Gül kimi "devlət"
Xaqani Səfəroğluya
22 yanvar,
1990
Bakıda
baş verən qırğından iki gün sonra rayon
cavanları lehimləmə aparatıyla qurğuşun lövhəyə
"Qorbaçov" yazıb, yeməkxananın həndəvərində
tənbəl-tənbəl gəzişən arıq
küçə itini tutub boğazından asdılar.
Böyüklü-kiçikli o itə tüpürdülər,
it də deyəsən, bu tüpürcəklərin pis şey
olduğunu hiss etdi, nədisə, qulaqlarını sallayıb
adamlardan uzaqlaşdı.
Xəbər
düşəndə ki, Bakıda dinc adamları qıran əsgərlər,
maşınları əzib yerə yapışdıran tanklar
bu gün-sabah rayona girəcək - artıq qırğın
şəkilləri olan "Səhər" qəzeti oralara
da gəlib çıxmışdı, - adamlar vəlvələyə
düşdü. Dünənə qədər itə
tüpürüb söyənlər elə bildi, rayonda əsgərlərin
gözü birinci qurğuşun lövhəni tutacaq,
başlayacaqlar qabaqlarına çıxanı güllələməyə.
Məsləhətləşib o lövhəni itin boynundan
çıxarmaq qərarına gəldilər və it bu dəfə
dalınca daha çox adamın gəldiyini görəndə
hürkməyilə yerindən götürülməyi bir
oldu. Qaçdılar dalınca və həyatı boyu
qaçmadığı bir sürətlə adamlardan xeyli
uzaqlaşan it axırda nöqtəyə dönüb yox oldu.
Onu son dəfə görənlərin dediyinə görə,
boynunda lövhə İranla sərhəd kəndlərin
birində hərlənirmiş, sərhədi keçdiyini deyənlər
də varıydı. (Məftillərin
qırıldığı, o taylı-bu taylı camaatın
rahatca o tərəf-bu tərəfə keçdiyi vaxtlar idi).
Sərhədyanı
evlərdə yaşayanlara bərk-bərk
tapşırmışdılar ki, iti görsələr, tutub
lövhəni boğazından çıxarsınlar, tuta bilməsələr,
daşla vurub öldürsünlər, lövhəni isə
çaya atsınlar. "Eybi yox, Allah bizi
bağışlayar. Camaatı qırğına verəsi deyilik
ki," - ağsaqqallar günah məsələsini belə
çözmüşdü. Hətta sərhədyanı kəndlərdə
yaşayanlar ordu gələnə qədər əllərində
fənər növbəylə gecələr gözətçilik
etdilər.
Həmin
vaxtlar məktəbin yarımqaranlıq zirzəmisinə
yığışmış rayon cəbhəçilərisə
"İndi biz neyniyək?" sualına cavab
axtarırdı.
Tarix
müəllimi Telman "Mütləq qisas
almalıyıq" deyən Nazimə heç cürə
başa sala bilmirdi ki, silahsız, texnikasız rus ordusunun
qabağına çıxmaq axmaqlıqdı. Nazimsə
öz dediyindən əl çəkmirdi:
- Telman məllim,
ruslar sözsüz, rayona gecə əsas yolla girəcəklər.
Bizdə plan belədi, ordu fermaların yanından keçəndə,
Rüstəmlə mən neft dolu butulkaların başına əski
keçirib, əskini yandırıb atırıq BTR-lərin
üstünə. BTR yanan kimi, ordan çıxan əsgərlərdən
ikisini-üçünü vurub qaçırıq meşəyə.
Meşəni də yaxşı bilirsiz, fermalara az qala
bitişikdi, yəni tez qaçıb gizlənmək olar, ordan
da qaçırıq Qırxbulağa, xalamgilə.
- Ora
qaçırıq, bura qaçırıq, elə bil kino
danışırsan bizə. A kişi, nəynən
vurassız əsgərləri? Babandan qalan ov tüfəngiynən?
Yaxşı, lap tutaq ki, dəqiq nişan aldız, ruslardan
ikisini yox, lap beşini öldürdüz. Bəs o biri BTR-dəki
əsgərlər durub tamaşa eliyəcək sizə? A
kişi, tanklardan biri çönüb sizə elə bircə
dənə mərmi atsa, heç tikəniz ələ gəlməz.
Məllim,
siz elə deyirsiz, elə bil uşağıq-zadıx. Dünən
gecə Rüstəmlə ora gedib hamısını yüz dəfə
ölçüb-biçmişik, fermanın damından yerə
hoppanıb meşədə gizlənmək cəmi on
üç-on dörd saniyə eliyir, yəni buna qədər
hesablamışıq.
- Ay Nazim,
Telman məllim dedi axı, sizdəki snayper tüfəngi deyil
e, Nikolaydan qalma ov tüfəngidi, - başqa cəbhəçi
söhbətə qoşuldu. - Gecə vaxtı,
göz-gözü görməyəndə, sən neft
butulkasıynan BTR partladassan, dalınca dayandoldurumla əsgər
öldürəssən, sonra qaranlıqda meşəyə,
ordan da kəndə qaçassan, hə? Ağ eləmə də
tay.
Bayaqdan o
birilərə qulaq asan Rüstəm qəfil dilləndi:
- Telman məllim,
indi deyirsiz biz yəni o qədər axmağıq? Birincisi,
qaranlıqda güllə atmağa tankların, BTR-lərin
işığı bəs edər bizə. İkincisi, meşəyə
qaçıb ordan kəndə getməkçün fənərimiz
də var.
Bu dəfə
o biriləri yenə başladılar: ağlınızı
başınıza yığın, əl çəkin axmaq
fikirlərinizdən, camaatı boş yerə
qırğına verib cəbhənin adını ləkələməyin.
Nazim Telman müəllimə etiraz elədi ki, bəs o vaxt dərsdə
bizə qəhrəmanlıqdan, Babəkdən, Koroğludan
danışırdız, nə oldu bəs, qisas əvəzinə,
deyirsiz, əl-qolumuzu yanımıza salaq, heç nə eləmiyək.
Cavabında Telman müəllim dedi ki, a kişi, qisas
almaqçün sənin heç olmasa, avtomatın, qumbaran,
tankın olmalıdı, yoxsa ov tüfəngiylə...
20 Yanvara
qədər Telman müəllimin Kommunist partiyasından
çıxmaq haqda yazdığı ərizələri
büro qəbul eləməmişdi, demişdilər tələsmə,
get evdə otur, yaxşı-yaxşı fikirləş, atanla
da məsləhətləş, gör o, nə deyir.
Vaxtilə
rayon partiya komitəsində təlimatçıdan ikinci katib
vəzifəsinə qədər gedib çıxan atası -
rayonun fəal və fanatik kommunisti Qəmbər kişi
oğlunun bu niyyətindən xəbər tutanda xeyli
danlamışdı onu. "Başın xarab olub? Partiyadan
çıxmaq nədi? Görərsən, Qarbaçov zəlil
qalmışı gec-tez devirəjəhlər, təzə rəhbər
gəlib nətəhər lazımdı, ölkədə
qayda-qanun yaradajax. Ona görə təcili bu axmaq fikri rədd
elə başından getsin".
Cəbhəçilərin
nəticəsiz bitən iclasının səhərisi Telman
müəllim atasının "Mayak" radiosuna qulaq
asmasını görəndə cin vurdu təpəsinə:
- Ay
kişi, bu qədər həngamədən sonra sən
utanmm... - özünü güclə saxladı, - yenə
ruslara qulaq asırsan? - deyib radionu söndürdü.
Qəfil
yumruğunu masaya vuran Qəmbər kişi ayağa qalxdı:
- Utanmaz
özünsən! Əlimin içindən gəlir! Bunun
dediyi sözə bir bax hələ! - qıpqırmızı
qızardı.
- Demədim
o sözü! Şər atma! Gördün ki, özümü
saxladım. Yaxşı, lap deyək qələt elədim. Bəs
sən başa düşmək istəmirsən ki, indi Mirzə
Xəzərə qulaq asmaq lazımdı, "Mayak"a yox!
"Mayak"ın dövrü getdi, ay kişi.
- Getmədi!
- Getdi!
Özü də həmişəlik getdi. Bir az da bu ürəkdə
rusa nifrət əkmək lazımdı! Tək erməniynən
iş qurtarmır, - düz atasının gözlərinin
içinə baxıb barmağıyla onun sinəsini döyəclədi.
-
Özüm bilərəm kimə nifrət eliyərəm! -
oğlunun əlini itələdi. - Bunun sinəmə
vurmağına bir bax! Ən böyük nifrətə ləyax
elə sənin xalq cəbhəndi! O boyda devlət guya sənin,
ya mənim nifrət eləməyimnən buralardan
çıxıb gedəjəh. Yuxunda görərsən.
- Eeh,
onsuz da xeyri yoxdu, - Telman müəllim başını
bulayıb o biri otağa keçdi. Atası isə artıq
xoda düşmüşdü:
- İndi
guya bunlar qəhrəmandılar! Zırt. Kurskda, Stalinqradda
nemesin belini qıran rusu udajaxlar. Tarix müəllimisən,
ensiklapediyanı aç, Karib böhranını bir də oxu!
Rus altmış ikidə raketlərini gətirib Amerikanın
qulağının dibində yerləşdirəndə,
Kennedi fil qulağında...
"Karib
böhranını bir də oxu" sözləri Telman müəllimin
qulağına çatanda, o dəqiqə bildi söhbət nədən
gedəcək, əlləriylə qulaqlarını bərk-bərk
qapadı. Atası da o biri otaqdan bunu hiss edirmiş kimi,
acığa səsini bir az da qaldırdı. Onda oğlu
başladı barmaqlarıyla tez-tez qulaqlarını
sıxıb buraxmağa, sözlər
qırıq-qırıq səslər, hecalar şəklində
gəlib çatdı ona. Bu səslərdən bezib əllərini
yanına salanda, atası artıq Kubada Sovet raketlərini yerbəyer
eləmişdi.
- ...Rusun
qorxusundan amerikanlar bir də ora burunnarını soxmadı.
İndi deyirsən, sənin dılğır cəbhən rusa
qalib gələjəh?! Yuxunda görərsən. Bir də,
adam naşükür olmaz. Yaxşı bilirsən, hər
rayonda, hər kənddə məktəb tikən, xalqa pulsuz...
Çarpayıda
oturan Telman müəllim başını əllərinin
arasına alıb fikrə getdi.
"Dəhşətdi e. Başa da düşmək
olmur, ordu Bakıda daha nələr eləməliydi ki, bu adam
Sovet hökumətinə nifrət eləsin? Evlərə girib
arvad-uşağı qırmalıydı? Onda da xalq cəbhəsini
günahlandıracaqdı ki, sizinkilər şəhərdə
barrikada qurmasaydı, ordu camaatı qırmazdı".
Atasıyla Nazimin fikirləri arasında bu qədər fərqin
olmasından dəhşətə gəlirdi cəbhəçi,
heç cürə qəbul edə bilmirdi bunu. "Biri neft
butulkasıyla tankın qabağına çıxır. Biri də
tankla dinc adamları əzən orduya az qala haqq
qazandırır".
Atasının
hələ də SSRİ-ni tərifləməsindən bezən
Telman müəllim o biri otaqdan qışqırdı:
- Sən
partbiletini bərk-bərk qoru ha, gündə iki dəfə
ütülə ki, həmişə şax qalsın...
***
25 yanvar,
1990, gecə saat 3-dən sonra
Üstündə
üç əsgərin oturduğu Ztr-ə tərəf
bir-birinin dalınca başı alovlu, neftlə dolu iki
şüşə atdılar. Naziminki hədəfə dəymədən
yolun o biri tərəfinə düşüb partladı,
Rüstəminkinin alovu hələ havadaykən
söndüyündən (tələsik, alov hələ
şölələnməmiş atmışdı), ztr-in təkərinə
dəysə də, partlayış, yanğın baş vermədi.
Ztr-in üstündəki əsgərlər dərhal fermalar tərəfə
avtomatlardan aramsız atəş açmağa başladı.
Əsgərlərə güllə atmaq yaddan
çıxdı və cəbhəçilər əllərində
tüfəng, fənər damdan yerə tullanıb
götürüldülər meşəyə sarı. Az sonra
qabaqda gedən tank havaya iki mərmi atdı.
Bu səslər
rayona gəlib çatanda itlər səs-səsə verib
hürüşdü. Hövlnak küçəyə
çıxan kişilər bir-birindən "Görən,
atan kimlərdi?" - soruşdular, bəs ermənilər olsa
neyniyəcəyik? mənasını verən çarəsiz-qorxaq
baxışlarıyla bir-birinə baxdılar. O birilərə
nisbətən özünü toxtaq aparan Sovet ordusunun tank
mexanik-sürücüsü Seyfəl əlini havada yelləyib
dedi: "Narahat olmuyun, ruslardı, iki dəfə tankdan
atdılar, ermənilərdə tank nə gəzir" (O vaxt
hələ ermənilərdə tank yox idi). O birilər bu
cavabdan rahatlansalar da, işıqçı Abbas
narazı-narazı başını yelləyib dedi:
"Yaxşı, ruslardısa, tankdan niyə atsınlar?
Axı onlara güllə atan olmadı?". Seyfəl onu sakitləşdirməkçün
dedi ki, narahat olma, ordu heç kimə heç nə eliyəsi
deyil, eləcə komendantlıq yaradıb rayona, bir də,
çox güman, İranla sərhədə nəzarət edəcəklər,
vəssalam. İşıqçı Abbas başını
bulayıb etiraz elədi: "Sən hələ də
bunları indiyə qədər tanımırsansa, tay onda sənə
sözüm yoxdu". İtlərsə hələ də
hürürdü. Səksəkə içində öz evinə
gedən kişilərin çoxu ürəklərində
özlərinə bu sualı verdi: "Görən, o it indi
hardadı?".
Telman
müəllim cəbhə yoldaşlarına zəng edib tələsik
dedi ki, ruslar rayona girirlər, çox güman sabah səhərdən
cəbhəçiləri bir-bir tutub içəri basacaqlar.
Sonda hamısına yaxın kəndlərə, rayonlara
qaçıb bir müddət qohum-tanışlarının
evlərində gizlənməyi tapşırdı. Nazimlə
Rüstəmin evlərində olmadığını biləndə,
üstəlik, telefonda vahimə-ağlaşma səslərini
eşidəndə, ürəyində hər ikisini
söydü: "Əclaflar, axırı istədiyinizi elədiz
də". Sonra arvadının qulağına nəsə
pıçıldayıb evdən çıxdı...
Nəhayət,
fermalardan sonra beş kilometr yol gedib rayon mərkəzinə
daxil olan tanklar, Ztr-lər yan-yana dayanmış iki beşmərtəbəli
binanın yanından keçdilər. Evlərin çoxunda
işıqlar keçiriliydi, adamlar pəncərəyə
yaxınlaşmağa qorxurdu, bəzilərisə pərdəni
azca aralayıb qorxa-qorxa yola boylanırdı.
Hərbi
kolon bir qədər də yol gedib ikimərtəbəli həyət
evinin qabağında dayandı. Çölə
tökülüşən əsgərlər siqaret
yandırıb öz aralarında söhbət eləməyə
başladılar. Əsgərlərdən biri o birinə Ay
işığı altında görünən başı
qarlı dağı göstərib dedi: "Krasota"
(gözəllik). Filtrsiz "Prima" siqaretini həvəslə
sümürən əsgər razıyam mənasında
başını tərpədən anda, hamısı qəfil
gur səsə tərəf boylandı.
- Da
zdravstvuyet velikiy russkiy narod!!! (Yaşasın böyük rus
xalqı!!!) - pəncərədən çölə
çıxan bir yumruq havada yelləndi.
Elə həmin
an arxadan uzanan başqa bir əl onun ağzını yumub
içəri dartdı. Əlini tapançasının
üstünə qoyan komandir, dərhal
kalaşnikovlarını döyüşə hazır vəziyyətinə
gətirən əsgərlər səs gələn tərəfə
gözlərini zillədilər. Kəşfiyyatçı
zabit başıyla "bəlkə, ora getmək
lazımdı?" işarəsini verdi, əlini hələ də
tapançasından çəkməyən komandir sakitcə
"Ne nado" (lazım deyil), - dedi, səsin sahibindən
onlara ziyan gəlməyəcəyini fəhmiylə hiss elədi.
Nəhayət, ortancıl oğlundan qurtulub çölə
çıxan Qəmbər kişi yüyrək addımlarla
komandirə yaxınlaşıb onunla, əsgərlərlə
yüz ilin tanışları kimi ərklə, isti-isti
görüşdü, hamısına rusca "Rayonumuza xoş
gəlmisiz" - dedi. Tanklardan birinə yaxınlaşıb əliylə
lüləsini sığalladı, uğrunda
döyüşdüyü "devlətin"
gücünü hiss elədi, sanki bütün bədəni
sevincdən-həyəcandan gizildədi və bu hissdən
doymadı elə bil, əliylə iki dəfə tankın
gövdəsinə vurdu.
- Hə,
başa düşdüm, siz Böyük Vətən
müharibəsi iştirakçısınız, - təəccüb
qarışıq maraqla veterana baxan komandir dilləndi.
- Elədir
ki var, yoldaş komandir. Müharibə haqda mən sizə sonra
danışacam, - bunları deyə-deyə müharibə
veteranı hələ də ehtiraslı
baxışlarını tankdan çəkəmmirdi.
-
T-64-dü, şəhər döyüşləri
üçündü, - komandir müharibə
veteranının tanka sevgi hisslərini
bölüşürmüş kimi gülümsədi.
- Bilirəm.
Bizim vaxtda T-34-ləriydi, - Qəmbər kişi şagird
müəllimə cavab verən kimi sevincək dilləndi.
Qocaya,
sanki başqa planetdən gəlmiş adam kimi baxan əsgərlər
artıq əllərini tətikdən çəkmişdi, onu
ziyansız, az qala doğma adam hesab edirdilər.
- Nə
atışmaydı? - gözlərini qıyan Qəmbər
kişi qəfil soruşdu.
-
Uşaq-muşaqlar idi, deyəsən, bizi qorxutmaq istəyirdilər,
- komandir gülə-gülə əlini yellədi.
- Erməniləriydi,
yoxsa bizimkilər? - veteran gözlərini qıydı.
- Gecə
çətindi onu bilmək. Amma narahat olmayın, atacan (batya),
bunu tezliklə biləcəyik.
-
İtkilər olmadı? - Qəmbər kişi həyəcanla
soruşdu.
- Əlbəttə,
yox. Dedim axı, hədəfə dəymədilər.
- Hə,
lap yaxşı.
Qəfil
veteranın özünə də bir təhər gəldi
Sovet ordusuna bu cür can yandırmağı: həmin anda
baş verən atışmada öz yerlilərindən kiminsə,
ən əsas da Telmanın gülləyə tuş gələ
biləcəyi ağlından keçdi. Xalq Cəbhəsinə
nifrət eləsə də, onlara lağ eləsə də, rayon
cəbhəçilərindən birinin belə,
ölümünə qıymırdı. Ağır
texnikanın yaratdığı vahiməydi, həyəcanıydı,
ya bu səhnə ona döyüş illərini
xatırlatdırdı, nə idisə, pis fikirləri dərhal
beynindən qovan Qəmbər kişi əvvəlki ovqata
qayıtdı:
-
Yoldaş komandir, yəqin, razılaşarsız ki,
Dağlıq Qarabağda qayda-qanun yaratmaq lazımdı, əsas
da erməniləri yerində oturtmaq lazımdı.
- Yerində
oturdacayıq, erməniləri də... - komandir bir anlıq
fasilə verdi, Qəmbər kişiyə baxıb bic-bic
gülümsəyərək əlavə elədi: - erməni
olmayanları da.
"İ
ne armyan" (erməni olmayanları da) sözlərindən
sonra komandir özü də, əsgərlər də Qəmbər
kişiyə baxıb gülüşdülər, veteran da
onlara qoşuldu.
-
Yoldaş komandir, - Qəmbər kişi vacib bir məsələni
deməyə hazırlaşdığını
çatdırmaqçün yenə qəfil gözlərini
qıydı, - bu günlərdə rayonumuzda əsgərlərin
qabağına bir it çıxa bilər, boynundan
Qarbaçov yazılmış lövhə asılıb. Xəbəriniz
olsun, bunu ermənilər edib, Bakıdakı hadisələrdən
sonra dərhal qonşu rayonda, Hadrutda yaşayan ermənilər,
- əliylə rayonun istiqamətini göstərdi, - o iti gecəylə
biz tərəfə göndəriblər. İstəyirlər
Sovet ordusunun əliylə bizim rayonda qırğın törətsinlər.
Dedim, yəni biləsiz ki, bu, ermənilərin
provakasiyasıdı. Çox xahiş edirəm...
- Onu da
araşdırarıq, - komandir tələsik qol saatına
baxdı.
Qəmbər
kişi bayaqdan ağlında tutduğu hadisəni, - almanlarla
döyüşə-döyüşə Xarkovun Staroverovka kəndini
azad edəndə, yerli camaatın bir alayı soyutma kartof və
salayla yedirməsini danışmağa başlayanda, komandir
"Biz artıq getməliyik," - dedi, veteranın əlini
sıxıb komendantlıq rayonda qayda-qanun yaradandan sonra
mütləq onunla görüşüb müharibə xatirələrinə
qulaq asacağına söz verdi.
Veteran toz
qaldıran, tırtıl, motor səsi ətrafa yayılan
tankların, ztr-lərin dalınca bir xeyli baxıb dilləndi:
"Düz deyir, bunlar hər şeyi yoluna qoyajaxlar".
***
27 yanvar,
1990
Moskvadan gələn
müstəntiq Telman müəllimi milis idarəsinin zirzəmisində
sorğu-suala tutmuşdu...
Ona qədər
Qəmbər kişi komendantla görüşüb
demişdi, oğlu bir səhv edib Sovet hökumətinə
qarşı çıxıb, yalvar-yaxar eləmişdi ki, lap
beş il iş versinlər, amma ondan artıq olmasın, bir də,
cəzasını Moskvada yox, Bakıda çəksin. Komendant
da veteranı sakitləşdirmişdi: "Narahat olma, beş
ili ağlına belə gətirmə, uzağı, iki il verəcəklər,
əsas odu, oğluna başa sal Nazimlə Rüstəmin gizləndiyi
yeri desin".
- ...Xalq Cəbhəsinin
rayonda neçə üzvü var? - müstəntiqin ilk
sualı bu oldu.
- Doqquz.
-
Adlarını, soyadlarını yaza bilərsiz? - masanın
üstündəki vərəqi və qələmi Telman
müəllimə tərəf itələdi.
-
Heç nə yazmayacam, - müstəntiqlə üz-üzə
gəlməsin deyə, başını aşağı
saldı.
- Rüstəmlə
Nazim hardadırlar? Onların soyadlarını yazın, zəhmət
olmasa.
"Pajaluysta
e". Belə də müstəntiq olar?".
- Mən
heç nə yazmayacam. - başını yellədi Telman
müəllim.
- Siz
başa düşmək istəmirsiz ki, onlar ictimai asayişi
pozublar, buna görə lazım olan cəzalarını
almalıdırlar.
- Onlar...
Biz istəmirdik... - davamını demək istəmirəm mənasında
narazı-narazı sağ əlini yellədi.
- Nəyi
istəmirdiz? - müstəntiq diqqətlə ona baxdı.
-
Heç, - Telman müəllim başını buladı.
-
Yaxşı, Sovet ordusuna qarşı müqavimət haqda Xalq
Cəbhəsinin rayon şöbəsinin qərarı olubmu? Ya
bununla bağlı siz Bakıdan təlimat almısınız?
- Yox.
Müstəntiq
ayağa durub gəzişməyə başladı, əllərini
şaqqıldatdı.
- Biz istəmirdik
uşaqlar güllə atsınlar.
- Yəni
onlar heç kimdən təlimat almadan əsgərlərə
atəş açıblar?
- Bəli.
- Bəlkə,
elə bu barədə bir izahat yazasınız?
- Mən
heç nə yazmayacam.
- Düz
eliyəcəksən.
- Nə?
- Telman müəllim çaşqın halda müstəntiqə
baxdı.
- Bilirsən,
mən əslən haradanam? - müstəntiq qəfil ona tərəf
əyilib pıçıldadı.
- Siz
yüz faiz Ukraynadansız. - müstəntiqin "q" hərfini
"ğ" kimi tələffüz etməsindən bildi onun
haralı olduğunu, əsgərlikdə ukraynalılarla bir
yerdə xidmət eləmişdi Telman müəllim.
-
Düzdü, İvano-Frankovskidən, Qərbi Ukraynadan. Bizim də
bu dövlətdən zəhləmiz gedir. Mənim babam, nənəm,
böyük dayım otuzuncu illərdə aclıqdan
ölüblər. Ona görə bu zibil dövləti görməyə
gözüm yoxdu. Narahat olma, sən uzağı burda bir ay
qalacaqsan, çalışacam üstündə heç bir
maddə olmasın. Onu bil ki, ordu bu rayona girəndə
heç atışma da olmayıb, sizinkilər fermalar tərəfdən
partlayıcı şüşələr atıblar, onlar da hədəfə
dəyməyib və əsas odur, ölən və yaralanan
yoxdu, - bunları pıçıltıyla dedi. - Sən onda belə
elə, götür vərəqi, bir izahat yaz ki, həmin
adamlar, Nazim, Rüstəm, soyadlarını da yaz, Azərbaycanın
uzaq bir rayonuna qaçıblar, özün bir rayon adı
fikirləş tap. Yaz ki, indiyə qədər səninlə
heç bir əlaqə saxlamayıblar. Mən sənin
yazdığın izahatdan sonra Moskvayla əlaqə saxlayacam,
onlar da sənin izahatda yazacağın rayonun prokurorluğuna
cinayət-axtarış tədbirləriylə bağlı təlimat
verəcəklər. Aydın məsələdi ki, o cəbhəçiləri
həmin rayonda tapa bilməyəcəklər. Mən sonra
Moskvayla bir də əlaqə saxlayıb deyəcəm ki,
öz kanallarımla yoxlamışam, o cəbhəçilər
çox güman Azərbaycan ərazisini tərk edib İrana
qaçıblar. Hə, planımız necədi?
Müstəntiqin
üzünə matdım-matdım baxan cəbhəçi elə
bil yuxu görürdü, inanmırdı eşitdiklərinə.
Birdən ayılan kimi oldu. "Bəlkə, KQB üsuluyla məni
tora salmaq istəyir? Nə olsun Ukraynadandı. Heç
inanmıram Moskvadan gələn müstəntiq üstümə
maddə yapışdırmamış buraxsın məni.
Ay-hay. Elə bilir uşağam-zadam bununçün".
Sonda
Telman müəllim əşi, nə olar, olar məntiqiylə
həmin izahatı imla kimi yazıb verdi müstəntiqə,
rayon adı kimi Qazaxı göstərdi. O biri günlər nə
KQB üsuluyla onu ələ almaqçün cəhdlər elədilər,
nə də dustaq saxlandığı milis idarəsinin zirzəmisində
döyüb həmin cəbhəçilərlə
bağlı məlumat qopartmaq istədilər və bir aydan
sonra onu evə buraxdılar...
Hələ
həbs olunmamışdan əvvəl əsgərlər Telman
müəllimin ikimərtəbəli evinə girib otaqların
hamısını ələk-vələk eləmişdilər,
çarpayıların altına qədər girib
baxmışdılar. Arvadı on dəqiqə əvvəl
altı yaşlı oğluyla beş yaşlı
qızına, "vayennilər" içəri girəndə,
üzlərini divara tərəf çevirmələrini,
gözlərini yummalarını bərk-bərk
tapşırmışdı.
Üç
əsgərlə bir zabit uşaqlar olan otağa girəndə,
cəbhəçinin oğlu çarpayıda üzü
divara sarı, nəfəsini yavaş-yavaş alıb verirdi.
Eyni zamanda heç olmasa, bircə dəfə gözlərini
qıyıb əsgərləri görmək istəyirdi. Guya
qeyri-ixtiyari arxası üstə çevrildi, həyəcandan
yumulu gözlərini tez-tez qırpmağa başladı.
Bacısı isə şirin yuxudaydı. Oğlan nəhayət,
gözlərini azca araladı, əsgərləri, komandiri
çiyinlərindən asılan avtomatlarıyla bir yerdə
gördü, görən kimi yenə gözlərini bərk-bərk
yumub aramsız qırpdı. Yaxınlaşan addım səslərindən
sonra dodaqlarını da bərk-bərk sıxıb nəfəsini
kəsdi. Qırmızıburun, kök zabit başının
üstündə dayanıb xısın-xısın güləndə,
onu boğan havasızlıqdan qurtulmaqçün tez-tez nəfəs
almağa başladı, gözlərini açdı. "Nu
çto, malış, ni spitsya tebe?" (Hə, balaca, yuxun gəlmir?)
- komandir başını ona tərəf əyib gülə-gülə
soruşdu. Guya yuxudan oyanırmış kimi oğlan qəfil
durub yerində oturdu, gözlərini ovxaladı. Birdən ona
elə gəldi ki, əsgərlər onu da, bacısını
da, dalınca aşağı düşüb anasını da
güllələyəcəklər. Vahimə içində
ona qəribə-qəribə baxan komandirə
fısıldaya-fısıldaya yatan bacısını göstərib
ana dilində dilləndi: "O ölüb". Zabit elə
bildi, uşaq "O yatır" - deyir, başını tərpədib
"Pust spit. Tı toje spi" (Qoy yatsın, Sən də yat)
- deyib tələsik əsgərlərlə bir yerdə otaqdan
çıxdı...
***
1991, 19 avqust
Nəhayət,
Qəmbər kişinin həsrətlə gözlədiyi
gün gəlib çıxdı, SSRİ-ni diriltmək istəyənlər
Qorbaçovu devirib ölkədə fövqəladə vəziyyət
elan elədilər, televizorla da xalqa dedilər ki, bu gündən
mitinqlərə son qoyulur, ölkədə qayda-qanun
yaradılır.
Həmin
gün Qəmbər kişi səhər doqquzdan axşam yeddiyə
qədər televizorun, radionun qabağından çəkilmədi,
arada əlləri belində şəstlə otaqda o baş-bu
başa gəzə-gəzə, özü-özüylə
danışa-danışa hər şeyin yaxşı
olacağına inandı.
Axşamüstü
parkda başlarına ağ panama qoymuş qalib ədalı
veteran dostlarıyla son hadisələri domino oynaya-oynaya bir
xeyli müzakirə elədilər və hər dəfə
domino daşlarını zərblə masaya çırpanda,
"şapp!" səsindən dərhal sonra hamısı
"Düzələjəh!" - dedi. "Şapp" səsiylə
"Düzələjəh", sanki hansısa şeirin nəqarəti
kimi səsləndi. Sevinənlər, gizlincə bayram edənlər,
yeni Stalin həsrətində olanlar arasında kolxoz, sovxoz sədrləri,
məktəb direktorları, müəllimlər də
varıydı. Cəbhəçi qohumlarına barmaq silkələyənlər
də oldu: "Oturun yerinizdə ha. Ta sizin
dövranınız getdi".
Gecə
yerinə girən Qəmbər kişini qəfil həyəcan
bürüdü, özünə sual verdi: "Görən,
Amerika təzə hökumətlə nağayrajax?"
Cürbəcür ssenarilər qurdu beynində, nüvə
müharibəsinə gedib çıxanda, yenə Karib
böhranı yadına düşdü. Tezcə də cavab
tapdı: "Qələt eliyəllər. Göttəri
çatmaz e".
Ertəsi
gün SSRİ-nin təzə başçısı Yanayevin,
dünyanın gözü qarşısında xarici jurnalistlərin
suallarına cavab verə-verə əllərinin əsməsi
Qəmbər kişini xoflandırsa da, Telmanın "Ora bax,
dostunun əlləri əsir" deməyinə guya
soyuqqanlı reaksiya verdi:
- Həyəcandandı,
keçib gedəjəh. O boyda məsuliyyətin altına girmək
saa asan gəlməsin e, - əsəbdən sağ dirsəyini
qaşıya-qaşıya tez söhbəti başqa tərəfə
yönəltdi. - Bura bax, yadında, deyirdim
başıxallını devirəjəhlər.
İnanmırdın, lağnan deyirdin get partbiletini ütülə.
Gördün, axırda mən deyən oldu. İndi sənin
ajığına gedib ütülüyəjəm biletimi, - həyəcanı
bilinməsin deyə, süni qəhqəhəylə
güldü. - Özü də bundan sonra dilini farağat qoy,
otur yerində. İnan maa, səni bir də tutsalar, təzə
gələn komendanta ağız açmıyajam ha.
İki
gün sonra Yeltsin tərəfdarlarıyla bir yerdə qiyamçıların
hamısını həbs elədi. Kremlə qayıdan
Qorbaçov üç-dörd ay Kremldə başını
girləsə də, gördü artıq idarə edəmmir,
istefa verib dövləti göndərdi tarixin arxivinə.
Kül rəngi
alan Qəmbər kişi əməlli-başlı depressiyaya
düşdü, evdə bir də siyasətdən söz salmadı,
xeyli müddət televizora, radioya yaxın durmadı,
günün çoxunu həyətdəki ağacların
dibini belləyib sulamaqla keçirdi.
Artıq
cəbhədə ağır döyüşlərin getdiyi,
özünü dünyaya demokratik ölkə kimi tanıdan
federativ imperiyanın hər iki tərəfə silah-texnikanı
bol-bol verdiyi, arabir ucuz satdığı vaxtlar idi. Gah ermənilər
hücum edib haranısa alırdı, gah da bizimkilər əks-hücuma
keçib işğal olunan yerləri geri qaytarırdı.
"Gül kimi devləti" dağıdanları söyən
müharibə veteranı nə SSRİ-nin dirilməsinə, nə
də Qarabağ məsələsinin həllinə ümid
edirdi.
...Doqquz
maya iki gün qalmış həmişəki kimi Qəmbər
kişinin kefi açıldı, orden-medallarını
taxacağı pencəyini, ağ köynəyini, qara qalstukunu
gəlininə ütülətdirdi. Yenə bayram günü
parkda veteran dostlarıyla görüşüb domino
oynaya-oynaya döyüş xatirələrinə baş
vuracaqdılar, Stalini tərifləyib, Qorbaçovu söyəcəkdilər.
Mayın
səkkizi səhər həyətdə meyvə
ağaclarını sulayan Qəmbər kişinin yadına yenə
müharibənin son günləri
düşmüşdü...
Xidmət
elədiyi rota qırx beşin aprelində döyüşə-döyüşə
Haydelberq şəhərinə daxil olmuşdu. Komandanlıq
ayların, illərin şəhvətindən əzab çəkən
Sovet əsgərlərinə alman qadınlarını,
qızlarını zorlamaq ixtiyarını vermişdi. Onlar da
bundan gen-bol istifadə edirdilər: tək-tək, qrup
halında küçədə tutduqlarını elə orda,
istədiklərini tapmayanda, evlərə girib
zorlayırdılar. Müqavimət göstərənləri
sillə-təpiyin altına salır, saçlarından tutub
yerlə sürüyürdülər, gücləri
çatmayanda hikkədən, qəzəbdən bir gülləylə
o dünyalıq elədikləri də olurdu.
Qəmbər
yarıuçuq evlərdən birinə girəndə
qabağına çıxan ortayaşlı,
sarısaçlı bir qadın qarşısında diz
çöküb yalvarmışdı ki, onu zorlamasın.
Alman dilində yeddi-səkkiz söz bilən Qəmbər
qadının nə demək istədiyini gözlərindəki
dəhşətli qorxudan anlamışdı, rusca "Yemək
istəyirəm" demişdi, qadının
çaşqın halda "Was?... Was?" (Nə?... nə?)
deməsindən sonra barmağıyla ağzının
içini göstərmişdi. Sevincək mətbəxə
qaçan alman qadını qara çörək, kolbasa, zirzəmiyə
enib ordan bir şüşə qırmızı
çaxır gətirmişdi...
Sonra
kirli-paslı, barıt qoxulu əsgəri soyundurub hamamda
yaxşıca çimizdirmişdi, Qəmbərin bir aylıq
yorğunluğu bədənindən
çıxmışdı...
O vaxtdan
bu yana hər dəfə doqquz may öncəsi
zorlanmadığına görə sevinən qadının
qaça-qaça mətbəxə gedib gətirdiyi kolbasayla
qara çörəyi acgözlüklə yeməyini, iki
fincan çaxırı başına çəkməyini,
hamamda ağ, yumşaq əllərin onun ora-burasını bərk-bərk,
bəzi yerlərini nəvazişlə sürtə-sürtə
kirdən təmizləməsini, lap axırda
çarpayıdakı sevişmələrini kinolent kimi beynində
fırladan müharibə veteranı bundan xeyli
xoşallanırdı.
Elə
indi də "Görən, sağdı? Görən, o vaxt məndən
uşağa qalmadı?" suallarına bundan sonra çətin
ki, cavab tapacağını bilə-bilə, yenə o
sualları özünə verəndə, dəhşətli
partlayış səsinə diksindi. Qrad mərmisi yeddi məhəllə
aşağıdakı evin həyətinə
düşmüşdü...
1994-cü ilin yanvarı
Artıq
"gül kimi devlətin" balası bütün
gücüylə ermənilərə kömək edirdi.
Çadır düşərgəsində yaşayan,
Qırmızı Xaçın, Qızıl Ayparanın
hesabına dadsız yeməklər yeməkdən
arıqlayıb ovurdu ovurduna yapışan, hələ də
keçmiş vaxtların xiffətini çəkən
müharibə veteranı yana-yana deyirdi: "Ehh, vaxtında
qeyrətli bir oğlan qabağa çıxıb
Qorbaçovun təpəsinə bircə güllə
çaxsaydı...".
P.S. Sovet
ordusu rayona girəndən sonra, orda-burda
danışırdılar ki, o it qayıtmasa, İran hökuməti
gec-tez boynundan asılan lövhəylə bir yerdə itin
şəklini çəkib Moskvaya göndərəcək,
Qorbaçov da bundan xəbər tutub qəzəblənəcək,
bunu edənləri tapıb cəzalandıracaq. Rayon
işğal olunandan sonra o itin harda itib-batdığı bilinmədi.
4 oktyabr
2017 - 11 yanvar 2019
Bakı
Alpay Azər
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.10-12.