Kosmik, dağınıq düşüncələr
Telefonla söhbət
Dəstəyə
əl atıb çağırdım:
- Alo! Təcili
yardım,
kömək eləyin.
- Alo!
Buyurun, deyin,
xəstənin neçə yaşı var?
- Milyard,
daha çox olar.
-
Uzatmayın,
xəstəliyi nədir?
- Nüvə
silahı asılıb başının üstdən,
bir
ayağı qəbirdədir.
- Tez eləyin,
zarafatı buraxın,
Hansı
ünvana gələk, deyin!
-
Ünvan? Bizim səyyarə -
Yer kürəsi.
bütün canlıların
yaşamaq həvəsi.
Təcili
yardım, tez gəl, -
"tez" sözündən də bir az tez.
Zamanın
sürətilə yox,
zamanın özündən də
bir az
tez.
Həkim
Mənə
"dəli" - dedi -
- Düyməni
basdı.
Mən də dəstəyi yerinə asdım.
Düz
deyirsən, dəliyəm mən,
Dəliyəm
mən!
Danəndeyi
Bəhlul kimi bir
Gülməliyəm
mən!
1962
Bu şeiri 1959-cu ildə
yazmışam. İlk dəfə
1962-ci ildə dərc edilib. Aradan əlli
ildən artıq vaxt keçib. Bu vahiməni
canımda dünyanın dörd qitəsində gəzdirmişəm.
Təsəlli tapmadım. Əksinə,
narahatlığım bir az da artdı. Məhəbbətdən
yaranan, məhəbbətin gözəl barı
olan insanda bu qədər nifrət-kin hardandı? Kin ən təhlükəli silaha çevrilir.
Canlıları, həyatı, hətta Yer kürəsini məhv
edəcək, yeri yerindən oynadacaq silahlara çevrilir. Əlli ildən artıqdır mənimlə yol
yoldaşlığı edən, məni qocaldan, özü
daha da cavanlaşan bu pərakəndə fikirlərimi ilin ilk
günlərindən yazmağa başladım. Yaşım mənə bu gün yazacağım
yazını sabaha saxlamağa ixtiyar vermir. Bu təhlükə hamı üçündür,
bütün canlılar üçün, hətta hələ
yaranmamış, yaranacaq canlılar üçün də
vahimədir. "Kainat, insanlar haqqında
dağınıq fikirlərimi" sizə təqdim etməyə
qərar verdim.
13.01.2019
Kosmik, dağınıq
düşüncələr
Yer
kürəmiz,
Doğma,
əziz,
Bir
yuvadır kainatda...
Heç
bilmirik
Kainatın
güneyidir, quzeyidir,
Hansı
səmtdə, hansı qatda...
Bildiyimiz
bir odur ki,
Zamanların
çox müqəddəs muzeyidir...
İnsanlığın
özəyidir,
Öz evidir.
İnsan burda
yoğrulubdu,
Yapılıbdı.
Doğum
- burda doğulubdu,
Ölüm burda tapılıbdı.
Dağlar, daşlar danışırlar.
Sular
dağlarda ayrılır,
Yollar boyu
yarışırlar,
Dənizlərdə barışırlar.
Güllər
torpağın üzüdü,
Ətri torpağın sözüdü.
Dağlar,
daşlar
Daşa dönmüş sözdür, səsdir.
Yer
üzünün hər qarışı
Müqəddəsdir,
müqəddəsdir!
Yer
kürəmiz kainatda
Olanları vecə almır.
Saysız
milyard illər görüb
Nə artmayır nə azalmır.
Yer
kürəmiz də bir canlıdır,
Ayrılmış yerdə dolanır.
Solu donur, sağı yanır.
Bütün
canlılar aldığı
Nəfəs onun nəfəsidir.
Bütün səslər onun səsidir.
O,
uçmaq istəyən insanların
Qəfəsidir.
Onun da qəfəsi öz orbitdir.
Ay da yerə
cazibə ilə zəncirlənmiş
Sadiq
itidir,
Quludur,
mütidir!
Yer
kürəsi yaranışdan
Çalışır,
yetişdirir,
Yeyir.
Günəşə şükürlər olsun - deyir.
Bir zərrə də artmır, azalmır.
Heç vaxt narazı qalmır.
Bezmir, qisas almır.
Hər il bir zərrə böyüsəydi
Yəqin,
çoxdan şişərdi...
Günəşin
gözündən düşərdi...
Orbitindən
oynayardı...
Küləklər
onu yonardı,
Fəzada
toz eyləyərdi...
Milləti
tarixdən silinmiş
Mənası
bilinməyən
Bir söz eyləyərdi.
Hamımız
eyni enerjiyik
Müxtəlif
dillərdə,
Müxtəlif
şəkillərdə,
Ey
daş,
Qardaş
sən də, mən də,
Su da,
torpaq da,
Torpaq
üstündə
Tikanlar
da, güllər də...
İnsanın
yaratdığı
Güllələr
də...
Hamımız oyuncağıq əllərdə.
Güllələr
bizim əlimizdə...
Taleyin əlində
oyuncağıq biz də...
Ağlımız
da, qəlbimiz də
Oyuncaqdı.
Oyuncaq bu
dövr - bu çağdır
Himə bənddi, bu silahlar.
Oyanacaqdı, oynayacaqdı.
Bizi,
Yer
kürəmizi
Yerindən, orbitindən oynadacaqdı.
Bəlkə
də, kainatdan baxıb izləyirlər
Həyəcanla
gözləyirlər,
Bu gərgin
dramın oynanacağı vaxtı,
Şüurun
məntiqi deyir ki,
Belə getsə bu olacaqdı.
Qumar
masasına qoymayın
Həyatı,
taleyi, baxtı,
Hər yaradan Allah deyil.
Allah -
Yaradan, - yaşadandı.
Sizin yaratdığınız zülümdür.
Günahdı, qandı.
Əgər
siz
O yola
varacaqsınız
O zaman
ölüm xilas sayılacaq.
Siz də
ölüm üçün
Allaha
yalvaracaqsınız!
Rəsul
Rza demiş:
"Vaxt
var ikən"
Bir də
düşünün-daşının...
Tökün ətəyinizdən mənəm-mənəm
daşını.
Qoyun Yer
kürəsi
Dolandırsın başını.
Qoyun Yer
kürəmiz
Kainatdakı
qohumlarına
Göndərsin öz vətəndaşını.
Görsün orda pisi-yaxşını.
Bəlkə,
orda da biz yaranmışıq,
Bu formasiyanı çoxdan aşmışıq.
Bəlkə, yaxşılığa doğru dəyişmişik.
Bəlkə,
burda tövbə eləyək...
Hamımız
bir-birimizə:
Qardaş,
Qarındaş - deyək.
Barışaq,
Bir-birimizi bağışlayaq.
Onların bu günündən başlayaq.
Cənnətə
döndərək Yer kürəmizi...
Onlar da həvəslə
gələrlər bizə...
Bəlkə,
hələ orda
Dünyaya heç gəlməmişəm.
Hələ
yaranmamışam
Yaşamışam, ölməmişəm.
Dünyaya
yenidən gəlmək
İmkanım olar.
Bir
başqa dövrüm,
Elə bu
vətəndə
Yeni dövranım, yeni məkanım olar.
Köhnə
yaddaşla,
Yeni
ağılla,
Daha təcrübəli
başla
Çalışardıq.
Hamımız sülh dilində danışardıq.
Xalqların böyüyü, kiçiyi olmazdı.
Olmazdı insan dərdi.
İnsan
insanı doyuncan
Nəğmə kimi dinlərdi.
İnsanlar
can deyib,
Can
eşidərdi.
İnsanın
hirslənməyə
Nə səbəbi,
nə həvəsi olmazdı,
Nə
Birinci, nə də İkinci
Dünya
müharibəsi olmazdı...
Yerlə
günəşin
Eşqindən doğulmuşuq.
Biz səkkiz bacı, qardaşıq.
Tutaq ki,
bizi min il əvvəl
O səyyarədə
yaratmışdı.
Sonra öz səhnəsindən atmışdı.
İndi də
burda
Səkkiz
bacı, qardaşıq,
Ayrı-ayrı
səkkiz ürəyik,
Səkkiz ayrı-ayrı başıq.
Anamız
Zərxaradı,
Atamız
Göyüşdü.
Anamız
torpaqdı,
Atamız günəşdi.
Axı bu
səkkiz qardaşın
Hər
birinin öz üzü var,
Ürəyinin
öz sözü var,
Hərəsinin
öz səsi var,
Hərəsinin öz istəyi, əqidəsi var.
Mənim
kimliyimdir
Mənim
sağ əlim
Barmaq izlərimin
Hər biri məlum.
Düşmənlə
heç zaman
Əl tutmuram mən.
Verdiyim
sözü də
Unutmuram mən.
Biz bir
xalqıq;
Sözümüz
öz canımız,
Canımız öz qanımızdı.
Qanımız - vicdanımızdı.
Vicdansız yaşaya bilmərik.
Biz bu uzaq
səfərə
Vicdansız başlaya bilmərik.
Bilmirəm
kainatda, harda...
Anamız
yerdən kənarda,
İnsanlıq
adına, "mən" deyirəm - mən!
Hamının adından "mən" deyirəm mən.
Mənim
sözüm birdi,
Əməlim də bir.
Sözüm
- əməlimdə
Öz əlimdədir.
Biz qanad
açanda...
Başqa
günəş sistemlərinə uçanda da
Anamız yer saatı ilə yaşayacayıq.
Anamız
yerə görə
Məsuliyyət daşıyacayıq.
Heyif hələ
bu gün
Kainatın qapısı üzümüzə
bağlıdı.
Bəlkə də, onlar haqlıdı.
Kainatın açarı insan ağlıdı.
Hələ ağlımızın yolu
bağlıdı.
Ağıllar
xərçəng, ördək, tısbağa kimi
Hərəsi
bir yana çəkir.
Ağıllar
bir-birinin başında
Turp əkir.
Neyləyəsən
üçü ağıllıdı
Beşi dəli.
Necə
deyəsən haydı irəli!
Hansı
səmtdədi irəli!
Necə biləsən?
Bəlkə də, kainatda yolumuzu gözləyənlər
var.
Ordan bizi izləyənlər var.
İşimizdən,
əməlimizdən
Baş aça bilmirlər.
Əyridən,
düzümüzdən,
Ağıllımızdan,
dəlimizdən
Baş aça bilmirlər.
Bizdən baş aça bilmirlər.
Niyə
yeri oyuruq,
Dağları
suyla yuyuruq,
Torpağı pis günə qoyuruq.
Zərrə-zərrə qızıl
qırıntısı yığırıq.
Əridib
pul eliyirik
Özümüzü ona ömrümüz boyu qul eləyirik.
Hamıdan
gizləyirik,
Qoruyuruq, əzizləyirik.
Elə
bilirik budur
Ən qiymətli varımız-yoxumuz.
Daha
yaxşı gizləmək üçün,
Təzədən
qazıb yeri
Torpağa basdırır çoxumuz.
Necə
başa düşəsən
Bu insan balasın.
Bəs
kainatdan baxanlar
Bu məntiqsizliyi
necə anlasın!
Əslində,
insanın baxtı gətirib, baxtı!
Yerin ən
qiymətli neməti
Sudu,
torpaqdı,
Havadı.
O da
gen-boldu, havayıdı.
Yaradanın ən qiymətli payıdı.
Atamız
günəşdir,
Torpağımız
- Ana.
Günəşlə
torpağın
Məhəbbətindən
gəlmişik cana.
Bəlkə,
hər günəş sistemlərində
Bizim yer
kimi,
Bir Yer kürəsi var.
Orda da
canlılar var,
Canlıların yaşamaq həvəsi var.
Yarpaqların,
oxuyanların,
Otların,
otlayanların,
Bulaqların,
okeanların,
Külək adlı nəfəsi var.
Dilənçinin
də, kralın da,
Canından çox sevdiyi nəvəsi var.
Deməyin
kainatdakılar
Bəyəm
kordu, kardı,
Görmürlər ki, orda hər şey təkrardı.
Xeyr, təkrar
deyil, təkrirdir!
Yaradan tək
birdir!
Ən kamil fiqur dairədi.
Dairədə hər nöqtə bir dairədir.
Dairə
"ol" sözüdü!
Dairədəki
hər nöqtə
Birinci,
ikinci, üçüncü də - özüdü!
"Ol!" Allah sözüdü.
Allah -
Haqdı!
Allah - dünəndi, bu gündü, sabahdı.
- Ol! -
dedi işə saldı vaxtı.
***
Biz onsuz
da uçuruq
Öz səyyarəmizdə,
"Yer kürəsi" adlı təyyarəmizdə.
Kainatda
uçuruq
Açıq alınla, açıq üzlə.
Öz səyyarəmizdə,
öz azuqəmizlə...
Hələ
ki öz ərazimizdə...
Bəlkə,
yenidən baxaq
Bu
uçmaq məsələsinə...
Qulaq asaq
ağlımızın,
Ürəyimizin
səsinə...
Yeni bir yol seçək.
Bunun
üçün gərək
Yer
üzündə əlbir iş olsun.
Bunun
üçün gərək
Yer üzündə barış olsun.
Hamımız bir yuvanın quşlarıyıq.
Bir zamanın tay-tuşlarıyıq.
Biz idarə eləyirik bu səyyarəni.
Niyyətimiz təmiz, istəyimiz haqdı.
Hamımız
yer üzündə əl-ələ versək,
Bizi kim qoymayacaqdı...
Bəlkə,
uçmazdan əvvəl
Yəməndə
acından ölənlərə
Yardım eləyək, süfrə açaq.
Ən ağır xəstəlik terrordu.
Terrorun qulağı kardı, gözü kordu.
Tökdüyü də günahsız qandı.
Adam
utanır deməyə,
Öldürən də insandı, ölən də
insandı.
Altı
milyard yarım insan yuvası,
Hər an zəhərlənir suyu, havası.
Torpaq zəhərlənib əməlimizlə.
Kainat cənnəti
sayılan yeri
Özümüz boğuruq öz əlimizlə.
***
Adəmlə Həvvadan yaranmışıq biz.
Bizim evimizdi bu Yer kürəmiz.
Olanımız
budu, çirkli ya təmiz,
Beşi
qanandırsa, üçü nadandı!
***
Bizə
cavabdehdi bir ana, ata...
Heç
kəs yaxasını çəkməsin yana!
Düşmən
ola bilməz insan-insana,
Hamı bir atadan bir anadandı.
***
Torpaq
cücərdəndi, yaradan işıq
Bu evdə hər şeyi biz yaratmışıq.
Düşmənə-düşmən var, aşiqə-aşiq.
Amma hamımızın adı insandı.
***
Biri çalışandı, biri alışan.
Biri oynayandı, biri pərişan.
Biri ara vuran, küsən, barışan.
Biri meymun kimi it oynadandı.
***
İnsanın
hər günü bir iş günüdür,
Bəzi ellər gəzən dərviş kimidir.
Biri gələcəkdən gəlmiş kimidir.
Biri də elə bil o dünyadandı.
***
Uçmaq
öyrənirik yuvada hələ...
Gəlin
yer üzündə verək əl-ələ
Vaxtı
hədər yerə verməyək yelə
Uçmaq zamanıdı, yol qanadındı.
***
Biz
yaranışdan,
Lap əvvəl
başdan
Səfərdəyik.
Yer
kürəsi bizim
Hava gəmimizdi.
Günəş
sistemi
Bizim uçan aləmimizdi.
Bu dairədə
nə varsa
Bizim ailəmizdi...
Günəş bu ailənin kapitanıdı.
Yol
göstərəni,
Canıdı, qanıdı.
Sürət
onun sürətidi,
Zaman onun zamanıdı.
Biz öz çölümüzlə
köçürük.
Səyyarələrimizlə,
Peyklərimizlə,
Könlümüzlə,
içimizlə köçürük,
Yer
kürəsində, fil də,
Qarışqa
da, canlıdı...
Yer üzərində
okeanlar, dənizlər,
Həyəcanlıdır,
Sinəsi qabarır, enir.
Tufanlar deyinir.
Vulkanlar
püskürür,
Okeanlar
dibindən
Qan qoxusu
gəlir
Buludların göz yaşından.
Qarından, yağışından.
Yer
kürəmizin ürəyi yanır
Tüstüsü qalxır dağlar başından.
Hamımız yer üzərində sərnişinik.
Kimik?
Hansı işinik?
Bu uçuşda nəyə gərəyik?
Nəyə köməyik?
Heç özümüzü yaxşı
tanımırıq.
Canımızda
can hardadı?
Bizi narahat edən vicdan hardadı?
Bu qədər suallarla hara uçuruq?
Kimdən qaçırıq?
Kimin yanına uçuruq?
Onu da bilmirik.
Əslində,
budur gərək,
Qarışqanın
ayağındakı mikrob
Qarışqanı
bütöv görmür,
Görməyəcək!
Mənim
ayağımın üstündə qarışqa
Məni bütöv görmür, görməyəcək.
Burda ağlın, ürəyin gözü gərək.
Əgər
görsəydi ağlın-ürəyin gözü
İnsan
özü
Özünü
öldürmək üçün
Kütləvi qırğın silahları yaratmazdı.
Sonra da
gedib körpəsinin
Yanında rahat yatmazdı.
Sonra bu silah sənin düşməninə də
satılacaq.
Sənin və balanın üstünə atılacaq.
Adam özü özünü aldatmaz.
Hamımız bir səyyarədəyik.
Hamımız bir təyyarədəyik.
Adam
yalnız özünü,
Bu
günü
İçindəki
məni,
Düşünəndə
Özü
də düşür
İnsanlıqdan mikrob səviyyəsinə.
Mikrob qədər bilir.
Mikrob qədər görür.
Hər şeyi qəza-qədər görür.
Deyir, Allah göndərən qəza-qədərdi.
Ən
asan yoldu: uzan-zarı...
Guya
Yaradanın işi-gücü yox imiş,
Sənə
yükləyib bu azar-bezarı...
Sus!
Barı...
O,
Yaradandı, öldürən deyil.
Öldürən boş keçən andı, aydı,
ildi.
Ölümün
səndən əzəl
Gəlib cahana səni gözləyir.
Doğulandan hər an səni izləyir.
Sən
qanmayanda atan, anan,
Yaranmışlara
canı yanan
Hər kəs
səni qoruyur:
Hətta mühit, zaman səni qoruyur.
Sonra öz ağlına, ürəyinə
tapşırılar səni.
Öz umuduna qalan kimi.
Sürünürsən
Dil çıxardıb yalvarırsan ilan kimi.
Allah, mənə kömək elə.
Nə zarıyırsan?!
Allah
"dayə" deyil, Yaradandı!
Səni
yaradıb,
Bəs sən nəyə yarıyırsan?
Əlin
boşa çıxıb
Yaradana
hayqırırsan!
Silah
yaradırsan
Yaradanların yaratdığını
dağıdırsan.
Allahın
yaratdıqlarını qırırsan!
Sonra o qədər
qudurursan,
Ağlını
başına yığ, İnsan!
Yer barıt anbarıdı.
İçi dolu dərddi.
Bir himə bənddi.
Barmaqlar
düyməyə bassa,
Yer, yerindən
oynayacaq!
Yer
kürəmiz yanar bir ocaq
Olacaq.
Allah deyəcək:
Mən yer üzünü
Cənnət
yaratmışdım,
Yaşayasınız qucağında.
Siz onu cəhənnəm
elədiniz
İndi
özünüz yanın
Cəhənnəm ocağında.
Biz
uçmasaq da səyyarəmiz uçur,
Orda
özümüz özümüzlə
Qarşılaşa bilərik.
Keçmişimizlə
gələcəyimizlə
Görüşə bilərik.
Özümüzdən
də gizlətdiyimiz
İçimizdəki "üzlə"
görüşə bilərik.
Öz gözümüzdən düşə bilərik.
Səfərdədi Yer kürəmiz.
Sərnişinik
biz,
Barı özümüz özümüzdən utanmayaq.
Güzgü
kimi gözlərə baxanda
Öz üzümüzdən, gözümüzdən
utanmayaq.
Yeri cəhənnəmə
döndərməyək,
Özümüz öz cəhənnəmimizdə
yanmayaq.
Ayılın
yatanlar, eşidənlər, qulaq asanlar!!!
İnsanlar,
İnsanlar, İnsanlar!!!
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2019.-19 yanvar.- S.14-15.