Ağ Poeziyanın işığı...
Eyniadlı kitabdan fraqmentlər
Elçin İsgəndərzadənin
55 illiyinə
Elçin
İsgəndərzadə təfəkkürcə ümumbəşəri
ideyalar daşıyıcısı olsa da, mənən, vətən
torpağında vətəndaşlaşan şairlərdəndir.
Ədəbi aləmdə
geniş yaradıcılığı və dolğun şəxsiyyəti
ilə sayılıb-seçilən Elçini tanımağa
bu misralar da yetərlidir:
Ölsəm
məzarımı Şuşada qazın,
başdaşıma bir Füzuli misrası yazın,
Topxanada
armud ağacından
Üçrəngli bayraq asın.
Göy
kişnəsə, bulud ağlasa,
Cıdır
düzünə yağış yağsa,
yağışın içindən bir
Xarıbülbül
boylanıb Göy üzünə baxsa,
qoy, anam
ağlamasın.
Qəbrimin
üstündə Boz Qurd ulasın,
ya da
igid bir mehmetcik
ulu zəfər
marşı çalsın!
Bu şeirdəki əski çağlardan süzülüb
gələn saf türk ruhunun enerjisi insanı alıb
aparır, doğma yurda, torpağa dönüşün
gerçəkləşəcəyinə inandırır.
Şairin
yurd həsrəti təkcə Şuşa
itkisi ilə bitmir, Zəngəzur, Dərbənd, Təbriz də
bu həsrətin bir parçası kimi yanğı ilə
xatırlanır. Fikrimizi əsaslandırmaq üçün
Elçinin unudulmaz şairimiz Vaqif Səmədoğluna xitabən
yazdığı şeirə nəzər salmaq kifayətdir:
Arazı
keçdik, şair,
Arazı
keçdik,
Təbrizin
suyunu içdik, şair,
Təbrizin
suyunu içdik -
Amma Təbriz
torpağında
bir
çinar ağacı əkə bilmədik,
üzü gündoğana baxan bir ev tikə bilmədik...
Şairin "Ebrülər" silsiləsindən
yazdığı şeirlər öz canlı ovqatı, incə
palitrası, həssas poetik naxışları ilə
seçilir. Yeri gəlmişkən, ebrü sənəti rəssamlığın
Orta Şərq və Türkiyədə geniş yayılan
avanqard qoludur. Bir silsilə şeirini "Ebrülər"
adlandıran Elçin İsgəndərzadə rəngkarlığın
bu növünü ədəbiyyata gətirməklə öz
çoxrəngli poeziyasında yeni poetik boyalar tapmağa nail
olmuşdur. Həmin şeirlər eyni
başlıq altında qruplaşdırılsa da, onların hər
biri məzmun və forma etibarilə bir-birindən əsaslı
şəkildə fərqlənir. Şairin
sərbəst və heca vəznində qələmə
aldığı bu nümunələrin hər biri formaca yeni
və orijinal mahiyyət daşıyır. Şeirdən-şeirə dəyişən forma
yenilikləri mahir bir stilistin podiumda nümayiş etdirdiyi
bir-birindən gözəl modellərin əynindəki libaslar
kimi cazibəli görünür. Elçin
ikilik, üçlük və dördlük formasında, o
cümlədən sonet, sərbəst qəzəl və məsnəvi
janrında yazdığı mətnlərdə, klassik formalar
üzərində cəsarətli yeniliklər edir.
Ümumiyyətlə, Elçinin qəliblərlə
razılaşmamaq, mövcud kriteriyaları dəyişmək,
novator gedişlər etmək, hər addımda eksperimentlər
aparmaq və yeni kəşflər etmə cəhdləri, bəlkə
də onun texniki elmlər sahəsində çoxdan təsdiqlədiyi
alimliyindən irəli gəlir. Alimliyini poeziyaya
daşıyan Elçin, sözlər arasında reaksiyalar,
formalar üzərində eksperimentlər, məzmun daxilində
çevirmələr aparmağı xoşlayır. Etiraf etmək lazımdır ki, bu təcrübələr
onda uğurlu alınır.
"Ebrülər" məzmun etibarilə də həyatı
simvolizə edən düşüncələrdən, məfhumlardan
ibarətdir.
"Ömür ebrüsü", "Ayrılıq
ebrüsü", "Ümid ebrüsü",
"Naxışlı ebrü", "Ovqat
ebrüsü", "İnsanlıq ebrüsü",
"Ölüm ebrüsü" və bu silsilədən
olan digər şeirlərin adları oxucuya real yaşamın
xəyali obrazını, poetik sirlərini açır.
Özünün söylədiyi kimi, rəssamlıqla
şairliyi eyni bətndən doğulmuş sayan söz və
elm adamı Elçin İsgəndərzadə bədii
sözün qüdrəti və geniş yaradıcılıq
fantaziyası ilə fərqli poeziya tabloları yaradır. Onun qələmi məqamı
gələndə fırça, yeri gələndə silah,
bunların hamısından daha çox isə sülh göyərçini
ola bilir. Yaradıcılığının
böyük bir qismi savaş, döyüş, cəngi enerjisi
ilə aşıb-daşsa da, qəlbi bir şair kimi humanizm,
insansevərlik prinsiplərinə sadiqdir.
Elçin İsgəndərzadənin poeziyasında poema
janrı önəmli yer tutur. Onun poemalarını təsadüfən
"rəngli" adlandırmırıq.
Azərbaycanın və Avropanın bir sıra
ünlü rəssamlarına həsr etdiyi bu əsərləri
kiçik süjetli mənzum esselər də adlandırmaq
olar. Onlar həm forma, həm məzmun, həm də bədii
struktur orijinallığı ilə diqqəti cəlb edir.
Elçinin poemaları forma və ideya-estetik baxımdan
klassik poema janrının dekonstruksiyası kimi nəzərdən
keçirilməlidir. Poemanın klassik tələblərinin
(epizmin lirizmi üstələməsi, təhkiyənin tərənnümə
nisbətdə dominantlığı və s.) qəsdən
pozulması, əsərə ultra sərbəstlik verilməsi
həmin nəzm əsərlərini daha çox postmodern
ab-havaya kökləyir. Bu mənada,
Elçin İsgəndərzadə qısa, prozaik şeirlərində
nə qədər modernistdirsə, poemalarında bir o qədər
postmodernistdir. Kubist, impressionist, simfonik, ekspressionist
futurist poemalar adlandırdığı mənaca dərin, həcmcə
kiçik ballada tipli həmin əsərləri
çağdaş ədəbiyyatımızda hadisə saymaq
olar. Çünki Elçindən öncə
və hələ ki Elçindən sonra da oxşar üslubda
amorf və ekstra şeir yazmağa kimsə girişmədi.
Şairin böyük ispan rəssamı Pablo Pikassoya həsr
etdiyi "Pikasso və Minotavr" poemasında Qərblə
Türk Dünyasının oxşar mənəvi-estetik aləmi
və faciələri lirik notlarla
qarşılaşdırılır. Pikassonun məşhur
"Minotavr" rəsmlər seriyasından təsirlənən
şair dünyanı olduğu kimi yox, məhz, Pikassosayaq -
düşündüyü kimi görmək istədiyini dilə
gətirir:
Sən
dünyanı gördüyün kimi deyil
düşündüyün kimi çəkərdin.
Sən ağ kətanda
ümid
toxumları əkərdin.
Pikasso, mən
də bu dünyanı
düşündüyüm kimi
görmək istəyirəm.
Bu kontekstdə,
yəni ruhi-metafizik müstəvidə Müşfiqlə
Lorkanın qarşılaşdırılması da maraq
doğurur:
Mikayıl
Müşfiqin cavanlıq şəkli
baxır
divardan,
baxır,
gülümsəyir, elə bil,
elə
bil heç 37-də 29 yaşında
güllələnən şair deyil.
Rəssam
dostum, Lorkayla
Müşfiqin rəsmini çək.
İkisinin
də gözlərində
eyni təbəssüm,
eyni
hüzn,
eyni
sevda,
ikisinin
də köksündə eyni ürək.
İkisinin
də şeirində eyni işıq,
ikisinin
də çöhrəsində eyni yaraşıq.
İkisinin
də sinəsində
eyni
güllə yarası...
***
Elçin İsgəndərzadə şeirdə bir
müəllif kimi çox sərbəstdi, lakin gözəgörünməz
əl idarəçiliyi ilə əsəri əvvəldən
axıra qədər idarə etməyi bacarır.
Elçin daim axtarışda olan şairdir.
Onun
poeziya palitrası "eşqdən bədirlənmiş
Ay", "axşam sarı, narıncı, bənövşəyi
yanğınlarla şəhərin, dənizin üstünə
çökür", "sulara muncuq kimi dağılan
işıqlar", "çiçəkləmiş
alça ağacı bəyaz ümidlərlə dolu",
"sevda yolçularıyıq bu dünyada", "bir
gün qucar bizi torpaq anatək", "üstümdən gecələr
ötür", "saçında, gözlərində,
üzündə bahar", "gözlərinin səması",
"ürəkləri dərd üyüdən şairlər",
"gözləri sərxoş rəssamlar",
"qısır torpaqlarda söz cücərdirik",
"göy üzündə Ay doğub limon kimi",
"atların gözləri yay axşamıyla dolu" və
s. kimi poetik tapıntılarla doludur.
Söz
adamlarının yaradıcılığını rənglərlə
işarələyəsi olsaq, Elçin İsgəndərzadənin
yaradıcılığını ağ rənglə
xarakterizə edə bilərik.
Elçinin poeziyası başdan-başa ağ
işığa bürünüb. Onun əsərlərinə
səpilmiş "ağ alnında Tanrının əli",
"Ağdamın ağ damları",
"Çingizxanın ağ buludu", "güzgüdə
bəyaz mələk", "sevdalı bəyaz dualar",
"bəmbəyaz qağayılar", "ağ məndildi
Ağ dəniz", "ağ atlı bir türk əsgəriyəm
mən", "buludlar ağ ümiddi" kimi sətirlər
həmin işığın təzahürləridir.
Ağ rəngin
vurğunu olan şair Elçin İsgəndərzadə də,
sanki öz genetik türk yaddaşının diktəsi ilə
ağ şeirlər yazır və bu
ağ poeziyasını mənəviyyat bayrağı kimi
başı üzərində dalğalandırır.
***
Elçin İsgəndərzadənin tanınmış
şair-rəssam Adil Mirseyidlə dostluğu ədəbi cameədə
kifayət qədər məşhurdur. Onlar
arasındakı səmimiyyətə, mənəvi
bağlılığa hər ikisini yaxından tanıyan
şəxslər bələddir, mən də bu
yaxınlığın şahidiyəm. Elçin
Adil də daxil olmaqla, bir çox sənət dostlarına, həmkarlarına
istər maddi, istərsə də mənəvi qayğı
göstərən və heç zaman bunu
açıb-ağartmayan adamdır.
Elçinlə Adil Mirseyidin nağılvari
dostluğundan çox danışmaq olar, lakin hər şeydən
əvvəl onu bildirmək istəyirik ki, Elçin İsgəndərzadə
ilə Adil Mirseyid poetik qohumluqları olan şairlərdir. Çəkinmədən
onları modernist şeirimizin qoşa qanadları adlandıra
bilərik.
Elçin şair-rəssam dostuna iki poema, bir neçə
şeir həsr edib. Bu əsərlərdə o, Adil Mirseyidin bədii
portretini bir neçə baxışdan çəkərək
mərhum şairin vaxtsız ölümünün
nigarançılığını realist-sentimental notlarla
canlandırmışdır:
Şair
"Adil Mirseyidin göyərçinləri" poemasında
da ürəyinin yanğısını bir şaman kimi səmaya,
torpağa, havaya, suya pıçıldayır:
Ürəyini
göyərçinlərə
yedirdən bir şair olmalıdır ki,
hər
səhər dan üzü
umud
çiçəklərinə
sevda ləçəklərinə
ilk
şeh damlaları düşməzdən öncə
Tanrı
bağışlasın bizi...
Elçin İsgəndərzadənin
yaradıcılığı modernizm, ekzistensializm və qismən
abstrakt fikir axını - sürrealizm baxış
açısından dəyərləndirildi. İlkin
vaxtlarının aqressiv və dağıdıcı xarakterindən
tədricən uzaqlaşmış futirizm bir zəka və sənət
alanı olaraq çağdaş ədəbiyyatımızda
Elçin İsgəndərzadə imzası ilə
özünə yer tapır. Elçinin
poemalarında klassik poema janrına interpretasiyalar, janr daxilində
janr yaratma hadisəsi, yeni ədəbi formaların və bədii
ifadə tərzlərinin kəşfi ədəbiyyatımızda
tamamilə yeni növ poeziyanın yaranması kimi qiymətləndirilməlidir.
Ədəbiyyatımıza
"Simfonik poema", "İspan gitarası
üçün poema", "sürrealist poema",
"poema-rekviyem", "kubo-futirist poema", "fraqmentlərlə
poema-elegiya", "rəsmlərlə poema",
"impressionist poema" kimi yeni ədəbi
anlayışların gətirilməsi bilavasitə, Elçin
İsgəndərzadənin adı ilə bağlıdır.
Elçin İsgəndərzadənin poeziyasından
onlarca belə nümunə gətirə bilərik. Bu misallardan
çıxan ümumi nəticə isə odur ki, fitrən
şair olan kəsi nə qədər ədəbi
ölçü-biçiyə, janr tələblərinə,
forma qəliblərinə salmaq istəsən də, o öz fərdi
üslubu ilə istənilən ədəbi çərçivənin
sərhədlərini dəyişəcək, genişləndirəcək
və yeniləyəcək. O, tarixi köklər üzərində
öz fərdi stilini yaradacaq və özü müstəqil ədəbi
məktəbə çevriləcək.
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.23.