Yalnızlığın gündəliyi
Oktyabr - ...Alnına
bir güllə sıxır pəncərəmə
düşən işıq.
Noyabr - Kölgələr sürünür
üzü günəşə...
Dekabr - Göz yaşlarından üz çevirir divarlar...
Yanvar - ...İşıqları
söndürün, Tanrı
insan yaradır.
Fevral - Dodaqdan üşüyürəm
yenə bu axşam...
Gəl, geyindir
dodaqlarımı.
Mart - Həssaslığın alın
təridi bütün
şərablar...
Aprel - Cib saatım bir ovuc qaranlığı kiridir.
May - Bütün şəkillər
doğmaları ilə
görüşə gedib,
bircə məndən savayı...
İyun
- Əslində, bütün
peyğəmbərlər
Tanrının müharibə
ismarışıdı...
İyul
- Göy üzü qəbrini tapmır...
Avqust - Poçtalyonun məktublarından
gəlir güllə səsləri...
Sentyabr
- Bircə dəfə
qapımı döyə
Tanrı
və deyə ki: icazə ver, ayrılaq...
Ayağını itirmiş şəkillər
...Hərdən
ayaqlarını itirmiş
şəkillərinə baxıram,
günahlarım can verir
baxışlarında,
uzaqların islandığı
payız yağışlarında.
Gözlərimi o qədər döyüb
ki, ayrılıq,
göz yaşlarım yanaqlarımda büdrəyir...
Yadındamı,
son görüşümüzdə
əllərinə söykəmişdim
üzümü.
Öləndən sonra gördüm
əllərin ayrılığın
məzar daşıymış...
Sabahkı keçmişimə
Esse-düzgü
Radiolar susar, sən susmazsan gecələri...
Bax,
mən səni
susmadığın bir tində itirdim, hunay tanrısı!
...Sənə dediyim
o son söz də hələ yadımdadır:
Bir körpələrin,
bir də fahişələrin üzündən
inandığın Allah baxar.
Səndən sonra
bir bətnlik şeir də yazdım o axşam:
...O gedəndə baharın
toy gecəsiydi,
buzbulaq sətirlərin
mey gecəsiydi.
Gəlmişdi əlində "Gidiyorum
bu",
Saftrik şamanın
key gecəsiydi.
İndi
xaç ortasındakı
hilal kimiyəm...
Yenə
də
arzulara keşiş ölürəm.
Sonuncu şənbə gecəsi
...Xatirələrin də rəngi saralır payızda
və saplaqları qurumuş gülüşlər
düşür gözümüzdən
ayağımızın altına.
...Ümidlərin zirzəmilərinə
su dolur,
yolları keçilməz
olur ağ-qara şəkillərin.
Oktyabrın əvvəlidir hələ,
arzuların qanı
donur.
Yazı
masasının üstündə
can verir bakirə kağızlar...
Alın
yazısını
Tanrının üstünə atıb
qaçır
payızın son şənbə
gecəsi...
Gecəninsə rəngi solur tənhalıq qorxusundan.
Kimsə
bütün qəbirləri
geri çağırır
bu payız...
Ad günü notu
Daha yetməz dodağının
istisi,
Üzümün qırışını ütüləməyə...
Bətnində boş qəbir,
yataq otağında lal beşik...
...Üşüyürsənmi bu
axşam da,
geyirsənmi
bir qarabuğdayı
kişini,
bir sarışın
qızcığazı əyninə...
Ölürsənmi
otağının işıq
düşən tərəflərində...
...Söndür!
Söndür gözlərindəki yiyəsiz işığı,
qoru özünü
unutduğun küçələrdən.
Sən qadınsan axı..!
Səmərqənd lövhələri
birinci foto
...Yenə bir payızlıq
göz yaşı düşür
tarixin böyütmədiyi
divarlara,
soyuqlarsa can verir
küçələrin daş qucağında.
Daş pilləkənlər də
boyunu uzadır
adamlara baxmaq üçün.
...Xan çinarların kölgəsi sığallayır
günəşin qan tutmuş gözlərini.
Yarpaqları intihar edir
bir ovuc şam işığında.
Sən demə,
yarpaqlar minillik çinarların nəzir
qutusudur.
Səmərqəndə axşam düşür,
yıxılır işıqlar
pəncərələrdən...
Bu şəhərin qonaqları
təbəssümləri ilə
müqəddəs yazıları
üşüdür.
Alnı
qırışmış heykəllərsə
hökm oxuyur addım səslərinə:
-
qaranlığı tapdamayın!
...Yenə,
yenə yatdığı
yerdə yuyulacaq günahlar,
sabah bir də
qəbirlər taxta çıxacaq Gorəmirdə.
ikinci foto
Daşkənd, saat 03:47 -
Bütün qara buludlar
atılmış uşaqların
təbəssümüdür...
Səmərqənd, saat 09:51 -
İndi
gözlərini itirmiş
güzgülər hönkürür
qocalar evinin önündə...
Buxari türbəsi, saat 11:23 -
Gözləri buxarlanır
günbəzdəki bütün
hərflərin...
Gorəmir, saat 14:05 -
Bir qara atlı
çapır
payızın son gününə
sarı...
Uluqbəy rəsədxanası, saat 21:38 -
Kölgəsinə təzim edir divarlar...
Yolüstü, Gizzah, saat 07:19
-
Ayrılığın telefon zəngidi
bütün qatar fitləri...
Tural Turan
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.21.