Janr kodlarının törətdiyi iki Azərbaycan
Qəzəb törədən Azərbaycana
qarşı sevgi doğuran Azərbaycan
Milli özünüdanlağın
tarixçəsinə giriş
Mirzə Fətəlidən başlayaraq Mirzə Cəlil
və Mirzə Ələkbər Sabirdə güclənən
milli özünüqınayış, özünüdanlaq, özünəqəzəb
mədəniyyətimizin eyibi, əskikliyi sayıla bilərmi? Bu soru 10-15 il
öncə mənimlə Rəhman Bədəlov arasında
baş vermiş bir dartışmanı yadıma saldı. Polemika mənim bir söylədiyimdən
başladı ki, bizim maarfçi, modernist-müasirçi
yazarlarımızın əsərlərindən görünən
Azərbaycan gerçək Azərbaycan deyil. Rəhman bu
sözlərlə razılaşmayıb ona qarşı məqalə də yazdı. İndi deyəsən, yenə həmin konuya
qayıtmağın vaxtı çatıb. Ancaq məsələnin
müzakirəsini dolğunlaşdırmaq üçün onu
bir az geniş götürüm və
dünyada ünlü mədəniyyət
daşıyıcılarının öz kültürlərini
refleksiya edəndə hansı tənqidlərə əl
atdıqlarını bəzi örnəklərdə göstərim.
Öncə isə bunu deyim ki, Nitsşenin
almanlar, Bodlerin fransızlar haqqında qəzəbli sözlərinin
yanında Mirzə Ələkbərin satirası toya getməlidir.
Dünya mədəniyyətində
özünü qınamaya uzaqdan başlasaq
Ədəbiyyatda neqativlərə şakəri,
bayğınlığı qaynaqlandıran bəzi arxetipik
başlanğıclara baxaq. Belə bir güclü və təsirli
deyim var: bütün Avropa ədəbiyyatının əsasında
İuda motivi durur. Söhbət İsus Xristosun
apostollarından oluban onu 30 sikkyə Ponti Pilatın əsgərlərinə
satan İudadan gedir. Xristian gələnəyində
o, xainliyin və xəyanətindən
peşmanlığın rəmzidir. Ona
görə də Avropa ədəbiyyatının bütün
tarix boyu əsasından keçən leytmotiv kimi
İudanı göstərirlər, çünki bu ədəbiyyatın
bütün parlaq əsərlərinin kökündə
suç və peşmanlıq durur. Bu
motivi başqa terminlərlə Ziqmund Froyd Dostoyevski ilə
bağlı qabartmışdı. "Dostoyevski ata
qatili" adlanan kiçik məqaləsində yazarın
romanlarındakı günah və peşmanlığın
Pravoslav əsasını açmağa çalışanda
söyləmişdi ki, rus dindarlığında belə
sayılır ki, insan Tanrı qarşısında suç
işlədib dərin peşmançılıq keçirəndə,
tövbə edəndə onun ruhu Tanrı
işığına açılır. Bu səbəbdən
də, - Froyd yazırdı, - ruslar hesab edirlər ki,
Tanrını dərindən bilib duymaq xatirinə günaha
batmaq lazımdır ki, peşman olasan. Hərçənd
mən bilmirəm nədən Froyd bunu yalnız Pravoslaviya
üçün xarakterik sayırdı? Katolisizmdə
də təxminən eyni ideya var.
Avropa ədəbiyyatında İuda motivini xristianlığın
bu göstərdiyim ideyası ilə iç-içə edəndə
mənim giriş söhbətim məzmunlaşmağa
başlayır. Bu kontekstdə başa düşürəm
nədən Batı mədəniyyətini xarakterizə etmək
üçün "suç kültürü" deyimindən
istifadə olunur. Məsələni bir az
da açım. Rut Benedikt adında araşdırıcının
sayəsində kulturologiya "Utanış
kültürü", "Suç kültürü"
anlayışları əsasında Batı mədəniyyəti
ilə yapon mədəniyyətinin tipoloji
ayrılığını düşünməyə
başlamışdı. Araşdırıcı "Xrizantema
və Qılınc" kitabında irəli
sürmüşdü ki, yaponların davranışının
özülündə biabır olub utanmaqdan qorxu durur: sosial
rolunu, sosial buyuruqları və borcu (yaponca "on" və
ya "qiri") yerinə yetirməmək yaponu biabır edir,
"başını yerə soxub" utandırır. Bax, bu hala düşməkdən qorxu yaponu öz
borcunu yerinə yetirməyə zorunlayır (aydındır ki,
biabır olmaqdan qorxan adamları "utancaq" adlandırmaq
olar). Benedikt bu kimi tipik faktlara və
durumlara görə yapon kültürünü
"Utanış kültürü" adlandırır.
Araşdırıcının düşüncəsinə
görə, əxlaqa əməl etməyə
amerikalını utancaqlıq yox, suç, günah
duyğuları vadar edir. Batılı günaha batmağın əzabından
çəkindiyi qədər əxlaqi dəyərlərə
əməl edir, ona görə də "suç mədəniyyətinin"
daşıyıcısı olur.
Rut
Benediktin tipoloji açar-anlayışları sonralar yapon mədəniyyətindən
dişarıda duran bir çox materiallara açar verdi. Örnəyin, Uppsala Universitetində
çalışan bolqar sosioloqu Vessela Mişeva öz
kitabında Yeni çağacan olan Avropa
kültürünün tipolojisini "Utanış
kültürü" ideyasında açdı və
qıraqdan baxanların gözü altında qızarmaq
durumunu utanma üçün önəmli saydı. Onun fikrincə, beləcə,
əzəldən avropalı özünü Tanrının
gözü qarşısında bildiyi üçün
utancaqlıq psixolojisini qazanmışdı
(araşdırıcı yada salır ki, Avropa kültürünün
təməlində duran kitablardan "Tövrat"da Adəm
və Həvva Allahın buyuruqlarını pozanda ilk öncə
utanırlar, yəni bilik ağacının meyvəsini yeyəndə
onların gözləri ayıblarına açılır və
utandıqlarından ayıb yerlərini yarpaqla örtürlər). Mişevanın yozumu Avropa
utancaqlığı ideyası ilə Rut Benediktin nəzəriyyəsinə
uyğun olmasa da hər halda göstərdi ki, "suç və
utanış" önəmli kulturoloji konseptlər ola bilər.
Bəndəniz də bir vaxtlar "Utanış
kültürü" və "Suç
kültürünün" göstəricilərindan
alınan bölgü əsasında Azərbaycan mədəniyyətini
düşünməyə çalışmışdı. Bu zaman Azərbaycan
türkünün bəzi cümlələrinə səyahət
etməklə utanışın ulusun psixologiyasında nə
qədər dərin kök saldığını
açmışdı.
İfşaçı tənqid
maarifçilik paradiqması kimi
Bu söylədiklərimdən sonra çətin deyil
görmək ki, Mirzə Fətəlidən başlayaraq Sabirəcən
davam edən maarifçi ədəbiyyatın kökündə
suçlandırıb utandırma paradiqması durur. Ədəbiyyatda
"kimə, nələrə qarşı" prinsipi
çox önəmli mətndüzəldici amildir. Yalnız məddahçı, apoloqetik tekstlər
onsuz keçinə bilirlər. Bu nəyəsə
qarşı çıxmaq təpgisi tənqidin də
kökündə durur. Filosoflar deyərdi
ki, təbiət boşluğu sevmir, ona görə hara
boşalırsa, oranı tutur. İndiki kvant fizikası
baxımından bu deyim köhnəlsə də, incəsənət
üçün dəyərini saxlayır: sənət
toplumda hara boşalırsa, oranı tutur. Əxlaq
faydasını itirib ziyana çevriləndə onun yerinə
başqa əxlaqı təklif edir, ənənəvi sənət
bayağılaşırsa, yerinə başqa estetikanı
sunur, din cansızlaşırsa, yerinə islahatçı dini
"namizəd" göstərir. Nəyinsə
yeri boşaldıb oranı tutmağa yönəldən tənqid
pafosu XIX yüzildə Avropada o qədər güclü olmuşdu
ki, hətta adında bu söz olan "tənqidi realizm" cərəyanı
yaranmışdı. Hüqonu, Balzakı, Dikkensi,
Zolyanı oxuyanda Avropanın ünlü şəhərləri
çirkab dalanlarında, yoxsulluğun dəhşətində
açılır. Onlar İuda xəyanətlərinin
və peşmanlıqlarının səhnələri kimi verilir.
Beləcə, Avropa, təxminən, Mirzə Cəlilin, Mirzə
Ələkbər Sabirin görükdürdüyü Azərbaycana
tay görünür. Ancaq məni
bu qavrayışdan sevmədiyim Lenin ayıltdı. Birdən yadıma saldım ki, onun rus insanına
Avropanı örnək göstərən yazılarında bu
Avropa Dikkensin Avropası deyil, çox səliqəli, uyqar
(sivilizasiyon) dünyadır. Bu
uyğunsuzluqdan nəticə çıxarmaq olardı ki,
Balzak, Dikkens və başqaları bizi aldadırlar, yəni
realizmə, gerçəkliyi doğru göstərməyə
xəyanət edirlər. Mən isə başqa əqli nəticəyə
üstünlük verdim: onlar seçdikləri tənqidi
janrın dilində, kodunda dünyanı göstərdikləri
üçün Avropa belə alınırdı. Ancaq onların göstərdiyi Avropa ilə
yanaşı, başqa Avropa da vardı, bunu iqtisadi
araşdırmalar, Hegel və Qərbin sosial-siyasi
uğurları göstərirdi. Deməli,
mədəniyyətdə plüralizm toplumun gerçək
üzünü stereoskapik olaraq görməyə imkan verirdi.
İki Azərbaycan
Azərbaycan maarifçilərinin, modernləşmə
ideoloqlarının seçdiyi "iç üzünü
açma", ifşa etmə, tənqid paradiqması
yazarları Qurbanəli bəyləri, şərəfsiz mollaları
göstərməyə sürükləyirdi. Janr belə
idi. Onun "oyun qaydası" hansı
tekstlər və hansı narrativlər (söyləmlər) məsələsinə
öz diktəsini edirdi. Bizim maarfçilər, demokratlar öz vəzifələrini
vicdanla yerinə yetirirdilər və ona görə də
onları böhtançı, milləti aşağılayan
saymaq düz olmaz. Sadəcə, bizdə o biri Azərbaycanı
göstərən tekstlər az
olduğundan birinci qrup mətnlər gözümüzün
qabağını pərdə kimi tutmuşdur. İndinin
özündə də mən sovetlərdən öncəki
Azərbaycanı "Molla Nəsrəddin" dərgisindəki
karikaturalar kollajında gətirirəm. Ancaq
konuya dolayı yanaşanda, bəzi sorulara cavab axtaranda o biri Azərbaycanı
duymağa başlayıram.
Söylədiyimi örnəklərdə açım. Əhməd bəy
Ağaoğlu Parisdə oxuyandan sonra Renan onu Sarbonda saxlamaq istəmişdi. O isə heç Bakıya da yox,
Şuşaya qayıtmışdı. O vaxtlar indiki viza məsələsi
yox idi ki, qayıtmağa məcbur olsun. Əgər Şuşa, Bakı "Molla Nəsrəddin"
dərgisindəki Azərbaycan olsaydı, Ağaoğlu ora
qayıdardımı?!
Bakıda erməni və başqa gəlmə kapitalistlərin
gerçək rəqibi Zeynalabdin Tağıyev kimi
milyonçularımız idi. Rus imperiyasında
qanunçulluq hər halda indiki Avropadakı qədər
deyildi ki, bizim neft milyonçularımızın arxasında
azman dağ kimi dursun. Sözsüz,
yabançı kapitalistlər onları neft sektorundan
sıxışdırmağa çalışırdılar.
Onların arxasında "Molla Nəsrəddin"dəki
Azərbaycan olsaydı, bizim milyonçuların müqavimət
gücümü qalardı?!
O dönəmlərdə
başqa Azərbaycanın olmasını biz "Əli və
Nino" romanından görürük. 1905-ci
ildə erməni-müsəlman davasında azərilərin
cavabından görürük. Erməni-türk
qırğını düşəndə igidliyi ilə məşhur
olan Tatoğlu Qara öz adamları ilə ermənilərə
qan uddururdu. Ermənilər onu
öldürməyə ürək etmədiklərindən,
rus əsgərlərini ələ alıb onların vasitəsilə
öldürmüşdülər.
Məşhur qaçaq dəli Alı erməni-müsəlman
davasında kəndlərdən topladığı 2000
silahlı gənclə Gəncəyə girib düşmənlə
vuruşmuşdu.
Başqa bir ilginc olay. "Difai" qurumu
Bilal adında bir qarabağlını general Kalasçapovu
öldürmək üçün Tiflisə göndərmişdi.
Kalasçapov Qarabağda diviziya komandiri olmuşdu
və diviziyada qulluq edən ermənilərə mülki paltar
geydirib türkləri qırmağa göndərmişdi.
Difai qurumuna mənsub olduğuna görə, Mirzə Məhəmməd
adında gənc tutulur, ancaq sübut olmadığı
üçün İran sınırlarına sürgün
edilir. Gəncə dostları qoymurlar ki, göz bəbəyi
kimi sevdikləri Mirzə Məhəmmədin ailəsi korluq
çəksin. Onun sürgündə olduğu 5 il ərzində hamısı ailəyə
kömək edir.
Sovetlərdən qabaq başqa Azərbaycanın
olmasını məmləkətimizdəki
qaçaqçılıq hərəkatı da göstərir. Çar
rejiminə qarşı bu qədər qaçaq nə
Gürcüstanda, nə ermənilərdə olmuşdu. Başqa Azərbaycana Cümhuriyyət hökumətinin
qərarları, proqramları və atdığı
addımlar da tanıq verir. Biz əgər
Ermənistandakı, Gürcüstandakı milli demokratik
hökumətlərlə Azərbaycan Cümhuriyyətinin
atdığı addımları, qanunvericilik aktlarını
tutuşdursaq, Azərbaycanı geridə yox, bəlkə də,
irəlidə görərik (bu konu yaxşı dissertasiya
mövzusudur). Farslar biz türklərə
nə qədər təhqiramiz ləqəblər versə də,
bir fakt göz qabağındadır. Bizdəki
Əli bəy Hüseynzadələr, Üzeyir bəylər, Rəsulzadələr,
Mirzə Cəlillər səviyyəsində və sayında
onlarda düşünəri olmamışdı.
V.Veliçko
görün "Qafqaz" kitabında azərilər
haqqında nə yazır: onlar canlarına-qanlarına görə
məğrur, ərdəmli insanlardırlar. İgidlikləri,
alicənablıqları ilə seçilirlər. Mənəviyyatca, zəkaca yüksəlməyə
həvəslidirlər. Dövlətçiliyə,
hakimiyyətə sayğı göstərirlər. Onlarda yaxşı tarixi yaddaş var və igidliyə
baş əyirlər. Onlar dindar və
düz adamlardır. Dostluğa sadiqdirlər,
sözləri üstündə durur, adları üstündə
əsirlər. Bu xarakteristika ilə
"Molla Nəsrəddin" dərgisindəki azərilər
arasındakı fərq şaşırdıcıdır,
sanki başqa-başqa uluslardan danışılır.
Tarixi qaynaqlar bildirir ki, 1842-ci ildə təkcə Xəzər
vilayətində 605 məktəb vardı və onlarda 5742
uşaq oxuyurdu. Azərbaycanda təkcə Sabirin ifşa etdiyi mollalar
iş başında deyildi. Əli bəy
Hüseynzadənin babası Qafqaz şeyxülislamı
Şeyx Əhməd Səlyani elmə, maarifə böyük
rəğbət göstərir, evində ziyalıların
toplantısını keçirirdi. Azərbaycanda belə
mollalar, axundlar da az deyildi. Əli bəy
yazır ki, babası 30 il öncə
özümüzdə molla və axundları yetişdirəcək
məktəbin proyektini hazırlamışdı. Ancaq çar hakimiyyəti onu qəbul etməmişdi.
Bəs bizdə nə
çatışmır?
Dedim ki,
Azərbaycan maarifçiləri islahatçıları
yazdıqları əsərlərinin janrının diktəsi
ilə milli yaramazları, alçaqları və milli xasiyyətdəki
biabırçılıqları göstərməliydilər.
Buna görə onları qınamaq olmaz. Olsa, onda gərək almanlar Niççeni,
fransızlar Balzakı, Bodleri, ingilislər Dikkensi
qınasınlar. Bir də ədəbiyyat
özünü yaxşıları öyməyə həsr
etməyi sevmir. Bəlli faktdır ki,
yazarlar yaramazlıq, alçaqlıq ziddiyyətinə
tutulmuş personajları daha güclü və bədii
biçimdə göstərirlər. Ədəbiyyatın
İuda motivini sevməsi də bundadır.
Sənətdə janrın etgisi altında dünyanın
təhrif olunmasını media, publisistik yazılar, sosioloji və
başqa araşdırmalar kompensasiya edir. XIX yüzildə və XX
yüzilin Sovet öncəsi dönəmində bu kompensasiya
yönümündən işlər az
görülmüşdü və buna görə nə Mirzə
Cəlilin, nə Sabirin suçu var. Sözsüz, onların əsərlərindəki
Azərbaycan bizim gözümüzü hətta indi də elə
tutub ki, o dönəmdəki o biri Azərbaycanı görə
bilmirik və bir də deyim, buna görə Mirzə Cəlili,
Sabiri suçlamaq insafsızlıqdır. Ancaq
sonra Sovet ideologiyası onlardan istifadə edərək yeni nəsli
inandırırdı ki, baxın, Azərbaycan nə gündəydi
və biz onu necə düzəltdik. Sovetlərin
Mirzə Cəlil və Sabirdən belə istifadə etməsinə
görə də onların suçu yoxdur.
Bu yerdə
bir formulamı verim: elə adamlar var ki, onlara baxanda Azərbaycana
nifrət edirsən, elələri də var ki, onlara baxanda Azərbaycanı
sevirsən. Gəlin, Azərbaycanı sevdirən adamlardan olaq!
"Mola Nəsrəddin" dərgisinin
karikatur adamları Azərbaycana nifrət yaradan kəslər
idi. Ancaq, axı, Mirzə Fətəliyə, Mirzə Cəlilə,
Sabirə, "Molla Nəsrəddin" dərgisinə baxanda
onların timsalında Azərbaycanı sevməyə bilmirsən!
Yazınan birinci variantı
"Bilgə" saytında
çıxıb
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.4-5.