Getmə dedin... getdilər...ömürdəki
adamlar...
Brunoya
Cordano
bütün ağaclar yeni doğulmuş körpələrin
gülüşündən alır öz köklərini...
körpələr gülümsədikcə ağaclar boy atır...
körpələr gülümsədikcə ağaclar çiçəkləyir...
ağaclar çiçəklədikcə körpələr böyüyür...
...böyüyür və əllərini ağacın cod sinəsinə sürtüb gülümsəyir...
Günəş çıxır körpələrin köksündən...
Sonra biri də...biri də...biri də...
Ağacların budaqlarına qonurlar...xəfifcə...
Sənsə gəlib keçirsən onların yanından...asta-asta
Xurcununda bir ovuc kül...
Baxırsan...baxırsan...baxırsan...
Sonra yavaş-yavaş yol alırsan yoxuş aşağı...
Cordano...
Tez-tez yuxuda qarışqayeyənləri görürəm...
Bir cüt qarışqa da oturub başının üstündə...
qısılıb bir-birinə Tanrını gözləyir
Aslanlar dövrəyə alıb ana fili...
Ana fil də balasını
xortumunda gizlədir...
Sonra bala fil anasının
xortumundan çıxır...
əl sallayır aslanlara...
gülməyə başlayır...
aslanlar da əvvəl ona, sonra bir-birinə baxıb
gülüşməyə
başlayırlar...
sonra da əl-ələ verib yallı gedirlər ana-balanın ətrafında...
vəhşi quşlar
da onlara qoşulub dövrə vurur səmada...
ilanlar ayaq-ayağa verib Tanrıya xoşbəxtlik mesajı ötürür
sənsə xurcununda
bir ovuc kül yavaş-yavaş keçirsən
bu qutsal
mənzərənin yanından...
tək yox... xəfif bir rüzgarla qol-boyun...
Cordano...
Bax, Günəş nur atır ardınca...
Səma
hələ bu qədər işığa
möhtac olmayıb...
İşıq hələ bu qədər gerçəyə
ulaşmayıb...
İnsanlar... hə, insanlar
İnsanları bağışla, Cordano
Bağışla insanları...
"Onlar nə etdiklərini bilmirlər".
Boy at
Süpürgəçi qarılar küçələrdən süpürəndə
ulduzları...
Ulduzlar axın edir pəncərələrə...
Sənsə...
...sənsə kim
bilir, indi hansı nağılın
baş qəhrəmanısan
yuxularında...
Bəzən Günəş elə
barmağının ucundadı...
... sənsə küyə düşüb
səmaya baxırsan...
Alatoran küçələrin birində...
Bir balaca uşaq var... əlində
bir parça boyat çörək...
Arxasınca quduz itlər hürüşür...
Uşaq
qaçır... itlər
qaçır...
İtlər qaçır... uşaq
qaçır...
Sonra itlər yorulur... ləhləyir... dayanır...
... amma uşaq
qaçır... qaçır...
qaçır...
... əlindəki boyat çörəyi dişləyə-dişləyə...
Sonra həmin uşaq ilişib ağzı üstə yıxılır
çörək mağazasının qabağına...
Durur üst-başını təmizləyir...
ağzının qanını
çirkli paltarıyla
silir uşaq...
Qəlbində mələklərin orkestri...
...dünyanın ən qədim musiqisini
pıçıldayır uşağın qulaqlarına...
Yavaş-yavaş gedır uşaq...
sübhün qoynuna
Sonra birdən
Günəşə ilişib
yıxılır.
Uğultuya cavab
Getmə
dedin... getdilər
...ömürdəki adamlar
İllər keçdi...kölgələrin
susadığı zamanda...
Qayıtdılar...saçlarına...
Qayıtdılar...gözlərinə...
Qayıtdılar...dizlərinə...
O illər öncə əkdiyin ağacına qayıtdılar...
O illər öncə örtdüyün pəncərənə
qayıtdılar...
O illər öncə keçdiyin yollarına qayıtdılar...
Qayıtdılar...qayıtdılar...
Yaxınlarına tüpürüb uzağına
qayıtdılar...
Qayıtdılar... xəbərsizcə...
Heç
bilməzdin...
Tökülən saçlarından...
Diksinən kirpiklərindən...
Səksənən barmaqlarından anladın...
...yollardakı uğultunu...
Daha külək vaxtı deyil...
Sərçələr çoxdan uçublar...
Yarpaqlar
çoxdan tökülüblər...
Ona görə də qorxma...
Elə indicə...dur çıx bayıra...
Üzünü tut o yola və qışqır bütün
gücsüzlüyünlə...
- Mən sizin hamınızı sevirdim...
Axtarış
Əlimdə ayaq izlərin...
Səni
axtarıram tanımadığım
küçələrdə...
Hər tərəf saçlarla dolu...
Hər tərəf gözlərlə
dolu...
Hər tərəf qoxularla dolu...
Səpə-səpə gedirəm ayaq izlərini...
Sən ki...tükü tükdən seçənim
Sən ki...kəm gözlərdən
keçənim
Sən ki...bütün qutsal qoxuları şərab kimi içənim...
Gör...və gəl ardımca...
Arzuları boş ver...
Xəyalları unut...
O bədəni soyun...
...yap-yalqız...unudulmuş
o sərsəri ümidə...
...gülə-gülə görün gəl...
Sonuncu ayaq izin dilimin
ucundadı...
Sükutun ruhu
Ey sən...
Günəşi himayə eləyən
dağları görmədinmi?..
Duymadınmı...
...uçurum çiçəklərini
titrədən xəfif
rüzgarı?..
Eşitmədinmi...
Qəlbindəki möhürlə savaşan
yolçunun imdadını?..
Hıh...hıh...hıııh
- Rəbbim, məni quş eylə...
Hələ də bilmirsən?..
Zirvələr qalxmaq üçün
yox, enmək üçündü...
Bir Günəş misalı...
Bir yağmur misalı...
Bir duman misalı...
Keçdiyim dağlardan bəmbəyaz
atlar gəlir ardımca...
Mənsə üzümü onlara
tərəf tuturam...
Gəlirlər... gəlirlər... gəlirlər...
Sürətlə hopurlar ruhuma...
sonra içimdən keçib gedirlər sonsuzluğa
- Anam, məni külək elə...
Qalardım...
Qollarımdan qalan qucaqların
naləsi öldürür
ruhumu
Gedərdim...
Ayaqlarımda bitən yolların
şaxtası kəsib
yolumu...
Beləcə...
Dünyanın ən tənha zirvəsində ulayıram
sonsuz əsrlərdi...
Bir əlim Tanrıda... bir əlim anamın
alın yazısında...
Tanrım,
məni Günəş
eylə...
Anam, məni ümid...
Ülvi Bahadır
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.3.