Bilirəm ki, ona əllə
toxunmaq, təmas etmək
bir də heç zaman mümkün
olmayacaq...
"Dördüncü divar" layihəsinin
bugünkü qonağı yazar, rejissor Səidə
Haqverdiyevadır
- Səidə, ədəbiyyat, teatr və
kino. Özünü bu sənət növlərinin
hansında daha rahat ifadə edə bilirsən?
-
Özünü ifadə baxımından kinoda daha rahatam. Uşaqlığımda özümü aktrisa hesab
edir, heç vaxt teatrda olmadığım halda,
binamızın uşaqlarına tamaşalar göstərirdim.
Bəzilərini buna, hətta məcbur edirdim
(gülür). Görünür, bu səbəbdən
də teatr mənə həmişə sehrli məkan təsiri
bağışlayırdı. Kinoya məhəbbəti
isə atam yaradıb. Onun yaxşı kino
zövqü var idi. Seçdiyi filmlərə
birlikdə baxır və sonra müzakirə edirdik. Heç
yadımdam çıxmaz, diktor proqramı elan edərkən
"Təhminə və Zaur" filminin olacağını
dedi. Atam məndən o film barədə fikrimi
soruşdu. Mənim izahımdan sonra "Bəyin
oğurlanması" filmindəki İsrafil kişi kimi kəskin
şəkildə "Sənə elə kinolara baxmağı
qadağan edirəm" - dedi. Onun bu ilk kino
qadağası həmin filmə dəfələrlə
baxmağıma səbəb oldu.
- Burda, yəqin ki, mühafizəkarlığın
rolu vardı...
- Təbii.
Bilirsən, bizim evdə ilk dəfə
sözünü deyən, arzusunu dilə gətirən mən
olmuşam. Atam mehriban insan idi. O istəyirdi
ki, mən oxuyum, təhsilli olum, hansısa sahədə irəli
gedim. Amma bu, incəsənət sahəsi
olmamalı idi. Orta məktəbdə
oxuyanda şeirlər yazırdım. Bir dəfə
isə heç yadımdan çıxmaz Nizami Gəncəvinin
şeirini öyrənmədiyim üçün müəllimin
qorxusundan şair haqqında elə sinifdəcə şeir
yazıb danışmışdım. Müəllim
həmin şeirə görə mənə dörd
yazmışdı. Bir dəfə isə
"Toplan" adlı balaca bir nağıl
yazmışdım. Bu nağıl bir
küçə iti haqqındaydı. O, küçə
iti olsa da, mənə elə gəlirdi ki, həm də mənim
itimdir. Bax, həmin nağıl atamın xoşuna gəldi və
mənə belə nağıllardan çoxlu yaz dedi. Məhz həmin nağılım İran İslam
Respublikasında tamaşaya qoyuldu. İndi
fikirləşirəm ki, həmin nağıl, əslində,
mənim incəsənətə bir addım
yaxınlaşmağıma qəribə şəkildə
kömək olub.
Sonralar müxtəlif ədəbi şeir gecələrində
iştirak edirdim. Pul mükafatı ilə də qalib
olduğum yadıma gəlir. Həmin vaxt rəhmətlik
Vaqif Səmədoğlu ilə də tədbirlərin birində
tanış olmuşdum. O, müəllimimə
demişdi ki, bu qızı ədəbiyyat sahəsinə
yönəldin. Amma düzünü deyim ki, məni
hər şeydən çox o müsabiqədəki pul
mükafatı maraqlandırırdı. Çünki
torpaqlar işğal olunmuş, rayonda yaşayan
qohumlarımız bizə pənah gətirmişdilər.
Və o pul ilə necəsə ailəmə
kömək edə bilərdim. O vaxtın çörək
növbələrini, insanların kasıblığnı,
çəkdikləri iztirabları indi xatırlamaq belə, mənim
üçün ağırdı. Mən
çörəyin tikələrə bölünməsini bir
dəfə "Şərikli çörək" filmində,
sonralar isə həyatda görüb yaşamışam.
- Abdulla Şaiq adına
Dövlət Kukla Teatrı ilə tanışlığın
da maraqlıdır...
- Mən
bura qədər bir neçə iş yeri dəyişmişdim.
Bu teatrda isə bir xeyriyyə tədbiri çərçivəsində
tamaşa hazırlayırdıq. Tam səmimi
deyim ki, teatr məni sehrlədi. Uşaqlıqdan
arzuladığım, xəyal qurduğum aləmin içərisinə
düşmüşdüm. Sonra iş elə gətirdi
ki, mən burda işə düzəldim. Və
nə yaxşı ki, burda işlədim. Çünki
mən burdan başqa heç bir yerdə özümü
tapmayacaqdım.
- Bəs niyə teatrın içərisində
ola-ola kino rejissoru oldun?
- Bu daha
çox hekayələrimdən qaynaqlanan məsələdir. Hekayələrimi oxuyan yaxınlarım, ətrafım
həmişə mənə deyirdilər ki, sənin
yazdıqların film kimidir. Bu fikir və
kinosevərliyim məni film sahəsinə yönəltdi.
Əlbəttə, tamaşaya baxmaq, teatrda olmaq
gözəl hissdir. Amma niyəsə mən
özümü kinoda tapdım. Düşünürdüm
ki, özümün arzuladığım şeyləri kino
vasitəsilə başqaları ilə daha rahat
bölüşəcəm. Həm də mənə
belə gəlir ki, kinonun ötürmə funksiyası daha
üstün və genişdir.
- Müəllifi olduğun
"Ər quyusu" filmi və "Metamorfoza"
tamaşası əsasən bioqrafik məqamlarla zəngindir. Amma fərqli səpkilərdə. İstər
tragikomediya, istərsə də dram janrında müəllif
kimi özündən bəhs etmək necə hissdir? Azadlıq bəxş edir, ya daha da məsuliyyətli
olmağa məcbur olursan?
- "Ər quyusu" filminin ssenarisi anamın xatirələri
idi. Onların hamısını əvvəl hekayə
kimi, daha sonra isə ssenari kimi işləyib film halına gətirdim.
"Ər quyusu"nun afişasına janr olaraq
komediya yazsam da, əslində, tragikomediyadır. Mənim filmimin alt qatında dərin kədər
var.
Çünki yurdumuzun insanı dram, faciə filmlərinə
tamaşa etməyi sevmir. Bunu son illərin kino bazarındakı
kinokomediyaların çoxluğu da göstərir.
Rejissor Günay Səttarın quruluş verdiyi
"Metamorfoza" isə "Qisas" və bir neçə
hekayəm əsasında hazırlanıb. Bu tamaşa
izah baxımından açıqdır. Orada
kədəri rahat göstərə bilmişəm. Məsuliyyət məsələsinə gəldikdə
isə açıq deyim ki, əvvəllər mən çox
rahatlıqla geri çəkilə bilərdim. Amma indi orta nöqtədəyəm. Geri getmək mümkün deyil. İrəli
getmək üçün isə güc toplayıram. Bu isə əlbəttə ki, məsuliyyət gətirir.
Yaradıcılıq baxımından heç
vaxt indiki qədər məsuliyyətli olmamışam.
- Bir neçə müsahibəndə
belə fikrinə rast gəldim ki, filmi çəkməzdən
əvvəl müxtəlif rejissorlardan müəyyən təcrübə
toplamaq istəsən də alınmayıb. Niyə
alınmadı?
- Əslində, bu haqda danışarkən mən
başqa daha həssas məsələni nəzərdə
tutmuşdum. Amma bundan mənim əleyhimə istifadə edən
adamlar da oldu. Guya mən kinoya qeyri-ciddi
yanaşıram, təcrübəsizəm və buna baxmayaraq
kino çəkmək istəyirəm - kimi fikirlər səsləndiriblər.
Əslində isə mənim film çəkməkdə tələsməyimin
səbəbləri bir az başqa cür
olub. Məsələ burasındadır ki,
2016-cı ildə müəyyən məbləğdə
pulum vardı, anam isə sağalmaz xəstə idi.
Sonuncu dəfə həkimin qəbulunda olanda həkim mənə
dedi ki, ananızın ən çox halda altı, yeddi ay
ömrü qalıb, vəziyyəti çox
ağırdı. Belə olan halda mənim çox az vaxtım qalırdı və zaman, belə
deyək də, əleyhimə işləyirdi. Vaxtım
olsaydı, təbii ki, rejissorla da əlaqə saxlayardım,
kifayət qədər də təcrübə toplayardım.
Sadəcə olaraq, zaman itirirdim və istəyirdim
ki, o, xatirələrinin toplandığı bu filmi
görsün. Buna görə də fikirləşdim
ki, hər şeyi özüm edəcəm. Təsəvvür
et ki, nə kameram vardı, nə film
çəkilişi haqqında təsəvvürlərim. Ola bilər indi bu sözlərimi də kimsə
paylaşıb deyəcək ki, təcrübəsizdir, bilmir və
s. Ancaq filmin çəkilişlərinə başlayan zaman mənim
ancaq düşüncələrim vardı. Həm də heç bir kommersiya marağım yox
idi. Necə olmasından asılı
olmayaraq, bu mənim ilk işim, ilk filmimdir. Yadıma gəlir ki, Şamaxıya çəkilişlərə
yola düşəndə çox həyəcanlı idim.
Çəkiliş üçün hər şey hazır
olandan sonra əlimdə ssenari öz-özümə dedim, Səidə, başla! Sən
bu film üçün heç kimə hesabat verməyəcəksən.
- Motor, başladıq dedin və beş günə bitirdin...
- Yox,
motor deməyə utandım. Fikirləşdim
ki, hələ bu sözü demək mənim
üçün tezdir. Başlayaq dedim və özüm
öz səsimi tanımadım. O qədər sakit
çıxmışdı ki, səsim. Məni
ürəkləndirən operatorun səsi, təlimatları
oldu. Birinci dubl bitəndən sonra sənətin
gətirdiyi o möhtəşəm hissi yaşadım. Bu, sanki uzun illərdən bəri sevdiyin, gözlədiyin
insanla birdən-birə rastlaşmağa, onu qucaqlamağa bənzəyir.
- Andrey Tarkovski deyirdi ki,
"mən istənilən insana rejissorluq sənətinin
texnikasını iki, üç ay ərzində öyrədə
bilərəm. Amma onun sənətkar
olması və heç olmasa öz üslubunu yarada bilməsi
artıq şəxsi istedada gedib çıxır".
Sən Peterburqda təhsil alırsan, gələcəkdə
bir qadın rejissor kimi öz üslubunu yarada biləcəyinə
inanırsan?
-
İndiki vəziyyətdə yaradacam demək bir az iddialı səslənər, amma yarada bilmərəm
demək də istəmirəm (gülür). Mən
yenə də deyirəm ki, bu işin içərisinə ya
girməməliydim, ya da girmişəmsə artıq geri
çəkilə bilmərəm. Birinci
olmağa çalışmalıyam.
Təhsil aldığım universitetdə nəinki
Rusiyanın, dünyanın tanınmış sənətkarları,
sənətşünasları və rejissorlarından dərs
alıram. Onlardan çox şey öyrənsəm də
öz dəst-xəttimi yaradacam.
Tarkovski barədə mən hardasa 25-26 yaşımda
oxumuşam.
Bu adam şəksiz dahi olub və
dünyanın bir çox ölkələrində
çıxışlar edib, master-klassları olub. Mən də bu dərslərə baxmışam.
Sadəcə, onun üslubu mənə yad, fikirləri
maraqlıdır.
Onun daha məşhur "Ayna" və "Stalker"
filmlərini də izləmişəm. Maraqlı ekran işləri
olsa da bir az yaddır. Mənə
ən yaxın olan rejissor Almadovardı. O da, yəqin ki,
qadın mövzularını daha çox işlədiyindəndir.
Qadın mövzusu isə mənə çox
doğmadır.
- Bildiyimə görə, qadın
mövzusunu geniş formada kinoda işləmək fikrin var?
- Mən
feminist deyiləm. Amma niyəsə elə
görünürəm. Məsələ
burasındadır ki, Şərqdə və ümumiyyətlə,
müsəlman dinində qadına yüksək qiymət verilsə
də, həmişə qadınlar arxa planda qalıblar. Qadına güclüsən, dözümlüsən,
bacararsan diktə etməklə onun çiyninə çox
ağır yüklər qoyublar. Amma nəticədə
çox zərifdir. Sən güclüsən,
bacararsan deməklə, əslində, qadını həqiqətən
də güclü olmasına, özündən qat-qat
ağır yükü qaldıra biləcəyinə
inandırıblar. Beləcə, ona
qadınlığını unutdurublar. Və
mən məhz bu cür mövzuları
ekranlaşdırmağa çalışacam.
- Bu zaman, yəqin ki, qadının
misal üçün, həm Janna Dark, həm də Medeya ola bilməsini nəzərə alacaqsan...
-
Razıyam, Janna Dark, eləcə də digər qəhrəman
qadınların çiyinlərinə çox ağır
yüklər qoyublar. Bu da sonda onların faciəsi
ilə nəticələnib. Deyilənə
görə, Janna Dark edamından bir müddət öncə tərkidünya
olub, öz-özü ilə danışırmış.
Medeya isə başqa cür insanlığa zidd
davrandı. Bütün bunlar da ondan irəli
gəlir ki, qadını çox yükləyəndə o,
loru dildə desək ağlını itirə bilər. Bu isə çox böyük fəsadlar yaradar.
Əgər qadının çiyinlərinə
qoyulan yükün yarısını kişilərin boynuna
qoysaq, vallah onlar özlərini asarlar.
- Abdulla Şaiq adına
Kukla Teatrının nəzdində olan Oyuq
Teatr-studiyasının rəhbərisən. Balacalara teatrı
sevdirmək, izah etmək necədir?
-
Uşaqlara, istedadlı balalarımıza sevgim məni Oyuq
Teatr-studiyası ilə birləşdirdi. Teatrın
inkişafı ilə bağlı müvafiq proqrama uyğun
olaraq yaradılan bu studiya ilə 2012-ci ildən
çalışıram və o zamandan bu yana
bir çox uğurlara imza atmışıq. Studiyanın
balaca istedadları ilə dünyanın müxtəlif ölkələrində
keçirilən məşhur festival və müsabiqələrdə
Qran-pri və birinciliklər qazanmışıq. Bu illər ərzində
qatıldığımız hər festivaldan,
reallaşdırdığımız hər qastroldan
böyük uğur, əks-səda ilə
qayıtmışıq. Saysız sosial
aksiyalar, ilk dediyimiz layihələr, maraqlı tamaşalar, rəngarəng
konsertlər, dövlət tədbirlərində iştirak və
sair uğurlar uşaqlarla keçən gərgin məşq və
sərf olunan zamanın gözəl nəticələridir.
- Əbdürrəhim bəy
Haqverdiyevin nəslindənsən. Bir az bu məsələyə
aydınlıq gətirməyini istərdim...
- Babam
Şuşada anadan olub, orda böyüyüb. Sonradan
işləmək üçün Ağdama gəlib və
orda da Ağdamdan olan qadınla ailə qurub. Babam Əbdürrəhim bəy Haqverdiyevin nəslindən
olduğumuzu deyər və bununla fəxr edərdi.
Sözün düzü, uşaq olduğumuzdan bunun elə
də fərqinə varmazdıq. Daha sonra Haqverdiyevin tədqiqatçısı
Saleh Hüseynovla tanış oldum. O,
Haqverdiyevin səcərələrini araşdırırdı,
həm də Haqverdiyevin qohumu idi. İndi
adlarını çəkdiyim hər iki şəxs
dünyasını dəyişib.
- Ailə qurduğun insan teatr
direktoru Rəşad Əhmədzadə və onun ailəsi də
sənətlə bağlıdırlar. Səidə
Haqverdiyeva konkret olaraq Rəşad Əhmədzadədən nələr
öyrəndi?
- Tam səmimi
deyim ki, Rəşad müəllimdən təmkinli, bəzi məqamlarda
soyuqqanlı olmağı öyrənmişəm. Ümumiyyətlə, o mənim üçün bir
çox məsələlərdə yaxşı örnəkdir.
Ailənin ədəbiyyata, teatra, ümumilikdə
sənətə məhəbbəti məni daim valeh edib.
Böyük satirik, tanınmış dramaturq
Rüfət Əhmədzadənin irsi və həyat yolu mənim
üçün daim maraqlı olub. Rəşad
müəllimin anası, rəhmətlik Mirvari xanım uzun
illik təcrübəyə malik pedaqoq idi və o məndə
davamlı mütaliəyə maraq yaratdı. Zəngin kitabxanamızdakı nümunələrdən
seçərək oxumağı məsləhət
görürdü. Rəşad müəllimin
qardaşı Zülfüqar müəllim də ədəbiyyat,
kino və teatr barədə bilgilərimi artırmaqda köməklik
edib. Rəşad müəllim isə mənə
sadəcə olaraq dəstək olub. Biz ailə quran
günü mənə dedi ki, sənə görə heç
vaxt heç kimə ağız açmayacam. İnan
ki, bu günə qədər də bu belədir. Amma arzularıma, istəklərimə qarşı
çıxmayıb, mühafizəkarlıq etməyib və ən
əsası mənə inanıb.
- Sankt-Peterburqda Mədəniyyət
və İncəsənət Universitetində təhsil
alırsan. Niyə məhz
təhsil üçün oranı seçdin?
- Tarixdən
bilirdim ki, bizim bir çox ədəbiyyat və incəsənət
adamlarımız həmin şəhərdə təhsil
alıblar. Mən də sənədlərimi
hazırlayıb ora qəbul olundum. Peterburqun
sənət həyatı tamam başqa və valehedicidir.
Sonuncu dəfə orda olanda baxdığım
bütün tamaşalardan böyük zövq aldım.
Bizdə aktyorlar bir az çox tez
rahatlaşırlar. Bu rahatlıq da onların həm
tez yaşlanmasına, həm də bədən
plastikalarını itirmələrinə gətirib
çıxarır. Təsəvvür et
ki, 40 yaşlı aktyor tamaşa zamanı nazik bir turbanın
üstündə uzanıb siqaret çəkir. Və həmin
aktyorun plastikası bizdə bəlkə, Pantomima
Teatrının bir neçə aktyorunda ola
bilər. Bizim aktyorlarda arxayınlıq var. Onlar
bir balaca tanınan kimi məşq etmirlər, kökəlməyə
başlayırlar, hər rolu özlərinə
yaraşdırmırlar və s. Amma orda elə deyil. Hər kəs öz işini görür və
öz üzərində işləyir.
- Rejissor Ərşad Ələkbərov
da Peterburqda təhsil alıb. Onun müsahibəsində təxminən
belə bir fikrə rast gəldim ki, Peterburqdakı
yaradıcılıq prosesini bizdə tətbiq etmək çətin,
hətta mümkünsüzdür. Tətbiq etmək
mümkün deyilsə, bəs onda sənin, onun və
başqalarının bu qədər zəhmət çəkib
ölkədən kənarda təhsil alması nə
üçündür?
- Ərşad çox istedadlı insandır. Biz onunla orda
olanda da görüşdük, söhbət etdik, fikir
müzakirələri apardıq. Amma bu barədə
mən onun fikirlərinə qatılmıram. Onunla razı deyiləm. Mənə
elə gəlir ki, ordakıları burda tətbiq etmək
heç də çətin deyil. Düzdür,
hər şeyi rejissorun da boynuna yıxmaq olmaz. Amma bizim tamaşaçılar ordan gələnləri
qəbul etməkdə müəyyən çətinlik
yaşaya bilər. Çünki mən
orda nə qədər tamaşa izlədimsə mənə elə
gəldi ki, ordakı tamaşaçıların mobil telefonu,
ümumiyyətlə, yoxdur, hətta səsləri də
çıxmır, danışa bilmirlər, ancaq görə
bilirlər.
- Biz hamımız səni mərd,
sözünün üstündə durmağı,
xeyirxahlıq etməyi bacaran insan kimi tanıyırıq. Amma, eyni zamanda sənin də yaxşı
dostların olduğunu unutmuruq. Kimlərəsə
təşəkkür etmək istərdin?
- Valideynlərim
sağ olanda mən fərqində deyildim ki, Tanrı mənə
gözəl ata və ana bəxş edib. Amma
onları itirəndən sonra anladım ki, onlar doğrudan da,
gözəl insanlar olublar və mən, belə deyək də,
Tanrının verdiyi hədiyyələrin fərqində
deyildim. Bax, dostlarım da belədir. Onlar mənə Allahın hədiyyələridir.
Ona görə də mən onların fərqində
olmamaq istəyirəm. Mən baxıram ki,
heç kimin mənim kimi təmənnasız, sadiq, xeyirxah
dostları yoxdur. İndi insanlar
dostluqlarını da müəyyən hesablanmış mənfəət
üzərində qururlar. Amma mənim
dostlarım belə deyil. Bilirsən ki,
"Ər quyusu" filminin təqdimatına üç
gün qalmış Peterburqdan gəldim. Dərsdəydim.
Kinoşünas Sevda Sultanova az vaxt ərzində
mənim filmimin qala gecəsinin dəvətnamələrini
lazım olan adamlara bir-bir çatdırmaqda böyük
köməklik göstərmişdi. Və yaxud
da aktrisa Zümrüd Qasımova gecənin
aparıcılığını etsə də, həm də
qonaqları qarşılamağı bacarmışdı.
Aktrisa Ülviyyə Əliyeva həmin filmdə
qonararsız çəkildi. Həmidə
Rüstəmova həmişə mənim yanımda olub.
O mənim Janna Darkımdır (gülür). Dostlarım var
ki, yanımda ola bilməsələr də,
necə və nə cürsə həmişə mənə
dəstək olublar. Çox yaxşı və
mərd dostlarım var. Vaxt gələcək, mən onlara
böyük təşəkkürümü bildirəcəm.
Amma o gün bu gün deyil.
- Səidə, bayaq dedin ki, anamın xəstəliyinə
görə film çəkilişlərini tezləşdirməli
olmusan. Səhv etmirəmsə, elə çəkilişlər
bitəndən sonra da anan dünyasını dəyişib. Səncə, razı qalmışdı filmdən.
Axı hamısı onun xatirələri idi...
- Mən
bacardıqca filmi tez çəkməyə
çalışdım. Çünki bilirdim
ki, o, qısa vaxt ərzində bu dünyadan köçəcək.
Amma indi düşünmürəm ki, mənim
valideynlərim yanımda yoxdular. Onların
ruhlarını həmişə yaxınlığımda hiss
edirəm. Hər gecə yatmazdan əvvəl
onlarla öz içimdə hesabat xarakterli söhbət edirəm.
Anam sağ olanda biz tez-tez onunla telefonla
danışırdıq. Bəzən kənardan məni dinləyənlər
elə bilirdilər ki, mənim həyatımda kimsə
başqa adam var. Çünki anamla
danışanda üz cizgilərim, gözlərimin rəngi də
dəyişirdi. Amma sənə deyim ki, mən
doğulandan bu cür məhəbbətim atama qarşı
olmuşdu. O vaxtlar anam məni başa
düşmürdü. Mənə qarşı
həmişə mühafizəkar davranırdı. Bir gün gəldi, atam rəhmətə getdi.
Və sanki hər şey elə o bir günün içində
baş verdi. Anam atamın
yerinə keçdi. Anam bütün
yanlışlarımla mənə qucaq açdı. Heç bir vaxt məni danlamadı, mənimlə sərt
danışmadı, məni ittiham etmədi və ən əsası,
mənə həmişə inandı. Ən
dəhşətli səhvimdən sonra belə, gecə yatanda
məni qucaqlayıb səhərə qədər əzizləyirdi.
Atamdan sonra anam məni buraxsaydı, bəlkə
də, çoxdan bu həyatda yox idim. İki
ildir anam rəhmətə gedib. Telefonumun
yaddaşında onun səsi var. Yuxularımda da demək olar
ki, hər gecə anamı görürəm. Amma bilirəm ki, ona əllə toxunmaq, təmas etmək
heç zaman mümkün olmayacaq. Bu çox dəhşətli
bir şeydir...
- Qarabağlısan. Müharibə
mövzusunu nə zamansa filmdə işləməyi
düşünürsən?
- Əgər belə bir yaram olmasaydı, bəlkə də,
düşünməzdim. Amma torpaqlarımız
işğaldadır və mənim vətən yaram var. Ona
görə də işləməliyəm, öz büdcəmlə
olsa belə, film çəkməliyəm deyə
düşünürəm. Mən
Şuşanı da, Ağdamı da görmüşəm,
oraların gözəlliyindən xəbərdar olan biriyəm.
Mən Azərbaycanın bir çox yerlərini
gəzmişəm. Oralar da mənim
torpağımdır. Amma içərimdə qəribə
bir nisgil var ki, axı mənim də torpağım vardı...
Mən bilirəm ki, indiki halda mənim nə qədər
imkanım olsa da A və Ş hərfi ilə
başlayan bütün şəhərlərə gedə bilərəm,
amma Şuşaya, Ağdama yox.
On yaşımdan artıq o torpaqları itirmişəm. Müharibənin,
qan-qadanın əleyhinəyəm. Onsuz da
itkilərimiz çox oldu. Amma mən istəyirəm,
artıq öz torpağımın üzərində yeriyim.
Mən hər dəfə qarabağlı,
qaçqın görəndə kövrəlirəm. Onları qucaqlamaq, öpmək xoşuma gəlir.
Çünki içi mən qarışıq
hamımız nisgilliyik. İnşallah, o
günləri də görərik. Torpaqlarımız
da işğaldan azad olunar və bizim nisgilimiz də silinib gedər.
Söhbətləşdi: Samirə
ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.22-23.