115 yaşlı
"Hali-Vətən"
"Hali-Vətən"in
motivi yazıldığı dönəmdəki Vətənin
halına adekvatdır -
bədbin və pessimistdir... Əli bəy
Hüseynzadə Vətənin fəlsəfi-ideoloji-ictimai
durumunu "Hali-Vətən"lə işarələyir,
tarixin yaddaşına köçürürdü.
...Hüseynzadə
"Hali-Vətən"i iki versiyada - "Hali-Vətən"
və "Yurd qayğusu" adı ilə yazıb.
"Hali-Vətən"
ilk dəfə 1904-cü ildə A.Turani imzası ilə Misirdə
çıxan "Türk" qəzetinin 24 noyabr tarixli
56-cı sayında, 1906-cı ildə Bakıda - "Dəbistan"
jurnalının 16-cı sayında, 1909-cu ildə
"Füyuzat" qiraət kitabında, "Yurd
qayğısı" isə İstanbulda 1912-ci ilin 18
oktyabrında əvvəl H.Zadə imzası ilə
"Türk Yurdu" dərgisində, sonra 21 oktyabrda "Tərcümani-həqiqət"
qəzetində, oktyabrın 22-də "Tanin" qəzetində...
dərc olunub. Bir də "Tərcüman" qəzeti yenə
1912-ci ilin dekabrında "Halımızın mükəmməl
bir təsviri", - deyə dəyərləndirdiyi "Hali-Vətən"in
müəllifini, sadəcə, "İstanbulda bulunan Qafqaz
şairlərindən biri" kimi təqdim edərək
şeiri çap etmişdi.
Manaf Süleymanov Hüseynzadənin "Səadət"
məktəbində müdir olduğu dönəmdə bu əsərə
nəğmə müəllimi Üzeyir bəy Hacıbəylinin
musiqi bəstələdiyini qeyd edir.
"Hali-Vətən",
hətta dərviş təkkələrinə, zaviyələrinə
qədər sirayət edib yayılırdı...
"Naxçıvan diyarının tarixi və
etnoqrafiyası" əsərində "Son illərin dərviş
repertuarından örnəyini verdiyimiz şeir nümunəsi
onların xalqa hansı əhvalı
aşıladığını ifadə edir", - deyən
rus şərqşünası Konstantin Smirnov
naxçıvanlı dərvişlərin dilindən Turani ləqəbi
ilə məşhur olan Əli bəy Hüseynzadənin
"Hali-Vətən" mənzuməsini Cavanşir bəy
Qayıbovun yardımı ilə rus dilinə tərcümə
edərək 1934-cü ildə yazdığı
araşdırmasına daxil etmişdi.
На кончике моего языка великая истина,
Но мне и не дают ее высказать
и не отрезают моего языка.
Знаешь ли ты, что сделали невежды
с отечеством?
Они не дали ему спать,
но и не дают ему недвижимым?
Ни вперед не двигаться,
ни возвращаться назад?
Враг ломится в дверь,
а мы находимся в доме
и ничего не знаем!
Мы не чужаки друг для друга,
но мы не обьединены.
Перо мое не пробудило
этих тюрок и персов!
Не дают мне писать,
но и не ломают моего пера!
"Hali-Vətən"i zikr edən dərvişlərin təkkəsi XX yüzilin əvvəllərində Naxçıvanda Hüseyn Cavidin də doğulub böyüdüyü Əlixan məhəlləsində qurulubmuş. Azərbaycanda Vətən zikrinin ilk örnəyi olan "Hali-Vətən"in "milli və vətəni şövqləri təlqin edən təranə"si (Əlabbas Müznib) dərviş nəfəslərinə öz sakral gücü, aşiqanə sufi-ilahi mistikası ilə daxil olurdu.
1934-cü ilin avqustunda Sovet Yazıçılarının Moskvada keçirilən I qurultayında Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərlinin "Azərbaycan ədəbiyyatı barədə" məruzəsində "Hali-Vətən" Azərbaycan ədəbiyyatına "burjua azadlıq anlayışını" gətirən əsər kimi şərh olunurdu. Həm də təkcə bu deyil, məruzəçiyə görə, "burjuaziyanın əsl ideoloqu kimi çıxış edən Hüseynzadə Azərbaycan ədəbiyyatına burjua modernizmini, ən əsası, pantürkizmi, panislamizmi gətirmiş, Avropa romantizmini tətbiq etmiş, Hötenin "Faust"undan parçaları çevirərək, oxucularını Qərb ədəbiyyatı ilə tanış etmək istəmişdi". Ələkbərliyə görə. "Füyuzat" ədəbiyyatı "türkizm, islamizm, modernizm" şüarı altında inkişaf edirdi. 1937-ci il ərəfəsində Fəxri Rəyasət Heyətində Stalinin də təmsil olunduğu, SSRİ-nin baş ideoloqu Jdanovun məruzə etdiyi qurultayda dostcasına deyilməsə də, sırf siyasi xarakter daşısa da, hər halda, deyilən fikirlər "burjua azadlıq anlayışının" ifadəsi olan "Hali-Vətən"in dəyərini və Əli bəy Hüseynzadənin kimliyini daha dərindən bilmək üçün çox əhəmiyyətlidir.
Beləcə, Azərbaycanın XX yüzilin ilk illərindəki halı, ovqatı 1904-cü ildə Hüseynzadə tərəfindən yazıya köçürülmüş, Misirdə çap olunmuş, Naxçıvanda zaviyələrdə zikr edilmiş, Bakıda məktəblərdə oxunmuş, İstanbulda, Krımda əzbərlənmiş, 30 ildən sonra isə Moskvada əks-səda vermişdi...
"Hali-Vətən"dən 4 il sonra yazdığı "Siyasəti-fürusət" əsərində rus "qarayüzləri və qaraüzlülərinin" lideri Purişkeviçin kölgəsi deyir ki, "Bizim Rusiyada sehr, əfsun, tilsim-filan yoxsa da, onun yerinə "hipnotizm" deyilən uyutmaq yolu ilə təlqin fənni vardır".
"Hali-Vətən"də uyuşmuş və hərəkətsiz qalan vətən elə həmin hipnotizmə düçar edilən, oyana, ittihad edə, birləşə bilməyən Vətən idi və şeir daha geniş mənada iki qütbün - hipnotizmlə hipnozdan ayılmaq istəyən düşüncənin arasında başlanan polemika, nə danışmağa, nə lal olmağa, nə uyumağa, nə oyanmağa, nə irəli getməyə, nə geri dönməyə, nə yad, nə doğma olmağa... imkan vermədikləri, diri olsa da uyuşuq qalmış, uyuşdurulmuş Vətənin düçar olduğu dərdi - hipnozun doğurduğu fəsadı nişan verən ilk poetik örnək idi.
"Hali-Vətən"dən əvvəl və sonra poeziyamızda Vətən şeirləri yaransa da, əfsus ki, onlar çox olmadı. 1901-ci ildə Rəşid bəy Əfəndiyevin "Məhəbbət eyləmək hər yurd üçün bir sirri-hikmətdir / Vətən viranə olsa da, məsəldir, məhz cənnətdir" misraları ilə başlayan şeiri, yaxud "1905-ci il inqilabının doğurduğu azadlıq günəşinin soyuq zərrələri qəlbini isitməyən" Abdulla Şaiqin 1905-ci ilin sonunda Səhhətə və Sabirə göndərdiyi "Ey çeşmimin önündə mücəssəm, vətən, vətən! / Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!" misraları ilə başlayan şeiri, sonra Məhəmməd Hadinin 1907-cı ildə "Füyuzat"da dərc olunmuş:
Ey vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?
- misralarının da keçdiyi "Bir əməlim" şeiri ilə Azərbaycan poeziyasında Vətən estetikası gəlişməyə başladı. Hadinin poeziyaya gəlişi ilə Vətən sevdasının estetik ahəngi və rəngi müəyyənləşdi.
Hüseyn Cavidin 1907-ci ildə Salik imzası ilə İstanbulda fars dilində yazdığı qəzəli də sonralar Şəhriyarın fars dilində yazdığı "Azərbaycan" şeirində olduğu kimi, ittihada-birliyə çağıran hali-vətən şeirlərimizdən biriydi:
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən...
Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə, hali-vətən?
...Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən...
Şübhəsiz ki, Abbas Səhhətin 1909-cu ildə yazdığı "Vətən"i yurd sevgisini tərənnüm edən şeirlərin ən gözəli oldu.
Yuxarıda xatırlatdığımız digər şeirlərlə müqayisədə diqqəti cəlb edən budur ki, Əli bəy Hüseynzadənin "Hali-Vətən"i o dönəmdə Vətənin fəlsəfi-kultroloji kateqoriya, şüur hadisəsi kimi təzahür etməsini təmin edir, Vətənin halını poeziyanın yüksək dilində ifadə edən ilk şeirimiz kimi meydana çıxır. "Hali-Vətən"in sonrakı taleyi, zaman-zaman toplumun yaddaşında oyatdığı intiba onun millət quruculuğunda hansı miqyasda iştirak etdiyini, bu prosesdə məhək daşı olduğunu düşünməyə əsas verir.
Əli bəy Hüseynzadə "Hali-Vətən"i "Məktubi-məxsus"a əlavə edib çap olunmaq üçün Misirə göndərərkən redaksiyaya yazdığı məktubunda "Turan", "Təraneyi-səhər" və "Hali-Vətən"i "vaxtilə türklüyə dair yazmış olduğum şeirlər" adlandırır. Misirdə çıxan "Türk" qəzeti isə "Turan" şeiri istisna olmaqla digər şeirlərini və Əli bəyin məşhur məktubunu 24 noyabr (təşrini-sani) 1904-cü il tarixli sayında dərc edir. Hər halda, önəmli olan budur ki:
1) Hüseynzadə "Hali-Vətən"i türklüyə dair yazılmış şeir adlandırır;
2) 1904-cü ildə "Hali-Vətən"i daha əvvəllər yazmış olduğunu xatırladır;
3) Yusif Akçura şeirin Misirə "Bakıdan göndərildiyini" yazır və şeirin Əli bəy Hüseynzadə hələ "Məktəbi-Tibbiyyədə ikən ibda olun"duğunu xatırladır. Əli bəyin isə Məktəbi-Tibbiyyədə, yəni İstanbul Universitetində təhsil dövrü 1889-1895-ci illərə təsadüf edir.
İndi örnəklərini verdiyimiz şeirlərin də ilk dəfə nə zaman - yazıldığı dövrdəmi, yoxsa daha sonralar çap olunduğunu bu yazının predmeti etmək istəmirəm. Tutaq ki, "Hali-Vətən" 1904-cü ildə çap olunsa da, şeirin yazılma tarixinin daha əvvəllərə - 1890-95-ci illərə aid olması müzakirə mövzusu olmadığı kimi, Abdulla Şaiqin 1905-ci ildə yazıldığı təxmin edilən şeirinin də ilk dəfə 1959-cu ildə çap olunduğu faktdır və müzakirə predmeti deyildir.
Hələ çağdaş Azərbaycan poeziya dilinin gəlişmədiyi 1904-cü ildə Bakıda, özü də milli şeirimizin ən qədim ölçüsündə - Alp Ər Tonqa sağusunun ritmində və heca vəznində belə bir şeirin yaranması birmənalı şəkildə ədəbiyyatımızın möcüzəsiydi.
Türk
şeirində öncə Cem Sultanın:
Can
dimağına irup buyi-vətən,
Dil dilər
kim görinə ruyi-vətən...
Sonra
Füzulinin:
Edəməm
tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir,
vətənimdir, vətənimdir, vətənim!
Sonra Namik
Kamalın:
Amalımız,
əfkarımız iqbali-vətəndir,
Sərhədimizə
qalə bizim xaki-bədəndir
- deyə qürbət acısı, yar nisgili,
hürriyyət sevdası ilə daxil olan Vətən XX
yüzil Azərbaycan şeirinə daha çox Əli bəy
Hüseynzadənin "Hali-Vətən"i ilə
yansıdı. Və Əli bəy Azərbaycan
poeziyasında Vətən anlayışını milli
şüurun dominantına çevirdi.
İnkar modelində və hədsiz pessimist ruhda
yazılsa da qəribədir ki, bütün bunlar "Hali-Vətən"in
işıqlı enerjisini azaltmırdı və aradan keçən
115 ildə də azaltmadı. Hədsiz pessimist ruhda yazılsa da...
Vətənin əbədi bir kədər səhnəsinə
çevrildiyi çağda fikirlərinə biganə
yanaşmadığı pessimist Hartmana, Şopenhauerə və
digər ziştbin filosoflara rəğmən, Azərbaycan
romantizminin qurucusu Əli bəy Hüseynzadə
inanırdı və inandırmağa
çalışırdı ki, həyat əbədi bir kədər
səhnəsi deyil. İztirab əbədi
deyil. Zövq və ləzzət quru bir xəyal
deyil. Həqiqi və müsbət olan ələm
deyil. İztirabın pəncəsindən
xilas olmaq üçün nicat yolu yoxluq deyil. Hərəkət lazımdır. "Durur bilahərəkət, / Rəvamı bir
diriyə. / Nə getmədə iləri, / Nə dönmədə
geriyə...".
"Hali-Vətən" XX yüzilin ilk illərində
istər estetik, istər fəlsəfi, istər politik mahiyyəti
etibarilə yeni dövr poeziyamızın, eləcə də
Azərbaycan romantizminin manifesti səviyyəsində meydana
çıxdı. Elnarə Akimovanın "Çağdaş poeziya və
ədəbi təmayüllər" monoqrafiyasında gəldiyi
qənaət doğrudur ki, "Hali-Vətən"
şairinin dilinin ucundakı həqiqət, sonralar Əhməd
Cavadın "Mən kiməm" şeirində
"çeynənən bir ölkənin haqq bağıran səsi"nə
çevrildi".
"Hali-Vətən"in çalxalandırıb
qabartdığı dalğa bütünlükdə XX əsr
poeziyamızı bu və ya başqa şəkildə
qapsadı. Cəfər Cabbarlının 1919-cu ildə (və
iyirmi yaşında) yazdığı "Ölkəm"
şeirini də (eləcə də bu şeirin əsasında
19 yaşlı Asəf Zeynallının 1929-ci ildə bəstələdiyi
eyniadlı Avropa tipli ilk Azərbaycan romansını da),
ideoloji kontekst dəyişsə də, vətən sevgisini
meyara çevirmək baxımından Səməd Vurğunun
1936-cı ildə yazdığı "Azərbaycan"
şeirini də bu dalğadan təcrid etmək məncə
mümkün deyil. Almas Yıldırımın
"Könlümə tək Kəbə yapdım səni mən...
/ Sənsiz nedəm Allahı mən, dini mən...", - deyə müqəddəsliyin ən
üst qatında əzizlədiyi Azərbaycan Səməd
Vurğunun "Azərbaycan" şeirinin timsalında qutsal
dəyər, "sakral səciyyə" (Qorxmaz Quliyev)
qazandı.
Bəllidir
ki, ədəbiyyatımızda Vətənin coğrafi
sınırları 1917-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən
cızılır: "Haradır Azərbaycan?.. Azərbaycanın
çox hissəsi İrandadır ki, mərkəzi ibarət
olsun Təbriz şəhərindən; qalan hissələri də
Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı
hökuməti daxillərindədir ki, bizim Qafqazın
böyük parçası ilə Osmanlı
Kürdüstanından və Bayəziddən ibarət
olsun".
Mirzə
Cəlil Azərbaycançıdır. Təbii
ki, Turançı Əli bəy Hüseynzadə də
geniş bir vüsətlə azərbaycançılıq
cizgizinə girə bilər. Ədəbiyyatımızda
Azərbaycanın iki minillik tarixi taleyini "Siyasəti-fürusət"
qədər əyaniləşdirən ikinci bir əsərə
çətin rast gəlinər. Hüseynzadənin Turanı üç
böyük şöbədə bərqərar idi və həmin
şöbələrdən birini 1905-ci ildə
yazdığı əsərində belə
ünvanlamışdı: "Qafqaz silsilə dağlarının
cənubunda yaşayan Azərbaycan türkləri ki,
şirvanlı, bakılı, qarabağlı, gəncəli,
irəvanlı və sairədən ibarətdir. İranın şimal-qərbinin sakinləri də
bunlardandır". Öz növbəsində, Əli bəy
də "Türklər kimdir və kimlərdən ibarətdir"
məqaləsində "Haradır Azərbaycan?" və
"Azərbaycanlılar kimdir?" sualının
cavabını vermiş, Azərbaycanın
sınırlarını ədəbiyyatın qələmi ilə
Mirzə Cəlildən 12 il əvvəl
cızmışdı. Və 1904-cü ildə
yazdığı "Hali-Vətən"dəki vətən
də Qafqaz silsilə dağlarının cənubunda yerləşən
Azərbaycandan ibarət idi.
1912-ci ildə
"Yurd qayğısı"na
çevrilən "Hali-Vətən" ağrısı,
artıq Türkiyəyə metastaz etmişdi. Şeir
1912-ci ildə İstanbulda "Türk Yurdu" dərgisində
yeni versiyada çap olundu. Hüseynzadə iki il idi ki, Azərbaycandan getmiş, vaxtilə
qurucularından olduğu "İttihad və təəqqi"nin
idarə heyətinin üzvü seçilmişdi. "Hüseynzadə ikinci dəfə olaraq
İstanbula gəldiyi zaman bir az kəndi övladı olan məfkurə
yavaş-yavaş iməkləməyə
başlamışdı. Bu gürbüz (sağlam)
yavrunun bir an əvvəl
inkişafını təmin etmək lazımdı" (Mehmet
Ali Tevfik). "Yurd
qayğısı"na çevrilmiş
"Hali-Vətən"in "Türk Yurdu" dərgisində
dərc olunmasının bir səbəbi də elə bu idi.
1969-cu ilin dekabrında "Yeni İnsan" dərgisində dərc
etdirdiyi "Türkçülügün və türk
sosializminin babası Ali Turan" məqaləsində
"Hali-Vətən"i təqdim edən Hilmi Ziya Ülken
qeyd edir ki, Birinci Dünya müharibəsinin şiddətlə
hökm sürdüyü o illərdə "türklük və
islamçılığın uzlaşması
üçün bu qədər iyi niyyətli həmləyə
rəğmən bir yandan ərəblərin üsyana
qalxması, bir yandan da idraksız insanların kötümsərlik
(pessimizm) havasını yaymaları o zaman "Mərkəzi
Ümumi"də (onu bəzən türk politbürosu da
adlandırırlar - A.T.) hakim olan idealizm təmayülünü
də kökündən sarsıdırdı.
Türkçülüyün iki böyük öndəri
Gökalp və Hüseynzadə Mərkəzi Ümumidə idilər. Fəqət
rolları hər zaman eyni qüvvətdə ola
bilmirdi. Əli Turan şu sıralardakı
böhranı bu kiçik mənzuməsilə ("Hali-Vətən"lə)
çox gözəl göstərir".
Hüseynzadəsiz qaldığımız uzun onilliklərdə,
hətta 1980-ci illərə qədər siyasiləşmiş
filoloji düşüncə "Hali-Vətən"i
qaralamaqda davam edib. 1904-cü ildə, yəni hələ Böyük rus
inqilabı baş verməmiş, xalqın inqilab nə
olduğunu bilmədiyi, hərəkətsiz və uyuşuq
halda yaşadığı bir dövrdə yazılmış
bu şeiri 1984-cü ildə ədəbiyyat akademiklərimizdən
biri belə şərh edirdi: "Əli bəy Hüseynzadə...
xalqın inqilabçı, tərəqqipərvər qəzəbindən
çəkinib fikirlərini deməkdən qorxduqda
"Ucundadır dilimin həqiqətin böyüyü, nə
qoydular deyəyim, nə kəsdilər dilimi!" - sözləri ilə şikayətə belə əl
atırdı". "Hali-Vətən"dəki
ağrını yaradan səbəbin bu şəkildə,
ideoloji müstəvidə tamam əks istiqamətə
proyeksiyası düşüncə tariximizi zədələyirdi.
Zədələsə də... "Hali-Vətən"
unudulmadı. Yaddaşlardan yaddaşlara
ötürülən milli-mənəvi mirasa çevrildi.
İndi mən bu yazını yazdıqca Məsud
Əlioğlunun səsində, özü də 1969-cu ildə
maqnitofon lentinə yazılmış "Hali-Vətən"i
dinləyirəm. Əlimin altında isə 1971-ci ildə
Mirzağa Quluzadənin xətti ilə yazılmış
"Hali-Vətən" var... Kitablarda
olmadı, qəzetlərdə görünmədi,
yazarının adı vətənində yasaq olundu. Amma "Hali-Vətən" yaşadı.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.2-3.