“Bu kitab müasir Azərbaycan ədəbiyyatının

ən yaxşı və dünyəvi nümunələrindəndir”

 

"Çeşmə" nəşriyyatında Səlim Babullaoğlunun şeirlər kitabı nəşr edildi

 

Ötən sayımızda İranın nüfuzlu "Çeşmə" nəşriyyatında Səlim Babullaoğlunun "Axı sən hardan bilirsən əzab nədir?" adlı şeirlər kitabının nəşri və dekabrın 26-da "Çeşmə" nəşriyyatında İranın məşhur ədibləri - ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Əhməd Puri, şair və jurnalist Qadir Delavernejad, yazıçı Mustafa Məstur, yazıçı və jurnalist Səid Muğanlı, şair Sina Seyfi, şair və jurnalist Aydın Araz, bəstəkar Əmir Əlvan, Tehran radiosunun aparıcısı və şair Səid Zaremohammadi, "Çeşmə" nəşriyyatının işlər müdiri Yusif Əmirkiyan və kitabın tərcüməçisi, şair Saleh Səccadinin iştirakı ilə, eyni zamanda oxucuların qatıldığı görüşdə kitabın müzakirəsinin keçirilməsi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, müzakirələr zamanı həm Səlim Babullaoğlunun yaradıcılığı, həm də müasir Azərbaycan şeiri barədə səslənən fikirləri geniş şəkildə oxucularımızın diqqətinə çatdıracağıq.

 

Nəşriyyatın binasındakı geniş kitab salonunda təşkil edilən təqdimatda Səlim Babullaoğlunun yaradıcı bioqrafiyası səslənəndən sonra ilk çıxışı doktor Əhməd Puri edib.

Əhməd Puri: " Hər kitabın təqdimatında fikir, təhlil və tənqid olmalıdır, amma əksəriyyət üçün bu indi mümkün deyil, çünki kitabı oxumayıblar. Yalnız bəzi naşir, tərcüməçi və ədiblər kitabı oxuyublar. Bu da təbiidir, kitab yenicə çap olunub, odur ki, bu təqdimat əksəriyyət üçün təqdim və tanışlıq məqsədlidir. Mən isə qısa çıxışımda şair Səlim Babullaoğlu haqda, onun şeirlərinin bugünkü, çağdaş Azərbaycan ədəbiyyatında yeri haqda düşüncələrimi açıqlamaq istərdim. Amma bir az da ümumən Azərbaycan ədəbiyyatı haqqında - Təbrizi nəzərdə tutmuram, danışmaqla. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı deyəndə uzun müddət klassik ədəbiyyat - Füzuli, Sabir, Vahid kimi dahilər nəzərdə tutulub və onlar həmişə populyar olublar, seviliblər. Amma sovet inqilabından sonra, Şura hökuməti qurulandan sonra orda özəl atmosfer yarandı. İdeoloji ədəbiyyat, o cümlədən poeziya yarandı, əksər şairlər həm məzmun, həm forma baxımından ideologiyaya, siyasətə xidmət etdilər. Realizm, sosializm realizmi məşhur məsələlərdir, bunları bilirsiz. Bir qism isə təbiət, sevgi və nostalji məzmunlu ədəbiyyata qulluq etməyə başladılar. Məzmun 50 il öncəki məzmundan fərqlənməsə də bircə fərq vardı ki, qəliblər yeni idi, folklorik hicabdan ayrılmışdılar. Amma bir qism şairlər də oldu ki, məsələn, Rəsul Rza kimi, onlar yeni şeir forması tətbiq etdilər, üstəgəl, bununla kifayətlənmədilər, yeni məzmunlar da gətirdilər. Təəssüf, şeir bütünlüklə yadımda deyil, amma Rəsul Rzanın belə bir şeiri vardı:

 

"Gözlərimi qapadım.

Söndürdüm son ulduzu...

Hamletin səsi gəldi qulağıma:

"Olum, ya ölüm!".

İstədim yaxınlaşım ona.

Qurğuşun asıldı ayaqlarımdan.

Gedə bilmədim.

İstədim deyəm: Hamlet!

Nə qəmindir?

Çırpınma belə.

Atanın qatili

öz əmindir.

Deyə bilmədim...".

 

Belə məzmunlar və mövzular Azərbaycan şeirində sonrakı dövrlərdə çoxaldı. Və məhz bu üçüncülər vasitəsilə Azərbaycan şeirində bir yeni mərhələ başladı. Amma burda bir problem hələ də qalmaqdaydı. Sovetin özəl siyası şəraitinə görə bu ədəbiyyat  bir o qədər də dünyəvilik statusu qazana bilmirdi, çünki öz əllərində deyildi bu. Açıq dünyadan fərqli olaraq, o taydakı azərbaycanlı şairlər dünyadakı yeni ədəbiyyat proseslərindən uzaq idilər. Sonrası məlumdur, 80-ci illərin sonu, Sovetin dağılması... sonralar Azərbaycan ədəbiyyatına elə simalar gəldi ki, heç bir qatqı olmadan dünyəvi məzmunlara qulluq etdilər, o simalardan biri və ən tanınmışlarından biri indicə kitabını əlinizdə tutduğunuz cənab Səlim Babullaoğludur. Bu kitab bu günün, müasir Azərbaycan ədəbiyyatının ən yaxşı və dünyəvi nümunələrindən biridir. Bu şeirlər miqyaslı poeziyadır, dünya şeirləri nümunələridir. Təkcə forma baxımından deyil, elə məzmunca da elədir. Bu şəxs dünyanın bir çox şairlərini oxuyub, məsələn, mən onun poeziyasında Szymborska və Marqaret Etvudla ciddi yaxınlıq hiss edirəm. Yaxındırlar. Burda şeirlər var ki, onlar həmin şairlərin poeziyası ilə çox yaxındır. Bu gün Azərbaycan poeziyasında dünya ədəbiyyatını oxuyan, onunla qaynayıb-qarışan şairlər yetişir. Mən çox sevinirəm ki, bizim əziz dostumuz Səccadi cənabları bu kitabı tərcümə edib. Çox səlis və gözəl şəkildə, peşəkarlıqla bu işin öhdəsindən gəliblər.

Mən nümunə olaraq bir-iki şeiri sizlərə oxumaq istəyirəm:

 

Vətən şərtiliyin ən gözəli -

Taleyinə qürbət yazılanların yanında

deməyin bu sözü.

 

Qadın gözəlliyin ən adisi-

Eşqi nakamların dilindən

eşitməzsiniz bunu.

 

Beton divarların nəyinə lazım

sinəsinə pərçimlənmiş mismarlardan

kitab rəfləridir asılan, ya asılqan.

 

Asılqanda işləyən qadınçün fərq etməz:

burdanmı başlayır teatr, burdamı bitər...

 

("Dostuma cavab məktubu" və "İçimdə bir səs böyüyür" şeirini oxuyur)

 

Səccadini təbrik edirəm, "Çeşmə" nəşriyyatını bu uğurlu kitaba görə təbrik edrəm. Niyə deyirəm ki, bu şeirlər Szymborskanın şeirlərinə yaxındır. Ona görə ki, bəzi metodlar dünya ədəbiyyatında bu və ya digər dərəcədə təcrübə edilib. Məsələn, ətrafımızdakı əşyalara baxış və onlardan fəlsəfi, abstrakt duyum və düşüncə almaq. Bu çox önəmlidir. Hələ bizim bugünkü şeirimizdə, yəni İrandakı şeiri deyirəm, Şəms Ləngrudinin bir neçə şeirindən başqa, bu işlə məşğul olan şəxs olmayıb. Əlbəttə, bu mənim subyektiv fikrimdir. Mən bu sahədə professional saymıram özümü, yəni poeziya tənqidçisi deyiləm. Qəti deyə bilməsəm də açıq deyə bilirəm ki, bu proses bizim şeirimizdə təşkil olunmayıb. Və bu formada şeir bizdə yoxdur. Məsələn, indi bizə Marqaret Etvud şeirləri tərcümə edilir, şair dostlar onu tərcümə edir, oxumuşam bəzi şeyləri, Babullaoğlunun şeirləri, tərzi-düşüncəsi bu şairlə çox yaxındır. Siz də oxusanız təəccüblənəcəksiz ki, nə qədər baxışlar yaxındır.

(Bu arada yazıçı Mustafa Məsturla Əhməd Puri arasında mükalimə baş verir)

Mustafa Məstur: "Mən Bakıda olanda, Səlim Babulloağlu ilə tanış olduq, bir mərasim zamanı bir neçə şeirini oxudum. Hiss elədim ki, orda, Bakıda dünya şeiri və modern ədəbiyyatı düzgün dərk edə biliblər. Bir çox məqamlarla dünyəvidirlər. Eyni zamanda çox milli ola bilirlər, amma məzmunları bəşəri və dünyəvidir.

Ciddi ədəbi əlaqələr, ədəbi mübadilə içindədirlər. Onların həqiqi, dünyəvi ədəbiyyatdan düzgün anlayışları var ki, belə adamlardan biri Səlim Babullaoğludur. Mən onun şeirləri ilə tanış olandan sonra bu kitabı "Çeşmə" nəşriyyatına tövsiyə etdim ki, İranda çap olunsun.

Sonra isə Vaqif Səmədoğlunu da tövsiyə etdim. Məncə, o da böyük bir şairdir. Düşünürəm ki, bu şeirlərin və əsərlərin tərcümələri bir növ İranda da bizim şairlərin dünyəvi ədəbiyyata sövq edilməsinə xidmət edə bilər, bu mənada yaxşı təsir bağışlayar. Bəlkə, bu cür kitabların vasitəsilə "niyə bizim şeir dünyaya çıxa bilmir?" sualları da aradan qalxdı.

Sonra şair Qadir Delavernejad söz alıb.

Qadir Delavernejad: ""Çeşmə" nəşriyyatına təşəkkürlə başlamaq istəyirəm sözümə, bildiyimiz kimi, "Çeşmə" elə gözəl nəşriyyatlardandır ki, ən gözəl tərcümələri hazırlayır, mən bunu şəxsən izləmişəm.  Azərbaycan ədəbiyyatına diqqət ayırdığınıza görə sizə təşəkkür düşür. Xüsusilə Azərbaycanın modern şeirinə... Ustad Puri bu mövzuya toxundu, daha danışmağa lüzum yoxdur. Gözəl danışdılar. Mən Saleh Səccadini iki on illikdən artıqdır tanıyıram. Biz dostluq eləmişik. Son vaxtlar gözəl tərcümələrini görürəm. Saleh Səccadi gənc tərcüməçilərimizdəndir ki, şeirin orijinal dilini düzgün dərk edə bilir. O elə bir tərcüməçidir ki, türkcədən farscaya nə çeviribsə, hamısını istisnasız oxumuşam. Onun Ramiz Rövşəndən tərcümələri də çox gözəldir. Buna görə ona təşəkkür edirəm. Səlim Babullaoğlu Azərbaycanın Vaqif Səmədoğlu və Ramiz Rövşəndən sonrakı yaş qrupunda olan tanınmış şairlərindəndir. Rasim Qaraca, Əli Şirin Şükürlü, Nərmin Kamal kimi başqa şairlər də var ki, onları da çevirmək lazımdır. Müasir Azərbaycan şeirinin farscaya tərcüməsi üzərində ayrıca dayanmaq, işləmək lazımdır.

Amma bunu vurğulamaq istəyərdim, Babullaoğlu bu kitab vasitəsilə dərin yaşantılar yaşamış bir şair kimi canlanır gözümüzün qabağında.  Mən bu kitabın bir hissəsini dünən tələsərək oxudum, bir gün isə sonadək oxudum. Bu kitab haqqında yazmaq istəyirəm. Hesab edirəm ki, Babullaoğlunun bu kitabdakı yaşantıları, obrazları Saleh Səccadi tərəfindən gözəl farscada çatdırılıb oxucuya. Təşəkkürə layiqdir. Burda xüsusi qeyd olunacaq məqam kitabın hazırlanması prosesində müəlliflə tərcüməçinin şeirlərin seçimindən tutmuş, bütün proses boyu bərabər işləmələridir. Həm də buna görədir ki, kitab belə gözəl, uğurlu alınıb. Gözəl bir kitabdı, ümid edirəm ki, təkrar çapı olacaq. Mən də, ustad Puri kimi, bir şeir oxumaq istəyirəm, "Adana camesindəki daşyonan kitabənin birində bu sözləri yazmağı düşünürdü" adlanır şeir:

 

"Mən hər gün bir daş oyuram,

şamdan, rəhlə, sütunlar

kitabələr yonuram,

əslində, mən daşdan daşı qovub

onu həqiqi yazısına qovuşdururam.

Tələsin! Gəlin!

Bir-birinizə atmağı

düşündüyünüz daşları qarşıma tullayın,

mən onlardan qələmdan yonaram,

içinə də sevgi dolu

sözlərin gizləndiyi qələmlər qoyaram.

Amma bilirəm, siz heç nə yazamyacaqsınız,

çünki siz özünüzdə bir yazı,

bir sətir, bir sözsünüz -

yəni bunu anlayacaqsınız.

Tələsin, gəlin!

Adana camesinin ətrafındakı

ustanı soruşun, tapın!

Daşı təkcə ətəyinizdən deyil,

ürəyinizdən də töküb atın!

 

Məncə, bəlkə də, bu şeir kitabın əsas şeirlərindəndir. Bu şeirdə əldə olunan obrazlardan bir azca danışmaq istərdim. Şair burda bir müqəddəs yerdə, məsciddə, bir daşyonanın dilindən danışır. Bəşəri situasiya, obraz və motivdən söhbət gedir. Biz bu kitabda çox dərin mövzuların şahidiyik...".

Sonra isə söz şeirlərin tərcüməçisi şair Saleh Səccadi çıxış edir.

Saleh Səccadi: "Kitab haqqında, daha doğrusu, şeirlərin məziyyəti haqqında danışmaq istəmirəm. Çünki burdakı əsərlər oxunmalı, tənqid mərhələsinə gəlməlidir. Və bir də müəllif burda olmalıdır, yəqin. Ümumi danışsam, mən Səlim Babullaoğlunu "Məxməri inqilab" kitabındakı şeirlərindən tanıyıram ki, kitabı hörmətli Səid Muğanlı çap etmişdı. Babullaoğlunun həmin kitabdakı şeirlərini mən çevirmişdim. O kitab çap olunanda bu taydakı Azərbaycan ədəbi mühitində ciddi bir hadisə baş vermişdi. Bir avanqard şeirlər toplusuydu. Mənim Babullaoğluyla tanışlığım məhz bu kitabdan başlayır ki, həmin toplu üçün mən onun on şeirini seçmiş və fars dilinə çevirmişdim. Sonralar "Çeşmə" nəşriyyatından mənimlə əlaqə saxlayıb Babullaoğlunun müstəqil bir şeir toplusunu çap etməyə qərar verdiklərini və bu işi mənim görməmi xahiş etdilər. Əvvəlki 10 şeir də bura daxil edildi. Sonra biz cənab Babullaoğluyla əlavə otuz-otuz beş şeir də seçdik. Delavernejad bəy də bu mövzuya toxundu, bötövlükdə şairlə əlaqədə olmağım çox gözəl idi və işin xeyrinə idi. Kağız üzərində qeyd olunan kəlmələrdən başqa, mən istədiyim informasiyanı müəllifdən ala bilirdim, söhbətləşirdik. Tərcümə prosesində problemlə üzləşdiyim zaman dərhal onunla müzakirə edirdim. Bu iş tərcüməni rahat və dəqiq edirdi və tərcümədən sonra mətni şairə göndərirdim, oxuyub, önəriləri də oldu ki, onları da nəzərə aldım. Bu işdə mənə çox xüsusi bir təcrübə oldu. Səlim Babullaoğlu haqqında dünya şairlərindən biri deyib ki (adı yadımda deyil) Avropa və Asiya arasından axan müdriklik energetikası ilə dolu bir çaya bənzəyir. O elə bir şairdir ki, Şərq təfəkkürünü, milli məzmunu bugünkü dünya ədəbiyyatının forması və məzmunu ilə peyvənd edib. Ona bəlkə, abstrakt şair adı da vermək olar, eyni zamanda o, realist bir üsluba da malikdir. Onun əşyaya, hadisəyə, insanlara olan özəl baxışı var ki, bu da onu müasir Azərbaycan poeziyasında hamıdan fərqləndirir.

Vaxtınızı çox almaq istəmirəm. Bu tərcümələri oxumaqdan ləzzət almağınızı arzulayıram".

Son olaraq söz şair və naşir Səid Muğanlıya verilib.

Səid Muğanlı: "Kitabı indi əlimə alsam da, yəni farsca tərcümələri oxumasam da Səlim Babullaoğlu ilə on ildən artıqdır dostluğum var və onun əsərləri ilə orijinal dildə tanışam və dəfələrlə onun əsərlərini Tehranda çap etmişəm. Bu gün mən Səlim Babullaoğlunun özündən və Bakıdakı fəaliyyətindən söhbət açmaq istəyirəm. O, az əvvəl deyildiyi kimi, üçüncü ədəbi dövrün öndərlərindəndir. Onun geniş naşirlik, tərcüməçilik fəaliyyəti də var, eyni zamanda. "Dünya ədəbiyyatı" dərgisi, "Kitabçı" dərgisi, çap etdirdiyi yüzlərlə tərcümə və orijinal kitablar bunun sübutudur. O, eyni zamanda İran ədəbiyyatına da geniş yer verib fəaliyyətində. Sadiq Hidayətdən Mustafa Məstura qədər İran nəsrini, eyni zamanda İran poeziyasını nəşr elətdirib. Məsələn, Sepehrinin şeirləri, cənab Məsturun "Tanrının ay üzündən öp" əsəri... O, ingilis, ərəb, türk, rus və başqa xalqlar və dövlətlərin ədəbiyyatlarını çap elətdirib. Ümumiyyətlə, onun kimi bizim bir şəxsimiz yoxdur ki, dünya ədəbiyyatçıları ilə belə geniş əlaqədə ola bilsin. Onun ədəbiyyatın təbliği və əlaqələrlə bağlı işıqlı, maraqlı arzuları var. Çox işlər də görülüb.Məsələn, ordan dörd nəfər gəlib Mustafa Məstur haqqında iki saat danışa bilər. İndi gəlin görək bir nəfər bu Tehranda tapılar ki, Səlim Babullaoğlunun əsərləri haqqında, ya Vaqif Səmədoğlunun haqqında söhbət eləyə bilsin? Fikirləşirəm ki, keçmişdəkindən daha çox fəalliyət göstərməliyik. Ölkəmizin yaxşı tərçüməçiləri, naşirləri çalışmalıdırlar ki, qonşu ölkələrlə yaxın münasibətləri olsun. Çox sevinirəm ki, bu gün əziz Saleh Səccadi bu əsəri tərcümə edib və "Çeşmə" nəşriyyatı Azərbaycan ədəbiyyatına diqqət göstəribdir. Təşəkkürlər!".

Qeyd etmək istəyirik ki, Səlim Babullaoğlunun İranda, fars dilində nəşr edilən "Axı sən hardan bilirsən əzab nədir?" adlı müxtəlif illərdə yazdığı şeirlərdən seçilərək tərtib edilən 120 səhifəlik kitabının tərcüməçisi məşhur şair, mütərcim və ədəbiyyatşünas Saleh Səccadi, naşiri Yusif Əmirkiyan ("Çesmə"), dizayneri Məcid Abbasidir.

 

Mətnləri tərcümə etdi və yazını hazırladı: 

Ümid Nəccari

 

Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.12-13.