İydə ağacının budaqlarında,

Adın -ləçək-ləçək çiçəkləyəcək

 

Gerçəklik Ruh

 

Gerçəklik Ruh

Bir bətndən doğulan

əkiz uşaqlar kimidir.

Gerçəkliyin şum altında qalan

göyərməyən toxumları

                        dən-dən...

Ruh göylərə can atan

gövdəsiz, köksüz budaqlar kimidir.

Başı üstə gəzən ilğım

Üfüqlərə qarışır

Yuxularla sayrışır...

Doğma qardaşlar olsalar da

Bir bətndə aylar boyu qalsalar da

Sonradan yolları ayrılıb -

Hərəsi öz səmtini bir tərəfə salıb.

Biri səhər,

biri gecə.

İkisinin vəhdətindən

Bəşəriyyət gəlib keçər -

...Birləşsələr!...

 

Yenə...

 

Çevirmişdim bir az üzümü yana,

Çıxmışdım sehrindən, məhəbbətindən.

Sənin sevincinə, arzularına

Yenə o həsrətlə gələcəyəm mən.

Sükut gurlayacaq qulaqlarımda

Köhnə dalğalarda tutacaq ürək...

Əlimdə, üzümdə, dodaqlarımda,

İydə ağacının budaqlarında

Adın -

ləçək-ləçək

                        çiçəkləyəcək -

Yüz il bundan qabaq çiçəkləyən tək...

 

Çörəyin buynuzu

 

"Filankəsin çörəyinin buynuzu var"

Anamın sözü

 

Qoç buynuzlarından asılqan düzəldiblər,

Asıblar bir divardan.

Evin içində yararlanıblar

qoyun-quzudan, davardan.

Neçə illərdir durub yerində,

hər tərəfdən görünür.

Baxanda elə bilirsən

Saxlayıb öz qoçuluğunda

evin bütün qübbəsini.

Kişilər pencəyini, papağını asırlar

xanımlar örpəyini, cübbəsini.

Asılıb durub divarda

sakit səssiz.

Elə bil bir vaxt döyüşən

şaqqaşaq salan

aşıb-daşan

buynuzlar deyilmiş bunlar...

O vaxtı tez-tez buynuz göstərdiyi üçün

veriblər suyunu, aşını

Kəsiblər o qoçun başını.

Ətini şişə çəkiblər.

Hamıya körk olsun deyə

Buynuzlarından da asılqan düzəldiblər:

- Kimin dili buynuz kimi çıxsa

Kim buynuz göstərsə

qoçuluq eləmək istəsə -

qoy bu asılqan olmuş qoç kəlləsi

yadına düşsün!

Yox, qorxma, qopmasın ürəyin,

Qəlbinə dərd-ələm dolmasın,

Təki verdiyin çörəyin...

buynuzu olmasın.

 

Şahid çinar

 

Bir gün isladacaq məni camalın

Bahar çağı yağan leysanlar kimi.

Keçəcək başımdan fikrin, xəyalın -

Zirvədən çəkilən dumanlar kimi

 

Hərdən qəmlənərsən qədər varsan:

- Daha qayıtmadı, o üz çevirdi.

vaxtsa kiməsə pıçıldayarsan:

Hardasa bir oğlan məni sevirdi...

 

Deyərsən o gözəl bahar da bizi

İsitmir, arzular üşüyür indi.

Bizi görüşdürən çinar da bizə

Mat qalıb,

                        quruyub düşünür indi.

 

Mən daha yollara baxmayacağam

Kim isə qəlbinə yatacaq sənin.

Bir qənşərinə şıxmayacağam -

Çinar... gözlərinə batacaq sənin.

 

 

Fərq

 

O da ilandı,

bu da ilandı.

Götürəndə hər ikisi yamandı -

adam sancandı

qana zəhər qatandı.

Nəbadə

hansınasa rast gələsən,

qoy deyim fərqlərini:

Biri zınqırovludur -

həmişə başı lovludur.

Bir işi var ki,

özü səs-küy salır ki:

Dəyməyin mənə -

çalaram yenə!

O birisi.... susur -

Mübhəm sükut içində.

Daim susur o birisi...

Torpaqdan, ağacdan, daşdan

seçilmir dərisi.

Qıvrılır qalır,

dost cilidli düşmən kimi

pusquda durur.

Şayət rastına çıxsan

Elə vurur,

elə çalır!..

İndi deyin hansı ilan

qorxuludur?!.

 

Dəyər duyğusu

 

... Oğlum oğluyla gəzir -

Onların başı üstə

Qəlbim vurur müntəzir!...

 

"Dumanlı" şeir

 

Haçandı bir qulac duman

Özünə isti yer tapıb -

Harasa köçüb gedən

bir quşun yuvasında.

Gündüzlər çıxıb gəzir

düzlərin, yamacların təmiz havasında,

Qaş qaralanda qayıdıb gəlir

gecələyir o yuvada.

Bu isti, ilıq yuvanın təması

doldurub içini -

Ona görə hələ ki, özündən olsa

həmişəlik bura salıb köçünü.

Köntöy bir güman

alıb ağuşuna onu -

Elə bilir yiyəsi gəlib tapmayacaq

öz yerini, yurdunu.

Yuvanın istisi qəflət yuxusu kimi

dolub içinə.

İnanmağı gəlmir

Köçəri quşların haçansa qayıtmaq köçünə.

Heç vaxt yurd-yuva qurmayan

bu sərgəndar, gəzərgi duman

bilmir axı

tikmək nədir,

qurmaq nədir...

Zirvələr, dərələr ona

Heç vaxt ev tikmək öyrətməyib.

Hələ onun sinəsini

Torpaq, Vətən ağrısı göynətməyib.

Bilmir axı

Dimdiyində birər-birər

Çör-çöp daşıyan o quşlar

Bu yuvanı zillətlə qurmuşlar!

Ağlına gəlmir heç

qayıdacaq həmin günlər,

o köçkünlər

gələcəklər evlərinə,

sevinə-sevinə -

qanadlarında dəlisov küləklər!..

hələ ki...

cevizin sümükləyən vaxtıdır -

payız qışa tərəf yol gedir.

Hələ ki...

Köçüb gedən bir elatın yurdunda

Çən, duman yiyəlik edir -

viranə bayquşları kimi...

 

Etüd

 

Duman payızın öz barı,

gəzir evlərin damını -

tüstü deyil.

Şəfəq saçır zirvə qarı,

işıqlıdır -

isti deyil...

 

Yaşayır...

 

Hələ dünəndən soyuyub sönən

ocağın külünü təmizləyəndə

Qaldım mat-məəttəl.

Səhərəcən yağan yağışın altında,

Cövlan eliyən küləklərin cəngində

Dipdiri qalmışdı,

ocağın bir topa közü -

qıpqırmızı...

baxırdı üzümə dirigözlü!

... Əsər belədir,

köklü-köməcli,

mənalı əsər -

Heç eləmir ona bir təsir, əsər.

dər-divar kəsə bilir qarşısını,

yağış, külək, zaman,

üstünə atılan şər-böhtan -

Söndürə bilmir onu.

Əllərdə, dillərdə gəzməsə

təpki altında qalsa belə,

Közərə-közərə yaşayır

gizlində -

görünmür ömrünün sonu...

 

Tanrı səxavəti

 

İnsan qədər

itirə-itirə yaşayarmış,

qədər itirə-itirə

yenə isə daşıyarmış...

Hara yığılır görən bu qədər

İtkilər

topa-topa,

birər-birər...

Harda yerləşir inni-cinni

Gözə dəyməyən o anbar?!

Hardadır dibi görünməyən o dərə,

o sonsuz dərya?!

Günlər, aylar, saatlar,

uşaqlıq,

gənclik,

sevgi həyəcanları...

Doğma adamların itki dərdləri,

Dostların xəyanətləri...

Hara tutar bir böylə yükü?!

Tanrı verdiklərini insan

Axıra kimi itirə-itirə gedir

Yenə tükənir, bitir...

 

Tahir Taisoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.26.