Hissin mimesisi
Sıfır
Gedişlər
Eh...
Ən çox gedişlərdən
bezir insan
Gizlin,
aşkar gedişlər...
Qara, ağ gedişlər ...
Boş ver, olsun!
Bu gün bütün
çobanyastıqlarının ləçəkləri bozdur.
Bütün ümidlərin adı "O"...
Bütün eşqlərin adı
xəyanət!
Tanrı
boz gedişlərdən
qorusun...
Mən adına, sadəcə,
sevgi demişdim, ancaq anladım ki, insan ən
mükəmməl şəkildə
özünü aldadırmış.
Özümüzü özümüzdən
başqa kim
daha yaxşı tanıyır ki?
Mən elə bilirdim, sən! Mənə görə sən məni məndən daha yaxşı anlayır, Daha çox sevirdin...
Sevə
bilərdin...
Nə?
Çobanyastığı?
Çobanyastığı bəyəm səndən ağıllıdı?
Sevir?!
Sevmir?
Eh... Həmişə belə olub,
Bir ovuc skeptik düşüncə
yağmuru...
Bir ovuc vecsizlik sarır beynimi
Keyiyir hər şey...
Əslində, hər şey yalandı,
Bəlkə də, elə boz da yalandı...
Ən zərif
ləçəkləri mən
səndə gördüm,
ey çobanyastığı?
Bəs küləklər?
Yarpaqların?
Ləçəklərin?
Nədir bu ucsuz-bucaqsız təzadlığın adı?
Bu gün bütün
çobanyastıqlarının ləçəkləri bozdur.
Çobanyastığını maraqlandırmır, sevir?
sevmirlər!
And içirəm ki, sevmirlər!
Görəsən, çobanyastığına nə
üçün çobanyastığı
deyilib?
Nargis
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.8.