Əgər Abbas Zamanov olmasaydı...
"Köhnə kişilər"
silsiləsindən
Abbas
Zamanov - filologiya elmləri doktoru, professor, Elmlər
Akademiyasının müxbir üzvü. Azərbaycan
ədəbi və elmi ictimaiyyəti onu təkcə bu
titullarla xatırlamır. Heç
şübhəsiz, öz elmi-ədəbi fəaliyyəti ilə
Abbas Fəttah oğlu Zamanov təkcə Azərbaycanda deyil,
onun sərhədlərindən kənarda da, xüsusilə,
Türkiyədə çox böyük hörmətə
malik idi. Bu balacaboylu kişi elm
üçün də, Azərbaycan ziyalı mühiti
üçün də nəhəng bir şəxsiyyət
idi. Ancaq Abbas Zamanovun böyüklüyü həm
də onun şəxsiyyətində qabarıq nəzərə
çarpan azərbaycançılığında, vətənpərvərliyində
öz əksini tapırdı. Abbas Zamanov XX əsrin Həsənbəy
Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir bəy,
Haqverdiyev ziyalı nəslinin - bu böyük ustadların mənəvi
yetirməsi idi, amma o özü də ustad idi, Abbas Zamanov təkcə
universitetdə dərs deməklə gələcəyin
ziyalılarının müəllimi deyildi, həm bir alim, həm
də bir insan kimi neçə nəslin mənəvi müəllimi
sayılırdı.i. Belə müəllimlər-şəxsiyyətlər
bəlkə sağlığında olduğundan da
ölümündən sonra daha çox xatırlanır.
"Artıq XXI əsr başlayıb. Və Abbas müəllimin kitabları bu gün də
nəşr edilir və bu nəşrlər onun
ömrünün - yaradıcılıq ömrünün XXI əsrdəki
davamıdır" (Elçin).
Abbas
Zamanov (1911-1993) XX əsrin doqquz onilliyini
görmüşdü. Uşaqlığı
çox çətin və məşəqqətli
keçmişdi. Onun dünyaya göz
açdığı Maxta kəndi tez-tez xain qonşuların
hücumuna məruz qalırdı, kənd camaatı bu
hücumlardan canını qurtarmaq üçün Cənubi
Azərbaycana gedirdilər. Balaca Abbas da
İranda - atası, qardaşı İsmayılla birgə Xoy
şəhərində sığınacaq
tapmışdılar. Atası hansı ərbabınsa
yanında muzdurluq edirdi, qardaşı bu əzablara dözməyib
öldü. Anası isə onlar hələ
İrana getməmişdən əvvəl vəfat
etmişdi.Yenidən Naxçıvana qayıdanda atası
ikinci dəfə evlənir, təzə uşaqlar dünyaya gətirir.
Atası görür ki, ailəni dolandıra
bilmir, Abbası Naxçıvandakı uşaq evinə verir.
Ordan da Bakıya göndərirlər. Abbas
Zamanov iyirminci illərdə başına gələn məhrumiyyətləri
bir müsahibəsində ("Xalq" qəzetinin müxbiri
Əlipənah Bayramov aparıb bu müsahibəni) deyir ki,
atasını "kulak" adlandırıb səsini
almışdılar, o vaxt səsi alınanların da taleyi bəd
gətirirdi. Kimsə Mərkəzi Komitəyə
danos yazmışdı ki, Abbas Zamanov "kulak" oğludur,
o, uşaq evində yaşaya bilməz. Ona
görə də Abbas Zamanovu Mərkəzi Komitəyə,
Əliheydər Qarayevin yanına çağırırlar.
Əliheydər Qarayev Bakı şəhər
Daxili İşlər Şöbəsinin rəisi M.Şəkinskiyə
zəng edir. Ə.Qarayev məktubu Şəkinskiyə
oxuyur və deyir ki, bunu uşaq evində saxlaya bilmərik.
Amma M.Şəkinski balaca Abbasın tərəfini saxlayıb
deyir: Biz belə uşaqları küçədən
yığıb oxutdururuq ki, oğurluq, quldurluq eləməsinlər,
oxuyub savad sahibi olsunlar, bu uşağı qovduq, xuliqanlıq
edənlərin biri də artacaq. Şəkinskinin
sözləri təsirsiz qalmır. Abbas Zamanov beş il uşaq evində yaşayır və
şura məktəbində təhsil alır. İbtidai
məktəbi bitirəndən sonra isə pedaqoji məktəbə
daxil olur. Ondan Hüseyn Cavidlə Abdulla
Şaiq imtahan götürürlər. Beləliklə,
pedoqoji məktəbi bitirəndən sonra onun "komsomol
dövrü" başlayır. Cəlilabadda
müəllim işləyir, sonra rayon komsomol komitəsinin
katibi olur. Sonra da Bakı. "Gənc
işçi" və "Ədəbiyyat" qəzetlərində
əməkdaşlıq edir, Azərnəşrdə bədii ədəbiyyat
şöbəsinin müdiri vəzifəsində
çalışır. Bu, otuzuncu illər
idi. O illərdə Abbas Zamanov Hüseyn Cavidi, A.Şaiqi,
Ə.Haqverdiyevi, C.Cabbarlını tez-tez görürdü,
"Gənc işçi" və "Ədəbiyyat qəzeti"ndə
isə S.Vurğun, M.Müşfiq, S.Rüstəm, R.Rza,
Ə.Fövzi, M.Hüseyn, M.İbrahimov, Ə.Vəliyevlə
dəfələrlə görüşüb müsahib
olmuşdu.
Və müharibə illəri. Əvvəlindən axırına
kimi o, cəbhədə olmuşdu, "Döyüşən
Krım" və "İrəli" qəzetlərində
çalışmışdı, cəbhə dostları Rəsul
Rza, Cəfər Cəfərov, Nəsir İmanquliyev, Nüsrət
Bağırov, Seyfulla Əliyev İbrahim Novruzov kimi
tanınmış ziyalılar idi.
Abbas müəllimin həyatında Bakı Dövlət
Universitetinin böyük rolu var - belə ki, o, Universitetdə
uzun illər müəllim işləmiş, Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri olmuşdu. Cavan ikən,
müharibədən əvvəl Filarmoniyanın və Opera
Teatrının direktoru, 1968-1971-ci illərdə isə Ədəbiyyat
muzeyinin direktoru vəzifələrində
çalışmışdı.
Abbas Zamanov sırf ədəbiyyatşünas idi. Onun elmi fəaliyyətini
iki istiqamətdə nəzərdən keçirmək olar.
Birincisi, M.Ə.Sabirin həyat və yaradıcılığı
ilə bağlı tədqiqatlar (hansı ki, "Sabir və
müasirləri" kitabında əks olunub), ikincisi isə
Azərbaycan ədəbiyyatının qədim dövründən
XX əsr də daxil olmaqla keçilən inkişaf
yollarını, ayrı-ayrı ədəbi şəxsiyyətlərin
həyat və yaradıcılığını əks etdirən
məqalələr, ədəbi portretlər, resenziyalar, məruzələr.
Heç şübhəsiz, ona bir ədəbiyyatşünas
kimi böyük şöhrət qazandıran əsər
"Sabir və müasirləri"dir. Bu əsər onun namizədlik
dissertasiyası kimi elmi şuraya təqdim edilmişdi, amma elmi
şura bu əsərə görə Abbas Zamanovu birbaşa
filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq
gördü. Bu, Azərbaycan filologiya elmində
birinci hadisə idi.
"Sabir və müasirləri" əsərinə qədər
dahi şairin yaradıcılığı tədqiq olunurdu,
lakin Sabirlə, onun həyat və yaradıcılığı,
ədəbi mühiti ilə bağlı elə məsələlər
vardı ki, onlar öz elmi həllini gözləyirdi. Sabirin
mühiti o zamanki Azərbaycan ədəbi mühitinin ən
qaynar nöqtəsi idi. Mirzə Cəlil, Qəmküsar,
Ə.Nəzmi, A.Səhhət, A.Şaiq, M.Hadi, M.Hacınski,
M.S.Ordubadi, Ə.Müznib və onlarla ziyalılar - qəzet
işçiləri, müxtəlif sənət sahibləri
Sabirlə ən yaxın münasibətdə idilər. Sabirin vəfatı ilə bağlı yazılan məqalələr,
bu itkinin doğurduğu acılıqlar Azərbaycan ədəbi
mühitinin qara bayramı idi. Abbas Zamanov Sabirin "Molla
Nəsrəddin"lə əlaqələrini, təkcə Azərbaycanda
deyil, İranda və Türkiyədə də böyük
şöhrət qazanmasının sirrini onun satiralarında
axtarırdı - bu satiralar o qədər sərrast, hədəfə
düz tuşlanan oxlar idi ki, onlardan yaxa qurtarmaq mümkün
deyildi. A.Zamanov "guya xalq Sabiri başa
düşməmiş, millət Sabiri vərəmlədib
öldürmüşdür" fikrinin yanlış
olduğunu sübut edir-xalq, millət şairini
öldürmür, yaradır, böyük şairlər, alimlər,
mütəfəkkirlər yaradan xalq, millət özü də
böyük olur.
A.Zamanovu sözün həqiqi mənasında Sabirin ən
yaxşı tədqiqatçılarından biri hesab etmək
olar. O, təkcə
"Sabir və müasirləri" monoqrafiyası ilə
kifayətlənməmiş, "Füzuli və Sabir",
"Səhhət və Sabir" kimi dəyərli məqalələr,
həmçinin Sabir ədəbi məktəbinə mənsub
olan satiriklərin yaradıcılığı haqqında da
yazılar yazmışdır.
Abbas Zamanov öz dövrünün tanınmış tənqidçi-ədəbiyyatşünasları,
şair və nasirləri də unutmamışdır.
Bu - Mir Cəlal:
"Azərbaycan ədəbiyyatının bu yarım əsrdə
keçdiyi yolun salnaməsini vərəqlərkən demək
olar ki, biz onun hər səhifəsində Mir Cəlal ilə
üz-üzə gəlir, onun səsini eşidirik".
Bu -
Feyzulla Qasımzadə: "XIX əsr tarixinin elmi prinsiplər
əsasında öyrənilməsi Feyzulla Qasımzadə
müəllimin adı ilə bağlıdır".
Bu -
Abdulla Şaiq: "O, həmişə işığa qondu,
xalqın səadəti yolunu hansı cəbhədə
gördüsə, o cəbhənin əsgəri oldu. Yorulmaq nə olduğunu bilmədi,
çalışdı-çabaladı, dərsliklər
yaratdı, müəllimlik etdi, şeirlər, hekayələr,
romanlar, pyeslər, gözəl uşaq əsərləri
yazdı, tərbiyə məktəbi yaratdı".
Bu -
Əli Sultanlı: "Əli Sultanlının ən
böyük xidməti ondan ibarətdir ki, o,
respublikamızın ali məktəbləri üçün
ana dilində dünya ədəbiyyatı tarixi kursunu
yaratdı".
Bu - Məmməd
Arif: "Kim bilmir ki, Azərbaycan sovet ədəbiyyatında Cəfər
Cabbarlının dramaturgiyada, Ordubadinin nəsrdə, Səməd
Vurğunun poeziyada gördüyü işi tənqiddə Məmməd
Arif görmüşdür".
Bu - Cəfər
Cəfərov: "Cəfər Cəfərov ömrü boyu
ağa-ağ, qaraya-qara deyən tənqidçi-ədəbiyyatşünas
idi".
Bu - Qulam
Məmmədli: "Qəzet və jurnal səhifələrində
Qulam Məmmədlinin yeni tapıntılarını oxumağa
adət etmişik. O, həyatının heç bir dəqiqəsini
boş keçirmir, həmişə hərəkətdə,
həmişə işdə-gücdə, həmişə
yeni axtarışlar, kəşflər
sorağındadır".
Abbas Zamanov olmasaydı, Naxçıvan Ermənistana
ilhaq ediləcəkdi.
Yazımın əvvəlində qeyd etmişdim ki, Abbas
Zamanov böyük vətənpərvər idi. Özü də
bu vətənpərvərliyi o, sözdə deyil, işdə,
əməldə sübut edirdi. Adını çəkdiyim
həmin müsahibədə Abbas Zamanov deyir: "Mən S.M.Qənizadə
haqqında materiallar toplayırdım. Qori seminariyasının
sənədlərinə baxmaq üçün Tbilisiyə,
oradan da Yerevana getdim.Yerevanda bir azərbaycanlı müəllim
mənə dedi ki, Naxçıvan Muxtar Respublikasının
Ermənistana verilməsi haqqında sənəd
hazırlayırlar. Bu məsələ ilə əlaqədar
bir neçə dəfə mitinq də keçirilib. Hətta
Meqri rayon partiya komitəsinin katibi Ali Sovetin sessiyasında
çıxış edib deyib ki, Azərbaycan tərəfi tələbimizə
razı olmasa, Naxçıvana bir qatar da
buraxmayacağıq.
Yerevandan təzəcə qayıtmışdım. Elmlər
Akademiyasının böyük iclas salonunda (1960-cı ilin
mart ayıydı) S.Vurğunun xatirəsinə həsr
olunmuş gecə keçirilirdi. Salon
ağzına kimi dolu idi. Mənə
söz verildi. S.Vurğundan, xalqlar
dostluğundan danışdım. Sonra da dedim
ki, bu dostluğu pozmaq istəyənlər var. Bu yaxınlarda
Yerevana getmişdim. Orada Naxçıvanın
Ermənistana ilhaq edilməsilə əlaqədar sənədlər
hazırlanır, mitinqlər keçirilir. Əgər Səməd
sağ olsaydı, şübhəsiz, deyərdi ki,
Naxçıvanın bir qarışını da heç kimə
verməyəcəyik...
Salonda elə bil bomba partladı. Bir gurultu qopdu ki, gəl
görəsən. Milli hiss həm qüvvətli, həm
də qorxuludur. Əgər axşam desəydim
ki, Rəyasət Heyətində oturanların
hamısını beşinci mərtəbədən atın,
o dəqiqə atardılar".
Xatirə gecəsini akademik Məmməd Arif
aparırdı. Həmin o gecədə İlyas Əfəndiyev
məruzəçi idi. İlyas müəllimin
oğlu Elçin - o zaman X sinif şagirdiydi və həmin
xatirə gecəsində iştirak edirdi. Sonralar
"Ədəbiyyat və cəsarət tərcümanı"
adlı məqaləsində Elçin yazacaqdı: "Alovlu
çıxışından sonra Abbas Zamanov xitabət
kürsüsündən düşüb parterdə öz
yerində oturdu.
Elə bil ki, bütün zal hipnoz olmuşdu.
Və birdən o hipnoz keçdi, alqışın hərarəti
bütün zalı, hətta bütün o böyük
daş binanı titrətdi.
Mülayim
bir adam olan rəhmətlik Arif müəllim
rəyasət heyətində ayaq üstə
dayanmışdı və zalın sakitləşməsini
gözləyirdi. Zal isə sakitləşmək
bilmirdi. Nəhayət, Arif müəllimin səsi
eşidildi:
- Abbas Zamanov buradakı çıxışında hissə
qapıldı.
Mən inanıram ki, o özü də bu
çıxışından peşman olacaq.
Bu zaman
Abbas müəllim yerindən qışqırdı:
- Çətin!
Və bu
bir kəlmə sözə görə yenidən qopan
alqış yenə aləmi lərzəyə saldı"
Bəs bu çıxışdan sonra nə oldu?
Abbas
müəllim həmin müsahibədə deyir ki: "Səhəri
günü məni partiyadan və universitetdən
çıxardılar. Nizami İnstitutuna 83
manatlıq bir işə göndərdilər. Mən ərizə yazıb partiya bürosunun qərarı
ilə razılaşmadığımı bildirdim və
xahiş etdim ki, sənədlərimi göndərsinlər
Moskvaya.
Çıxışı hərə bir cür
qarşılamışdı. Vətənpərvər
ziyalıların böyük əksəriyyətinin ürəyindən
xəbər vermişdim. Rəsul Rza məni
küçədə qucaqlayıb öpdü. Ali məktəb tələbələrinin və partiya
yığıncağındakı bəzi
çıxışlarda isə ünvanıma kəskin
sözlər deyilmiş, məni inqilabçı
adlandırmışdılar.
...Dörd
il get-gəldən sonra, nəhayət, məni
Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri
Nikolay Şvernik qəbul etdi. Həmin ildə
Sabirin ərəb əlifbası ilə şeirlərini
buraxmışdım. Türkiyədə
yazmışdılar ki, Sovet ədəbiyyatçısı
Abbas Zamanov Sabirə beynəlmiləlçi damğası
vurub. N.Şvernikə dedim ki, xaricdə
mənə beynəlmiləlçi deyirlər, bizdə millətçi.
Yaxşı, siz deyin, bəs mən kiməm? O da cavab verdi ki: "Tı naş çelovek". Sonra
məni partiyaya bərpa etdilər, əvvəlki iş yerinə
qaytardılar.
Amma ermənilər əl çəkmirdilər. Ermənistanda
Sovet hakimiyyəti qurulmasının 40-cı
ildönümündə N.S.Xruşşov Yerevana gəlmişdi.
Onu çox yerlərə aparıb gəzdirəndən
sonra Naxçıvan məsələsini açırlar.
Başı dumanlı Xruşşov deyir ki,
narahat olmayın, mən bu məsələni
aydınlaşdıraram. Doğrudan da,
Moskvaya qayıdandan sonra sənədləri nəzərdən
keçirir. Qars müqaviləsi, dördtərəfli
danışıqlar zamanı imzalanan sənədlərlə
tanışlıqdan sonra qəti şəkildə deyir ki, biz
ərazi məsələsini heç vaxt müzakirə etməyəcəyik.
Təəssüf ki, Qorbaçovda məhz bu qətiyyət
çatışmadı".
Əlbəttə, Abbas Zamanovun bu cəsarətli hərəkəti
SSRİ hökuməti dövründə Naxçıvan
söhbətinə son qoydu.
Abbas Zamanov vətənpərvərliyinin bir başqa
xüsusiyyəti də onun dünya azərbaycanlıları
ilə müntəzəm əlaqə saxlaması, məktubları,
yazışmaları idi. Abbas müəllim varlı-dövlətli adam deyildi, amma öz hesabına Azərbaycanda nəşr
edilən bir çox kitabları dünya azərbaycanlılarına
çatdırırdı. Oğlu Orxan Seyidov yazır ki:
"Xaricdə olan azərbaycanlılar da Abbas müəllimə
özlərində nəşr edilmiş ədəbiyyatları
göndərirdilər. Bu iş o dövr üçün
olduqca ağır olsa da, Abbas müəllim bu işin öhdəsindən
ləyaqətlə gəlirdi. İndi onun
göndərdiyi kitablardan - qardaş Türkiyə
Respublikasının Ərzurum Atatürk Universitetində
yaratdığı 6 minə yaxın kitabdan "Abbas Zamanovun
Bağış Kitabları" Kitabxana fəaliyyət
göstərir". Akademik İsa Həbibbəyli
yazır ki: "Onun hər həftə dünyanın müxtəlif
ünvanlarına yola saldığı məktub və
bağlamalar, barat və qəzetlər ayrıca poçt idarəsinin
yükünə bərabərdir. "Abbas
Zamanov poçtu" Azərbaycan - Şərq-Qərb
arasında ən etibarlı körpüdür. İren Məlikova
(Fransa), Turxan Gənceyi (İngiltərə), Əhməd
Şmide (Almaniya), Əbdüllətif Bəndəroğlu
(İraq) Cavad Heyət (İran) kimi görkəmli ziyalılar
həmin "körpü"dən keçərək Azərbaycana
gəlmək imkanı qazanmışlar. Bəlkə də bu,
yeganə poçtdur ki, dəqiq və müfəssəl
ünvan göstərmədən hər hansı məktubu
öz sahibinə çatdıra bilir, sadəcə olaraq
aşağıdakıları yazmaq kifayətdir: Bakı-6.
Abbas Zamanov". Abbas müəllim Türkiyədə
də olmuş, Məhəmməd Əmin Rəsulzadənin qəbrini
ziyarət etmişdir. O, Rəsulzadənin
doğulduğu kənddən qırmızı qərənfillər,
onun atasının qəbrindən də torpaq
aparmışdı.
Heç şübhəsiz, Abbas Zamanovun bu vətənpərvərliyi
ulu öndər Heydər Əliyevin diqqətini cəlb etməyə
bilməzdi. Ulu öndər daim onunla əlaqə
saxlayırdı. Naxçıvana
qayıdarkən ilk görüşdüyü adamlardan biri də
Abbas müəllim idi.
Abbas müəllimin çox sevdiyi bir kəlam vardı. Onunla salamlaşanda,
halını soruşanda deyirdi: "Şikayətlənmək
üçün əsas yoxdur".
Mən Abbas müəllimin 70 yaşı tamam olanda elə
yazımın adını da "Şikayətlənmək
üçün əsas yoxdur" qoymuşdum. Abbas müəllimi
mən həm də öz xilaskarım sayıram. Səksəninci illərdə "Azərbaycan"
jurnalında tənqid şöbəsinin müdiri idim, jurnalda
bəzən tənqidi ruhda yazılar çap olunurdu. Bəzi yaşlı yazıçlar o zaman
İttifaqın sədri Mirzə İbrahimova şikayət
etmişdilər. Mirzə müəllim də
jurnalın baş redaktoruna tapşırmışdı ki, o
oğlanı jurnaldan uzaqlaşdırsın. Abbas müəllim hardansa bunu eşitmiş və
Mirzə müəllimlə açıq söhbət
etmiş, demişdi ki, o uşaqla işin olmasın, vəzifə
borcunu yerinə yetirir.
İndi
Abbas Zamanovu vəfatından keçən bu 25 il
ərzində onu tez-tez xatırlayıram. Böyük
azərbaycançı, millətini sevən, əsl vətənpərvər
alim Abbas müəllimi - bu köhnə kişini unutmaqmı
olar?
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.24-25.