Hissin mimesisi...
Ey kölgəsində
qadınlığımı unutduğum...
Mən səni sevirəm ey kosmoqonik sevdaların
şəhəri, Bakı...
Ən çox
gecələrini sevirəm. Bir başqa
olur gecələrin...
ehtişamlı, amma ümidsiz.
Bir sərkərdə kimi mübariz, amma atılmış...
Bir başqa olur gecələrin...
Collor bonundan öpərkən ulduzlar, xatırlamırsan
çiy süd əmmiş gündüzlərini..
Ey vəfasızlıqların, Oskara
layiq xəyanətlərin
şəhəri!
Ey sevimli Bakı, səni çılğınca
sevirəm...
Bəlkə, məni səsləməyəcək
xəzriqarışıq avazla
Müslüm Maqomayevin
avazı.
Bəlkə, duymayacağam bir
də səndə Müşfiqin ağrılarını.
Bəlkə, məni heç
vaxt gözləməyəcək
əvvəlki kimi çılğın özləmlə
sevdiyim... Amma mən bütün bunlara baxmayaraq sevəcəyəm səni,
ey postmodern xülyaların
şəhəri, Bakı...
Mənim qəlbimdə elani azadlıq edir gerçəklər.
Mən ağuşunda çılpaqlığımdan
utanıram... Sarıl
mənə neft qoxan əllərinlə...
Öp boynumdan
əvvəlki kimi. İzin vermə
olum sapioseksualist.
İsit ürəyimi əvəzolunmazım.
Qıyma
ürəyimə, qoyma
aysberqləşim... Sönük
baxışlarının ünvanı
olmasın gözlərim...
Dözə bilmirəm, Bakı...
Mən elə həmin, mənəm... Səninsə
əllərin bumbuz...
Sənin baxışlarından
xəyanət yağır...
Niyə itirmisən səmimiyyətini?
Kimdə unutmusan məsumiyyətini?
Ey mənasız qovğaların,
lağlağı sevdaların
şəhəri...
Mən Qız qalası kimi duyğusuzca məğrur olmağa çalışmayacağam,
üşüdür məni
tənhalığım.
Bezikmişəm sənsizliklərimdən...
Hesablamağa gücüm çatmır
kədərləri...
Bilirəm gecdi, bilirəm
başa düşməyəcəksən
məni...
Ey ağuşumda bəslədiyim
ilan! Ey laməkan ruhumun çıxmaz sokağı!
Ey darıxmaqlarımın şah
əsəri, ey ən qanayan yaram...
Açıb-ağarda bilmədiyim zaafiyyətim...
Zəifliyim, laqeydliyim, aqressiyam....
ey kölgəsində
qadınlığımı unutduğum...
Tərk
edilməlisən, yoxsa
yenidən, yenidən bilirəm bu məğrurluğun məni
valeh edəcək...
Amma mən, dözə bilmirəm unudulmağa, sevə bilmirəm heç kimi, toxuna bilmirəm, ən qorxulusu hiss edə bilmirəm artıq heç kimi...
Duel elan et mənə...
Söz verirəm silahsız gələcəyəm, Bakı!
Ey gizli sevdam...
Ey məğlubiyyətim...
Nargis
Ədəbiyyat qəzeti.- 2019.- 12
yanvar.- S.9.