"Ustad" dərsləri

 

Üçüncü minilliyin ədəbiyyatı

 

Üç il bundan əvvəl ölkənin məşhur kino şirkətlərindən biri mənə gündəlik teleserial üçün ssenari yazmağı təklif etmişdi. Çoxdankı arzum idi deyə, dərhal razılaşdım. Sonra isə işin şərtləri, prosesin gedişatı mənə gözləmədiyim şok pərişanlıq yaşatdı. Mən birdən-birə istedadımı, yazı bacarığımı ciddi kübar tərəfində gördüyüm ədəbiyyatdan müvəqqəti olsa (ssenari yazılışı boyunca) uzaq düşməyə məcbur olduğumu anladım. Artıq, sadəcə, böyük bir konveyerin fasiləsiz işləməyə məhkum edilmiş hissəsi idim, vəssalam. Burada mənim illərlə qazandığım imzam (hətta məhz o imzama görə məni axtarıb tapmışdılarsa belə), ədəbiyyat bilgilərim, nəsr, nəzm yazmağım əhəmiyyət daşımırdı. Hər şey şəffaf bir divarın o üzündə qalmalıydı mən bu böyük riski etdim. Etdim ki, qonorarımı toplayıb bir gün kitablar çap etdirə bilim özüm üçün. Ədəbiyyatın xatirinə ədəbiyyatdan müvəqqəti imtinam idi bu. Xəyanət deyək.

Yox, söhbəti sentimental məqamlara çəkmək fikrim yoxdur, amma edək ki, "sözün sözü çəkdiyi" yolun bütün yolçuları kimi, mən söhbətin cığırından çıxdım azacıq.

Söhbət isə ondan ibarətdir ki, mənə həmin ərəfədə ssenari yazmağın ən praktik yollarını təcili olaraq öyrənmək üçün dərslər lazım oldu. Lakin internet məkanında bircə azərbaycandilli resursa belə rast gəlmədim. yaxşı ki, rus dilini bilirmişəm. Rusca axtarış edərkən qarşımda saysız-hesabsız ssenari yazıçılıq kursları, onların video yazı mətnli saytlarını gördüm. Hələ dünyanın digər dillərindən ruscaya tərcümə etdikləri məşhur ssenaristlərlə müsahibələri demirəm. Müasir rus yazıçı ssenaristlərinin sosial şəbəkələrdəki fəaliyyəti isə əməlli-başlı həsəd hissi oyadırdı. Onlar öz ustad dərsləri üçün qruplar toplayır, dəvətlər edir, mühazirələr oxuyur, canlı efirlə seminarlar aparır, bunların hamısından da pul qazanırdılar. Disklər, kitablar, təminatları reklamları... "Axı niyə bizdə yoxdur? Niyə olmasın?" sualları eqomu incidirdi. Lakin həsədin əzabın vaxtı deyildi, işi öyrənməliydim! Beləliklə, düz iki ay ərzində gecə-gündüz sözün həqiqi mənasında ustad dərsləri aldım internetdə. sonra sakit vicdanla işlədim.

Arada bildiklərimi kitabça şəklində yazmaq istədim, videoseminarlar hazırlamağı düşündüm, gah da özüm ssenari yazı kursları açmağa qərar verdim. Hətta Lənkəranda mənə dəstək olmaq istəyənlər vardı. Lakin ssenari bitər-bitməz kitab redaktələri alırdı vaxtımı, qonorarlar kitab çapı üçün yığılıb bəs etməsə , onlardan imtina etmək lyuksum yox idi deyə, yenə ədəbiyyata həsrət qalırdım.

Hərdənbir nəfəslik kimi sosial şəbəkədəki həmkarlarıma baxanda isə onların bir-birlərinə yeri gəldi-gəlmədi "ustad" deyə müraciət etdiklərini görürdüm. Əsasən gənc istedadlar deyir belə sözləri. Özlərindən əvvəl yazmağa başlayan orta yaşlı yazarlara deyirlər. Ustad! Ustad. Ustad... Belə vaxtlarda "ustad" deyənlərin səhifələrinə baxırdım, hər baxanda bəlkə, bu dəfə "ustad dərsləri" adına bir qığılcım, gənc yazarlara mayak ola biləcək bir işıq görəcəyimə ümid edirdim. Heyhat, qarşımda "pivələdik", "xaşladıq", "quşladıq" tipli statuslardan, o statuslara aid olan fotoşəkillərdən başqa nəsə olmurdu. Hərdənbir köşə yazıları keçidləri, kitab təqdimatları fotoları, lağlağı rəylər, vəssalam. , üstəgəl "ustad" deyən gənc yazarlara yuxarıdan aşağı bir "gəl, qoşul bizə" baxışı. Elə bilirsiniz qoşulmurlar? Eh...

buradan başlayır "ustadnamə" fəsadları.

Üç il keçib.

Həmin rus yazıçıları ssenaristləri yenə internetin bütün imkanlarından yararlanaraq öz ustad dərslərini davam etdirirlər, paralel olaraq yeni kitablarını, disklərini, artıq yazıçı ssenarist kimi uğurlar qazanmağa başlayan əvvəlki tələbələrini fəxrlə təqdim edərək.

Bizdə üç il keçib.

Bizdə yazarlar yenə internetin bütün imkanlarından yararlanaraq öz vaxtlarını yazı bacarıqlarını öldürürlər, paralel olaraq vaxtlarını istedadlarını öldürməkdə uğurlar qazanmağa başlayan ardıcıllarını fəxrlə təqdim edirlər.

Süfrəbazlıq, içki, siqaret, kasıblıq, psevdonihilizm romantikası uğursuz maçoluq dərsləri ən yaxşı halda ədəbi bacarıq deqradasiyasına, ən pis halda intihar meyillərinə gətirib çıxarır.

İnanmırsınızsa, müasir ədəbiyyat məkanımızın "mürid" "mürşid"lərinin sosial şəbəkələrdəki səhifələrinə ümumiyyətlə, özlərinə baxın.

Ədəbiyyat nəhəng bir okean ikən, onun bataqlıq versiyalarını ondan kənarda yaradıb içində batmaq nəyə lazımdır axı?

Hələ bu batmağı da usta(d)ca etmək, özünü hamını aldatmaq üçündür?

O gənclərin yağış suyundan yaranmış gölməçələrdə ayaqlarını şappıldatmağı onlar üçün daha az ziyanlıdır, nəinki öz bataqlığından başqa heç yarada bilməyənlərdən "batmaq dərsləri" almağı.

Okean daha gözəldir, uşaqlar...

P.S. Bu yazını hazırladıqdan sonra xəbərləri izləyib gözəl bir məlumatla qarşılaşdım. Nəhayət ki, bizdə Yaradıcı Yazarlıq kursu açılıb. Çox sevindim. Uğurlu davamlı olsun, dostlar!

 

Cavi DAN

 

Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.13.