Bir quru sözdən ötəri
Daha "bir nəzər". Səhv
nəzərləri sərf-nəzər etmə vaxtı
Əvvəli ötən
saylarımızda
Satirik
şeir isə nə konkret şəxsə hədəflənir,
nə də müəyyən bir
hadisənin nəticəsi kimi ortaya çıxır.
Daha doğrusu, burada hədəf də, səbəb də, şübhəsiz
ki, var, amma ilkin təkan şəklindədir; o qədər
tipikləşdirilmiş və prototipindən
"arınmış"dır ki, onu xatırlatmır. Nəfi
və Sabirdən gətirilən misallar üzərində
deyilənləri aydınlaşdırmağa
çalışaq. Tahir adlı birisi Nəfiyə
"it" deyir. Şair onun (hədəf) cavabını verməli
və elə verməlidir ki, həmin bu Tahir əsrlər boyu
bədnam olsun (yəni baş vermiş hadisə, həcvin səbəbi
və məqsədi aydındır). Şair deyir:
Bana Tahir
efendi "kelb" demiş
İltifatı
bu sözde zahirdir.
Malikidir
mazhəbim benim zira
İtikadımca
kelb tahirdir.
Məlumdur
ki, İslam məzhəblərində it murdar heyvan
sayılır, - tək malikilikdən savayı. Nəfi də
Tahir əfəndinin həcvində məhz bu məlumatdan (həcvin
məzmunu) çıxış edir. Eyni zamanda, "tahir"
sözü çoxmənalıdır (şəxs adı olan
"tahir" həm də "təmiz"
anlamını verir). İlk iki misrada hadisəni dilə gətirən,
sonra məzmunu diqqətə çatdıran böyük sənətkar
son misrada həmin çoxmənalılığa istinad eləyərək hədəfi
bir yox, iki variantda "darmadağın edir": 1) mən
malikiyəm, etiqadıma görə it - təmizdir (bu,
sözün müstəqim mənasında verilən
cavabdır - yəni "sənin söyüşün mənə
keçmir"); 2) mən malikiyəm, inancım budur ki, it -
Tahirdir (sözünü özünə qaytarır, amma hədəfindən
fərqli olaraq bədii məzmunda)!
İndi
Sabirin məşhur şeirlərindən birini xatırlayaq:
Oğlumuz,
ay Xansənəm, bir yekə pəlvan imiş!
Bəxtəvər
olsun başın, bəxtimiz oğlan imiş!
Durmuş
idim kuçədə, bir də nə gördüm həman
Ağrısını
aldığım Feyzi gəlir lap piyan
Çatcaq
urub bir qoca saili, qusdurdu qan
Gözdərinə
döndüyüm, sanki bir aslan imiş,
Bəxtəvər
olsun başın, bəxtimiz oğlan imiş!
Burada da hədəf(lər)
məlumdur - tərbiyəsiz, avara, əyyaş və
gücsüzlərin qənimi olan oğul (adı da verilir -
Feyzi), onun bu xüsusiyyətlərinə şahid olub,
bunları pəhləvanlıq, hünər sayan ata (adı
verilmir), onun oğlunun "igidliyini" muştuluq verdiyi ana
(Xansənəm). Amma bu məlum hədəflər o qədər
tipikləşdirilib ki, yüzlərlə Feyzinin, Xansənəmin
heç biri söhbətin ondan getdiyini düşünmür
(yaxud da hər biri sözü özünə
götürür). Ataya gəldikdə, adı çəkilməsə
də öz dili ilə ifşa olunan bu obraz az qala bütün
Azərbaycan türklərini, bütün müsəlman aləmini
simvolizə edəcək qədər tipikdir. Şeirin konkret
hadisə ilə (Feyzinin sərxoş halda dilənçini
döyməsi) bağlı yazılması da bu yerdə heç bir əhəmiyyət
kəsb etmir. Belə ki, şairin tənqid etdiyi əsl mətləblər
(cəhalət, övladlarını məktəbdən
yayındıran valideynlərin əsassız bəhanələri
- guya məktəbin uşaqları "alagic, dəngəsər",
"heyvərə", "bietiqad" etməsi və s.)
üçün vəsilədən başqa bir şey deyil.
"Ay başı daşlı kişi..." sərlövhəli
eyni ideyalı (tərbiyəsizliyin, nadanlığın tənqidi)
şeirdə bu şərtilik bir qədər də artır və
şair nə ata-ananın, nə oğulun adını çəkməyə
ehtiyac belə duymur. Adı çəkilən yeganə
personaj - tamam kənar bir adam - "qonşumuz Ağcanın əri"dir
ki, onun prototipini axtarmaq da oxucu üçün maraqlı
deyil. Çünki oxucu bunun mətləbə qətiyyən
dəxli olmadığını yaxşı anlayır:
Ax, nə
yaxşı kişidir qonşumuz Ağcanın əri,
Oğlu
söydükcə fərəhdən açılır
balü-pəri;
Yoxsa ay hərzə
kişi, bir quru sözdən ötəri
Darıxırsan,
deməyirsən ki, uşaqdır uşağım?!
Nə ədəb
vaxtıdır, qoy söysün, ufaqdır uşağım!
Kişi,
az söylə mənə bir dəxi "məktəb"
sözünü,
Yəni məktəblə
uşaq kamil edərmiş özünü?
Bir
söyüşdən yana az danla bu tiflin üzünü!
Sözü
ləzzətli, şirin dilli uşaqdır uşağım!
Şairin
ictimai fikrə çatdırmaq istədiyi mətləb -
insanın erkən yaşlarından tərbiyə alıb
sosiallaşması məsələsidir (ailə tərbiyəsinin
vacibliyi, məktəbin, təhsilin ədəb mənbəyi
olması, uşaqları təlim və tərbiyə
ocağı kimi məktəbə vermək zərurəti və
s.), qalan hər şey, necə deyərlər, təfərrüatdır.
Amma satirik şeirin cövhərini, gülüşün məğzini
də həmin bu təfərrüat təşkil edir. Beləliklə,
satirik şeirdə hədəf, səbəb, nəticə, məzmun
kimi anlayışlar həcvdəkindən prinsipial şəkildə
fərqlənir.
Ancaq
yaddan çıxarmayaq ki, Sabirin şəxsində
türk-İslam poeziyasında yeni tipli satiranın meydan
qazanması hələ xeyli sonranın hadisəsidir. Eyni
zamanda, yeni heç də
köhnə ilə aradakı körpüləri
yandırmaqla yox, onun orqanik davamı kimi meydana
çıxacaqdır. Bu yerdə Y.V.Çəmənzəminlinin
"Sabir Zakirin həcvlərindən doğma şairdir"
fikrinə haqq verməmək mümkün deyil. Bir kiçik əlavə
ilə ki, Sabir təkcə Zakirin deyil, bütövlükdə
türk-İslam həcv sənətindən doğma sənətkardır. Diqqət
yetirsək, Sabir poeziyasında kamala çatan yeni tipli satirik
şeirin ilk əlamətlərini "Zəfərnamə"də
də görə bilirik. Əsərin tədqiqatçılarından
(onların sayı isə çoxdur) Namiq Sinan haqlı olaraq
burada Qərb tipli satira anlayışı ilə ənənəvi
Osmanlı həcv anlayışının sintez edildiyini
yazır. Sinan Ziya paşanın Londonda bir müddət
olması faktına istinad edərək "Zəfərnamə"də
ingilis satirik şeirinin, xüsusən Robert Brouninqin
"Üzük və kitab" ("The Ring and the Book")
adlı əsərinin təsirinə düşməsi
ehtimalını da gözdən keçirir, arada doğrudan
da, oxşarlığın olduğunu təsbit edir.
Oxşarlıq isə ondadır ki, Brouninq öz əsərini
9 müxtəlif şəxsin dilindən verilən mətnlər
şəklində (təxminən, Sabirin "Bir məclisdə
on iki kişinin söhbəti" şeiri tipində) qələmə
almışdır. Ziya Paşa da "Zəfərnamə"də
bu üsulu əsas götürmüşdür. Təhlillərin
müəyyən təsirlənmə ehtimalını rədd
etmədiyini söyləyən Sinan nəticədə bu qənaətə
gəlir ki, "Zəfərnamə": "Şəkil və
ruh etibarilə əskiyə bağlı görünsə də,
mündəricəsi, istifadə etdiyi qavramlar və kəlmələr baxımından
yeniliklərlə zəngindir. Bir qənaətə görə,
"əskinin yenisi"dir. Divan ədəbiyyatında XVI
yüzildən bəri örnəklərinə rastlanan, Məntiqinin
"İmam Pəndi qəsidəsi"ndə, Güftinin
müxtəlif şəxsiyyətlər haqqındakı təsvirlərində,
Havayi, Tırsi, Süruri və Kani kimi həzlçilərin əsərlərində
tutulan yolun davamı və təkamülüdür". (Qeyd:
klassik filoloqlar "həzl" terminini zarafat, məzhəkə
məzmunlu şeirləri bildirmək üçün işlətmişlər;
müasir türk ədəbiyyatşünaslarından bəziləri
də bu termindən istifadə edir, bizim "həcv"
dediyimiz şeirləri bu cür adlandırır, "həcv",
"həcv etmək" dedikdə "tənqid"i, "tənqid etməy"i nəzərdə
tutur, bir sıra hallarda isə "həcv" və "həzl"i
sinonim sözlər kimi işlədirlər - N.M.) Ümumiləşdirsək,
demək olar ki, "Zəfərnamə" satiraya
yaxınlaşdığı bütün tərəfləri
ilə birlikdə klassik həcv nümunəsidir; müəllif
özünün ictimai-siyasi,
iqtisadi proseslərə tənqidi münasibətini əks
etdirən fikirləri ənənəvi formatda parlaq bir şəkildə
ifadə edə bilmişdir.
...Həcviyyatın
daha bir keyfiyyət əlamətinə keçməyin
vaxtı gəlmişdir ki, bu da nə qədər ictimai əhəmiyyət
daşısa belə, onun yaranışından sonuna qədər
hər şeydən öncə və ən cox ədəbiyyatdaxili
təzahür olmasıdır. Həcv, yuxarıda qeyd etdiyimiz
üzrə, şairlər (folklorda aşıqlar) arasında
deyişmə və rəqabət zəminində əmələ
gəlmiş və sonradan hansı funksiyanı qazanmasından
asılı olmayaraq, heç vaxt bu "doğuluş əlaməti"ni
(bəlkə də, travmasını) itirməmişdir.
Müxtəlif dövrlərdən gətirilən misallar bu
fikri əsaslandıracaq qədər arqument verir. Suni öz
müasiri və həmpiyaləsi Hafizi-Lənglə münasibətlərini
nəzərdə tutaraq yazırdı:
Hafizi-Lənglə
bir ayaq içdüm
Umar
idüm ki, razı ola yekə.
Sun bizə,
saqi, ciftə əlümə
Nedəlüm,
qayil olmadı bu təkə.
Davamı
gələn sayımızda
Nizaməddin MUSTAFA
Ədəbiyyat qəzeti.- 2019.- 12
yanvar.- S.21.