik yoran yuxularımı

Ovuduram,

Çəkdiyim acılarımı,

Bir ürək ağrımı unuduram.

İçimdə sənli bir dünyam var,

Hərdən şair oluram orda,

Ozümü məhkum,

Həm hakim sanıram orda.

Üşüyəndə sözlərdən

Ocaq çatıb qızınıram,

Ürəyimi işığa, aydınlığa açıram,

Dözümümə dualar oxuyuram.

 

Torpaq olunca

 

Yenə həsrətinə bələnib hər yan.

Gözləri yol çəkir ümidlərimin.

Sənsiz tənhalıqla ülfət bağlayan,

Yuxusu üşüyür gecələrimin.

 

Anbaan surətin gözümə dəyir

qədər ağırdır bu görüş bilsən.

Tüstüsün görərsən yanan könlümün

Hər gecə pəncərə önünə gəlsən.

 

Sənin gedişinlə sürüşüb düşüb.

Həvəs ürəyimdən, nəğmə dilimdən

Qayıt, dünyamıza sıyrılım, çıxım,

Bu uzaq illərin sənsizliyindən.

 

Xəzantək soluxub tökülüb ömür,

Mən bu xəzana qoşulum, gedim.

Dilsiz baxışların gendən əl edir,

Düşüm qarasına baş alım gedim.

 

Bilsən, duyğularım necə kövrəlir,

Payız yağışıtək yağır dalınca.

Ürəyim yoluna bir pəncərədir,

Ömür bircə ovuc torpaq  olunca.

 

Əbədi yuxusundan

 

Bir payız gecəsi

Bir ...

Divarları sənsiz buz bağlayan, evimizin

bir küncünə sığınam,

Payız sükutu kimi

Darıxan mən.

 

Daş deyiləm dözəm,

Quş deyiləm uçam gedəm.

Allah bəndəsiyəm, dözümsüzəm,

Özüm köçüb məndən

Özümsüzəm...

 

Bir payız gecəsi

Bir mən,

Payız ağlayır çiskin-çiskin

Çilənir təkliyimə,

Göz yaşım donub,

Ağlaya bilmirəm.

Evimizin sənsizliyinə.

 

Bir payız gecəsi,

Bir mən.

Bir divarlarda gəzən

kölgən,

Yuxumu salıb gözümdən.

Sanki gözümü  alıb

aparmısan məndən,

Dözümü qoparmısan dözümdən.

 

Bir payız gecəsi,

Bir mən.

Dumana, çənə batmışam,

yolu, rizi unutmuşam.

Özüm-özümdə azmışam.

Bir təlaş var canımda,

Darıxıram, yaddaşsızlıq

qorxusundan,

Bir təkliyin əbədi

yuxusundan.

 

Şövkət Zərin HOROVLU

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.20.