Əxlaqsız gözəllik

 

Bir ədəbiyyat professoru ilə Lyosa haqda söhbət edirdik. Professorun yazıçı barədə yekun qənaəti budur: "İstedadlıdır. Amma istedad hər şey demək deyil. Mən Lyosanın bir neçə romanını rus dilində oxumuşam, onda əxlaq yoxdur".

Mən gülümsəyib:

- Axı zamanla bədii yanaşma da, gerçəklik də dəyişir. Məsələn, Amerika ədəbiyyatı XX əsrin əvvəlində radikal, qapalı bir təsvir və təhkiyə ilə məhdudlaşırdı. Ölkədə içki belə, qadağan idi. Amerikalılar tabularsız bir mühitə - Parisə axın edirdi. Və ictimai-siyasi mühit ədəbiyyata da kifayət qədər təsir edirdi. Henri Ceymsin romanları XIX əsrin sonu XX əsrin əvvəllərindəki Amerikanın güzgüsüdür. Hətta Amerikasızlığın da deyə bilərik.

- Yox, o ayrı mövzudur. Lyosada əxlaq yoxdur. Yazıçının daxili əxlaqı olmalıdır.

- Folknerdə qapalı, üstüörtülü olan təhkiyə texnikası Lyosada bir qədər çılpaqdır. Sözün temperamenti yüksəkdir də. Amerika ədəbiyyatında da elədir. Folknerdə olmayan tərəfləri Henri Ceyms, Henri Miller, Filip Rotda görürük. Bütün yazıçılar bir-birinin davamı, əskik tərəfi kimidir. Devid Herbert Lourensdən başlayan erotizm Filip Rotda patoloji mahiyyətdədir.

Mario Varqas Lyosa "Keçi bayramı" romanında diktatorluğun kimliyini, mənşəyini təsvir edir. Eyni hadisələr fərqli şəxslərin dilindən və baxışından nəql edilir. Romanın hər fəslində hadisələrin eyniliyindən, bezdiriciliyindən şikayət edən oxucu yanılır. Çünki həmin hadisə fərqli təhkiyə və təsvirlə bütövləşir. Hər dəfə yeni bir estetik profil yaradılır. Əlbəttə ki, Lyosa ustadı Folknerin bənzərsiz təhkiyə metodlarından bəhrələnib. "Səs-küy və qəzəb", "Avessalom, Avessalom", "Avqust işığı" romanlarındakı yazı texnikası, üslubi dərinlik, eyni hadisə və xarakterlərə müxtəlif estetik çalar vermək Lyosada da var. Ancaq Lyosa üslubu rəhmsiz, qəddar görkəmdədir. Fonetik quruluş, leksik tərkib və sintaktik dinamika Folknerdən tamamilə fərqlənir. Cümlələr şəhvətli və çılpaqdır.

"Keçi bayramı"nda Dominikanın 31 illik diktatoru Rafael Truxilio rejimi təsvir edilir. Roman polifonik təhkiyə tərzi ilə diqqəti cəlb edir. Orxan Pamukun "Kafamda bir tuhaflık" (2014) romanından 11 il əvvəl yazılan "Keçi bayramı"nda Lyosa həmin çoxsəsli təhkiyə texnikasından istifadə edib. Pamuka görə isə ilk dəfə o, hadisələri həm qəhrəmanların dilindən, həm də müəllif nitqində verir. Əlbəttə ki, Lyosada şüuraxını və üslub mürəkkəbliyi daha çoxdur. Replika və atmacaların əyləncəli təqdimatı isə ilk dəfə Pamuk qələmində gerçəkləşir. Truxilio rejimi bütün Dominikan Respublikası vətəndaşlarını kölələşdirir. Hətta diktatora sui-qəsd etmək istəyən 8 nəfərlik dəstə belə, rejimin istifadə edib kənara atdığı insanlardır. Rejimin namərd bir mübarizə üsulu var. Günlərlə ac saxladıqları dustağa öz övladının əti verilir. Və Lyosa belə səhnələri siyasi fakt kimi deyil, ədəbi gerçəklik kimi təqdim edir.

Hər kəs ölkənin atası Truxilioya yaltaqlanır. Yaltaqlar ölkəsinə çevrilir Dominikan. Rafael Truxilio ölkəni qorxu və əxlaqsızlıqla idarə edir. İnsanlar bir-birinə şübhə ilə yanaşır, qardaş qardaşdan, ata oğuldan ehtiyat edir. Dövlət Kəşfiyyat İdarəsinin (SİM) zirzəmilərində verilən işgəncələr, qəfil, səbəbsiz ölümlər, qəzalar ölkə vətəndaşlarını qorxu və təlaş içində yaşamağa məcbur edir.

Truxilionun ParisHollivudda gözəllərlə kef çəkən oğlu Ramfis ordu generalıdır. Qardaşları mediagüc nazirliklərinə nəzarət edirlər. Media vasitəsilə zövqsüz və əxlaqsız mühit üçün daha əlverişli şərait yaradırlar. Hər növ cinsifiziki zorakılıq Truxilio soyadını daşıyanlar üçün qanuni və təbiidir. Truxilio bütün nazirlərin arvadı ilə intim əlaqədə olur. Daha sonra qeyri-rəsmi ziyafətlərdə kimin arvadının necə bir cinsi, erotik performansa malik olduğunu sadalayır. Və nazirlər vəzifədə qalmaq üçün buna göz yumurlar. Fəxr edənləri belə var.

Daha dəhşətlisi isə Uraniya Kabralın başına gələnlərdir. Parlament sədri, Aqustin Kabral tutduğu vəzifədən azad edilir. 30 il qulluğunda dayandığı Truxilio onu həyatından bütün ölkədən silir. Media Aqustin Kabralı bir gün içində rüşvətxor dövlət tərbiyəsi almayan biri kimi elan edir. Hamı uzun illər bir neçə nazir postunda olmuş parlament sədrini korrupsioner kimi tanıyır ondan üz döndərir. Aqustin Kabralın həyat yoldaşı da yoxdur ki, aranı sakitləşdirsin, isti, mülayim münasibət yaratsın. Ancaq 14 yaşında gözəl bir qızı var - Uraniya Kabral. Aqustin Kabral Rafael Truxilio ilə münasibətləri bərpa etmək üçün qızını bir gecəliyə diktatorun yatağına göndərir. Qız isə heç nədən xəbərsiz hazırlıq görür. Atası deyir ki, Truxilio səni qonaq çağırıb...

Ereksiya problemi yaşayan diktator qəzəblənir. Hər növ cinsi istismardan sonra qıza bildirir ki, burdan bakirə kimi çıxa bilməyəcəksən. əli ilə... Uraniya Kabral 14 yaşında aldığı fiziki psixoloji travmaya görə kişilərdən uzaq gəzir. Rejimin dağılmasından 35 il keçir. Uraniya vətənə qayıdır. Harvard Universitetindən məzun olan hələ gözəlliyini itirməyən Uraniyanın aldığı travma nəticəsində həyatında heç bir kişi yoxdur.

Rejim dağılıb. Amma ölkədə heç dəyişməyib. Çünki xalq anarxiya yolunu tutub, demokratiyadan uzaqdır. Aqustin Kabral keçirdiyi ağır insultdan sonra iflicdir. Uraniya atasının şərəfsizliyini onun aciz, iflic vəziyyətinə qarşı hayqırır. Lyosa bu məqamda əxlaqsızlığın kədərli, çarəsiz gözəl anını birləşdirir. Uraniya qəlbində qədər kin bəsləsə , atasını sevir. Ürəyindən ata sevgisini çıxara bilmir. Aqustin Kabral Nyu-Yorkda zəngin həyat yaşayan qızı sayəsində yaşayır. Qız keçmişdə olanları danışdıqca ata qanlı göz yaşlarını ürəyinə axıdır. Lyosa çarəsizliyin estetik həllini vermir. Daha dəhşətli bir vəziyyəti - çarəsizliyin lənətini qəddarcasına, "əxlaqsızcasına" canlandırır. Əxlaqsız bir gözəllik duyumu yaradır. Oxucu da, Uraniya da bu əxlaqsız gözəlliyin təsirindən çıxa bilmir. Bir daha... bir daha ədəbiyyatın hər növ diktatura totalitarizm qarşısında qələbəsi təsdiqlənir. Üsyanlar məğlubiyyətlə başa çatır. Necə ki, Truxilionu öldürənlərin başına gələnlər buna ən bariz nümunədir. Ancaq üsyan məğlubiyyətin yanında duran ədəbiyyatın gözəlliyi isə qələbədir. Müvəqqəti qalibiyyət deyil bu. Davam edən, bitməyən, əbədi zəfərdir.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 sentyabr.- S.30.