Qızım
Zeynəbin hərdən nələrsə
yazdığını, daha doğrusu, lap uşaqlıqdan bədii
yaradıcılıqla məşğul olduğunu bilirdim. Orta məktəbdə oxuyarkən yazdığı
şeirləri, çəkdiyi rəsmləri mənə
göstərərdi. Lakin böyüdükcə
yazdıqlarını gizlətdiyini hiss elədim. Əlbəttə, hər bir insanın gəncliyində,
ömrünün saf vaxtlarında yaratdıqları da bir
yaradıcılıqdı. Həmin vədələr
yazılanlar müvəqqəti-ötəri də,
böyük bir yaradıcılığın
başlanğıcı da ola bilir. Yaxınlarda Zeynəbin yazdığı bu zərif
nəsr nümunələri əlimə keçdi. Maraq naminə özündən soruşdum ki,
bunları nə üçün yazmısan? Mənə
çox maraqlı bir cavab verdi. Dedi ki, nə
vaxtsa uşaq olanda belə hekayələr oxumaq istəyirdim,
ancaq tapa bilmirdim. İndi özüm yazıram
ki, uşaqlar məndən oxusunlar. Qızım
Zeynəbin bədii yaradıcılıqla məşğul
olmasını heç vaxt arzulamasam da, bu hekayələrini
oxuyub xeyli sevindim. Evdə balalara oxumaq
arzusu ilə qızımın yazdığı hekayələrdən
dördünü sizlərə təqdim edirəm.
Murad Köhnəqala
AĞ KARANDAŞ
Bir reklam şirkətində altı ədəd rəngli
karandaş işləyirdi. Göy,
qırmızı, yaşıl, sarı və qara rəngli
dostlar gündüzlər dayanmadan işləyir, gecələr
isə istirahət üçün öz qutularına
qoyulurdu. Onların arasındakı ağ
rəngli karandaş isə heç işləmirdi.
Burada
balaca uşaqlar şirkətin istehsal elədiyi malların
şəklini rəngli karandaşlarla ağ
kağızlara çəkib şəhərin hər tərəfində
reklam eləyirdi. Rənglərinin hər yerdə
görünməsi rəngli karandaşlara mənəvi
zövq verir, onları yaddaşlarda yaşadırdı. Reklam işlərində qırmızı və qara
karandaşlar daha çox fəaliyyət göstərirdilər.
Düzdür, yaşıl, sarı, göy
karandaşlar da canfəşanlıq eləyirdi, ancaq ən
çox işləyən qara karandaş idi. Axşamlar qələm qutusuna qoyulan qara karandaş
daha yorğun olur, çox işləməsi ilə fəxr eləyirdi.
Ancaq ağ karandaşa heç iş
tapılmırdı. Çünki ağ
kağız üzərində ağ karandaşın işləməsi
heç vaxt lazım olmurdu.
Ağ karandaş hər gecə işdən yorğun
qayıdan dostlarına həsədlə baxır,
özünün həyatda lazımsız olduğuna kədərlənirdi. Həyatdan küskün
söhbətlərinə görə rəngli karandaşlar hər
dəfə ağ karandaşa ürək-dirək
verir, nə vaxtsa ona da şans veriləcəyini bildirirdilər.
Ağ karandaş isə dostlarının bu təsəllisinə
üzdə gülümsəsə də ürəyində:
"Yazmağa lazım deyildimsə məni nə
üçün yaratmışlar? Olmazdımı,
mən heç yaranmayaydım?" - deyə
düşünürdü.
Dostlarının çəkdiyi rəngli reklam şitləri
şəhərin hər tərəfinə yaraşıq
verirdi.
İşdən yorğun gələn rəngli
karandaşların yanında xəcalət çəkən ağ karandaş isə qutunun bir küncünə
qısılıb kədərlə gözlərini yumurdu.
Bir səhər
qara karandaş, həyatını ümidsizlik içində
başa vurmağa hazırlaşan ağ
karandaşı dümsükləyib oyadaraq ona dedi:
- Oyan,
qalx, ofisimizə qara kağızlar gəlib. Şef deyir, indən
belə reklamlarımızı qara kağızlar üzərində
çəkəcəyik!
Ağ karandaş yerindən dik atıldı. Sevinə-sevinə
qutudan çıxaraq qara vərəqlərə
yaxınlaşdı. Əvvəlcə qara
kağızları sığalladı, sonra isə orda
müxtəlif reklam şəkilləri çəkməyə
başladı. Ağ karandaş qara
kağızda reklam şəkilləri çəkdikcə
kağızlar gözəlləşirdi. Qara
kağızların üzərində ağ
karandaşla bərabər sarı, yaşıl və mavi
karandaşlar da şəkil çəkməyə
başladılar. Beləcə, uzun müddət qara
kağızlar üzərində ağ
karandaş işlədi.
Həmin
vaxtdan bir neçə gün sonra axşam karandaşlar qutuya
yığılarkən ağ karandaş
üzünü dostlarına tutub dedi:
- Əziz dostlar, heç vaxt özünüzü gərəksiz
bilib kədərlənməyin. Həyatda hər
şeyin öz növbəsi var.
SİNCABIN QUYRUĞU
Şən sincab öz quyruğunu çox istəyirdi. O, quyruğu ilə evini
süpürür, gəzməyə gedəndə kürk əvəzinə
quyruğuna bürünür, asudə vaxtlarında onunla əylənirdi.
Sincabın quyruğu gerçəkdən
çox yaraşıqlı və məzəli idi. Lazım olmayanda quyruğunu çıxarıb bir tərəfə
qoyurdu. Üstəlik, bizim sincabın
quyruğunda, başqa sincablarınkından fərqli olaraq,
qaranlıqda işıq saçan tüklər vardı.
Qarlı qış günlərinin birində
Sincab öz anbarını yoxlayarkən gördü ki, sevimli
yeməyi olan küknar qozaları artıq tükənir.
Sincab meşədə torpağa basdırıb
gizlətdiyi qozaları evinə daşımaq qərarına gəldi.
Başını yuvasından
çıxarıb ağappaq qarla örtülmüş
meşəyə baxdı. Quyruğunu
çırpıb təmizlədi və ona bürünüb
hoppana-hoppana meşənin içərilərinə doğru
getdi. Xəzəl və qalın qar hər
tərəfi örtdüyündən onun qozaları
basdırdığı yerə qoyduğu nişanlar
itmişdi. Qoçaq sincab payızda
daşıyıb torpağa basdırdığı
qozaları axtarmalı oldu. Xeyli
axtardıqdan sonra nəhayət ki, öz "xəzinəsini"
tapdı. O, gizlətdiyi qozaları çıxarıb
ağac koğuşunda qurduğu yuvasına daşımağa
başladı.
Artıq hava qaralmışdı. Evə bərk
tələsdiyindən quyruğunun nə vaxt
açılıb düşdüyündən xəbəri
olmadı. Yuvasına girib, qapıya
dolanmış sarmaşığın
işığını yandırdı. Ev
işıqlandı. O, kürkünü soyunmaq istəyəndə
gördü ki, sevimli kürkü - quyruğu yoxdu. Sincab çox kədərləndi. Düşündü ki, bu gecə vaxtı onu harda
axtara bilər? Bəlkə, gəldiyi yolla
geri - meşəyə qayıtsın? Qaranlığın
düşməsi onu yenidən düşünməyə
vadar etdi. Birdən yadına düşdü ki, axı,
onun quyruğu qaranlıqda işıq saçır! Odur ki, qaranlıq meşədə itmiş
quyruğunu tapmaq elə də çətin olmayacaq. Sincab sevincindən yuvada bir neçə dəfə
sürətlə fırlanaraq atılıb-düşdü.
Budur o, meşə yolu ilə hoppana-hoppana irəliləyir,
quyruğunu tapmaq ümidi ilə sağa-sola nəzər
salırdı.
Gözəl, sevimli quyruqdan isə əsər-əlamət
yox idi. Sincab meşənin içi ilə
xeyli irəliləmişdi ki, uzaqda bir parıltı
gördü. Əlini gözünün
üstünə qoyub diqqətlə baxdı.
Aha! Bu ki,
onun dəcəl, işıqsaçan quyruğuna bənzəyir!
O, özünə ürək-dirək verərək
parıltıya doğru getdi. Sincab əziz
quyruğunu tapıb götürərkən qarın
altında üç dənə körpə kirpi balası
gördü. Kirpi balaları Sincaba belə dedilər:
- Sincab,
Sincab, anamız yem dalınca gedəndə bizi bu isti
quyruğa bükür, yoxsa biz üşüyərik.
Sincab
üç balaca kirpiyə baxıb dedi:
- Yaxşı,
onda mən gedirəm, bir də yazda, qar əriyəndə gəlib
quyruğumu apararam.
Kirpi balaları onun bu xeyirxahlığından çox
sevindilər.
Sincab öz yuvasına qayıdaraq yatağında
uzandı və onun quyruğuna bürünüb yatan kirpi
balalarını gözünün qabağına gətirib
şirincə yuxuya getdi.
AMUR BAĞÇAYA NECƏ GETDİ
Balaca Amur öz hiyləgərliyindən qalmır, ipə-sapa
yatmırdı. Səhər yuxudan oyanarkən anasına:
- Mən
körpəyəm, yuyuna bilmirəm, - deyib tənbəllik eləyirdi.
Anası
ona:
- Gəl
yeməyini ye! - deyəndə, "Mən
balacayam, yeyə bilmərəm, məni özün
yedirt!", - deyib ağlayırdı.
Anası
ona:
- Amur, əynini
geyin, şəhərə gəzməyə
çıxırıq! - deyəndə
Amur mızıldanaraq:
- Mən
hələ balacayam, geyinə bilmirəm, - deyib anasının
zəhləsini tökürdü.
Bir gün Amur həyətdə təkcə oynayarkən
öz anası ilə bağçaya gedən qonşu
uşaqlar onu gördü. Balaca Aydın təkbaşına
oynayan Amurdan soruşdu:
- Amur, sən
niyə təkcə oynayırsan?
Amur
cavabında:
- Bəs
kimlə oynayım? - dedi.
Anasının
əlindən yapışan balaca İnci ona:
- Gəl,
bağçaya, bizimlə oyna, - dedi.
Amur
onların bu təklifinə maraq göstərərək:
-
Bağçada kiminlə oynayacam? - soruşdu.
Gedə-gedə
arxaya boylanan Aydın Amura:
- Biz
bağçada rəsm çəkir, rəqs edir,
yazmağı öyrənirik. Gəlsən, bizimlə oynayarsan!
- dedi və anasının arxasınca yüyürdü.
Amur evə
gəlib anasına dedi:
- Ana, mən
də bağçaya getmək istəyirəm.
Anası
ona:
- Yox,
oğlum, sən əl-üzünü özün yuya,
paltarını geyinə bilmirsən, heç yeməyini də
mənsiz yeyə bilmirsən, səni bağçaya
götürməzlər, - dedi.
Anasının sözləri ona təsir elədiyindən
Amur səhər tezdən oyanan kimi yuyunmağa getdi. Yuyunduqdan sonra
anasının hazırladığı sıyığı
yedi və paltarını özü geyinərək
anasına:
- Ana, məni
bağçaya apar, orda uşaqlarla oynamaq, rəsm çəkmək,
kitab oxumaq istəyirəm! - dedi.
Həmin gün anası Amuru bağçaya apardı. Amurun
bağçaya gəlməsinə qonşu uşaqlar da
çox sevindilər.
MEŞƏ GÖZƏLİ
Bir gün Pələng, Tülkü və Canavar meşədə
quşlar arasında gözəllik yarışması
keçirməyi qərara aldılar. Külək bu xəbəri
meşənin dərinliklərinə, dağlara və düzlərə
yaydı. Səhər tezdən
kötük üstündə oturmuş Pələng, Canavar və
Tülküdən ibarət jürinin və ətrafa
yığılmış heyvanların qarşısından təbiətin
bütün növ quşları gəlib keçərək
öz gözəlliklərini nümayiş etdirməyə
başladılar.
İlk olaraq uzunquyruq Meşəxoruzu özünü
yetirdi. O,
jürinin qarşısında bir neçə dəfə
var-gəl etdikdən sonra yerində fırlanaraq bəzəkli
qanadlarını açdı və bir ağız banladı.
Xoruzun açılan qanad lələklərində
ağlagəlməz gözəl rənglər bərq vurdu.
Jüri üzvləri və ətrafdakı
tamaşaçı heyvanlar onun bu qeyri-adi gözəlliyini
alqışladılar. Sonra jüri üzvləri
əllərində tutduğu yarpağa Meşəxoruzunun
gözəllikləri haqda öz fikirlərini qeyd elədilər.
Meşəxoruzu oranı tərk edən kimi Bayquş
özünü meydana atdı. O, əvvəlcə
başını o yan-bu yana fırladaraq
boynunun arxaya dönmə məharətini göstərdi və
səmaya üç dəfə səs buraxdı. Buraxdığı səsin əks-sədası
bitdikdən sonra qanadlarını açıb
pırpızlarını qabartdı. Jüri
üzvləri və tamaşaçılar onun lələklərinin
qeyri-adi rəngini xeyli alqışladılar.
Bayquş səhnəni tərk edən kimi Şanapipik
ortaya tullandı. O, podiumda var-gəl edərək qəfil
başındakı tellərini qabartdı. Tellərinin
çətir kimi açılması baxanları valeh elədi.
Bu azmış kimi, arxasınca Şanapipik
qanadlarını açıb öz yerində bir neçə
dəfə tullanıb-düşdü. Ətrafdakılar
əl çalıb şənləndilər. Jüri üzvləri yenə
qarşılarındakı çinar yarpağına qeydlər
elədilər.
Beləcə,
hava qaralana qədər Ağacdələn, Durna, Qartal, Qu
quşu, Sərçə, Göyərçin, Hacıleylək,
Qaratoyuq, Bildirçin, Qaranquş, Tovuz quşu, Bülbül,
Qağayı ard-arda podiuma çıxıb öz gözəlliklərini
və bacarıqlarını göstərərək
"Meşə gözəli" adı uğrunda yarışdılar.
Yarışmanın sabahı səhər tezdən
bütün heyvanlar, böcəklər və quşlar
"Meşə gözəli" seçilən quşun
adını eşitmək üçün yarış yerinə
axışdılar. Nəhayət, jüri üzvlərindən olan Canavar irəli
çıxaraq, üzünü həyəcanla xəbər
gözləyən tamaşaçılara tutub dedi:
- Dostlar,
quşların ən gözəlini təyin etmək
üçün səhərə qədər öz
aramızda mübahisələr elədik. Axırda
bu qərara gəldik ki, təbiətdə gözəl olmayan
quş yoxdur, quşların hamısı gözəldi.
Təbiətimiz var olsun!
Zeynəb MURADQIZI
Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S.31.