"Məni tənqid
etmək gülünc görünür..."
Sərdar Aminlə
müsahibə
- Sərdar, səni daha çox
jurnalist kimi tanımışıq. Aparıcılıq
fəaliyyətin olmuşdu. Yazarları dəvət
edib söhbətlər edirdin. Sonra vaxt
keçdi. Gördük ki, Sərdar da nələrsə
yazırmış...
- Vallah, məni
kim necə tanıyıb, bilmirəm, amma mən
televiziyaya gəlməzdən öncə yazırdım,
2010-cu ildən aparıcılıq fəaliyyətim olub.
Ədəbiyyatla müqayisədə televiziya daha dinamik
sahə olduğundan, yəqin, televiziya layihəm daha çox
diqqət çəkib, məni belə tanımısız.
Televiziya rəhbərliyinin mənə ədəbi layihə
həvalə etməsinin səbəbi də ədəbi faliyyətim
olub.
- Hətta şeir də
yazırdın. Sonra başını
buraxdın. Necə düşünürsən, şeir
səndə alındımı?
- Bir az pafoslu səslənsə də, şeiri
müəllif seçmir ki, istədiyi vaxtda, sizin təbirinizcə
desək, başını buraxa. Şeiri həmişə
uzun fasilələrlə yazmışam. Ən
yaxşı halda ayda bir şeirim olub.
Nəsr
ilə poeziyanın yaxınlığı
qaysı-şaftalı oxşarlığı kimidir: zahirən
ikisi də mətndi, amma daxilən tamam başqa səbəblərdən
yaranan, tamam başqa müstəvilərdə inkişaf edən
və müəllifdən tamam ayrı atmosferli enerji tələb
edən sənət növləridir.
Şeir yazacağım ərəfədə olduğum
hal, şeirə hesablanan bədii informasiya nəsrlə eyni
olmur. İmplusun özü belə fərqlidir. Dediyim odur ki, şeir yazıram, yəqin ki, həmişə
də yazacam. Son şeirimi də səhv etmirəmsə,
bir ay qabaq dərc etdirdik: "Güləsər - bir zəmi əfsanəsi".
- Nargin.az portalının təsisçilərindənsən.
Səncə, bu portal ədəbi mühiti kifayət
qədər işıqlandıra bilirmi? Kənardan izləyənlər
üçün düşünülür ki, orda da müəyyən
bir qrup var. Yalnız o imzalar çap olunur.
-
Nargin.az-ın ilk məqsədi ədəbi mühiti
detallarına qədər işıqlandırmaq deyil,
arzuladığımız ədəbi mühiti yetişdirməkdir.
Buna görə biz qruplaşmağa məcburuq.
Mən yaxınlarda ədəbi qruplaşmaların
əhəmiyyəti haqqında bir yazı da
yazmışdım. Təbii ki, söhbət
əzələ nümayişi, eqo sığalına
hesablanmış qruplardan getmir. Mən
şəxsən hər gün oturub durduğum adamları
misqal-misqal toplamışam; biri iqtisadçıdı, biri
şairdi, biri biznesmendi. Nə bilim, biri Qazaxdandı, biri
İsmayıllıdan, biri Salyandan, biri Füzulidən və
s. Bunları sadalamaqda məqsədim odur ki, bizi nə
içki şüşəsi, nə eyni rayonda
doğulmağımız, nə də dini etiqadlarımız
bir yerə yığıb. Yalnız
arzuladığımız sənət, yazmaq istədiyimiz və
yazacaqlarımızın atmosferi birlikdəliyimizə səbəb
olub.
Qrup
dediyiniz o adamlar arasında namaz qılan da var, araq içən
də var, Qərbi sevən də var, Şərqi sevən də...
Amma söhbət ədəbiyyata gələndə,
hamımız eyni tərəfə baxırıq. Məsələ budur.
Mən qələmində işıq
gördüyüm, özümdən 10-15 yaş kiçik
adamlara da zəng edirəm, yazılarını sevdiyimi deyirəm,
onları çağırıram, həmin qrup dediyiniz şəxslərlə
görüşürük, söhbətləşirik.
Onun nəticəsidir ki, bu gün artıq Məlik Rza, Məhəmməd
Tanhu, Ülvi Bahadır kimi həmkarlarımız yüksək
bir mərhələnin astanasındadır.
Nargin.az-da
dərc olunmaq məsələsinə gəlincə, elə
bir adam yoxdur ki, saytımıza
yaxşı mətn göndərsin, amma dərc etməyək,
buna əminəm. Düzdür, şeirə bir az
mühafizəkar yanaşırıq, bunun da səbəbi var.
Bu gün şeir intensiv şəkildə yazılır. Bəlkə də, dünyanın heç bir ölkəsində
bu qədər şeir yazılmır. Bunun
yaxşı tərəfləri çoxdur, amma bizim də
borcumuz öz istiqamətimizə uyğun şeirləri dərc
etməkdir. Bizim istiqamətimizsə, incəsənətdir,
əsl sənətdir. Poeziyaya birbaşa
aidiyyəti olan bir neçə şəxsi "Votsap"
qrupunda cəmləmişik, sayta göndərilən
bütün şeirləri anonim şəkildə həmin
adamlara təqdim edirik. Müsbət rəy alan bütün şeirlər mütləq
şəkildə dərc olunur. Bəzən elə
olub ki, şeir münsiflərimizdən birinin yaxşı
şair hesab eləmədiyi birinə məxsus olub, amma müəllifi
anonim saxladığımızdan həmin münsif də o
şeirə müsbət rəy verib. Buna
görə də "Nargin"i qeyri-obyektivlikdə
qınamaq düzgün deyil.
Onu da deyim ki, "Nargin.az" fəaliyyətə
başlayan kimi 2 fəaliyyəti dayanmış sənət
saytı yenidən işə başladı, daha iki yeni sənət
portalı yaradıldı. Bu hadisələr həm
də "Nagin"in uğurudur. Bir
neçə gündən sonra, saytımızda ciddi dəyişikliklər
olacaq, yeni güclə işə başlayacağıq.
- "Su Sərgisi"
romanın ikincidi. Birinci romanın, səhv
etmirəmsə, o qədər də uğurlu olmadı. Ancaq "Su Sərgisi" haqda çox
danışıldı. Əsərin
adı haqda müxtəlif fikirlər səsləndi. Onu
uğurlu hesab edən də oldu, etməyən də. Gəl elə əsərin adından başlayaq.
Niyə "Su Sərgisi"?
-
Doğrusu, roman haqqında izahedici nələrsə
danışmağı xoşlamıram. Düşünürəm
ki, yaxşı bədii əsər nəşr olunandan sonra
bir canlı orqanizmə çevrilməlidir, öz taleyini
özü həll etməlidir. Ona görə
mən romanım haqqında, orda demək istədiklərim
haqqında annotasiya versəm, romanın potensial impulslarını
birə endirmiş oluram. Mən özümü
oxucularıdan ağıllı saymıram, ola
bilsin, onlar romandakı hansısa metaforadan, hansısa təşbehdən
daha ciddi nəticə çıxarıblar, daha uzaqlara gedib
çıxıblar, onların variantlarını zədələməmək
üçün romanda demək istədiklərimi publisistik
müstəvidə təkrarlamağı düzgün
saymıram.
- Təqdimatın ürəyincə
oldu? Ümumiyyətlə, təqdimatlarda həmişə
oxucu az, yazıçı, şair daha
çox olur. Bu səni narahat edir?
- Təbii
ki, narahat edir. Mən şəxsən təqdimat
məsələsinin düzgün təşkili məsələsində
acizəm, bilmirəm. Mən prodüserlik
qabiliyyəti olan insanları bu işə
çağırıram. İnanın, bu
həm də biznesdi, menecer çatışmazlığı
var, bu gün prodüserlik mərkəzi yaradıb həm
kitabı dirçəltmək, həm də bunu bir biznes
halına gətirmək olar.
Təqdimatıma gəlincə, gözlədiyim qədər
oldu. Arzuladığım müəlliflərdən bir
neçəsi öncədən romanı oxumuşdu,
onların fikirlərini bilmiş oldum.
Üçüncü kitabımın təqdimatında xeyli
tanımadığım adam, yəni oxucu
da iştirak etdi.
- "Su Sərgisi"
romanından danışaq. Əsəri
mən də oxudum. Hətta ilk cümləni
oxuyandan sonra davam etmək istəmədim. Ancaq
oxuyub bitirdim. Ümumən yaxşı
romandı. Roman haqda bir neçə fikir səslənib.
Daha çox dil qüsurlarını irad tuturlar.
Çoxları da Sərdardan bu cür roman
gözləmirdi. Bu fikirlərə
münasibətin necədi? Səncə,
uğurlu roman alınıbmı?
- Bir
cığal açıqlama eləyəcəm, bunu nə
sizin, nə də oxucuların eqoizmə yozmasını istəməzdim.
Dünya ədəbiyyatından, dünya kinosundan, incəsənətdən
xeyli nəticələr çıxarmış bir gənc
kimi deyirəm, mən nə yazdığımı az-çox
bilirəm. Məni əlinə yeni qələm almış bir
şəxsin plastında mühakimə etmək, həvəskar
müstəvidə tənqid etmək gülünc
görünür.
Onu da deyim ki, bu romanı yazdığım ərəfədə
bugünkü ədəbi mühit, tənqidçilər tam
potensialı ilə gözümün qabağında olub.
Bir-iki şəxs istisna olmaqla, romanıma kimsənin
effektiv işıq tutacaq bir yazı yazacağına
inanmırdım. Ümumiyyətlə, etiraf edirəm ki, Azərbaycan
yazıçısını lazımi müstəviyə
qaldıracaq bir tənqidçi, ədəbiyyatşünas,
naşir gözə dəymir, varsa da, potensiallarını hiss
etdirmirlər.
Dil qüsurları məsələsilə bağlı
tamam başqa fikirdəyəm.
Bəli, sənət "nə" yox, "necə"lik
məsələsidir. Amma bu necəliyi cümlə
quruluşunun formasında axtarmaq düzgün deyil. Cümləyə təbiət təşbehlərini
"rajok"la doldurmaq yaxşı nəsr əsəri
yaratmaq deyil mənə görə. Mətnin
nəbzi situasiyanın, atmosferin necəliyində vurur. Təsvirin
forması cümlənin ütülü olması ilə
ölçülmür, səliqəli geyinmiş adam yalnız səliqəli geyinmiş
adamdır.
Cümlələrin arxeik ifadələrlə, təbiət
peyzajları ilə süslənməsi ən yaxşı halda
koloritdi. Kolorit isə dünya ədəbiyyatında, kinosunda
heç naxış kimi də diqqət çəkmir, bu
yalnız bəzəkdir. Nəsrin
üstündəki bəzəkdənsə, altına daha
çox fikir vermək lazımdır. Mən
bununla romanımın qüsursuz olduğunu demək istəmirəm.
Roman haqqında yazı yazan şəxslərə təşəkkür
edirəm. Tənqidi mətnlər arasında məni hələ
ki ən çox düşündürən yazı Elnarə
Akimovanın məqaləsidir.
- Əsərdə Sona hamilə
qadındı, sevgilisinin erməni olduğunu biləndən
sonra intihar etmək istəyir. Onun
sevgilisini niyə erməni elədin? Diqqət
çəkmək üçün?
- Sona
romanın fonudur. Necə ki, qadın həyatın
fonudur. Qəhrəmanımın təmizlənmə
prosesi həm də Sonaya və onun ermənidən yaranan
uşağına olan münasibətində
görünür. O, əvvəlcə Sonanın
düşdüyü durumu iyrənc sayır, doğulacaq erməni
uşaqla bir damın altında yaşamağı absurd
görür. Romanın sonunda qəhrəmanın xəyalları
ilə tanış olanda bunun əksini
görürük. O, kənddə həmin körpə və
Sonayla özünü bir yerdə təsəvvür edir, hətta
atasının ağ tut ağacının
ortasında calaq vurub yetişdirdiyi xar tut ağacının
altında belə onlara yer verir. Hansı ki, bu
ağac Şərq atasının oğlu üçün
gördüyü gələcək, yeni dünyadır, qəhrəmanım
öz yeni dünyasında irqi, milli ağrılıqdan xilas
olmuş halda təsvir edilir.
- Çox qəribədir ki, əsərin
Azərbaycan ədəbiyyatının konkret
mövzularından kənara çıxmışdı.
Çoxları da bu fikri səsləndirdi ki, Sərdarın
romanı Azərbaycan romanı deyil, sanki Avropa romanıdı.
Romanda buddist gəzişmələr, Sergi ataya göndərmələr,
dahilərlə dialoqlar, sanki əsərin real qatından daha
maraqlı alınıb...
- Mən
bu məsələlər barədə nəsə deyə bilməyəcəyəm.
Çünki romanı başqa gözlə
oxuya bilmirəm. Müəllif kimi də
oxuduqda, dediyiniz məqamları qiymətləndirmək
mümkün olmur. Romanı şərh edərkən onu
Skandinav, Avropa romanı, soyuq mətn adlandıranların, yəqin
ki, bir əsası var. Amma mən bu romanı yazanda
qarşıma belə bir məqsəd qoymamışam.
Yəni "bir şəhər romanı
yazım", yaxud "Azərbaycan romanı
yazmayacağam" kimi prinsiplərim olmayıb. Nə qədər şablon səslənsə də,
mən də oxumaq istədiyim romanı yazmışam. Əksər səhnələrin oxucular
üçün maraqlı olmayacağını
düşünmüşdüm. Ancaq əksinə,
elə həmin səhnələr daha çox ilgi çəkdi.
Bu da həqiqətdir ki, yazı prosesində
oxucu, tənqidçi basqısını unutmuşam. Yalnız özümə maraqlı mətn
yazacağımı düşünmüşəm. Bilmirəm, bəlkə də, bu, düzgün deyil.
Amma düşünürəm ki, müəllif öz əsərindən
zövq almasa, onu kiminsə zövqünə hesablasa, uğur
ordan iraq qalır. Yazı
prosesi də bir növ seks kimidi, nə qədər öz
zövqüncə davransan, qucağındakı da o qədər
həzz yaşayacaq.
- Roman yazmağı davam etdirəcəksənmi?
Bildiyin kimi, ölkədə romanlar az
çap olunur...
- Əksər həmkarlar mətnin üstündə
çox əsir, amma mən materialın xəyali
halının, potensialının üstündə çox əsirəm,
bəzən bu, illər çəkir. Kompüter
arxasına keçənə qədər həmin ideya barədə
xeyli düşünürəm. Yazı prosesi adətən
bir il çəkir, amma xəyalqurma illərimi
aparır. Ona görə, roman yazmağa, yəqin
ki, davam edəcəyəm. Amma növbəti
roman nə zaman hasil olacaq, deyə soruşsanız, cavab verə
bilməyəcəyəm.
Söhbətləşdi: Oğuz
Ayvaz
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.29.