Fironun dəftərindəki ölüm qatarı

 

Digər əsərlərindən fərqli olaraq "Fironun dəftəri" əsərində Kənan Hacı daha dərin qatlara enə bilib. İnsan təhtəlşüurundakı bir neçə məsələni əks etdirib. Kənan Hacı kitabın elektron versiyasını mənə bir neçə il əvvəl göndərmişdi. Kitabı ilk dəfə 2015-ci ildə oxudum. Gənc olsam da kitabları elektron formada oxumağı sevmirəm. Kitab informasiya mənbəyi olduğu kimi, həm də estetika hadisəsidir. Kitabı estetika hadisəsi kimi qavramağım üçün onu kağız formada oxumağa üstünlük verirəm. Roman haqqında danışmazdan əvvəl roman yazmağın çətinlikləri haqqında danışmaq istəyirəm. Əgər sən haradasa işləyirsənsə, demək ki, sutkanın 8-12 saatını işdə keçirirsən, iki saatı da yola çıxsaq, ciddi mənada yorulur, taqətdən düşürsən. Belə ağır iş günlərindən sonra yazmaq çox çətin olur. Əgər sən heç yerdə işləmirsənsə, özünü faydasız insan sayırsan və motivasiyanı itirirsən. Bütün bunlara oxucu laqeydliyini də əlavə etsək vəziyyət bir qədər də mürəkkəbləşir. Belə ağır şərtlərə, çətinliklərə rəğmən yazmaq, yaratmaq əzmində olan adamları alqışlamaq, onlara dəstək olmaq lazımdır.

"Fironun dəftəri"ni oxuyarkən insan qarışıq hisslər yaşayır. Obrazların taleyi, əhvalatı danışanla həmin əhvalatdakı hadisələri yaşayan obraz arasındakı oxşar məqamlar insanı çaşdırır, bəzən əyləndirir, bəzənsə kövrəldir. Ümumiyyətlə, kövrək məqamlar, qapalı, bədbin adamların taleyi, insana münasibətdə dərin həssaslıq Kənan Hacı yaradıcılığının aparıcı motivlərindən biri, bəlkə də, birincisidir.

Fironun gündəliyini oxuyarkən onun məqsədsizliyini, xaraktersizliyini anlamaq olur. Hərdən mənə elə gəlir ki, bəzi adamların taleyinə yazılan tək ifadə əzabdır. O, ömrü boyu əzab çəkməyə məhkum edilib. Heç bir çıxış yolu tapa bilmir, heç cür bədbinlikdən xilas ola bilmir. Çünki bu əzablar onun taleyinə yazılıb. Fironun varlanmaq istəyində bir məqsəd yoxdur. Zaman gəlir ki, o, çox qazanır. Ancaq qazandıqlarını qoruyub saxlaya bilmir. Çünki Firon nə üçün qazandığını bilmir. Həyatında bir amal, bir məqsəd yox idi. Romanı oxuyarkən mən cəmiyyətimizdəki nihilizmi bir daha anladım. Bu gün biz cəmiyyət olaraq "niyə" sualı qarşısında cavabsız qalırıq. "Niyə" sualı fəlsəfənin ən ağır mövzularından biridir. "Niyə" sualı axtarışın, düşüncənin təməlidir. Həyatımızı vərdişlər əsasında yaşayırıq. Fironun iradəsizliyi, xarakterindəki çatışmaz cəhətlər də cəmiyyətdə yaranmış vərdişlərin bir hissəsidir. Romanda həm də cəmiyyət qınanılır, sözün düzü, bu məqamda Alfons de Lamartinin Hüqonun "Səfillər" romanı haqqında yazdığı tənqidi xatırladım. Lamartin dostu Hüqonu cəmiyyəti günahkar çıxarıb fərdi müqəddəs saydığı üçün tənqid edirdi. Bildirirdi ki, əsərin bəzi hissələri şişirdilmiş dərəcədə dramatikdir. Fironun əzablarındakı dramatiklik şişirdiləcək dərəcədə olmasa da, Fironun öz nəzərində normadan çoxdur. O, öz vəziyyətini faciəvi qəbul etdikcə daha da bədbinləşir. Firon natamamlıq kompleksindən ciddi mənada əziyyət çəkir. Onun varlanmaq istəyinin kökündə özünü təsdiq etmə istəyi var. Bu səbəbə görə varlansa da, tez zamanda qudurur, eyş-işrətə, mənasız yerlərə pul xərcləyir və müflis olur. Ancaq romanın qəribə məqamlarından biri budur ki, Firon həmişə təkdir. Fironun təkliyi onun psixologiyasına ciddi xəsarət yetirib. Firon öz xoşbəxtliyini harada tapacağını, harada axtarmalı olduğunu bilmir.

Kənan Hacı bu əsərdə həm də Freyd fəlsəfəsinə istinad edib. Uşaq yaşlarımızda yaşadığımız məhrumiyyətlər, istəklərimizin həyata keçməməsi, gözlərimizin başqa uşaqların səadətli həyatında qalması bizdə ciddi travmalar yaradır. Bu travmalar bizi yetkin insan olmağa qoymur. Daim həyatımızın hansısa məqamlarında mənəvi boşluğa düşürük. Əksər hallarda yaşadığımız mənəvi boşluqdan qaçmağın yollarını tapa bilmirik. Yaranan mənəvi boşluq zamanla dərinləşir. Bu anlarda elə bilirsən ki, bütün dünya sənə qənim kəsilib, hər kəs sənə düşməndir. Uşaq yaşlarımızda yaşadığımız kiçik boşluqlar zaman keçdikcə ağır yaralara çevrilir. Biz böyüdükcə həmin boşluqlar da boy atır və güclənərək yaralarımızın qaysaqlarını dağıdır.

"Fironun dəftəri" həm də müxtəlif elementlərin vəhdətidir. Bu romana hekayə içində hekayə də demək olar. Çünki romanı birinci şəxsin diliylə nəql edən müəlliflə Fironun iztirabları arasındakı oxşarlıqlar məni çaşdırdı. Bəzi anlarda dəqiq müəyyən edə bilmədim ki, söhbət Firondan gedir, ya hadisəni nəql edən müəllifdən. "Fironun dəftəri" Kənan Hacının ən pessimist əsəridir. Əsərin bəzi məqamlarında əsəbiləşdim. Firon ətrafda baş verən hadisələrə laqeyddir. Onun biganəliyinin səbəbi həddən çox qapalı olması ilə bağlıdır. Firon təkliyini heç kimlə bölüşmək istəmir. Əsər pessimist ruhlu olsa da yazıçı bir çıxış yolu təklif edir. Firona göndərilmiş uşaq onu işıqlı yola, paklığa dəvət edir, ancaq Firon gecikmişdi. Həyat da belədir. Dərk olunması ən vacib sayılan məsələni uzun illər sonra dərk edirsən, o zaman da gec olur. Elə Kənan Hacının "Ölüm qatarı" şeirində deyildiyi kimi:

 

adamı sürgünə tək yollamazlar,

belə uzun sürən ölüm olmaz ki...

bu, necə qatardı, sərnişini yox,

məndən özgəsiylə heç bir işi yox...

 

Firon öz uşaqlığı ilə qarşılaşsa da onunla razılaşmır. Axı necə razılaşaydı? Ömrü yenidən yaşamaq olmur. Keçmişimizə, sadəcə, xəyallarımızda qayıda bilirik. Reallıqsa bizi gələcəyə səsləyir. Bəzən biz gələcəyə o qədər aludə oluruq ki, indiki zamanı yaşamağı unuduruq. Firon da zamanları, anlayışları, həyata baxış fəlsəfələrini qarışdırmışdı.

Təəssüf ki, bu ciddi roman ciddi tirajla çap olunmadı. İstedad bahalı hədiyyədir, qarşılığında insandan mütləq nələrsə alır. Roman az tirajla çap olunsa da, kitabdan anlayışı olan, ədəbiyyatı bilən bir çox ciddi insan tərəfindən oxunuldu.

 

Nicat HƏŞİMZADƏ

 

Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.19.