Dünya şöhrətli şərqşünas, yaxud Sonuncu Mogikan

 

Unudulmaz ustadım, professor Rüstəm Əliyevin 90 illiyinə

 

Sən təhvil alırsan məni qardaş da sanırsan,

Minlər yad içində məni görcək də tanırsan,

Qəlbimdə, dilimdə nə sözüm varsa, qanırsan,

Rüstəm, Bakıdan söylə mənə, can sənə qurban!

Təbriz sənə layiq nədi, Tehran sənə qurban!

 

Məhəmmədhüseyn Şəhriyar

 

"Böyük iftixar hissi ilə bildirirəm ki, Şəhriyarın mənə ithaf etdiyi Azərbaycan türkcəsilə üç şeiri və fars dilində yazdığı irihəcmli mənzumə mənim həyatımda təltif edildiyim ən böyük orden və medallardır".

 

Rüstəm Əliyev

 

Yanvar ayının 13-də məşhur şərqşünas, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Musa oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam oldu. 1929-cu ildə Şəmkir rayonunun kiçik Morul kəndində doğulan Rüstəm Əliyev fenomenal istedadı sayəsində hələ gənc yaşlarından dünya şərqşünaslığının nüfuzlu mərkəzlərində sözünü demiş, Azərbaycanı, Azərbaycan elmini yüksək ləyaqətlə təmsil etmişdi.

Professor Rüstəm Əliyev XIX əsrin ikinci yarısında və XX əsrin ilk onilliklərində çiçəklənmə dövrünü yaşayan klassik şərqşünaslıq məktəbinin parlaq davamçısı idi. Filoloji mahiyyətli bu məktəbin əsasını Şərq dillərinə dərindən bələdlik, əlyazma nüsxələrinin tekstoloji tədqiqi və əksər hallarda tərcüməsi, bu zəmində tarixi-ictimai reallıqlar, fəlsəfi-əxlaqi konsepsiyalar və bədii sistemlər haqqında mülahizələrə keçid təşkil edirdi. Belə bir məktəbin ənənələrinə söykənən Rüstəm Əliyev təbii ki, geniş profilli bir şərqşünas idi və Peterburqda təhsil alması da buna əlverişli şərait yaratmışdı. Buna baxmayaraq, Rüstəm Əliyev ilk növbədə iranşünas idi, onun dar ixtisası fars dili və ədəbiyyatı, eləcə də bütövlükdə farsdilli ədəbiyyat idi.

Rüstəm Əliyevin bu sahədə ən mühüm və ən geniş tədqiqatları dahi İran şairi Sədi Şirazi yaradıcılığı ilə bağlıdır. Belə ki, Rüstəm müəllimin həm namizədlik, həm də doktorluq dissertasiyaları Sədi irsinə, konkret olaraq, onun iki şah əsəri "Gülüstan" və "Bustan"a həsr olunmuşdur. Özü də Rüstəm müəllim bu əsərlərin təkcə elmi-tənqidi mətnlərini hazırlamamış, həm də onların məzmunu və poetikası barədə ciddi elmi mülahizələrini ortaya qoymuşdur.

Rüstəm Əliyevin Sədi yaradıcılığı ilə bağlı ilk işi "Gülüstan"ın elmi-tənqidi mətni, araşdırma və şərhlərlə birgə rus dilinə tərcüməsi olmuşdur. Bu iş 1959-cu ildə iri formatda 700 səhifəlik bir kitab şəklində nəşr edilmişdir. Alimin həmin nəşrə yazdığı geniş müqəddimə Sədi irsi üzərində dərin və hərtərəfli tədqiqatın məhsuludur. Burada şairin bioqrafiyası, dünyagörüşü və poetik məharəti barədə orijinal fikirlərlə rastlaşırıq. "Gülüstan"ın tamamilə yeni bir janrda yazıldığını, Sədinin öz ixtirası olduğunu irəli sürən alim onun "adəmiyyət" fəlsəfəsi timsalında dünyagörüşünün ümumbəşəri mahiyyətini açıqlayır, fars ədəbi dilinin təşəkkülü və inkişafında müstəsna xidmətlərini əyani sübutlarla göstərir.

"Bustan"la bağlı Rüstəm Əliyevin ən mühüm kəşfi əsərin ilkin variantda "Sədinamə" adlanması və eləcə də onun "Şahnamə"yə antiteza kimi düşünülməsi ideyasıdır. Təsadüfi deyil ki, əsər 1968-ci ildə Tehranda məhz bu adla nəşr olunmuş, M.Minovi, M.Moin, Z.Səfa kimi nüfuzlu İran alimlərinin yüksək qiymətini almışdı. Bu, artıq gənc Azərbaycan şərqşünasının beynəlxalq aləmdə qəbul olunmasından xəbər verirdi.

Rüstəm Əliyevin iranşünaslıq tədqiqatları, təbii ki, Sədi irsi ilə məhdudlaşmır. Alim paralel şəkildə başqa bir dahinin - Ömər Xəyyamın şəxsiyyəti və yaradıcılığına diqqət yetirir. Məlumdur ki, Xəyyam XIX əsrdə Fitsceraldın tərcümələri sayəsində Avropanı, ardınca isə Amerikanı fəth edəndən sonra onun rübailərinin atribusiyası problemi ən vacib məsələ kimi ortaya çıxmışdı. Rüstəm Əliyev şərqşünaslığın bu aktual vəzifəsinə, sözsüz ki, biganə qala bilməzdi. 1959-cu ildə o, tanınmış şərqşünas M.N.Osmanovla birlikdə Xəyyam rübailərinin 1207-ci ildə yazıldığı ehtimal olunduğu üçün ən qədim əlyazması sayılan və Kembricdə saxlanan nüsxəsi əsasında iki cilddə "Ömər Xəyyam. Rübailər" kitabını Moskvada nəşr etdirdi. Kitab Xəyyam rübailərinin farsca mətnindən, ruscaya tərcüməsindən, müqəddimə və şərhlərdən ibarət idi. Sonralar sözügedən əlyazmanın heç də 1207-ci ildə yazılmadığı aşkara çıxsa da, bu, həmin nəşrin, xüsusən Xəyyam rübailərinin atribusiyası problemi ilə bağlı dəyərli mülahizələri ehtiva edən müqəddimənin əhəmiyyətini əsla azaltmamışdır və indinin özündə də şərqşünaslar bu mənbədən dəyərli bir məxəz kimi faydalanırlar.

Rüstəm Əliyevin iranşünaslıq fəaliyyətinin ən parlaq səhifələrindən birini, şübhəsiz, onun Firdovsi "Şahnamə"si üzərində işi təşkil edir. 1950-ci illərin sonunda "Şahnamə"nin elmi-tənqidi mətnini hazırlamaq məqsədilə Moskvada mərhum Yevgeni Eduardoviç Bertelsin rəhbərliyi altında sonralar sovet iranşünaslığının bütün ağırlığını çiyninə almış istedadlı gənclərdən ibarət bir qrup yaradıldı və bu qrupun tərkibində, təbii ki, Rüstəm Əliyev də vardı. Həmin qrup qısa müddətdə ən mötəbər əlyazmalar əsasında "Şahnamə"nin elmi-tənqidi mətnini hazırladı və bu mətn 1960-1971-ci illərdə Moskvada 9 cilddə nəşr olundu. Həmin 9 cilddən üçü (4, 5 və 8-ci cildlər) bilavasitə Rüstəm müəllim tərəfindən hazırlanmışdı və sonralar İranda da təkrar nəşr olunmuşdu. Bu nəşrlərə yazığı ön sözlərdə Rüstəm müəllim təkcə əlyazmaların təsviri ilə kifayətlənmir, həm də Firdovsinin fars dili və ədəbiyyatı tarixində yeri, "Şahnamə"nin mənbələri, onun özündən sonrakı ədəbiyyatla, xüsusən Nizami yaradıcılığı ilə əlaqələrinə dair dəyərli fikirlər irəli sürürdü.

Rüstəm Əliyev təkcə fars ədəbiyyatının tədqiqi ilə deyil, təbliği ilə də intensiv şəkildə məşğul olurdu. 1950-1960-cı illərdə Moskvada və Leninqradda farsdilli ədəbiyyatdan edilən poetik tərcümələrin əksəriyyəti məhz onun ön sözü, şərhləri və redaktorluğu ilə nəşr olunurdu. Lakin Rüstəm müəllimin İran ədəbiyyatı və mədəniyyətinin təbliği sahəsindəki fəaliyyəti təkcə SSRİ miqyası ilə məhdudlaşmayıb, bir sıra Şərq və Qərb ölkələrini də əhatə edirdi. Onun bu istiqamətdəki çalışmalarının zirvəsi 1965-ci ildə ABŞ-a uzunmüddətli elmi ezamiyyəti oldu. Beş ay müddətində ABŞ-ın səkkiz universitetində İran ədəbiyyatı və mədəniyyətinə dair mühazirələr oxuyan Rüstəm Əliyev məhz bunun sayəsində Harvard Universitetinin fəxri doktoru seçildi və Riçard Fray kimi dünya miqyaslı bir iranşünasın yüksək qiymətini aldı.

Rüstəm Əliyev əksər mediyevistlərdən - Orta əsr mütəxəssislərindən fərqli olaraq, müasir fars ədəbiyyatı üzərində də ciddi araşdırmalar aparırdı. İrana daimi səfərləri də onun bu işinə əlverişli imkan yaradırdı. Rüstəm müəllimi öyrəndiyi ədəbiyyatın təkcə tarixi deyil, müasir durumu və perspektivləri də dərindən maraqlandırırdı. Xüsusən XX əsr fars poeziyasında vəzn, qafiyə, poetik texnika və üslub sahəsində baş verən yeniliklər onun diqqət mərkəzində dayanırdı. Burada Rüstəm müəllimin həmin məsələlərlə bağlı üç mühüm işinin adını çəkməklə kifayətlənmək istəyirəm.

1963-cü ildə şərqşünasların XXVI beynəlxalq konqresində (Moskva) Rüstəm Əliyev "Müasir fars poeziyasında novatorluq (şeirin ritmik əsasları)" adlı geniş məruzə etmiş və bu məruzə ayrıca buraxılış şəklində nəşr olunmuşdur. 1965-ci ildə Kembricdə keçirilən beynəlxalq iranşünaslıq konqresində Rüstəm Əliyev "Fars poeziyası və onun perspektivləri" adlı böyük maraq doğuran məruzə ilə çıxış etmişdir. Nəhayət, 1967-ci ildə Parisdə Roman Yakobsonun şərəfinə nəşr olunmuş nüfuzlu bir məcmuədə Rüstəm müəllimin "Fars şeirinin təkamülü" adlı təqribən iki çap vərəqi həcmində geniş araşdırması çap edilmişdir. Bu tədqiqatlar göstərdi ki, Rüstəm Əliyev təkcə bir mətnşünas və ədəbiyyat tarixçisi deyil, həm də görkəmli bir ədəbiyyat nəzəriyyəçisidir.

Rüstəm Əliyevin iranşünaslıq fəaliyyəti onun farsdilli Azərbaycan ədəbiyyatı, o cümlədən, Nizami, Nəsimi və Füzuli irsi üzərində tədqiqatları ilə tamamlanırdı. Misal üçün, o, 1974-cü ildə Tehranda İmadəddin Nəsimi və Fəzlullah Nəiminin fars divanını nəşr etdirmiş və bu nəşr barədə həm Azərbaycan, həm də İran mətbuatında çox yüksək rəylər dərc olunmuşdu. 1958-ci ildə Füzulinin "Leyli və Məcnun"u, 1959-cu ildə isə qəzəlləri Rüstəm müəllimin ön söz və izahları ilə Moskvada rus dilində nəşr edilmişdi.

Çox vaxt Rüstəm müəllim haqqındakı yazı və çıxışlarda belə təsəvvür yaradılır ki, o, yalnız Bakıya qayıtdıqdan sonra, yəni 1970-80-ci illərdən başlayaraq Nizami irsi ilə məşğul olmağa başlamışdır. Lakin hələ 1957-ci ildə Nizaminin "Leyli və Məcnun" poeması, 1960-cı ildə isə lirikası Rüstəm müəllimin müqəddiməsi və şərhləri ilə Moskvada nəşr olunmuşdur. Bu, onu göstərir ki, Rüstəm Əliyevin Nizami irsinə marağı daim olmuşdur, sadəcə, Bakıya qayıdandan sonra onun bu yöndəki fəaliyyəti daha intensiv xarakter kəsb etmişdir. Nizami yaradıcılığını bütövlükdə farsdilli ədəbiyyat kontekstində, o cümlədən, İran ədəbiyyatını isə əlaqələr zəminində nəzərdən keçirən alim bunun sayəsində nizamişünaslığa yeni ruh, yeni nəfəs gətirmişdir.

1980-ci ildə Bakıda keçirilən "XI-XII əsrlər Azərbaycan mədəniyyəti və Nizami Gəncəvi yaradıcılığı" mövzusunda ümumittifaq elmi konfransında Rüstəm müəllim "Nizamişünaslığın problemləri" adlı məruzə ilə çıxış etmiş, nizamişünaslıq qarşısında duran vəzifələri 13 bənddə ümumiləşdirmişdi. Sonrakı illərdə bu 13 vəzifədən çoxunu Rüstəm müəllim bilavasitə özü yerinə yetirdi. Buraya Nizami əsərlərinin yeni tənqidi mətnlərinin hazırlanması, Azərbaycan və rus dillərinə filoloji tərcüməsi, Nizami haqqında ədəbiyyatın tam biblioqrafiyasının tərtibi, şairin dövrü və müasirləri ilə bağlı araşdırmalar və s. daxildir. Mən Rüstəm müəllimin bu sahədəki işləri sırasında birini xüsusi qeyd etmək istəyirəm. Bu da Nizaminin müasiri və dostu Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərinin müqəddimə və şərhlərlə rus dilinə tərcüməsidir. Çox yüksək səviyyədə yerinə yetirilmiş bu işlə Rüstəm müəllim şərqşünaslığa və azərbaycanşünaslığa misilsiz bir xidmət göstərmişdir.

Rüstəm Əliyevin ötən əsrin 60-cı illərində İrana çoxsaylı səfərlərinin mühüm elmi nəticələri ilə yanaşı, milli-mədəni intibahımız baxımından olduqca önəmli bir bəhrəsi də oldu. Böyük alim Güneydəki şeirimizin zirvəsi olan Məhəmmədhüseyn Şəhriyarı bir növ yenidən kəşf etdi. Təsadüfi deyildi ki, həmin dövrdə dahi Şəhriyarın Quzey Azərbaycanın görkəmli ədibləri ilə əlaqəsi məhz "Rüstəm körpüsü" vasitəsilə gerçəkləşirdi. Eyni zamanda dahi Şəhriyar Rüstəm Əliyevin qeyri-adi şəxsiyyətinə heyranlığını ona ithaf etdiyi bir neçə şeirlə ifadə etmişdi. 

Rüstəm müəllim Kommunist Partiyasından çıxarıldıqdan (və Moskvada, SSRİ EA-da şöbə müdirliyindən kiçik elmi işçi (!) vəzifəsinə endirildikdən) sonra Şəhriyarın ona həsr etdiyi "Can, Rüstəm!" şeiri şərqşünaslar arasında çox məşhur idi (təbii ki, sovet dövründə bu şeir çap oluna bilməzdi və yalnız müstəqillik dönəmində nəşr edildi). Rüstəm müəllim yeri düşəndə həmin şeirdən:

 

Hizbi-şeytandan olan qoy səni ixrac eləsin,

Başda yazmış səni öz hizbinə Rəhman, Rüstəm!

 

- beytini xüsusi həzzlə söyləyər, "ixrac" sözündəki "a"-nı xeyli uzadaraq, əlinin hərəkəti ilə də bu uzunluğu nümayiş etdirərdi.

1988-ci ilin sentyabrında Şəhriyarın ölüm xəbərini də mən məhz Rüstəm müəllimdən eşitdim. Hədsiz kədər və susqunluq içərisində olan professor bir cümlə ilə: "Cənubda bir də elə şair yetişməyəcək" - söylədi.

Bir neçə xarici dili yüksək səviyyədə bilməsi Rüstəm müəllimin dünyagörüşünün, elmi axtarışlar diapazonunun genişliyini şərtləndirən amillərdən biri idi. O, eyni uğurla həm Xəyyam və Sədidən, həm də Lonqfello və Coysdan danışa bilirdi. Bu, bir tərəfdən də Rüstəm Əliyevin keçdiyi məktəbin bəhrəsi idi. O, daim Peterburq şərqşünaslıq məktəbinin yetirməsi olması ilə öyünür, dünya şöhrətli müəllimləri - Kraçkovski, Bertels, Freyman, Boldırev və başqaları haqqında fəxrlə danışırdı. Mən əsərləri vasitəsilə tanıdığım rus alimləri barəsində tez-tez Rüstəm müəllimə suallar verir, fikrini soruşurdum. Hər dəfə də Rüstəm müəllimin kefi durulur, həmin alimlərin güclü və zəif cəhətləri, onlarla görüşləri və şəxsi münasibətləri barədə danışmaqdan yorulmurdu. Ayrı-ayrı görkəmli mütəxəssislər haqqında danışarkən, onların elmdəki yerini dəyərləndirərkən ara-sıra məşhur "sonuncu mogikan" ifadəsini işlədərdi. Rüstəm müəllim dünyasını dəyişəndən bəri hər dəfə onun elmi yaradıcılığının miqyası barədə düşünəndə mən istər-istəməz bu ifadənin üzərinə gəlir və onun özü üçün də bundan yaxşı təyin tapa bilmirəm...

 

Məsiağa Məhəmmədi

 

Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.11.