Pıçıltı
Ya can
alın, ya can verin,
Qul
ömrümə, xan ömrümə,
Siz o
qızı nişan verin,
Verin bu oğlan ömrümə.
Bəlkə sevgi özü pirmiş?
Nə sehirmiş, nə iksirmiş?!
Tək
bir bulud bəs edirmiş,
Mənim
bu leysan ömrümə...
Dağ
dolaşdım, dərə aşdım,
Yormadı,
- min kərə aşdım...
...Dənizi
pəncərə açdın, -
Bu gün
bu eyvan ömrümə...
Varım
gəldin, yoxum gəldin,
Laylam
oldun, - yuxum gəldi...
Günəş
kimi doğub gəldin, -
Doğub gəldin dan ömrümə.
Lil,
olmaqdan qorxan suydum, -
Dünya,
səndən nə tez doydum?..
...Günləri
gül kimi qoydum,
Qoydum bu
güldan ömrümə...
Ömür - yanmış zəmi
kimi...
Su çəkən
kağız kimiyəm,
Gəzdirirəm
can yerinə.
Günəş
deyil, bəlkə qandı, -
Yığılıbdı dan yerinə?!
A bənövşəm,
ara-sıra,
Baş
çək könlüm yarasına...
...Adam
gördüm, parasına
And içir vicdan yerinə.
Məni
sevgi fəsli çəkir...
Bir ilahi səsmi çəkir?
O kimdi
eşq rəsmi çəkir,
Sinəmin kətan yerinə?!
Bir az yubatdılar məni,
Kədərə satdılar məni.
Dünyaya
atdılar məni,
Atdılar zindan yerinə.
Ömür
- yanmış zəmi kimi...
Su basmış zirzəmi kimi.
...O
qız batan gəmi kimi,
Dönmədi
liman yerinə...
Axar gecə boyu, axar saçların
Saçların
uzanar səhərə qədər,
Durub saçlarınla yola çıxaram.
Kim
sağa çıxarsa, sağ çıxacaqmış
Mən də
ki, tərs kimi sola çıxaram...
Gecə
uzundursa, biz günahkarıq,
Ya mən günahkaram, ya da saçların.
Bu gecə
saçına pıçıldayacam,
Bu gecə
qoymaram yata saçların...
Saçların
uzanar səhər yelinə,
Bir səhər
yelində daranıb gələr,
Gecə
saçlarından rəng alar bir az, -
Gecə
saçlarından yaranıb gələr!
Hərdən
saçlarını qucaqlayaram,
Niyə üşüyüm ki, sevgi ocaqsa?!
Axar gecə
boyu, axar saçların, -
Qorxmayın,
- gecəni su basacaqsa...
...
Saçların uzanar səhərə qədər
Durub saçlarınla yola çıxaram.
Kim
sağa çıxarsa, sağ çıxacaqmış,
Mən də
ki, tərs kimi sola çıxaram...
Səni eşidirəm - nə olsun
karam
Sənin
günəşini çıraq eylədim,
Dünyanı bir parça varaq eylədim.
Verdiyin qələmi
yaraq eylədim, -
Sən bu silahımı bağışla, Allah.
Səni eşidirəm, nə olsun karam?
Bir topa buludam, bir ovuc qaram.
Əgər
günah varsa, mən günahkaram,
Mənim günahımı bağışla, Allah.
Bəlkə bu dünya da atdığın daşdı?
Bu gecə
gözlərim daşdı, nə daşdı!
Canımda
bir EŞQ var, sənə adaşdı -
Gəl,
bu allahımı bağışla, Allah...
Darıxmağın rəsmi
Hardasan,
şəhla gözlüm,
Sən nə şirin acımsan?!
Hələ
də bilmirəm ki,
Dərdimsən,
əlacımsan...
Yuxuma
dağıtmısan,
Saçının yumşağını.
Sən
yoxsan, kim böyütsün,
Bu sevda uşağını?
Yol
tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən
sevgi qaçqınıyam,
Gəl, səndə
daldalanım...
Düşmüşəm
bu çöllərə,
Düşmüşəm
- azmaq üçün
Ürəyim
bir divarmış,
Şəklini asmaq üçün.
Bir körpə
ümidim var,
Ağlayır qundağında.
Arzularım
can verir,
Kədərin qucağında.
...Hardasan,
hardan bilim, -
Mən hara üz döndərim?
Darıxmağın
rəsmini
Çəkib
sənə göndərim...
Özün
məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adını
su aparar, -
Düşmə
dodaqlarımdan...
Əllərini göndər gəlsin
yanıma...
Ürəyimi
görməmişəm, nə bilim, -
Bəlkə elə damar yeri ağrıyır?
Bu
dünyanın əyri yeri ağrımaz,
Bu dünyanın hamar yeri ağrıyır.
O qoca da
atıb getdi qarısın,
O qarı
da yarı adam, yarı su...
Köhnə
yaram təzələri sarısın, -
Canımdakı
qubar yeri ağrıyır...
Bu əllərim bəlkə sənin əl izin?!
Qoyma
günəş gözlərində ərisin...
Bir dəfə
sən adımı çək, əzizim, -
Adımdakı qabar yeri ağrıyır.
Bu
bürküdə yağış səsi sən idin,
Sərt dünyanın tək incəsi sən idin.
Bu sevginin
ilk qönçəsi sən idin, -
Bu sevginin nübar yeri ağrıyır.
Üfüqləri
kim çəkibdi tarıma?
Aman bulud, için-için zarıma.
...Əllərini
göndər gəlsin yanıma, -
Saçlarımda tumar yeri ağrıyır.
Dərvişəm, ozan deyiləm
Bu
dünya - bir cəza evi,
Cəzamı ver, çıxım gedim.
Tanrı,
ruhum sənin olsun,
Əzamı ver, çıxım gedim.
Həm
rahibəm, həm də qulun,
Yaşına
ağlayır qurun...
Ətəyində
namaz qılım, -
Qəzamı ver, çıxım gedim.
Dərvişəm,
ozan deyiləm,
Onsuz da susan deyiləm.
Nə
olsun, Musan deyiləm,
Əsamı
ver, çıxım gedim...
Hansı albomunda soluram sənin
Deyəsən,
çox sevib əzab verirəm -
Dərdini çox çəkib - "yoruram" səni.
Görək
necə çıxır gülün heykəli, -
Hələ
ləçək-ləçək yonuram səni...
Dünya
çox cavandı, sevgin çox qədim, -
Oturub dünyanı nə çox gözlədim?!
...Bəlkə
də göy üzü səni gizlədib,
Bəs niyə mən yerdən soruram səni?
Yolu
azıb qalan fikir kimiyəm,
Oduyla oynayan bu kül kimiyəm.
...Mən
çoxdan çəkilmiş şəkil kimiyəm, -
Hansı
albomunda soluram sənin?!.
Yoxsa təzə xatirən var?..
Görən
dünya nə boydadı, -
Sən nə qədər yer tutursan?
Yoxsa təzə
xatirən var,
Təzə bir dəftər tutursan?
Yorğun-yorğun
yağır bu qar,
Uzaqdan əl edir bahar.
Qorxursan
ki, yaddan çıxar, -
O qəmi
əzbər tutursan?!
Bu gün
çoxam - birəm deyə
Həm zəvvar,
həm pirəm deyə,
Dərd əkib
biçirəm deyə, -
Sən məni rəncbər tutursan?!
Bu
yağışda azmaq asan,
Tapmazsan, məni arasan.
...Nə
olsun ki, bir misrasan,
Gör neçə əsər tutursan?!
Deyəsən, o qızın Su idi
adı...
Sən
demə, ölüm də əkinçi imiş, -
Torpaq - ömürləri xışlayıb keçir.
Nə qədər
üşüyən dərd varsa, gəlib
Mənim ürəyimdə qışlayıb keçir.
Şaxtam
havalar üzümü danlar...
Şərə şeir qoşur bu şarlatanlar.
Dünən
bir-birinə çiçək atanlar,
Bu gün bir-birini daşlayıb keçir.
Şeytana
daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş.
...Tanrı
bu dünyadan gəlib keçirmiş, -
Ancaq yer
üzündə düşməyib keçir...
Deyəsən,
o qızın Su idi adı, -
Hara axıb getdi, niyə qalmadı?
...Bu
dünya - elə bil qızıl almadı,
Hərə
bir tərəfdən dişləyib keçir...
Yaşayırıq sağ kimi...
Dünya
dar köynək imiş, -
Sıxılıram, İlahi.
Bir
ümid göndər, tutum, -
Yıxılıram, İlahi.
Gəlmək
üçün yanına,
Gərək
dərdə yarınam...
Bir
ölümün canına,
Yığılıram, İlahi.
Dərd -
keçilməz dağ kimi,
Yaşayıram
- sağ kimi...
Adına
qucaq kimi,
Sığınıram,
İlahi...
Mən içi boş kəfənəm
Bir
quşun dimdiyində
Bu aca dən göndərin.
Qürbətdi
- hara baxsam,
Bir az vətən göndərin.
Qoyub gəldim
bağları,
Ovudun
yarpaqları...
Aparmışam
dağları,
Dağlara
çən göndərin...
Sındırılmış
kamanam,
Yandırılmış
çəmənəm...
...Mən
içi boş kəfənəm, -
Mənə
bədən göndərin...
Sənin üçün nəğmə
Sənsiz
döyünmür ürək,
Deyəsən, səs eləmir.
Bəzən
yaşamaq üçün,
Xoşbəxtlik
bəs eləmir...
Kim
üzdü o laləmi, -
Eşidirsən naləmi?
Mən
istəyən aləmi,
Dünya əvəz eləmir.
Nə
qayıq var, nə avar,
Sən yoxsansa, bəs nə var?!
...Sənsiz
udduğum hava,
Bircə
nəfəs eləmir...
Əlizadə Nuri
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.24.