HUMAYUN
Tarixi hekayə
Loğman xəstənin uyuduğu çadırdan
çıxıb ikiqat əyilərək Babur şahın
hüzurunda təzim etdi; hökmdar əlinin işarəsilə
oturmasını bildirincə taxtla üzbəüz
xalının üstündə əyləşdi. Bir şey
söyləməsə də, loğmanın səssizliyi, səyriyən
üzünün pərişan ifadəsi xəstənin
halını bəlli edirdi.
Babur
şah loğmanın qərarsızlığını
duyunca:
- Məndən
heç nəyi gizləmə, - dedi.
Loğman
suçlu insanlar sayaq baxışlarını şahdan
yayındıraraq:
- Əlahəzrət...
Babur
şah onun sözünü kəsərək sərt səslə:
- Gözlərimin
içinə baxaraq danış, - dedi.
Loğman
özünü toparlayaraq:
- Əlahəzrət, xəstənin vəziyyəti
ağırdı, daha nələr etmək gərəkdiyini
söyləməkdə acizəm. - Bir anlığa nəfəsini dərərək
sözlərinə davam etdi. - Nə yazıqlar ki, müalicənin
səmərəsi yoxdu.
İyirmi iki yaşlı Humayun Babur şahın ilk
övladıydı. Hökmdar oğluna o qədər
bağlıydı ki, yalnız səltənətini deyil, həyatını,
gələcəyini onsuz təsəvvür eləyə
bilmirdi. Humayun xəstələnəndən bəri Babur
şahın
gözlərində dünya dəyişmiş, həyat
büsbütün dəyərini itirmişdi. Yurdun
müxtəlif səmtlərindən dəvət olunan
loğmanlar, təbiblər xəstənin dərdinə əlac
edə bilmirdilər. Himalayın əlçatmaz
yüksəkliklərindən, sıldırım qayalardan dərilmiş
güllərdən, çiçəklərdən
hazırlanan məlhəmlər faydasız idi. Həkimlərin bütün səylərinə
baxmayaraq, Humayunun halının get-gedə
ağırlaşması Babur şahı için-için
yeyir, həyatdan soyudurdu.
Sarayda da hər şey düzənini itirmişdi;
bütün əyan-əşrəf yalnız onun
sağalıb ayağa qalxması barədə
düşünür, hər hansı məsələ ilə
bağlı hökmdara söz söyləməyi
ağlının ucundan belə keçirmirdi.
Neçə gündən bəriydi ki, xəstəni Sənbəldən
Delhiyə, daha sonra Aqraya gətizdirmişdi. İbrahim
Ludinin anasının əlilə yeməyinə zəhər
qatılandan sonra ən sadiq adamlarına belə ehtiyatla
yanaşırdı, bu üzdən oğlunun öz nəzarəti
altında müalicə olunmasına qərar vermişdi.
Əslində, gəzdiyi-gördüyü yerlər
içərisində Kabilin təbiətinə bənzərini
xatırlamır, bəlkə oranın havasının
oğlunun şəfa tapmasına kömək edəcəyini
düşünürdü. Ancaq xəstəni
indiki halında gəzdirmək də ağılsızlıq
olardı.
Loğman çıxandan sonra Babur şah oğlunu
yoluxmaq üçün onun çadırına girəndə
xəstənin soluxmuş baxışları məchul bir
nöqtəyə zillənmişdi. Günlərlə
davam edən qızdırma Humayunu üzmüş, incəltmiş,
tanınmaz hala salmışdı. Üzündə,
gözlərində həyat eşqi qaynayan o gəncdən əsər-əlamət
qalmamışdı.
Atasının gəlişini duyunca Humayun yerində
qımıldandı, ancaq başını yastıqdan
qaldırmağa taqəti çatmadı. Babur şah
oğlunun yatağı yanında yerə çöküb
onun əllərini ovcuna aldı, barmaqlarına yüngülcə
sığal çəkdi. Oğlunun əlləri od tutub yanırdı. Baxışları
qarşılaşınca uşağın gözlərində
yaş gilələndi. Hökmdar ipək dəsmalla
onun göz yaşlarını sildi, toxtaqlığını
itirməmək üçün içində düyünlənən
qəhərini uddu.
Babur şah Humayunun ona zillənən baxışlarının
dərinliyində lal bir ümidsizliyin
sayrışdığını duydu. Oğlunun səhhəti
Aqraya döndüyü ilk günlər belə ağır
deyildi. O zaman övladının çöhrəsində
tezliklə sağalıb ayağa duracağına daha çox
ümid bəslədiyi hiss olunurdu. İndi isə
o ümid işartıları tamam öləziyib
sönmüşdü. Qızdırmanın
təsirindən hərdən xəstənin sayıqlaması
tuturdu, anlaşılmayan sözlər söyləyir,
çöhrəsi rəng verib rəng alırdı, bəzənsə
onu soyuq tər basır, bir müddət huşunu itirirdi.
***
Xatunu
Maham bəyim bir anlığa belə oğlunun yanından
çəkilmir, bütün günü xəstəyə
özü qulluq edirdi. Övladının
göz görə-görə əriyib getməsinə dözə
bilməyən qadının ümidsizcəsinə ondan
çarə diləyən baxışları Babur
şahı əzir, ağrıdırdı. Təkcə Maham bəyim deyil, qızları Gülrənglə
Gülbədən də gecə-gündüz
qardaşlarının yatağı yanında növbə
çəkir, xəstənin hər bir istəyini can-başla
yerinə yetirirdilər.
Öylədən sonra Maham bəyimin dəvətilə
Mir Əbülqasımın saraya gəldiyi xəbəri veriləndə
Babur şah özünü ələ alaraq taxta sarı
yeridi. Mir Əbülqasım nüfuzlu din xadimi olsa da, əslində,
Babur şah oğlunun xəstəliyi ilə bağlı onun məsələhətlərinin
bir fayda verəcəyinə inanmırdı. Xəstənin belə ağır durumunda qosqoca təbiblər
aciz qalmışdısa, o neyləyə bilərdi ki? Ancaq suda boğulan saman çöpündən
tutmaqla xilas olacağını düşündüyü
kimi, xəstənin indiki halında zərrəcə
işıq ucu görünən hər şeydən
yapışmaqdan savayı çarəsi yox idi. Bir yandan da oğlu xəstələnəndən gecəsi-gündüzü
olmayan xatunu Maham bəyimin qəlbini qırmaq istəmirdi.
Babur
şahın özündə olmadığını duyan Mir
Əbülqasım hökmdarın önündə təzim
edərək söhbəti uzatmadan:
- Əlahəzrət,
xəstənin şəfa tapması üçün bir qurban
niyyət edin, - dedi.
Şahdan
cavab gəlməyincə:
- Sizin
bahalı bir almaz daşınız vardı... Səhv
etmirəmsə, İbrahim şahla savaşda qənimət kimi
ələ keçirilmişdi. Onu nəzir
deyə bilərsiniz, - sözünü tamamladı.
Babur şah xəzinədarı
çağırtdıraraq qiymətli almaz daşını -
kuhinuru gətirməsini əmr etdi. Xəzinədar
çox keçmədən içəri girərək
qızıl tabaqda bəzəkli bir mücrünü
hökmdara təqdim etdi.
Şah mücrünü əlinə alaraq
qapağını açdı və qırmızı məxmərə
bükülmüş almaz daşı çıxardı. Daşın
gözqamaşdırıcı parıltısı bir andaca
sarayın tutqun hücrəsinə işıq saldı.
Şah almazı çevirib diqqətlə o üz-bu
üzünə göz gəzdirdi. Sonra dəyərsiz bir
əşya kimi təkrar məxmərə bükərək
mücrüyə qoydu.
- Bunumu nəzir
etməmi istəyirsən? - sordu və bir
anlığa baxışları toqquşunca Mir
Əbülqasımın gözlərini
yayındırdığı nəzərindən
qaçmadı. "Olmaya bu daşı nəzir adına mənimsəmək istəyir", -
şah bir anlığa zehnindən keçirdi, ancaq oğlunun
can çəkişdirdiyi indiki məqamda belə fikirlərlə
beynini yoracaq ovqatda deyildi, ona görə də etinasız halda
əlavə etdi: - Humayunun dünya malında gözü yoxdu,
onun yolunda bu qiymətli daşın nə dəyəri olacaq
ki...
Mir Əbülqasım nə deyəcəyini bilmədiyindən
susdu.
Babur
şah qəfildən yerində dikələrək:
-
Özümü qurban demək istəyirəm, - sözlərinə
bir qədər ara verərək, - bilirəm
ki, Humayunun məndən qiymətli sərvəti yoxdu, - dedi.
Mir
Əbülqasım hökmdarın bu qərarından səksəndi:
- Yox, yox,
əlahəzrət, özünüzü qurban deməyin. Ürəyimə damıb ki, nəzir-niyazdan sonra
Humayun sağalıb ayağa duracaq. Ancaq
sizsiz bu böyüklükdə məmləkətin taleyinin
necə olacağını təsəvvür edirsinizmi?
Hökmdar
ayağa qalxaraq:
- Yox,
artıq qərarımı verdim. Oğlumun əzablarına
dözə bilmirəm, - dedi və cəld addımlarla
bağçaya çıxdı.
Qürub çağıydı. Babur şah dəstəmaz alıb əynini
dəyişdi, yatağında qızdırmadan yanıb
qovrulan Humayunun başına üç dəfə
fırlandı, dodaqlarının altında oğluna şəfa
diləyərək özünü qurban dedi. Sonra səcdəgaha
girdi, namazını qılaraq duasını təkrarladı:
- Uca
Tanrım, sənə məxsus olan canımı qurban deyirəm.
Humayunun azar-bezarının mənə gəlməsini,
onun tezliklə şəfa tapmasını diləyirəm.
Yaradanım, oğlumun nicatı üçün sənin
böyüklüyünə pənah gətirirəm, öz
qüdrətini göstər...
Babur şah duasını bitirərək səcdəgahdan
çıxdı. Sanki üstündən dağ
götürülübmüş kimi rahat nəfəs
aldı.
Uzaqdan gələn musiqi səsini duyunca ixtiyarsız
olaraq ayaq saxladı. Humayun yatağa düşəndən
ruhunu qaramat basmış, qulağı belə səslərə
yadırğamışdı. Səsindən
gənc olduğu sezilən xanəndə "Humayun"
muğamını oxuyurdu. Mirzə Mənsur
Təbrizinin oğlunun şərəfinə qoşduğu bu
dəstgahı illər öncə Kabil sarayında düzənlədiyi
bir ziyafətdə dinləmişdi. İllah
da muğam üstündə Nəsimidən, Nəvaidən
oxunan qəzəllər onu əməlli-başlı sehrləmişdi.
Sonralar "Humayun" dəstgahını dinləmək
niyyətilə dəfələrlə Mirzə Mənsuru
başının dəstəsilə saraya dəvət edərək
ağırlamışdı.
İndi ustad xanəndənin vaxtsız ölümündən
sonra ilk dəfə idi ki, "Humayun" muğamının
belə yanıqlı oxunduğunu eşidirdi. Sanki səs keçmişlərdən,
tarixin sirli toranlıqlarından gəlir, işıq,
aydınlıq adına var olan hər
şeyi alıb aparır, yer üzünü dərdə,
qüssəyə boyayaraq çıxıb gedirdi. Udun boğuq sədaları altında xanəndənin
həzin avazı ruhunu sızladır, içini,
varlığını yeyir, bitirirdi. Oğlunun
şərəfinə bəstələnən muğamın nədən
bu qədər dərdli olduğunun sirrini anlamağa
çalışır, içinə axan göz
yaşlarının selində boğula-boğula xanəndənin
səsinin dərinliyində dünyanın taleyi, gələcəyi
ilə bağlı ona məlum olmayan nələrinsə gizləndiyini
duyurdu.
Ay
doğmuş, gecəni gümüşü rəngə
boyamışdı. Ağır addımlarla
Camna çayının sahilinə endi. Ayın
aydınlığında səssiz-səssiz axan suyun ləpələri
par-par parıldayırdı. Hökmdar
sahildə yastı bir daşın üstündə oturub uzun
müddət suyun səssiz axışını dinlədi.
Qayğılı çağlarında dəfələrlə
sahilə enərək beləcə suyun sehrinə
dalmışdı, ancaq ilk dəfə idi ki, çayı bu rəngdə,
bu halətdə görürdü.
Xəyallar onu alıb uzaqlara aparmışdı. Səmərqənd
uğrunda savaşlar, Kabilin alınması, İbrahim Ludi ilə
döyüşü, Hindistanın fəthi, daha nələr,
nələr uzaq, sirli mənzərə kimi gözləri
önündən gəlib keçirdi. Zamanın
bunca sürətli axışına inanmağı gəlmirdi;
indi ömrünün qırx yeddinci payızını
yaşayırdı. Sanki olub bitənlər
göz qırpımındaca baş vermişdi.
***
...Gecədən
xeyli keçmiş hökmdarın səhhəti qəfildən
ağırlaşmağa başladı. Şah
kimsəyə bildirmədən yatağına uzanaraq uyumaq istəsə
də, ağrının şiddətindən yata bilmədi.
Yalnız səhər üzü azacıq
mürgüləyincə Humayun yuxusuna gəldi; mələklər
oğlunun başı üstündə layla çalır,
qanadları ilə üz-gözünə sığal çəkirdilər.
Səhər açılınca vəziyyətdən
hali olan xatunu Babur şahı yoluxmaq niyyətilə sarayın
baş təbibini çağırsa da, hökmdar müalicəyə
lüzum görmədiyini bildirərək onu qəbul etmədi.
Şah qızdırmanın hərarətindən
dodaqları titrəyə-titrəyə Humayunu soruşdu və
oğlunun səhhətinin yüngülləşdiyi xəbərini
duyunca dualarının Tanrıya ulaşdığını
anlayaraq rahat nəfəs aldı. Elə həmin gün
hökmdar ağır xəstə olmasına baxmayaraq, saray əyanını
toplayıb Humayunun vəliəhdliyini təsdiqlədi və
hakimiyyəti oğluna təslim etdi.
Sonra isə
ona zillənən sual dolu baxışların
ağırlığı altında xəstəliyi ilə
uyuşmayacaq ötkəmliklə vəsiyyətini dilə gətirdi:
- Məni
Kabildə dəfn edərsiniz...
Hökmdarın səsində elə bir əminlik
vardı ki, kimsə təsəlli xatirinə bir söz
söyləməyə cürət etmədi.
...Bu hadisədən
üç gün sonra Babur şah onu yoluxmağa gələn
oğlu Humayunun qolları arasında dünyaya gözlərini
yumdu.
Böyük
türk xaqanının vəsiyyətinə doqquz il sonra əməl olundu.
8-10 fevral
2019,
Yeni Delhi-Aqra, Hindistan
Vaqif Sultanlı
Ədəbiyyat qəzeti.- 2019.- 28
sentyabr.- S.18.