Xalq şairi
Zəlimxan
Yaqub indi haqq dünyasındadır. Ancaq mənə elə gəlir ki, o, bu dünyaya
elə haqq dünyasından gəlmişdi...
Gəldi, bu dünyaya, sözünü
dedi... Və getdi...
Aşıq poeziyasından, ümumən
xalq ədəbiyyatından
qaynaqlanan, kökünü
çox dərin qatlardan alan
Zəlimxan Yaqub yaradıcılığı ona
görə böyük
ədəbi-mədəni hadisəyə
çevrildi ki, şair mənsub olduğu xalqın folklor təfəkkürünü
mənimsəməklə qalmadı,
Azərbaycan (və dünya) yazılı ədəbiyyatının ideya-məzmun
texnologiyalarını, estetik
tipologiyalarını da
öyrəndi. Gənclik illərindən
başlanan ardıcıl,
gərgin və məhsuldar üslub axtarışları Zəlimxanı
tezliklə məşhurlaşdırdı.
Və dövrün (eyni zamanda bütün dövrlərin!) Osman
Sarıvəlli, Hüseyn
Arif, Bəxtiyar Vahabzadə kimi görkəmli söz ustaları gənc şairin istedadını etiraf etdilər. Azərbaycan ədəbiyyatının
nüfuzlu orqanları
"Ədəbiyyat və
incəsənət" qəzetində,
"Azərbaycan" və
"Ulduz" jurnallarında
dərc olunan şeirləri ona şöhrət gətirdi.
1980-ci ildə "Gənclik" nəşriyyatında
"Könlümün səsi"
adlı ilk kitabı çap olunanda Zəlimxan Yaqub artıq kifayət qədər tanınmış
şair idi. Hər şeydən əvvəl ona görə ki, öz yaradıcılıq
poetexnologiyasını xalq
ədəbiyyatından - folklordan
almış gənc sənətkar 70-ci illərdə
çox tez-tez keçirilən ədəbi
məclislərdə yalnız
ona məxsus ilham, emosiya və intonasiya ilə dediyi şeirlərində də
həm ədəbi mühiti silkələyir,
həm də geniş xalq kütləsinin ürəyinə
yol tapırdı.
Və onun könlünün səsi
həmin adla çıxan ilk kitabından,
demək olar ki, on il
əvvəldən az qala bütün gurluğu, poetik gücü, daxildən (və milli tarixi
yaddaşın dərinliklərindən!)
gələn təbiiliyi,
səmimiliyi ilə eşidilməyə başlamışdı.
Heç
zaman yalnız fitri istedadına qapılıb qalmayan, Azərbaycanın, ümumən
türk dünyasının
ədəbiyyatını, mədəniyyətini,
tarixini öyrənib mənimsəməyə, dünyagörüşünü
zənginləşdirməyə, elmi səviyyəsini, intellektini yüksəltməyə,
yaradıcılığını get- gedə daha mükəmməl ideya-estetik
əsaslar üzərində
davam etdirməyə çalışan şairin
qarşısında yeni
imkanlar açılır:
onu o zamanlar çox qaynar bir həyat yaşayan Könüllü
Kitabsevərlər Cəmiyyətinin
təbliğat şöbəsinə
işə dəvət
edirlər. Şöbəyə rəhbərlik etdiyi
illərdə Zəlimxan
Yaqub Azərbaycanı
bölgə-bölgə, oba-oba,
oymaq-oymaq gəzir, mənsub olduğu xalqı daha dərindən tanıyır.
Və sonralar özünün qeyd etdiyi kimi,
xalqla nəfəs-nəfəsə
dayanır, ünsiyyətə
girir, dərdlinin həmdərdi, söhbətcilin
həmsöhbəti olur.
Etiraf etmək lazımdır ki, şairin yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli
təsir göstərən
ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə
qırılmaz ünsiyyəti
olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini
(məktəbini!) bütöv
bir həyat-yaradıcılıq
missiyası (və mədəniyyəti!) səviyyəsinə
qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur.
Xalqına ürəkdən, canı-qanı
ilə bağlı olan, onun ruhunun
tərcümanına çevrilən
şairə böyük
ümumxalq məhəbbətinin
sirrini də məhz burada axtarmaq lazım gəlir. Tarix dönə-dönə
sübut edir ki, xalqın içərisindən çıxan,
öz tərcümeyi-halını
millətin tərcümeyi-halı
olaraq yaşayan sənətkar - mütəfəkkirlər
heç zaman unudulmur, onların yaradıcılıq arxivi
isə mühafizə
olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr,
fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir...
"Könlümün səsi"ndən sonra 80-ci
illərdə Zəlimxan
Yaqubun "Yolum eldən başlayır"
(1981), "Od aldığım
ocaqlar" (1986) və
"Biz bir eşqin butasıyıq" (1989) kitabları
nəşr olunur ki, həmin kitablarda toplanmış şeirlər mövzu rəngarəngliyi, ideya-məzmun
mükəmməlliyi, poetika-forma,
üslub özünəməxsusluğu
ilə seçilir. Və hər şeydən əvvəl, diqqəti o çəkir ki, Azərbaycan ədəbiyyatına
həmişə tarixdə
qalacaq vətənpərvər
(və milli!) bir şair gəlir...
80-ci illərin ortalarında
Zəlimxan Yaqub, demək olar ki, yeni yaradılan,
çox keçmədən
Azərbaycan yazıçılarının
əsərlərini böyük
tirajlarla geniş oxucu kütlələrinə
çatdıran əsas
mərkəzə çevrilən
"Yazıçı" nəşriyyatına işə
düzəlir. Və poeziya şöbəsinə
rəhbərlik etdiyi illər onun yaradıcılıq tərcümeyi-halının
daha da zənginləşməsinə,
təkmilləşməsinə təsirsiz qalmır... Bununla belə, vətənpərvər
(və milli!) şairin ovqatına, dünyagörüşünə və nəticə etibarilə yaradıcılığına
təsir göstərən
ən böyük hadisə, heç şübhəsiz, Azərbaycan
xalqının milli azadlıq, dövlət müstəqilliyi uğrunda
apardığı mübarizə
olur. 80-ci illərin sonu 90-cı illərin əvvəllərini
əhatə edən bu gərgin, ağrı-acılarla dolu
(ancaq şərəfli!)
mübarizə Zəlimxan
Yaqub yaradıcılığında,
demək olar ki, yeni mərhələ
(hətta dövr!) müəyyənləşdirir. Xalqla, onun tarixi arzuları,
idealları ilə yaşayan şairin milli azadlıq uğrunda mübarizəyə
qoşulması, dövlət
müstəqilliyinin tərənnümçüsü
olması tamamilə təbii idi. O, peşəkar siyasətçi
olmasa da, bir şair-ziyalı, mütəfəkkir olaraq,
ruhundan qopduğu xalqın nə istədiyini gözəl bilirdi. Ona görə də,
tərəddüd etmədən,
xalqı mürəkkəb
tarixi şəraitdə
fəlakətlərə düçar
olmaqdan xilas edəcək idealları (və həmin idealları həyata keçirəcək ümummilli
lideri!) tərənnüm
edirdi.
Ümummilli lider Heydər Əliyevin öndərliyi
ilə Azərbaycan xalqının müzəffər
mücadiləsi (və
müstəqilliyi!) nəticəsində
Zəlimxan Yaqub 1995-ci
ildə I çağırış
Azərbaycan Milli Məclisinə üzv seçilir ki, bu, millətin, dövlətin və ümummilli liderin şairə böyük etimadı idi. Həmin
etimad 2000-ci il
seçkilərində bir
daha təkrar edildi.
90-cı illərdə Zəlimxan Yaqubun, demək olar ki, hər
biri ədəbi-ictimai
hadisə olan "Ziyarətin qəbul olsun" (1991), "Şair
harayı" (1995), "Bir
əli torpaqda, bir əli haqda"
(1997), sonrakı illərdə
isə "Bu yaşıl
ağacın altı bizimdi" (2000), "Mən
sənin qəlbinə
necə yol tapım" (2004), "Böyük
ömrün dastanı"
(2004), "Gözlərimin nurudu doğulduğum bu torpaq" (2005) kitabları kütləvi tirajlarla nəşr olundu.
Ümumiyyətlə, Zəlimxan Yaqubun yaradıcılığını
üç dövrə
bölmək mümkündür:
1)
60-cı illərin sonu
70-ci illərin əvvəllərindən
80-ci illərin sonu
90-cı illərin əvvəllərinə
qədər;
2)
90-cı illərin əvvəllərindən
2000-ci illərin ortalarına
qədər;
3) 2000-ci illərin ortalarından sonra.
Üçüncü dövr, fikrimizcə, daha çox ruhani-metafizik, fəlsəfi-mənəvi
əsər-ideyalarla səciyyələnir. Və şair
yaradıcılığının həm birinci, həm də ikinci dövründə müraciət etdiyi mövzulara da keyfiyyətcə yeni səviyyədə bir daha qayıtmağa ehtiyac hiss edir, kifayət qədər miqyaslı ümumiləşdirmələr
aparır, dastan təfəkkürü ilə
düşünməyə başlayır. "Əbədiyyət
dastanı", "Hüseyn
Saraçlı dastanı",
"Peyğəmbər" poeması və s., eləcə də silsilə şeirləri göstərir ki, Zəlimxan Yaqub təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli ictimai-ideoloji dünyagörüşlü şair
olmaqla yanaşı, həm də mütəfəkkir şairdir.
Və bu mütəfəkkirlik Zəlimxan Yaqubun yalnız fərdi-şəxsi
taleyindən irəli gəlmir, mənsub olduğu etnik-mədəni
sistemin istedadır ki, daşıyır... Azərbaycan, ümumən
türk ədəbiyyatının,
bütövlükdə mədəniyyətinin
əsasında dayanan ozan-aşıq sənətinin,
heç də təsadüfi deyil ki, müasir dövrdə dirçəldilməsində
ilk tarixi işi Hüseyn Arif gördüsə, ikinci xidmət Zəlimxan Yaqubun taleyinə düşdü; Azərbaycan
Aşıqlarının qurultayı
(2008) onu ustadı Hüseyn Arifdən sonra Aşıqlar Birliyinin sədri seçdi. Eposdan Kitaba (və Kitabdan Eposa) bütün tarixlər boyu rahat keçən
bir millətin yaradıcılıq təcrübəsini
öz taleyində əks etdirməyi bacaran şairin xalq şairi kimi mötəbər bir fəxri ada layiq görülməsi,
müstəqil Azərbaycan
dövlətinin "Şöhrət",
"Şərəf" ordenləri
ilə təltif olunması da tamamilə təbii idi.
Azərbaycan Prezidenti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda deyirdi: "Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız".
"Müasir
Azərbaycan ədəbiyyatının canlı klassiki" (İlham
Əliyev) olan Zəlimxan Yaqub
"Dədə Qorqud" eposundan
başlayan Azərbaycan, öz
köklərini çox-çox qədim
dövrlərdən alan ümumtürk
ədəbiyyatının övlad-simalarından biri mənziləsinə yüksələndən
sonra böyük sələflərinin
layiqli varisi kimi "biz dünyadan gedər olduq, qalanlara salam olsun" deyib bu dünyanı tərk etdi...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.9.