Rüstəm Kamalın ədəbiyyat dili
Rüstəm
Kamalın məqalələri forması, janrı və
quruluşuna görə bizim ədəbiyyatşünaslıqda
fərqli müstəvi təşkil edir. Alman filosofu
Şellinqin belə bir fikri var: "Mənalar sözün dərinliyində
bərq vurub sayrışmaqdadır". Rüstəm Kamal nəinki
dərinlikdə bərq vuran sayrışları üzə
çıxarır, həm də sayrışan bütün mənaları
bir araya gətirib müəyyən mətləb,
axtarış və düşüncə ətrafında
sistemləşdirməyə müvəffəq olur. Onun tənqidində
elmi tədqiqatın qanunları ilə obrazlı təfəkkürün
qanunları arasında uğurlu bir sintez var və bu sintez
işi müəllifə öz müşahidələrinin nəzəri
hüdudlarını daha geniş və qlobal
ölçülərdə ifadə etmək imkanı
qazandırır.
Beş ilə
yaxındır ki, Rüstəm Kamalın tənqidçi kimi
sərasər göründüyü bir ədəbi müstəvi
var: "Ədəbiyyat qəzeti". Qəzetdəki estetik
iqlimin yaranmasında onun kiçik həcmli esselərinin yeri
müstəsnadır və fərqli bir düşüncə
çevrəsi yaradır. Rüstəm Kamal o alimlərdəndir
ki, yalnız idrakın deyil, ruhun dərinliyindən nəşət
tapan məqamları ədəbiyyatın dilinə uğurla
çevirib mətnləşdirir. Yəni bunun mümkün
olduğuna inandırır. Hər dəfə bu mətnləri
oxuyanda Əli Kərim poeziyasını xatırlayıram. O da şeirlərində
adilikdən qaçırdı, prozaik dərinliyə enirdi,
ilk baxışda diqqət cəlb etməyən, oxucu nəzərlərindən
sürüşüb qaçan nüansları yanaşı gətirib
mətləb yaratmağı bacarırdı. Rüstəm
Kamalın yazılarında da üslub fərdiliyi, ilk növbədə,
adi detalları tədqiqatının bədii materialına
çevirməsində özünü göstərir. O qədər
konseptuallıq - çeşidli
semantik qarşıqoymaları yaradır ki, istər-istəməz
fikirləşirsən: müəllif oxuduqları ilə necə
uzun müddət yaşayır, onların sehri, ritmi,
mövzusu, problematikasından tutmuş, problematikasına qədər
hər nəsnəni yadda saxlamağa çalışır.
Nəticədə, heç bir bağlılığı
olmayan, hər biri ayrı mədəniyyət və ədəbi
inkişaf qanunauyğunluğunun faktı olan mətnləri
bir məqalə içinə cəm edərək ortaq ədəbiyyat
ab-havası yaradır.
Hər mətn
ona salınan nəzərin işığında və dərinliyində
açıla bilir. Rüstəm Kamal ilk baxışdan bir-biri
ilə əlaqəsi olmayan, zahiri assosiasiya doğurmayan nəsnələri
təhlil məkanına sürükləyir, onların
görünməyən tərəflərini, bu tərəflərin
gizlinlərini bəlirtir, mətnlər o dərinlikdə
açılır ki, orda kəsişən, qovuşan məqamlar,
ortaq nöqtələr vahid tamın hissələri kimi
görünürlər. Ədəbi fakta ənənəvi
baxışın dəyişən miqyası yalnız problem,
fikir hüdudlarını aşmaqla bitmir əlbəttə, həm
də poetikada, psixoloji təhlilin üsulunda ehtiva olunur. Onun tənqidçi
stixiyasında milli mətn anlayışı, belə demək
mümkünsə, iyerarxiya yoxdur, bədii-fəlsəfi-əxlaqi
süjetin cərəyan etdiyi bir müstəvi, bir qitə var:
dünya ədəbiyyatı. Bu prizmadan yanaşdıqda Mirzə
Cəlilin Novruzəlisi ilə Frans Kafkanın Jozef K.-sı, Ə.Haqverdiyevlə
A.P.Çexovun qəhrəmanları, Səməd Behrəngi
ilə Uilson Bentlinin subyektləşdirdiyi "qar"
obrazları eyni ədəbi-mənəvi arealda qaynaq, təmərküz
təşkil edirlər.
Rüstəm
Kamalın təfəkkür qatında türk mifolojisinin, dini
fikir sistemi olan şamanizmin impulsları bariz hiss olunur, onun
düşüncə modelini formalaşdıran, təsəvvürlərini
hərəkətə gətirən qüvvə kimi
çıxış edir. Alimin arxitiplərə müraciətini
və mətnlərdəki palimsest dərinlərə varmaq səciyyəsini
də bununla əlaqələndirmək lazımdır.
Çünki ilkin təsəvvür sistemi olan mifologiya ilə
birbaşa bağlı olan arxetip anlayışına müraciətlə
insan yaddaşında qalmış nüansların, tarixi
qatların üzərindəki örtüyü götürmək
və ədəbiyyatda sərhədlərin
olmadığını müəyyən etmək
mümkündür. Məsələn, "M.P.Vaqif şeirlərində
qadın geyimlərinin və zinət-bəzək əşyalarının
estetikası XVIII əsrin "göz mədəniyyəti"ndən
gəlir", yaxud "ayna-güzgü simvolikası Vaqif
poeziyasında hər şeyi fərqli estetik mənalar
çevrəsinə daxil edir. Güzgü effekti
bütövlükdə qadın detallarını vizual məntiqə
tabe edir. Güzgü bədii portret yaratmağın bir
üsuludur", - kimi fikirlər Molla Pənah Vaqifin
yaradıcılığını müxtəlif metodlarla izah
etməklə bərabər, bütünlükdə XVIII əsr
insanının altyapısını, poeziyasının
işarələr sistemini anlamağa xidmət edir.
Rüstəm
Kamal mətnin stereotipləşmiş, elmi-nəzəri təhlil
əsasında açımından yan ötməyə
üstünlük verir, tədqiqatlarının
metodoloji əsasında dünya təcrübəsini milli ədəbiyyatşünaslıq
kontekstinə gətirmək cəhdi dayanır. İstənilən
mətni tarixi-mədəni səviyyədə öyrənmək
ona ümumi poetik strukturu, tipoloji əlamətləri üzə
çıxarmağa imkan verir. Bu təhlillərdə mətnin
bir neçə müstəvidən - linqvistik, psixoloji və
struktur yanaşma əsasında mənalanmasını görə
bilirik. Analoji xətləri bəzən personajın adları,
bəzən də struktur oxşarlıqları müəyyən
edir. Rüstəm Kamalı ən çox məşğul edən
və maraqlandıran psixoloji müstəvidir. Müxtəlif mədəniyyətlərə
məxsus mətnlərdə onların müəlliflərinin
psixologiyasının əks olunduğu müstəvi.
Rüstəm
Kamal üçün sənətkarın tərcümeyi-halı,
R.Rollanın fikrinə əsaslanaraq yazdığı kimi,
"ruhunun bioqrafiyası" məqamı tədqiq etdiyi şəxsin
yaradıcılığından keçən xüsusi
amildir. Onun tənqidçi hökmlərinin icrasında fərdi
estetik üslubda təzahür edən etik, əxlaqi keyfiyyətlər,
şəxsiyyəti xarakterizə edən mənəvi-psixoloji
mahiyyət hamısı bir yerdə iştirak edir. M.F.Axundzadənin
atasızlığının onun bütün
yaradıcılığından keçməsi, əsərlərində
ayrıca iz salması, M.Cəlilin əsərlərindən
keçən ölüm məqamının müəllifin
şüuraltı ağrısı olması, M.Müşfiq
şeirlərindəki duyulan ana qayğısından məhrumluq,
yetimlik acısının şairin bioqrafiyasından gələrək
onun təhtəlşüur psixikasında yer alması
faktları, Y.Vəzirin mətnlərində və gündəliklərindəki
vidalaşma, ayrılma situasiyasının
yazıçının öz taleyini müəyyənləşdirən
amil olaraq səciyyələndirməsi kimi onlarla bu kimi
nümunələri Rüstəm Kamal sənətin ontoloji
mahiyyətini izah edən nəzəriyyədən
çıxış etməklə aşkarlayır.
Rüstəm
Kamal predmeti şəxsiyyətin təhtəlşüur
aktı kimi alır. Mətni şəxsiyyət amili ilə,
naturanın dərinlikləri və gizlinləri ilə əlaqələndirərək
təhlilə çəkir. Bu prizmadan yanaşanda mətn ən
müxtəlif aspektləri ilə istinad, başlanğıc məqamına
çevrilə bilir. Kiçik bir detal, ötəri bir nəsnə
həmin sənətkarın yaradıcılığında
hansısa mətləbi üzə çıxarmaqda açar
rolunu oynayır. Rüstəm Kamal bəzən açar bildiyi
bu cür vasitələrlə ona uyar gələn başqa mətnlərə
doğru yön alır. Məsələn, müəllifin Cəlil
Məmmədquluzadə ilə Kafkanı eyni estetik məhvərdə
- yuxu qovşağında görüşdürə bilməsi
faktına nəzər salaq. Bu iki nəhəng
yazıçı Rüstəm Kamalın mətnlərində
əsərlərindəki oxşar motivlərdən daha
çox, tərcümeyi-hallarının kəsişən
nöqtələrində birləşirlər. Məlumdur ki,
F.Kafkanın uşaqlığı yaddaşında
ağır təəssüratları ilə
qalmışdır. Buna sübut yazıçının
"Gündəlikləri"dir. Cəlil Məmmədquluzadənin
psixoloji gərginliyinin təsvir olunduğu qaynaq isə
"Xatiratım"dır. Kafkanın gündəliklərində
onun qorxu və qarabasmaları təsvir olunub,
"Xatiratım"da isə Mirzə Cəlilin fobiyaları.
Rüstəm Kamal Kafka ilə Mirzə Cəlilin
yaradıcılığındakı bir çox
nüansların ana xəttini onların uşaqlıq zədələrinə,
qorxularına bağlayır, əsərlərində
şüuraltının çılpaqlığı ilə
təzahürünü tutarlı faktlarla əsaslandırır.
Zənnimcə, bir sənətkarın
yaradıcılığının mahiyyətini anlamaq, özəlliklərini
açmaq, həyata baxışını və dərinliklərə
enmək səviyyəsini çözmək baxımından əhəmiyyətli
məqamlardır. Həm də onun mətnlə sərbəst
davranışından doğan haldır ki, bu məziyyət mətnin
bədii-semantik qatlarını açmaqda əsas vasitəyə
çevrilir. Bunu ədəbiyyatşünas alim Məti
Osmanoğlu da qeyd edib: "Rüstəm Kamal mətnə
münasibətdə sərbəstdir,
yazıçının mətndə dediyini təsdiqləməyə
(və ya inkar etməyə) yox, sözlə demədiklərini,
yaxud sözün gözün görmə sahəsindən kənarda
qalan o biri üzündəki obrazları yaratmağa
üstünlük verir". Rüstəm Kamal həyatı ədəbiyyatın
içinə daxil edib yazıçı təxəyyülünün,
hekayətlərinin alt qatında şüuraltının gizli
səslərini eşitməyə, həyəcanını
duymağa çalışır.
Yaxud da bu gizli səslər özləri Rüstəm
Kamal üçün materiala çevrilir. "Fonoqraf:
Mikayıl Müşfiq və Asəf Zeynallı" məqaləsində
olduğu kimi. Onlardan birinin nəzmlə, digərinin musiqi ilə
səsləri yazıya alması xüsusunda ekvivalentliyini tənqidçi
tarixi gerçəkliyin ifadəsi ilə bərabər, "əbədilik
möhürü"nün ehtiva olunduğu ruhsal ehtiyac kimi dəyərləndirir.
Rüstəm
Kamalın yuxu, ölüm, xarabat amilinə bu qədər
önəm verməsi diqqətimi cəlb edən məqamlardan
olub həmişə. Fanilik duyğusunun estetik biçimdə
izahı var onun mətnlərdə. İsmayıl bəy
Qutqaşınlının "Səfərnamə" əsərindəki
yazıçının xarabat məqamına-məkanına həssaslığını
Rüstəm Kamal məhz bu amillə əlaqələndirir:
"Fənalıq duyğusu əsərin ovqat süjetini təşkil
edir". Maraqlıdır ki, müəllif bu fanilik
duyğusunu yalnız xarabat,
ölüm, qarabasma, yuxu amillərinin təzahüründə
deyil, bəzən sənətkarın gülüşündə,
təbəssümündə arayır. Diqqət edək:
Repressiya yuxuları, Mirzə Cəlilin yuxuları,
İsmayıl Şıxlının yuxuları, Vaqif Səmədoğlunun
yuxuları və s. Yuxu Rüstəm
Kamal üçün sənətkar
yaradıcılığından keçən vacib detallardan
biridir: "Vaqif Səmədoğlu "yuxu"lar vasitəsilə
ruhlarla əlaqə qururdu, "başqa" dünyalardan gələn
səsləri duyurdu. Yuxu onun inandığı hadisə,
güvəndiyi yer idi. Ömrü və ölümü
anlamaq imkanı idi... Yuri Lotman deyirdi ki, "yuxular semiotik
güzgüdür". Vaqif Səmədoğlunun təhtəlşüuru
da bu güzgüdə axirətin işarələrini
görürdü".
Dəqiq
mənalandırmadır. Maraqlıdır ki, Vaqif Səmədoğlunun
son şeiri - son duası da yuxu xüsusunda olmuşdu:
"İlahi! Dar quyu dibində,/Qaranlıq nəm içində,
/İşıqlı qəm içində,/Ağrısız/
Bir az yatmaq istəyirəm"... Məhz bu şeirlə Vaqif
Səmədoğlu öz poeziyasının semiotik bütövlüyünü
qorumuşdu.
Yaxud
yuxarıda qeyd etdiyim kimi, gülüş amili: Yusif Vəzirdə
gülüş, Vurğun gülüşü, Əli Kərim
təbəssümü və s. "Gülüş (təbəssüm,
qəhqəhə, gülümsəmə, istehza)
personajların, demək olar ki, bütün davranış -
kommunikativ aktlarının içindən keçir... Mifoloji
düşüncəyə görə, gülmək diriliyin əlamətidir.
Yusif Vəzir qəhrəmanlarını gülüş
sferasına daxil etməklə bəlkə də, onları
"diri" saxlamaq istəyir", - kimi fikirlərlə
Rüstəm Kamal gülüş estetikasını
yazıçı ideyasının daha bir
daşıyıcısı olaraq qabardır, onu həyat məşəqqətlərinə
oppozisiyada təqdim edib zəmanə işləklərinə
tuşlayır.
Bir də
ölümə tuşlanan təbəssümlər var.
Əli Kərim təbəssümü kimi: "Təbəssüm
qaranlığı işıqdan, ölümü həyatdan,
dünyaları ayıran mistik sərhəddir. Əli Kərim
üçün təbəssüm onun bu dünyada
varlığının fizioloji təzahürü idi".
Bu
yaxınlarda qəzetdə Rüstəm Kamalın "Uilson
Bentli, Andrey Siqson və Səməd Behrəngi: qar dənəsinin
elegiyası" məqaləsini oxudum və nəyə
görəsə bu yazı mənə Məhəmmədhüseyn
Şəhriyarın "Eynşteynə peyğam"
şeirini xatırlatdı. Həmin şeirdə Şəhriyar
üzünü dahi fizikə tutaraq,
"Eynşteyn, daha da yuxarı qalx, Allahın
özünü tap", - təklifini edirdi. Amma burada bizi
maraqlandıran Eynşteynin güc aldığı mənbədir
ki, bununla bağlı fizikin özünün etirafı var:
"Dostoyevski mənə hər bir mütəfəkkirdən,
hətta Qaussdan da çox şey verir". Fizik və filosof
B.Kuznetsovun "Eynşteyn" kitabında müəllifin belə
bir fikrini oxuyuruq: "Eynşteyn, Dostoyevski
yaradıcılığından əhəmiyyətli impuls ala
bilərdi, çünki bu yaradıcılığın mərkəzində
intellektual münaqişələr dururdu, çünki Dostoyevskinin
poetikası rasional poetika idi, çünki onun romanının
ana xətlərini təşkil edən mövzu - öz ziddiyyətlərində
çırpınan, təcəssüm olunmağa can atan insan
fikri idi...". Bədii ədəbiyyatdan impuls alaraq fəzanın
bir parçasına dönüşmək istəyi... Rüstəm Kamalın yuxu,
ölüm, əbədiyyət və qar kimi fanilik duyğunu
hədəf seçən mətnləri də öz semantik
stixiyası ilə daha çox
göy üzünün sirli, təhtəlşüur
qatına aludəliklə fərqli səciyyə alır. O,
taleyini bu kiçik, cəmi bir-neçə saniyəlik
ömrü olan qar dənəciklərinə bağlayan rəssamlardan,
onu əsərlərində obrazlaşdıran
yazıçılardan bəhs edəndə də eyni missiyaya
- yeni bədii-fəlsəfi düşüncə sistemi
yaratmağa xidmət edir əslində.
Təsirin hasilə gətirdiyi mətn, ixtira, yenilik! Və bir
də əbədiyyət!
Rüstəm
Kamalın ədəbi fakta yanaşma tərzi həm də ədəbiyyat
tarixinə baxış istiqamətinin yenilənməsi
üçün gərəkli vasitədir. Düzdür, bəzən
alimin ədəbiyyatımızın müəyyən
dövrünə münasibətdə radikal baxışı
ilə də rastlaşırıq. Xatırlayıram, onun XIX əsr
şairlərini mənasız adlandırması ilə
bağlı inqilabi maksimalizmindən irəli gələn
fikirləri beş-altı il əvvəl böyük
müzakirələrə səbəb olmuş, mən də
Rüstəm müəllimlə bu yöndə polemikaya girib əksini
əsaslandırmağa çalışmışdım.
Sonradan əyani tanışlıq zamanı bu söhbətlərimiz
daha vüsətli şəkil aldı və onu da deyim ki,
söhbət, müzakirə, mübahisə zamanı Rüstəm
Kamalın içindəki ədəbiyyat gücü daha dərin
miqyasda nəşət edir. Bu baxımdan, Rüstəm Kamal mənə
görə yalnız yazdıqlarının əsasında
deyil, danışdıqlarının,
çıxışlarının əsasında dəyərləndiriləcək
alimdir.
Baxmayaraq
ki, bu yazı yalnız mətnlərindən görünən
Rüstəm Kamal xüsusunda oldu.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.-
S.20-21.