Bir göz yaşı borcun var

 

2018-ci ilin oktyabr ayında Türkiyənin Akçaabat şəhərində "Uluslararası dündən bugünə Akçaabat" adlı möhtəşəm bir elmi simpozium keçirilirdi. Mən bir məqalə ilə çıxış etmək üçün konfransın iştirakçısı idim. Şəhərə ekskursiya zamanı bir xanım mənə şeir kitabını verdi, "Bir göz yaşı borcun var". Gülsüm Gülməz imzası ilə yazılmış maraqlı ifadə ilə adlandırılan şeirlər diqqətimi çəkdi şeirləri təkrar-təkrar oxumağa başladım. Bunlar sevgi çələngindən hörülmüş poeziya inciləri idi. Sevginin bütün çalarları bu çələngin yarpağında, gülündə, çiçəyində idi. Ağlıma gələn ilk söz bir mahnıda olan  "Fərmanı yox, dərmanı yox, çarəsi yox eşqin" kəlmələri oldu. Sonradan öyrəndim ki, şairə xanımın şeirləri bir çox bəstəkarın diqqətini cəlb etmiş, onun sözlərinə mahnılar yazılmışdı. Elə bu yaxınlarda Gülsüm xanımın "Dəniz könlüm qədər ucsuz əngin" şeirini bəstəkar Şahin Çancal Mahur makamında bəstələmiş TRT repertuarında Suat Yıldırımın ifasında səslənmişdir.

2010-cu ildə İzmirdə nəşr olunan "Bir göz yaşı borcun var" adlı şeir kitabına "Ön söz"ü elə Gülsüm Gülməzin özü yazmışdı. O, özünü şeirə vurğun şeir yolçusu adlandıraraq şeiri belə poetikləşdirir:

 

Şeir...

Bir sevda

Bəzən sığınılacaq bir liman...

Yuxusuz gecələrdə

Ulduzlarla dost olub

Bir işıq yakmaqdır qaranlığa

Çox zaman...

Xəyalların hərflərlə divarını hörmək

Divarların hərflərlə rəsmini yapmaqdır

Bəzən ...

Bəzən , bir çiçəyi dilləndirməkdir

Heca-heca, sətir-sətir

...

Kağızlarla qələmin rəqsidir

Şeir...

 

Gülsüm Gülməz şeirlərinin  mövzuları da  anlamlıdır. Onun "Kirpiyimdə sən varsan", "Sevdim", "Bir son baharda", "Gözlərim gözlərinə dəydi bir kərə", "Şarkımızda özlədim səni", "İlk son aşkımsan", "Gəlinliyim rəngdi" kimi şeirlərində məhəbbətin insan könlündə qopardığı həyəcan fırtına öz çalarları ilə ifadə edilir:

 

Silmə göz yaşımı, səssiz-səssiz axışında,

Damla-damla kirpiyimdə sən varsan...

 

- deyir Gülsüm xanım.

Şairə görə bütün baharlar, yazlar  sevgilisi yanında olmadan gəlsə , onun gözlərindən yox olan bütün yuxularında, gizli-gizli ağladığı gecələrdə, bitməyən ümidində, heca-heca qələmində, sətirlərində, silmək istədiyi, silə bilmədiyi həsrət yuxularında yenə sən varsan, sən varsan...

Azərbaycanın böyük şairi  Bəxtiyar Vahabzadə deyir ki:

 

Sevgiyə həd qoymaq düzü, günahdı,

Cahilin hər işi, sözü günahdı.

Eşqi günah saymaq özü günahdı

Kim deyir eşqimdə günahkaram mən?

 

Gülsüm Gülməzin şeirlərində sevginin həddi yoxdur. Sevgi bütün çalarları ilə gözəldir, yaşamağın özüdür, günahsız müqəssirdir.

 

Sevmək...

Hiss etmək, yaşamaq

Ürəyini paylaşmaq,

Konuşmadan anlaşılabilmək.

 

Sevmək...

Bəzən bir çocuq saflığında,

Mutlu olmaq

Bəzən

Ürəyinin gözlərindən

Damla, damla axması demək.

 

Sevmək...

Özləmək

Vaz keçə bilməmək

sevmək

Səbir deməkdir.

 

Göründüyü kimi, Gülsüm Gülməzin şeirlərində məhəbbət yaşanılan sevgini romantik ülviyyətinə qovuşduran poetik qanaddır. Bu məhəbbət insanın daxili aləmindəki paklıqdan, kamillikdən, müqəddəs sevgi duyğularından yarandığı üçün Gülsüm xanım onu özünəxas bir ifadə tərzi ilə poetikləşdirir. İttiham da, inciklik , şikayət , hicranın əzablı yolları da oxucunu qaneedəcək bir dillə ifadə edilir.

Gülsüm Gülməzin dərin anlamlı misralarının yükü düşündürücü sanballıdır. Burada bir ürək o ürəyin çarpan həssas döyüntüsü vardır. Bu döyüntü insan oğluna qədər təlatüm, əzab-əziyyət versə , Gülsüm xanım minnət qoymadan haqqını halal edir, ancaq bunun üçün səbəbkarın bircə göz yaşı borcu olduğunu da xatırladaraq göz yaşını poetikləşdirir.

 

Yorğun, üzgün bəklərkən

                        bu anı, bu günləri,

Bıkmadan, usanmadan

                      həm bahara, həm yaza,

Həp adını sordum, yar,

Sevgi dolu ürəyimdə sitəmim qədərədir,

Bütün haqqım halaldır da,

Bir göz yaşı borcun var.

 

Vəfa, sədaqət sevənlərin alnına yazılmış bir möhürdür. Bu yazı sevənlərin unudulmayan, pozulmayan andıdır. Vəfasıza vəfasızlıq etməyi hər aşiq bacarmır. Bu düşüncə Gülsümün misralarında poetikləşir:

 

Unut deyirlər, unut, buraxıb da gedəni,

Unut belə üzüb , səni Leyla edəni.

Elə yanmış ki, canım,

                        haradan bilsin aləm,

Mən belə bilməyirəm, məndə dağıtdığını,

Yazmayım deyirəm ,

                        dinləməyir ki, qələm.

 

Dostluq, təbiəti, insanları sevmək, gözəlliyə, gülə, çiçəyə vurğunluq Gülsüm Gülməz şeirlərində ayrıcalıq təşkil edir. Gülsüm xanıma görə, dost dostluq insana Allah tərəfindən verilən ən böyük sevgidir. Onun qiyməti var olmağındadır.

 

Könül bağında gəzinib, qarşılıqsız sevəcək,

Zor günündə qucaq açıb,

                       ulduz kimi parlayacaq,

Yar olacaq, sirr olacaq,

                  birlik yoldan dönməyəcək,

Yoxluğunda sızlayacaq

                       yaralar dost dediyin.

 

Gülsüm Gülməzin "Qırmızı qərənfil" şeirində qərənfil bir çox yönlərdən şərh edilir. Qərənfil kiminə görə ticarət üçündür, satılır, satana qazanc gətirir. Kiminə görə bir kərə qoxlanıb atılan çiçəkdir, amma kiminə görə sevgi dolu bir ürəyin coşqu ilə uzatdığı xariqə bir çiçəkdir qərənfil:

 

...Amma mənim üçün

Buram-buram.

Sevgi qoxan,

Bir qırmızı

Qərənfildi

Coşqu ilə uzadılan...

 

Gülsüm Gülməzin hər bir şeiri incələndikcə geniş sanballı mövzu verir. İnsanlığa sevgi dolu bir poeziya bəxş edən, bu duyğunu yaşayaraq qələmə alan həssas, dərin nəcib düşüncəli şairə xanıma qələminə, ürəyinə, düşüncələrinə sağlıq deyirik, yaradıcılıq  uğurları təmənna edirik.

 

Maarifə Hacıyeva

 

Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.27.