İçimdəki qadın
İçimdəki qadın!
Hər gün sənə görə davadı evimizdə
evimdəki qadın
qısqanır səni.
Bəs necə gizlənmisən içimdə
hər dəfə özünü ələ
verirsən.
Artıq
anasan qızını
ərə verirsən,
amma mən hələ də səni sevirəm.
Evimdəki qadına tutuluram
adını dodaqlarımda
pıçıldayanda,
filmə baxıb
ağlayanda,
sənin istədiyini
ona almayanda
evimdə davadı.
Axı
o da qadındı
geyinirəm, yeyirəm
məni sevir,
mən də evimdəki qadını sevirəm
içimdəki qadın!
Mürgüləyən uşağın yuxusu
Səninçün nigaran olmaq
torpaq altda qalan
anam üçün
darıxmaq kimidir.
Başını çiynimə qoyub
çiçək qoxlamağına
bənzəyir
indi çiynimdə
barmağını somurub
mürgüləyən uşağın
yuxusu.
Axı əllərimin qaşınmasına
görə
daha çox darıxıram
öpüb alnıma
qoyanda
elə bilirlər ki, pul qazanacam.
Mənsə elə bilirəm
ki,
sən gələcəksən...
Şəklinə baxmaq
köhnə qəbri
ziyarət etmək kimidi.
Şəklinin üzü soyuqdu
torpağın üzü
kimi...
Əlimin yeri sağalsa
Mən elə ölsəm yaxşıdı
demə fürsət düşüb əlinə.
Mən olmasam, kim
yollanar
axı ölümün
yerinə.
Səni
işdi vuran olsa, ağlama
çalış ki, çox getməyək dərinə.
Gəl bir müddət yas saxla
əlimin yerinə.
Əlimin
yeri sağalsa, sevinmə
ürəyinin yara yerində
iş-gücün ara yerində
çağırsam səni
acıla məni,
qadın,
acıla zülmün
yerinə...
Vasif Əlihüseyn
Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.30.