Formanın müqəddəs sirri
Mirzə Ələkbər Sabir
VI məqalə
1
Şair təkcə
öz dövründə oxunmur, dünyadan
köçdüyü nöqtədən şəxələnib
eyni zamanda keçmişə və gələcəyə
yollanır, bu səfər marşrutunda yollar kəsişdikcə
yeni perspektivlər yaranır, bu mənada Seyid Əzimin
kitabı keçmişin mətnlərinə
qarışdığı kimi (bu gün həmin o
keçmişin mətnlərini məhz bu qarışma
prosesinin sayəsində fərqli şəkildə oxuya
bilirik, fərqsə getdikcə artır…) gələcək
üçün də suallar yaradır, gələcək məhz
bu suallar əsasında qurulur, özünü tapır,
düzəldiyini, tamamlandığını zənn edən
kimi tez-tələsik Seyid Əzimi "arxivə" göndərir.
Bu, yalnız virtual qatda mövcud olan ədəbiyyat tarixinin və
deməli, həm də yaddaşın dəqiqəbədəqiqə
yenilənən arxividir. Seyid Əzim bu arxivdə özündən
sonra gələn bütün şairlərin, hər kəsdən
öncə Sabirin dilində oxunur, izah edilir, özü də
bilmədən Sabir ona həm lirika, həm də satira sahəsində
şərhlər yazır, baxmayaraq ki, Sabir bu sahədə
Seyidlə olduğu kimi, Füzuli ilə də qovğada və
oppozisiyadadır. Bu arxiv ərazisində Sabir bəzən
özündən əvvəl və sonra gələn
bütün şairləri əvəz edir, onların tərcümanı
olur, onların mətnlərinə can verən dillərə
yiyələnir və onlara qarşı çıxır. Bu
hadisə, yəni ədəbi prosesin ən əsas istiqamətlərini
bəlləyən bir şairin yaddaşın
keçmişini olmadığı kimi, gələcəyini
isə olacağı kini göstərməsi ədəbi
ideologiya sahəsində müəyyənləşdirici amilə
çevrildi. Həm də tam
yeni estetik və poetik istiqamətləri müəyyənləşdirdi.
Seyid Əzim bitdiyi yerdən başlayan Sabir günü bu
gün də Füzulinin (yaxud yaddaşın ayrıc məqamında
durub digər şairlərin) lirika dilini dağıdır, onu
hissələrə ayırıb yeni dil icad edir, bu dil
Füzuli və Seyidin (onlardan sonra gələn şairlərin
də-!) dilinə münasibətdə ömürlük
oppozisiya mövqeyində dayanır, məhz bu cəhət XX əsrdə
ədəbiyyatda yeni üfüq yaradır, Sabir ədəbi
aləmdə yerlə göyün arasını açdı,
onları bir-birindən ayırdı, poetika, üslub
sferasında üfüq xəttini yaratdı, ən əsası
isə insanın daxilən fəthində yeni, ən
mühüm qatlara keçid edərək bütövlükdə
insan xislətinin macəralarını poetik sistemin malına
çevirdi. Bu keçid baş verdikdən sonra insan və
gerçəkliyi yeni, daha modern üsullarla araşdırmaq zərurətə
çevrildi. Ədəbi yaddaşın ayrıc məqamında
durub keçmişə və gələcəyə təsir
edən, onları inad və təhdidlə araşdıran iki
şair - Mirzə Ələkbər Sabir və Seyid
Əbülqasım Nəbati bizim ədəbiyyat tariximiz
üçün müstəsna hadisələrdir. Onların
irsini araşdırıb bütün mətləbi əxz
etdiyini zənn etdiyin anda yeni suallar və yeni rakurs yaranır.
Sabir bədii
dili də üzündən astarına çevirdi, bu astar
üzü fəryaddan çox məzəmmətlə dolu
idi, Sabir sübut elədi ki, şairin missiyası kotanın
ilişdiyi yerdə işləməkdir, o lənət
daşını qaldırıb milləti oyada bilsən insan hər
əməlində özünü görə bilər.
İnsana güzgüdə olduğu kimi özünü
göstərmək, özünü məzəmmət eləməyə
alışdırmaq əsrlər boyunca davam edəcək missiyadır.
Bu isə yeni əsrdə Azərbaycan ədəbiyyatını
dünya prosesinə qovuşdurmaqda misilsiz rol oynamış məhz
Sabirin kəşfi və icadıdır. Sabir
poetikasındakı "virtual güzgü" obrazı son dərəcə
ciddi mətləbi qoyur ortaya: insan, yazıçı,
şair, oxucu... hər kəs özünü, əməlini,
yazdığını görməlidir, bu, baş
tutmayınca ağ vərəqləri qaralamağın bir mənası
qalmır.
Sabir Seyid
Əzim kimi ömrünün sonuna qədər qəzəl
yazmadı, qəzəlin həm Seyiddən, həm də
Füzulidən fərqli bucağından baxıb bu janrın
ömrünün bitdiyini elə onun öz dilində bəyan
etdi. Dedi ki, mən bu janrın, bu formanın ən kamil örnəyini
verirəm, ancaq dərdimiz bu deyil, yəni, həm də ilk dəfə
olaraq janra münasibətdə radikal seçim edildi. Sabir Mirzə
Cəlillə birlikdə ədəbi praktikada ilk dəfə
olaraq nəyi və necə yazmaq məsələsini belə
radikal şəkildə qoydu. Bunu nəzərə almadan yazmaq
qarabasma və yuxu gətirir, elə bir yuxu ki, səni
aldatdıqca aldadır, ondan qurtulmaq istəmirsən. Bu mənada
Sabirin şeirləri başqa cür oxunmaq istəyir, bu mətnlər
dil açıb deyir ki, bizi gördüyün kimi oxuma, səhifəni
daim çevir, yenilə:
Amma elə
bərk yuxla ki, hətta get özündən,
Afaqı
dutan şurü qiyamətdən ayılma!
Laylay,
bala, laylay! Yat, qal dala, laylay!
Sabir, sadəcə,
hər hansı bir mövzunu yada salırdı, ona işarə
edirdi, bu mətnlərin fərqli şəkildə
görünməsini istəyirdi.
Seyid
Əzimin Sabirə təsiri çoxqatlı və çox qəliz
hadisədir. Seyid Əzim Sabiri məcbur etdi ki, gerçək
həyatdakı ən adi hadisəni də keçmiş və
gələcəyin fəlakətləriylə bağlasın,
düyünün vurulduğu yer bir canlı orqanizm kimi hər
iki yöndəki bütün zəhəri, xislətlə
bağlı qüsur və boşluqları özünə
çəkərək şişib böyüdü. Həmin
düyünün şişib əfsanəvi
ölçüdə görünməsi, mifik
ölçü qazanması o zamana qədər görünmədiyinə
görə hamını çaşdlrirdı, bu nədi, biz
buna layiq deyilik, eynən Mirzə Cəlildə olduğu kimi,
biri nəsr, dramaturgiya, digəri poeziya-satira sahəsində.
Kimsənin ağlına gəlmədi ki, bu, millətin
bütün zamanına aiddir, ya bundan xilas olmalıyıq, ya
da buna tuş gəlib fəlakətlər içində
yaşamalıyıq. Buna görə Sabirin şeirində fəryadla
insanın ürəyini soyan dərd bir köynəkdədir,
bu səbəbdən Sabir Qoca Şərqin, daha çoxsa Azərbaycanın
"zəlzələlər mərkəzidir". Yeni
dövrdə Füzulidən çox Sabiri bilmək, Sabiri
öyrənmək lazım idi, ancaq bu yol, fikrimizcə, gedilmədi,
bir qocaman dağ kimi dəryada duran Sabir yalnız nəhəng
okeanın ləpələriylə ədəbi yaddaşa təsir
etdi. Bəli, Füzulidən çox Sabir öyrənilməliydi,
çünki o, Füzulini də öz içində əritmiş,
son zərrəsinə qədər məhv etmişdi. Ona
görə Sabirin ədəbiyyatımızdakı mövqeyi
müəyyən yol keçmiş yazarlar üçün
son dərəcə qəliz suallar yaratmaqdan ibarət oldu.
Sabirin külliyyatının "Hophopnamə" adlanması
da təsadüf sayılmamalıdır. O, quş kimi səkə-səkə
gedir, sıçrayışlarla irəliləyir,
böyük və ağır bir mətləbi bir neçə
cümləyə sığışdırmaq məcburiyyətində
qalan natiq kimi son sözünü deyir, həm də edam
kötüyünə gedən adam kimi yazdıqlarına bundan
sonra yazılanlara ön söz kimi baxır. Amma kimsə bunun
fərqində deyil, hamı özü üçün
yaratdığı dərdinə qısılıb, fəxriyyə
çölün düzündə qalıb.
Sabirin
şeirlərində ifadə etdiyi mətləblər, əslində,
sadədir, elm, təhsil, pis adətlərdən qurtulma və
sair. Məzmun və mətləb planı aydındır, o
dövr üçün hansı tələblər, hansı
preroqativlər vardısa, Sabir də onları qələmə
alırdı, Sabir küçələrdəki adi, ancaq insanın
qanını donduran hadisələri, insanların boş yerə
vaxt öldürüb elm və təhsildən, mədəni vərdişlərdən
və sadəcə, sivil dünyadan uzaq düşmələrinə
qədər mövzular onun qələminin ucuna
yığılıbmış kimi vərəqlərə
düzülürdü. Bu ifadə tərzində hər
şeyi yerli-yataqlı, təfsilatı ilə danışmaq həvəsi
varsa da, dövran, onun elə həmin küçələrdə
çarpan nəbzi bu becid ritmi pozur, şairi deyəcəklərini,
bəzən də onların hamısını top yekun bir mətndə
ifadə etmək zərurətinə sürükləyirdi, bu
səbəbdən Sabirin hər bir şeiri, necə deyərlər,
ekspozisiya hissəsindən məhrum idi, bu mətnlərdə
birbaşa mətləbdən bəhs etmək ehtirası əlbəəl
görünəndir, bu səbəbdən həmin şeirlərin
intonasiyası da orijinal, mətləbin ifadə tərzinə
uyğun idi.
Bu mətnlərin
hər birini ayrıca nəzərdən keçirdikdə
onların intonasiyasının mətni şərti olaraq iki
hissəyə ayırdığının şahidi olursan, bir
tərəfdən mətndə bütün atmosferi tutan, zəbt
edən məsxərə ovqatı, digər tərəfdən
isə bu məsxərənin mətnini qana bələyən
ürək ağrısı, bəzən bur ürək
ağrısı satirik tonsuz, yəni məsxərə diskursu
olmadan ifadə edilirdi, məsələn, onun məşhur
"İnsanlar, insanlar" şeirində olduğu kimi.
...Əhrimənlər
maliki-mülki-Süleyman olmasın...
Onun
"Olmasın" rədifli qəzəlinin bu misrası, əslində,
bütün poetik gedişlərinin yek mənası idi, yəni
Sabir öz məqsədini qəzəl janrında da bəri
başdan demişdi.
Bu qəzəldə
önəmli olan nədir? Sabir ona qədər bu janrın
daxili keçidləri ilə axıb gələn sözləri
dəf edib onların hər birinin ayrılıqda və
hamısının birlikdə mənasını bir nöqtəyə
cəmlədi, eyni obraz və bədii ifadə vasitələrindən
istifadə edərək eşqlə bağlı bütün
mətləbə nöqtə qoydu. Hər şey budur, bunun
içindədir, bundan kənarda heç nə yoxdur.
Başqa bir önəmli cəhət isə janrın
yaddaşı ilə bağlıdır. Sabirin bu qəzəldəki
nəzərləri, dərdli baxışları onu
yaradıcılığının və xəstəliyinin
sonuna qədər izlədi, "hansı bir
müşgüldü ki, səbrlə asan olmasın" deyərək
ürəyinin başında düyünlənən
böyük dərdi birbaşa insanların üzünə, nəfəsinə
toxunan mətnlərə tökdü.
Şairəm,
çünki vəzifəm budu əşar yazım...
Bu
şeir manifest olmaqdan yana, həm də Sabirin iti
baxışlarının bir yerə cəmləyib qiymətləndirdiyi
nəsnələrin acı nəticəsidir. Mətnin bir
yerində əvvəlcə
oxucuya müraciət edir, onunla mükalimə gah səthdə,
gah mətnin alt qatlarında gedir və sonda yenə üzə
çıxır. Başqa bir məqamda o, o dövrdə
çıxan qəzetlərin mühərrirlərinə
xitabla belə bir qənaəti ifadə edir: bəlkə, siz
gördüklərinizdən məmnunsunuz? Mən
gördüklərimin az bir qismini yazanda ki, üstümə
düşürsünüz, demək, həm oxucu, həm də
mühərrirlər və digər qələm əhli bu
eyiblərin yazılmasından çox, gizlədilməsinə
üstünlük verirlər.
Sən əgər
söz verəsən, qorxma, qıl əhvali-qələm,
Vəzi
halın yazılarsa zili zilü, bəmi bəm,
Öylə
bir halə düşərsən ki, tükün biz-biz olar,
Əyninə
geyməyə şey tapmasan, astar üz olar!
Sabirin
poetik təfəkkürünün xas özəllikləri
var, təhlil və yanaşmalarda bunları bilmək və
araşdırmaq lazımdır. Uşaq şeirlərində
xüsusi ilə spesifik xassə kimi belə bir ayrıntı
görünür: Sabir elə bil ki, bizim
yaddaşımızın bilicisi olaraq, oralarda nələrin iz
saldığını bilərəkdən yazırdı, yəni
bir dahi qələm əhli kimi bizim nə istədiyimizi və
nə istəmədiyimizi ovcunun içi kimi bilirdi.
"Uşaq və buz" şeirinə baxın, kim deyə
bilər ki, bunu Mirzə Ələkbər Sabir yazıb, adama
elə gəlir ki, bu mətn Sabirdən və bütün ana
dilli şairlərdən əvvəl "yazılıb",
ruhumuza, yaddaşımıza hopub, Sabir, sadəcə, onu
kağıza köçürüb. Və özü də
bu hadisəni unudub. Həm də həlledici məqamda! Ən əsas
məsələ isə onun bizim nə istəmədiyimizi bilməsindədir.
Bu mənada onun, eləcə də Mirzə Cəlilin mətnlərinə
münasibətdə "xalqı aşağılamaq"
ifadəsini işlətmək ən azından cahillikdir.
Un təmənnası
ilə buğda dəyirmanlıq olur
Qarışıqdır
hələlik millətin istedadı
Ələnirsə
yağı bir, ayranı bir yanlıq olur
Kim ki
insanı sevər aşiqi hürriyyət olur
Bəli,
hürriyyət olan yerdə də insanlıq olur...
2
Sabir
şair obrazı olmaqdan çox, bu obrazı dağıdan, dəyişdirən,
onun məzmununu başqalaşdıran bir fiqurdur. Onun
gördüyü işlər, gətirdiyi yeniliklər bir
neçə qrupda sıralana bilər. Əvvəla o, Zakir və
Seyid Əzimin başladıqları yolu genişləndirib
milli ədəbiyyatı ideya və məfkurə
baxımından dünya ədəbi prosesinə qovuşdurdu;
hər şeydən öncə cahanda baş verən
qovğalara yeni üslubi tendensiyalarla reaksiyası ilə; bu
tendensiya və cəhdlər şeirin strukturuna nüfuz etdi,
belə ki, qafiyə-ritm sisteminin dərindən dərinə
formayaradıcı xassəsi üzə çıxdı,
sözün məhz Sabirə xas olan mətn məkanının
bütün cəhət və yuva - guşələrinə
baxış yolunun açılması, misranın ritm
üstündə parçalanıb satirik ironiyanı gücləndirməsi,
üslubun mərkəzəqaçma və mərkəzdənqaçma
vektorlarının çevikliyinin güclənməsi Sabirin
poetik qalaktika sistemini yaradıb formalaşdırdı; ikincisi,
belə bir mühüm faktı sübut etdi ki, şair millətinin
tarixini, mənəvi ərazisinin tarixini hamıdan
yaxşı bilməlidir, "Fəxriyyə" şeirində
türk tarixinin ifadəsi baxımından keçmişin gələcəyə
sualları yer almışdı. Sabirin fikrincə, bu mətnlər
küll halında təkcə bədii mətn kimi oxuna bilməz,
yaxud onlara təkcə tarix kimi baxıla bilməz.
Teymur
şəhi-ləngə olub tabeyi-fərman,
Xan
Toxtamışı eylədik al qanına qəltan,
Ta oldu
Qızıl Ordaların dövləti talan,
Məsko
şəhinə faidəbəxş oldu bu meydan...
Əlyövm
uruslaşmaq ilə zişərəfiz biz!
Öz
dinimizin başına əngəlkələfiz biz!
Vaxtilə
görkəmli şərqşünas Rüstəm Əliyevin
Nizami Gəncəvinin əsərləri haqqında verdiyi
müsahibəsində yer alan fikir yada düşür: "Xəmsə"ni
ancaq bədii əsər kimi görənlər
yanılırlar. Yəni "Hophopnamə" ilə Sabir
özündən sonra gələn şairlərin
qarşısında çox ağır şərtlər
qoydu. Şeir hisslərə toxunub insanı həyəcanlandırmaqla
yanaşı, vətən tarixi kimi oxunmalıdır. Şeir
ucu- bucağı görünməyən, göz qaraldan mənəvi
əraziyə səyahətdir, bu səyahət zamanı
üzə çıxan hər bir qənaətin Vətən,
millət tarixinin aşırım və dirsəkləriylə
çarpazlaşdığı yer poeziyadan daha mühüm və
ibrətamizdir. Bu məqamda müasir, modern ədəbiyyatın
Sabirdən başlaması faktı heç bir şübhə
oyatmır. Sabir satira, satirik şeir anlayışında
diferensiallıq yaratdı, satirik şeirin özünəməxsus
intonasiya-ritm modellərini yaratdı, bu poetika müstəvisində
ən azından iki aparıcı intonasiya tipi var: 1. Bəhri-təhvil
üslubunda ara vermədən söyləniş tipi (yəni
sözüm eşidilənə qədər susmamaq...).
"Ey fələk,
zülmün ə'yandır, bu necə dövri-zəmandır
ki, işim ahü fəğandır, məni yandırma
amandır, gözümün əşki rəvandır, ürəyim
dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə
əhli-qələmlər, buraxıb canıma qəmlər,
qarışıb dərd bəhəmlər, ürəyim indi
vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər
necə cür'ətlə rəqəmlər yazıb, islamə
sitəmlər eləyirlər ki, gərək aləmiislamdə,
hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər
saçılıb, məktəbi-nisvan açılıb,
qız balalar məktəbə hazır olalar, elmdə mahir
olalar, fəzldə bahir olalar...".
Və 2.
Reaksiyaya hesablanmış intonasiya tipi, yəni, əslində,
monoloq təsiri bağışlayan, ancaq daha çox
eşidilmək istəyən ərzi-halların
intonasiyası.
Min elm
oxuyub söz biləsən hörmətin olmaz
Bu dari-cəhanda;
Söz bəhrinə
gövhər olasan qiymətin olmaz
Xasə
bu zəmanda.
Yox, yox,
baxıram fikrinə, səndən oğul olmaz,
Canın
bəcəhənnəm!
Mırt-mırt
oxumaqdan,
kişi,
bir qan ki, pul olmaz!
Mırtılda
dəmadəm,
Qıl
elm fərahəm,
Ol
qüssəyə həmdəm;
Ömrün
olacaq kəm,
Düşmən
sənə aləm!..
Sabir
şeiri coşqun, inadcıl dalğalarla gəlib insanın
üstündən aşan bir nəsnə kimi təqdim edirdi.
Sabir mətndə sözlərin bir zəncir üstündə
hərəkətini pozub mənanın düyünləndiyi
yeri göstərdi; bu zənciri qırmaq üçün
Əlican Qövsi Təbrizi də daxil olmaqla ən məşhur
şairlərin ən mükəmməl beytlərinə
müraciət etdi. Yəni bu o anlama gəlirdi ki, həmim
beytlərdəki ritm üstündə oyun qurmaq, o mənanı
azdırıb öz yuvasına qaytarmaq olar, belədə bu
beytin indi sizə söylədiyi məna aid olduğu semantik
yuvaların bütöv cərgəsini qarşınızda sərgiləyə
bilər. Bunu şərti olaraq "minalanmış ərazi
prinsipi" adlandırmaq mümkündür, amma
minlanmış əraziyə yönəlik qaydalar burda tərsinə
uyğulanmalıdır, sən ayağını düz o
mina-mənaların üzərinə basmalısan. Yek məna
son hərfinə, son hecasına qədər
"partlamalıdır" ki, mənanın, əslində,
olmaması, mətnlə yaranıb yaddaşa hoparaq yox
olması anlaşılsın. Elə bu səbəbdən əruzun
da ən oynaq bəhrlərindən istifadə edirdi. Məna
yaddaşa hopur, həyatımızın parçası olur,
biz onun ilk dəfə işləndiyi mətni yenidən
oxuduqda həmin məna başqalaşmalı və yenidən
yox olmalıdır. Yəni Sabir konseptual şair, konseptual
şeir ideyasını irəli sürürdü.
Sabir, yəqin
ki, vaxtının darlığını hiss etdiyindən yerlə
göyü özündə qovuşduran medium kimi
bütün varlığını bir nöqtəyə
düyüb düşündüyü hər şeyi
yazmağa çalışırdı. Yazacağı
aşiqanə şeirlərin daxili yanğısı və
enerjisini həmin konsentrasiya prosesinə sərf etməklə
özünün və ən əsası Azərbaycan
poeziyasının hardan baxılsa görünən azadlıq,
hürriyyət obrazını yaratdı.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 12
yanvar.- S.26-27.