Səksən beşinci payızını
görməsə də...
Mərhum deməyə dilim gəlmədiyi şair Oqtay
Rzanın sonuncu - "Rübai karvanı, dördlük çələngi"
(aybKitab, "Mütərcim", 2019) qarşımdadır. Bu kitabda
toplanan şeirlər Oqtay Rzanın illər boyu meyil və həvəs
göstərdiyi, demək olar ki, bəlkə hər gün qələmə
aldığı rübailəri toplanıb. Şərq poeziyasının bu qədim janrına
neçə əsrlərdir ki, şairlərimiz müraciət
edir. Cəmi dörd misrada
düşündürücü bir fikir söyləmək ənənəsi
Rudəkidən, Ömər Xəyyamdan, Mövlanə Cəlaləddin
Rumidən, Məhsəti Gəncəvidən, Nizamidən,
Füzulidən, Nəsimidən gəlib və istər sovet
dövründə, istərsə də müstəqillik illərində
şairlərimiz rübaiyə etinasız qalmayıblar. Adını çəkdiyim kitaba professor Babək
Qurban (Allah rəhmət eləsin!) gözəl bir ön
söz yazıb. Mən Babək müəllimin Oqtay
Rzadan misal gətirdiyi bir neçə rübaini bu yazıda
xatırlatmaq istəyirəm:
Başlanır haradan, nədən yollarım?
Sərhəddə
qırılır hərdən yollarım...
Məni
millətimə bağlayan teldir
Bakıdan
hər yana gedən yollarım!
İgidlik
dərsi al Qorqud elindən,
Gücsüzün, yazığın yapış əlindən.
"Ot
kökü üstündə bitir" kəlamı
Arif adamların düşməz dilindən.
Əzəldən
qocaman, uludur dünya,
Əzəldən
günəşli, nurludur dünya;
Sayı
çoxalsa da, pisin, xəbisin,
Yaxşı
adamlarla doludur dünya!
Dünyada
get-gedə ləl, dürr tükənib,
Qızıl bahalaşıb, kömür tükənib.
Yazmaq istəyəndə
yaxşı şeirimi,
Gördüm gecikmişəm, ömür tükənib.
Məncə, Oqtay Rzanın rübailər kitabı
haqqında bu qədər yetər. Mən istəyirəm
onun həyatı və yaradıcılığı barədə
təəssüratlarımı bildirim.
Oqtay Rzanı bütün yazıçılar mühiti
sevir, onsuz heç bir ədəbi məclisin və "Natəvan"
klubunda keçirilən tədbirlərin ləzzəti,
dadı-duzu olmazdı. Bəzən görürdük ki,
hansı bir tədbirdəsə hamı yorulub, sonda Oqtay müəllim
danışanda o yorğunluq çəkilib gedərdi. Həm aydın, səlis nitqi, şux zarafatları, həm
də eynəksiz şeir oxumasına çoxdan
alışmışdıq.
1934-cü ilin 2 noyabrında, Salyanın Qalalı kəndində
dünyaya göz açmışdı. Salyan şəhərində
orta məktəbi bitirəndən sonra Azərbaycan Sənaye
İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil
oldu. On il neftçi-geoloq kimi
çalışdı, ruzisini "qara qızıl"dan
çıxardı. Elmi tədqiqat işi
müdafiə edib geologiya-mineralogiya elmləri namizədi oldu.
Uzun müddət APİ-də, coğrafiya
fakültəsində müəllimlik etdi. Axtarsan, Azərbaycanın hər bir bölgəsində
onun tələbələri ilə rastlaşarıq.
Bu onun rəsmi bioqrafiyası.
Amma Oqtay Məhərrəm oğlu Rzalının tərcümeyi-halı
bu bir neçə cümlə ilə məhdudlaşa bilməz. Ədəbiyyat
aləmində Oqtay Rza kimi tanınan şairimizin əsl tərcümeyi-halı
onun mətbuatda çap etdirdiyi, kitablarında
topladığı yüzlərlə şeirlərindədir.
Bu şeirlərdə mənsub olduğu
xalqın bir oğlu kimi Oqtay Rzanın həyata, gözəlliklərə,
millətinin şanlı tarixinə, elinə-obasına
böyük məhəbbətinin yaşantıları ilə
qarşılaşırıq. Öncə millətini sevən
bir azəri türkünün nidasını eşidirik:
Bütün
nəticələr səbəbdən gəlib,
"Ənəlhəqq"
harayı Hələbdən gəlib,
Dinim,
etiqadım ərəbdən gəlib,
Dilim ta əzəldən
özümünküdür!
Göyçə
- tapdağında "yazıq millət"in,
Dərbənd
- caynağında mütləqiyyətin,
Qədim
Borçalını görmək çox çətin,
Bölünmüş
məmləkət özümünküdür!
Bəzən
dost bildiyin çevrilir yada,
Ya da
keçmişini heç salmır yada,
"Ov",
"yev" soyadımdan bərk yapışsa da,
Millət
həmişəlik özümünküdür!
Ayrılıq
çayıtək Araz seçilib,
Şərabla
bərabər qan da içilib,
Zaman
böyüdükcə ölkəm kiçilib,
Dövlət
həmişəlik özümünküdür!
Oqtay Rza ədəbiyyata hələ yeddinci sinifdə
oxuyarkən Salyan rayon qəzetində çap etdirdiyi "1
May" şeiri ilə gəlib. Onda qırxıncı illərin
sonlarıydı, balaca boylu, amma gözlərindən
işıq və sevgi yağan Oqtay Salyanda özündən
bir neçə yaş böyük olan gənc şairlər
- Əliağa Kürçaylı, Xəlil Rza və
Ağacavad Əlizadə ilə dostluq edir, onlardan çox
şey öyrənirdi. 1952-ci ildə, on səkkiz
yaşı olanda böyük şairimiz Səməd Vurğun
Azərbaycanın müxtəlif bölgələrində
yaşayan gənc əliqələmliləri öz yanına dəvət
etmişdi, onlara şeirin-sənətin çətin
yollarından, şərəfli missiyasından söz
açmışdı. Oqtay Rza da bu dəvət
olunanlardan biri idi. Sonralar, ədəbi mühitə
alışandan sonra Oqtay Rzanın həyatında silinməz
izlər buraxan sənətkarlar olacaq: Rəsul Rza, Süleyman
Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Bəxtiyar
Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza, Məmməd
Araz, Hüseyn Arif... Deyərdim ki, özündən
xeyli cavan olan yazarlarla da dostdur, onların məclislərində
həmişə başda oturur.
Mənim isə Oqtay müəllimlə
tanışlığım onun bir şeiri ilə
başladı.
O şeirin birinci misrası belə idi: "Məndən
yuxarıda qövsi-qüzeh var". O şeiri oxumuşdum və
onun müəllifi Oqtay Rzanı görmək istəyirdim. Günəş şüalarının havadakı
yağış damcılarından keçərkən
sınması nəticəsində göydə görünən
yarımdairə şəkilli qurşağ - göy
qurşağı - qarı nənə örkəni
uşaqlıqda həmişə məndə heyrət
oyadıb. Sonralar hansı şeirdə,
hansı misrada bu qövsi-qüzehdən yaranan obrazlı təşbihləri
görürdümsə, gözlərim qarşısında o
mənzərə canlanırdı.
Məndən
yuxarıda qövsi-qüzeh var,
Məndən aşağıda gözəl bir tala.
Əlvan
xalıların üstündə şeh var,
Bürünüb hər tərəf ala, yaşıla.
Güllər
bənövşəyi, sarı, mavi, ağ...
Zolaqlar işığın yeddi rəngitək.
Ətirlə
doldurur sinəmi torpaq,
İlham ürəyimdə coşur "Cəngi"tək.
Heyranam
hüsnünə dağın, dərənin,
Göyə də baharın izi düşübdür.
Sanki
vurulduğum bu mənzərənin
Səma güzgüsünə əksi
düşübdür.
Oqtay Rza təbiət vurğunu idi, səyahət eləməyi,
gəzib-dolaşmağı çox sevirdi, nəinki Azərbaycanı,
keçmiş SSRİ məkanını da seyr etməkdən
yorulmurdu.
Təbiəti duya bildiyi üçün şeirlərində
də o hissləri, o duyğuları yaşada bilirdi. Onun şeirlərindəki
təbiət mənzərələri, dünyanın rəngarəng
peyzajları, bəzən suyun şırıltısı,
biçənəklərin xoş ətri,
yağışın səsi aydınca duyulur.
Onun "Günəşin adından" adlı bir
şeir kitabı var. Bu kitabı "Azərbaycanın
şeirlə yazılmış canlı xəritəsi" adlandırsam,
səhv etmərəm. Ona görə "canlı xəritəsi" deyirəm
ki, Oqtay Rzanın Azərbaycana, onun hər qarışına
vurğunluğu bu şeirlərdə bəzən poetik ekstaz
səviyyəsinə qalxır:
Sevməyən
adamın heç nəyi yoxdur,
O necə
bülbüldür - ötməyi yoxdur?
Başqa
bir şeirində yazır ki:
Sarı
köynəyini geyinib bağlar,
Meşədə
yarpaqlar xəzələ dönüb;
Heyranı
olduğum dilbər qovaqlar,
Şalını itirən gözələ dönüb.
Adətən,
şairlərin adları qarşısında "təbiət
şairi", "vətənpərvər şair",
"gözəllik şairi" və s. təyinlər
işlədirlər. Oqtay Rza, mən deyərdim, bunların
hamısına aid olan bir şairdir. Dəfələrlə
döyüş bölgələrində olub, əsgərlər
qarşısında şeir oxuyub, oğlu Hünəri də
elə bu ruhda böyüdüb. Onu bir
neçə dəfə Şəhidlər Xiyabanında, məzarlar
önündə baş əyən görmüşəm.
Sonralar bu ehtiram şeirlərə çevrilib:
Oqtay Rzanın şair ilhamı bütün mövzularda
öz poetik əksini tapır, yəni o, nədən
yazır-yazsın, o şeirdə həmişə yeni bir fikir
söyləməyə çalışır, əksər
hallarda buna müvəffəq olurdu. Dəfələrlə deyilmiş
fikirlərə təzə rəng, naxış vurmağa can
atırdı.. Onun şeir
yolu, fərdi üslubu Səməd Vurğun yolu idi. Özü bunu etiraf edirdi.
Şair dünyanın dərdini öz ürəyinə
yığan və bu dərdlərlə yaşayan bir əzabkeşdir
və Oqtay Rza da bu əzabkeşlərdən biri idi.
Son illərdə
Oqtay müəllimin yaradıcılığında iki məqamı
müşahidə etmişəm.. O,
çoxlu ithaflar yazır və tanıdığı,
hörmət və dostluq etdiyi müxtəlif sənət
adamlarını mədh edirdi. Bəzən bunu
ona irad tuturdular. Amma bunun nəyi pis idi ki?
Kiminsə yubileyində, kiminsə toy məclisində
Oqtay Rza şeir deyir, kimisə təbrik edirdi. İkinci bir məqam da odur ki, öncə qeyd etdiyim
kimi, Oqtay Rza Azərbaycan poeziyasının rübai janrına
tez-tez müraciət edir, çalışırdı ki, bu
yığcam formada təzə söz deyə bilsin.
Tikanı
gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər var.
Məhəmməd
Füzuli eşitsin: - İndi
Salamı mükafat eyləyənlər var.
Çıxdı
qabağıma tanış bədnəzər,
Uzun yalanından özü də bezər.
Çoxüzlu
mineral qiymətli daşdır,
Çoxüzlü
adamın əlindən həzər!
Oqtay Rza səksən beşinci payızını
görmədi.
Bizə həmişə gümrah görünən,
məclislərdə duzlu-məzəli söhbətləri və
oxuduğu şeirlərlə zövq aşılayan Oqtay Rza
indi öz doğma rayonunda - Salyanda əbədilik uyuyur. Bundan sonra Oqtay Rzasız necə dözəcəyik,
bilmirəm.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.25.