Təzədən
doğulan Eyvaz Əlləzoğlu
Özünü Borxesin güzgüsündə görə bilməyənlər Borxesdən uzaq dursunlar. Onu yazıçıların yazıçısı adlandırırlar. Bu günün oxucusu güzgüdə özünü görmək üçün öncə üzündəki bir ton makiyajı təmizləməlidir.
Eyvaz Əlləzoğlunun güzgüsündə özünü görmək istəyənlər makiyajla da baxa bilərlər. Gərək ki, güzgüyə təmiz və şərəfli gözlərlə baxasan. Çünki onun güzgüsü Borxesinkindən daha çox mistikdir. Onun güzgüsü heç vaxt çirklənmir...
Nə səsini eşitdim, nə üzünü gördüm. Sadəcə, isti bir təbəssümlə mənə baxdı divardakı şəkli... Onun haqqında kimsə nəsə danışanda həmişə tüklərim biz-biz olur. Heyif ki, onu görə bilmədim, ondan öyrənə bilmədim.
Kirilcə yazılmış saralmış iki kitabını oxudum: "Ölü yay" və "Yatan dinozavrlar".
İki dövr arasında girinc qalan, müstəqilliyə uyğunlaşa bilməyən yazıçının hekayələrindəki obrazlar da dövrdən-dövrə keçə bilməyən adamlardı...
O özü də yaşadığı yerdə yadlıq hissi duyurdu. Hətta ikili yadlıq hissi. Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində doğulmuşdu. Doğma yurdla çiyin-çiyinə dayanan gürcülər - doğma və yad adamlar... Onun bir hekayəsində dayanacaqda gürcünün ona baxışları təsvir olunub. Yazıçının yadlığını bu hekayədə sezmişdim. Sonra Bakıya gəlir, havasına, suyuna alışmadığı bir şəhərdə yaşamağa başlayır, gürcücə tərcümələr edir. Şərif Ağayarın dediyi kimi, gürcü hərflərindən son ümid yeri kimi yapışır.
Onu Əkrəm Əylisli ilə müqayisə etsək belə bir mənzərə çıxar qarşımıza: Əylislinin hekayələrindəki obrazlar doğma yurdundan ayrı düşmüş, kənddən şəhərə gələnlərin xoşbəxtlik axtarışıdır. Məsələn, Mirzə Manaf obrazı öz ailəsində belə, xoşbəxt deyil. O, ailəsində istədiyi doğmalığı hiss etmir. Beləliklə, mənəvi təklik həm çıxdığı kənddə, həm də yaşadığı şəhərdə Mirzə Manafa əbədi tale olaraq boynuna dolanır. Kökündən ayrı düşənlərin aqibəti acınacaqlı olur. Mirzə Manaf kimi obrazların, adamların cəzasını nə yazıçı, nə də Tanrı vermir. Ürəkləri cəza kəsir onlara. "Ürək yaman şeydir" axı...
Eyvaz Əlləzoğlunun hekayələrindəki obrazlar isə şəhərdən kəndə gələn intellektual, darıxan adamlardı.
Saday Budaqlının hekayələrində daxili monoloqun səsi eşidilir, Eyvaz Əlləzoğlunda isə sosial ağrıların...
Hekayələrində rəssam baxışı, gürcü-azərbaycanlı münasibətləri, Markezvari mistik göndərmələr var. Məsələn, "Doğum" hekayəsində "Bəqərə" surəsinə, nağıllardakı "cin" obrazına göndərmə mastercəsinə işlənib.
Çexovun "Qüssə" hekayəsindəki adam atla dərdləşir. Əlləzoğlunun "Atcıl Sədrəddin" hekayəsindəki kişi də atla söhbətləşir. Oğlu Ayxan onunla bağlı bu xatirəsini danışanda "mövzunu Çexovdan götürmüsən" deyir, ancaq o, Sədrəddin obrazını realda görüb, qonşusu olub, dərdini atla bölüşən adamı yaxından görüb və qələmə alıb.
Hazırda Fransada yaşayan məşhur gürcü rejissoru Otar İoselianidən dərs alıb. Dediyinə görə, ilk dəfə Folknerin adını ondan eşidib. Rejissor ona əsl sənətin harda olduğunu göstərib.
Gənclik dönəmindəki əsərləri lirikdir. Hekayələri ilk dəfə çap olunanda maraqla qarşılanıb, onu yenilikçi hesab ediblər. Çünki əsərlərindəki posmodernist göndərmələr, fərqli yazı növü olan "Pop art" silsilə hekayələri ilə dövründə təəccüb və diqqət doğurub. "Pop art" ilk oğlu Oğuza həsr olunub. Bu hekayələri gecəyarı oğlunun ağlamasına oyananda qələmə alıbmış.
Hekayələrindəki maraqlı bənzətmələri kimi Kafkaest bənzətmə də var həyatından. Onun atası maldar olub. Eyvazı avara zənn edən ata ilə oğul arasında mübarizələr, bəzən küslüklər yaşanıb. Buna bənzər olayı ilk oğlu Oğuzla yaşasa da uzun sürməyib. Oğlunun futbola marağı Eyvazın heç könlüncə deyilmiş, ancaq buna mane olmağa da çalışmayıb. Amma fələk öz çarxını elə döndərir ki, ədəbiyyatdan Çin səddi qədər uzaq olan oğlu Oğuzun yolu poeziyadan düşür.
Prezident Aparatında işlədiyi dönəmlər qələmə aldığı hekayələri iclasdakı fasilələrdə yazarmış. Həmin hekayələrdə yazıldığı rəsmiliyi, ciddiliyi duyulur.
Onun həm də çox maraqlı və təsadüfi rastlantısı olur. 2004-cü ildə Sahil bağında Orhan Pamukla rastlaşır. Həmin gün Pamuk AYB-yə qurultaya çağırılıbmış. Və Eyvazı Sahil bağında görəndə "Yazarlar Birliyi nerede?" - deyə soruşub. Eyvaz onu tanıyır və AYB-nin binasını göstərir. Pamukun bir az vaxtı varmış, ayaqüstü onunla söhbətləşir. Aralarında "kənd-şəhər mövzusu" mübahisəsi yaranır. Eyvaz Pamuka yazıçının içində olduğu problemlərdən doğduğunu və bunu qələmə almağın vacibliyini bildirib. Deyib ki, kənddən də yazmaq olar, şəhərdən də, əsas sənətkarlıqdır. Pamuk isə qərblilər kimi düşünməliyik deyir. Onların qısa söhbəti bilmirəm indi Pamukun yadında olar, ya yox.
Eyvəz Əlləzoğlunun taleyinə Barış Manço ilə görüşmək də qismət olub. Hətta keçmiş Gürcüstan prezidenti Saakaşviliylə araları yaxşıymış.
"Əli və Nino" kitab mağazasının təsis etdiyi Milli Kitab mükafatında "Odunçu geri qayıdır" romanı xüsusi mükafatla təltif olunmuşdu. Əslində, müsabiqəyə romanı özü göndərmir. Hətta bundan xəbərsiz olur. Çünki yazıçının nə dünya ədəbiyyatına düşmək kimi bir iddiası, nə də şan-şöhrətli yazıçı olmaq niyyəti heç vaxt olmayıb. Onun belə bir fikri də var: "Ədəbiyyat məğlubların yeridir, burda qalib olmur".
Romanı müsabiqəyə kiçik oğlu Ayxan göndərir. Onluğa düşdüyünü biləndə xəbərsiz edilən hərəkətə görə bir az əsəbləşsə də qaçıb gizlənməyə çalışan sevinci üzündən oxunur.
Onun doğulduğu kənd gürcü kəndlərinin arasındaymış. Dörd tərəfi yadlarla örtülü. Bir-birindən xəbərsiz iki yazıçıdan söhbət açacam sizə. Qavri çayı iki kəndin arasından axırmış. Çayın bir üzündə Eyvaz Əlləzoğlu yaşayırmış, o biri üzündə də Revaz İnanişvili. Sonradan bunu öyrənən Eyvaz onun hekayələrini tərcümə edir və qəribə bir mənzərə ilə qarşılaşır: onların həyata baxışı demək olar, eynidir. İki yazıçı, əslində, eyni şeyləri yazırmış, sadəcə, dekor fərqliymiş.
Tanıyanlar balaca qızımı ona oxşadır. Ən
çox da isti təbəssümünü. Qızım
güləndə ev əhli, sanki
yapışıb o gülüşü saxlamaq istəyir.
"Dədə kimi gülür", - deyir Gülbəs,
Oğuz o tərəfdən əlavə edir:
- Həm
də dədə kimi əsnəyir.
Ayxan
asqırmağını bənzədir ona...
Eyvaz Əlləzoğlu istedadını özü ilə
aparmayıb.
Rəssamlığını Gülbəsə, nəsrini
Ayxana, poetikasını və film sevdasını da Oğuza əmanət
edib. Və bir də, bir də... isti
gülüşünü qızıma. Bəlkə də,
Eyvaz Əlləzoğlu bir təbəssüm olaraq yenidən
doğulub...
Dəniz Pənahova
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.7.