Şeirin yeni
yaşı: 5,5
Konseptual sənət?
Sənətin sənət olması üçün zəruri
olan tərz, stil, üslub və forma istənilən halda məzmun
və mənadan bir addım öndədir. Sənətdə
vacib olan estetik keyfiyyət məzmun və mənanın necə
və nə şəkildə ifadə potensial və imkanlarından
asılıdır. Bu məsələ
müxtəlif dövrlərdə ciddi mübahisələrə
də səbəb olmuşdur. Ancaq bizdə
bəzən "bədii cəhətdən zəifdir",
kimi banal bir ifadə ədəbi tənqidin meyarına
çevrilir. Ədəbiyyat adamları, sənət
nəzəriyyəçiləri, konseptual və antikonseptual
görüşlərin təmsilçiləri, müxtəlif
estetik təmayüllərin nümayəndələri "ədəbi
əsər necə olmalıdır?", "bir şeirin,
hekayənin, romanın, simfoniyanın, tablonun, kinonun... sənət
meyarı nə ilə ölçülür?"
suallarına tutarlı cavab verə bilmədiklərinə
şahid oluruq. Əslində, sualın
özü yerli-dibli yanlışdır. Verilən
cavab istənilən halda qüsurlu olacaqdır.
Çünki ədəbiyyat və incəsənətə
aid meyarlar həm də meyarsızlıqdır,
konseptuallıqdır, antikonseptuallıqdır, sərbəstlikdir,
azadlıqdır. Sənətin həm konkret tələbləri
var, həm də yoxdur. Konseptuallıq və
antikonseptuallıq bizim ədəbiyyatşünaslıqda daha
çox sosial məsələlərin müzakirəsi kimi
başa düşülür...
Dünyada
gedən ədəbi proses və müxtəlif
görüşlərin nümayəndələrinin struktur və
ifadə estetikası haqqında fikirləri, müzakirələri
sənətdə yeni manifestlər, cərəyanlar və
estetik davaların yaranmasına səbəb olur. Bizdə isə çox vaxt şeir kimi nadir və həssas
bir sənətin üzdə görülən mənaları,
sosial, didaktik təhlili aparıcı yer tutur. Qərb ədəbiyyatşünaslığında,
humanitariyasında və sənətşünaslığında
ədəbiyyat və incəsənət haqqında yazılan
yazılarla bizim ədəbiyyat, sənət
yazılarımızı müqayisə edəndə... arada
yaranan uçurumun yenilənməmək, təzələnməmək,
modern estetik tələbatlara cavab verməmək kimi problemlərdən
qaynaqlandığını görürük. Yaxud da qatı, radikal, qeyri-ciddi mülahizələr
sənətsevərləri sənət barədə
düşünməkdən daşındırır. Estetik davalar, ədəbi təmayüllər və
manifestlər ortaya çıxmır. Bir
şeir nə vaxt sənət əsəridir, nə vaxt deyil.
Nə vaxt bədii mətndir, nə vaxt ədəbi,
estetik nümunə olmur. Həqiqət isə
sənətin dili ilə danışan və bəzən
inkar, bəzən isə təsdiq edən müzakirələrdə,
manifestlərdə üzə çıxa, aydınlaşa bilər.
Bunlar olmadıqda şəxsi dava və intriqalar
sənətin və sənətşünaslığın
yerini zəbt edir.
"Ədəbi fikir nədir?", "Bədii əsər
necə olmaldır?" suallarına Jak Derrida Frans Kafkanın
"Qanun qarşısında" hekayəsinə fərqli təhlil
və tədqiq metodları tətbiq etməklə cavab verir. Bir şeirin, hekayənin və
ya romanın ədəbi əsər
olub-olmadığını kim deyə bilər?
Qanunları özündən kim
çıxarıb axı? Alışılmış
kanonlar, qəlibləşmiş qaydalar, çeynənmiş,
artıq öz gözəlliyini tərk edib, təkrarlanması
ilə ürək bulandıran poetik deyimlər var və biz o
kanonlara istinadən hansısa mətnin ədəbi və ya
elmi əsər olması haqqında fikir irəli
sürürük. Gerçək bir sənət
adamı, bir şair, yazıçı, rəssam, rejissor və
b. sənətdəki kanonları dağıdır. Bəzən isə yenidən qurur.
Kədərin yalmanması
Faiq İsmayılov "Vəfalı kədər"
şeiri ilə gözlərin gördüyü kvadrat qafiyələrin,
dillərin əzbərlədiyi düzbucaqlı poetik
fiqurların və qulaqların dönə-dönə
eşitdiyi yastı, hamar səslərin kanonlarını
dağıdır. Şeir sənətində dekanonizasiya
hadisəsi reallaşır. Faiqin "Vəfalı
kədər" şeiri fərqli təhlil formalarına rəvac
verir. Həmin təhlil metodlarından biri
də şeirin bir musiqi, rəsm və ya kino sənəti ilə
müqayisəsidir. Faiqin şeirləri
Cozef Koşutun "Bir və üç stul", İv Kleinin
"Boşluq", Armanın "Dolu" əsərləri
və amerikalı rejissor Sara Kolancelonun "Bağça
müəllimi" filmi ilə estetik əlaqəyə girir.
İv Klein "Boşluq" adlı əsəri ilə
performans sənətində estetik inqilab edir. Boş
qalereyanı sərgiyə çıxarır. Arman isə "Dolu" əsəri ilə müxtəlif
əşyaları, tullantıları sərgiləyir. Hər iki əsərdə həyatın
dolub-boşalması, yaşamaq və ölmək, məzmun və
məzmunsuzluq xarekterizə edilir. Əşyaların
hüznü, kədəri fonunda olum və ölüm
tematikasına qayıdış heyrətvericidir. Klein və Arman postsənət dövrünü
başladırlar. Əşyasız,
obyektsiz, boş bir qalereyanın təqdim edilməsi modernizmin
ölümünə, sənətin insan ruhunda, mənəviyyatında
və məişətdə yoxluğuna estetik eyhamdır.
Faiqin "Vəfalı kədər"
şeirində isə tullantıya çevrilən əşyalarla
kədər duyğusu yer dəyişir. Kədərin, dərdin
romantikası, canlı ünsiyyətdə olan poetik modeli
yaradılır:
"Sadiq
köpək kimi,
yalmanar
sağımda,
solumda,
qovaram -
getməz.
Qol
qaldırıb oynayaram,
oxuyaram
qışqıra-qışqıra,
hirslənərəm üstünə,
getməz,
yenə getməz.
Şeir poetik quruluşu və mövzuya yanaşma tərzinə
görə fərqlənir. Kədərin insan
taleyi ilə əlaqəsi, ekzistensial, qaçılmaz bir hadisədən
doğması obraz, tip, xarakter donu geyinir. "Vəfalı
kədər" şeiri süjetli, vizual, fəlsəfi
poeziyanın modern formasıdır. Azərbaycan
ədəbiyyatında M.Füzuli, M.Hadi, H.Cavid və Ramiz
Rövşən fikir poeziyasında inqilab edən
imzalardır. Faiqin iynə boyu şeirlərində həmin
poetik enerji və özündən əvvəlki ənənələri
davam etdirən, ancaq onlardan fərqlənən bir keyfiyyət
qabarıq şəkildə nəzərə çarpır:
Səssiz-səmirsiz
ya məndən
irəlidə,
ya
arxada,
ya
divarlarda
ayaqları ayaqlarıma bağlı
kölgəm kimi
əyilə-əyilə,
uzana-uzana,
gödələ-gödələ
hara getsəm
düşər yanıma.
Konseptual sənətin yaradıcılarından olan Cozef
Koşut "Bir və üç stul" əsərində
real bir stul, stulun fotosu və həmin əşyanın tərifini
bir yerdə verir. "Vəfalı kədər"
şeirində kədərin hərəkətdə olan
obrazı, kölgəsi, surəti və tərifi vahid estetik
konsepsiyanın daxilində gerçəkləşir. Füzulidən bu günədək kədər
motivli şeirlər Azərbaycan ədəbiyyatında
xüsusi semantik mərkəz rolunu oynayıb. Şəksiz ki, şeir həm də kədərdən,
dərddən yaranır. Ancaq kədərin
insan hərəkətinin, əməllərinin və müəyyən
bir situasiyadan, vəziyyətdən doğan əhval-ruhiyyənin
estetik proyeksiyasına çevrilməsi Faiqin qələmində
təmərküzləşir. "Vəfalı kədər"də
vizual duyumdan dilə, psixolinqvistikadan konseptual sənətə
qədər olan zaman intervalı, dinamika təsviri, elastik
xarakterə malikdir:
Qələbəlikdə
anasını itirməkdən qorxan
uşaq
kimi
buraxmaz ətəyimi.
Sevdiyim
qızdan, -
"tale" dediyim ulduzdan,
sirr
verdiyim,
"qardaş" dediyim dostlardan
vəfalı kədər!
"Qələbəlikdə anasını itirməkdən
qorxan uşaq kimi" kədərlə iç-içə
olmaq, ondan qaça bilməmək, yəqin ki, dərdin sonuncu
halıdır.
Hər kəsdən vəfalı olan kədər
şairin taleyidir.
Tanrıdan gələn bir eyhamtək
susamaq - acmaq - bezmək
Faiqin şeirləri Qərbin tanınmış sənət
adamlarının əsərləri ilə ünsiyyətə
girə bilir.
Məhz bu vəziyyətin bir səbəbi var. Çünki
şeir və ya rəsm nümunəsinin sənət ola bilməsi üçün konseptuallıq
aparcı və vacib şərtdir. Sənət
nə qədər sərbəst və azad olsa da, dəqiq
parametrləri mövcuddur. Cozef Koşutun
"Bir və üç stul" əsəri ilə Faiqin
şeiri arasındakı əlaqə dövrün, zamanın
tələbindən doğur. Çünki
XX əsrin ikinci yarısından sonra istər ədəbiyyatda,
istərsə də təsviri sənətdə
konseptuallıq aparıcı yer tutur. Çünki
vizual sənətlərin, bilgisayarın və internetin kəşfindən
sonra ədəbiyyat konseptual və qeyri-adi süjet, forma,
strukturla öz mövcudluğunu qoruyub saxlaya bildi. Amerikalı tənqidçi Cey Parinin deyimi ilə
"Borxes və Kalvinonun xeyirxahlıq mələkləri"
ədəbiyyatı ölümün əlindən aldı.
Sara Kolancelonun "Bağça müəllimi" filmi
isə 5 yaşındakı Faiqi xatırlatdı mənə. Şairin bioqrafiyası
şeirlərini duymaq və hiss etmək üçün
estetik kilid və açardır. Kolancelo
"Bağça müəllimi" filmində şeir yazan
və ailəsi ilə ünsiyyət problemləri yaşayan
bağça müəllimi Liza Spinellinin (Məqqi Cillenxol)
monoton, sıxıcı həyatının təsviri ilə
başlayır. Liza yazarlıq kurslarına
da gedir. Yazdığı şeirlər
kursda heç kəsin diqqətini cəlb etmir. Bir gün bağçada 5 yaşlı Cimminin (Parker
Sevak) bədahətən şeir deməsinə şahid olur.
Həmin gündən Sara və Cimminin həyatı
dəyişir.
Cimmi varlı, arvadından boşanmış və məsuliyyətsiz
bir atanın oğludur. Onu bağçaya gətirib-aparan dayə
də vecsiz, məsuliyyətsiz adamdır. Cimmi heç kim tərəfindən qayğı
görmür. Bəlkə də, o qayğısızlıq,
sevgisizlik Cimmiyə beş yaşında
çox-çox böyük şeirlər yazdırır. Liza Cimmiyə bir telefon verir və tapşırır
ki, nə vaxt şeir gəlsə, mənə zəng elə.
Cimminin şeirləri Liza tərəfindən
qeyd edilir, qorunur. Liza yazarlıq kursunda
Cimminin şeirlərini oxuyur. Hər kəs
heyrətlənir. Artıq Liza kursun diqqət
mərkəzindədir. Liza Cimminin atası
ilə görüşür. Dayəni pisləyir.
Çünki Cimmi ilə daha çox vaxt
keçirmək istəyir. Və bunu
bacarır da. Yazarlıq kursunun rəhbəri
ilə intim bir əlaqə də qurur. Ki,
şeirləri ciddi sənət adamlarının bir yerə
yığışacağı gecə də oxumaq
şansı qazansın. Həmin gecəyə
Cimmini də aparır. Səhnəyə özü deyil,
beş yaşlı Cimmi çıxır
və şeirini oxuyur. Səhnə balaca
şairi alqışlayır. Yazarlıq kursunun rəhbəri
həmin gecədən Liza ilə münasibəti kəsir...
Cimmi
atasına deyir ki, Liza onu bara aparıb. Şərabın və əyləncənin də
olduğu şeir gecəsi Cimminin uşaq təbiətinə
yaddır. Ona görə də oranı bar
adlandırır. Əsəbi ata Cimminin
bağçasını dəyişir. Nəticədə
Liza şeirsiz qalır. Bir gün Cimmini
bağçadan qaçırır. Ölkənin
sərhədindəki dəniz sahilində əylənirlər.
Şeir oxuyurlar. Ancaq otelə
qayıdanda Cimmi duş almaq üçün hamama girən
Lizanın arxasınca qapını kilidləyir. Polisə zəng etmək üçün Lizadan
kömək alır. Polislər gəlib
Cimmini aparır. Cimmi polislərdən
dondurma istəyir. Alırlar. Daha sonra şeirin gəldiyini, şeir demək,
şeir yazmaq istədiyini deyir. Əhəmiyyət
verən yoxdur. Rejissor ətrafı zülmət
qaranlığa bürüyür. Cimmi
şeirin gəldiyini təkrarlayır. Onu
eşidən yoxdur. Qaranlıq balaca
şairin səsini də boğur. Böyük
bir istedad məhv edilir. Halbuki, Liza Cimmini
xilas etmək üçün onsuz da münasibətlərin
soyuq olduğu ərindən, övladlarından
uzaqlaşmışdı. İşini, həyatını
təhlükəyə atmışdı...
Cimminin
şeiri:
Anna
gözəldir,
çox
gözəldir
mənim
üçün.
Günəş
onun sarı evinə
düşür,
Tanrıdan
gələn
bir
eyhamtək.
Faiqin
şeiri:
Dur mənə
su gətir, -
susamışam,
Dur mənə
çörək gətir, -
acmışam.
Dur mənə
zəhər gətir, -
bezmişəm.
İstedadın sərhədi yoxdur, həqiqətən də. Ancaq Cimmi sənətin
alternativ dünyasında, Faiq real həyatda
uşaqlığın poetik müdriklik, yetkinlik anını
yaşayır. Tanrıdan gələn bir
eyhamtək susamağın, acmağın və bezməyin
kamilliyi, estetikası yaranır. Əslində,
"Bağça müəllimi" filmində Cimminin də,
"Dur mənə zəhər gətir, - bezmişəm"
deyən Faiqin də 5,5 yaşı var.
Bağça dövrü ilə məktəb
çağının arasında dayanıblar. Beş
yaş yarımlıq misralar ilə şeirin, poeziyanın sərhədini
yeniləyirlər. Nə Cahid Sıtkı
Tarancı kimi yaş 35-dir, nə də ki, Artur Rembo kimi
yaş 18-dir.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.-S.16-17.