“Dünyaya çıxmaq üçün
əlləşən adam deyiləm...”
Yazıçı Aqil Abbasla
müsahibə
- Aqil müəllim, 70-80-ci illər
ədəbi nəslindənsiniz. O vaxt ədəbi
proses necə idi? Çap məsələsində çətinliyiniz
olurdumu?
- Həmin
vaxtlar çap olunmaq qeyri-mümkün idi. Gərək
böyük dayaqların olaydı. Arxanda nüfuzlu
şair-yazıçı durmalıydı. O zaman ədəbiyyat
özü də mafiya kimi idi. Mühitin içinə
düşmək, çap olunmaq çətin olurdu. Amma deyim
ki, o qədər də dəhşətli deyildi vəziyyət.
Çətinlik olsa da, çap oluna bilirdin. Məsələn,
"Ulduz" jurnalı gənclərə yer
ayırırdı, yeni imzaların yazıları orda çap
olunurdu. Ədəbi dərnəklər vardı, gənc
yazarları bir araya yığırdı. Yeni imzalardan ibarət
almanaxlar çap olunurdu. Gənc yazarların ilk kitabları nəşr
edilirdi. Nüsrət Kəsəmənli, Siyavuş Sərxanlı
və başqa nüfuzlu adamlar ədəbiyyata təzə gələnlərə
dəstək olurdu. Sonra Əkrəm Əylisli "Azərbaycan"
jurnalında baş redaktor oldu, gənclərə böyük
bir meydan verdi.
- Siz ilk dəfə harda çap
olundunuz?
- İlk
hekayəm "Şirinlik" "Ədəbiyyat qəzeti"ndə
çap olundu. Sabir Əhmədlinin ruhu şad olsun, bəyəndi
və məmnuniyyətlə çap elədi.
- O dövrün çətinliklərindən
danışdınız. Deyəsən, sizin də çap
probleminiz olub. "Evləri köndələn yar"
povestinizi deyirəm...
- Onun
çapı uzun çəkdi. "Evləri köndələn
yar" povestimdə Qədir Rüstəmovun obrazını
yaratmışdım. Povesti 1971-ci ildə yazmışdım.
- Bildiyimə görə, povestin təməli
dərs otağında atılıb... O povestin maraqlı
tarixçəsi olub...
- Hə,
o tarixçə belə olmuşdu... Bəxtiyar Vahabzadənin
dərsində oturmuşduq. Pəncərə açıq idi,
küçədə Qədirin səsini eşitdim. Dəftərə
"Sona bülbüllər" haqda cızma-qara elədim.
Sonra yazdığımı Bəxtiyar Vahabzadəyə verdim.
O da oxudu və çox xoşuna gəldi.
- Elə bu əsərin də
çapı baha başa gəlib...
- Elədi...
Deməli, Bəxtiyar müəllim onu aparıb verdi
"Ulduz" jurnalına. Əhməd Cəmil
"Ulduz"da işləyirdi, məni yanına
çağırdı, dedi ki, burda bıçaqlanma yeri var,
bu, komsomola yaraşmaz, gəl bu hissəni çıxardaq.
Dedim ki, bəs əsərin əsas yeri odur, onu
çıxartsam, heç nə qalmaz. Nə isə,
söz-söhbət getdi. O səhnəyə görə əsəri
çapa vermədilər.
- Sonra nə oldu bəs?
-
Yazıçı Anarla qonşu idik. O zaman heç məni
tanımırdı. Bir dəfə rastlaşdıq, nə
yazdığımla maraqlandı. Mən də bu povestdən
danışdım. Maraqlandı, dedi, ver oxuyum. Povesti oxuyub bəyənmişdi
və mənə dedi ki, bunu mütləq çap etmək
lazımdı. Ona çap problemini danışdım, dedi, həll
edərik. "Ulduz"a göndərdi, dedi, Yusif Səmədoğluya
deyəcəm çap etsinlər. Amma yenə çap
olunmadı. Mən də üstünə düşmədim.
Aradan bir az vaxt keçdi, yenə Anarla rastlaşdıq. Dedi, bəs
niyə povestin çap olunmadı. Dedim, xəbərim yoxdu. Bərk
əsəbiləşdi. Zəng elədi redaksiyaya, onlardan
bunun səbəbini soruşdu. Ardınca mənə zəng elədilər.
Dedilər ki, kim sənə deyir çap olunmayacaq. Povest
çap olunacaq, darıxma. Hə, beləcə, povest 10 il sonra
çap olundu. Amma ondan əvvəl hekayələrim
çıxmışdı.
- "Evləri köndələn
yar" sizə məşhurluq gətirdi...
- Elədi.
Bilirsiniz, cavan yaşda povest yazmaq çətin idi. Hər
cavan yazıçının povestini də çap etmirdilər.
O povestimə görə xeyli məktub gəlirdi redaksiyaya.
Poçt işçisi məktub daşımaqdan bezmişdi,
söyürdü (gülür). Demək olar ki, o məktubların
80-90 faizini oxudum. Əsas yazanlar gənclər idi. Sevgi,
romantika ab-havasında məktublar yazmışdılar. Mən
də o zaman əsəri çap etməyə imkan verməyənlərə,
mane olanlara deyirdim ki, bəs
deyirdin bu əsəri çap etsən gözdən
düşəcəksən. Nə oldu bəs? Bu oxucu rəyləri
nədi? Mən o məktubları saxlayırdım. Ağdamda
yandı getdi.
- Bu məşhurluq sizə problem
yaratmadı ki? Yəni bəzən populyarlıq qazanmaq
növbəti əsərləri yazmaqda çətinlik
yaradır...
-
Doğrudur. "Evləri köndələn yar" əsəri
çap olunandan sonra bir müddət yazmaqdan soyudum. Aylar sonra
"Ən xoşbəxt adam" povestini yazdım.
"Ulduz" jurnalında çap olundu. Bu povestdən sonra
ard-arda hekayələr və povestlər yazdım.
- Şeir də
yazmısınız... Bu, nəsr əsərlərindən əvvəl
olub, ya sonra?
- Mənim
ilk yazım nəsr olub. Elə haqqında
danışdığımız "Evləri köndələn
yar" povesti. Əsasən hekayə, povest yazmışam.
Arada şeirlər də yazmışam. Daha doğrusu,
yazmamışam, əzbərimdə olub, dost-tanışa
demişəm. Heç bir şeirimi qələmlə
yazmamışam. Dostlarımın çoxu onu kağıza
almışdı. Rasim Qaraca şeirlərimi yığıb
"Alatoran" jurnalına vermişdi. Başqa bir dostum da
"Ulduz" jurnalında məndən xəbərsiz
çap etdirmişdi. Yəni həmişə
dostlarımın sayəsində şeirlərim işıq
üzü görüb.
- Gözəl şeirləriniz
vardı. Niyə şeirlə davam eləmədiniz?
- Cavan
vaxtımın şeirləri idi. Qız aldatmaq,
qızların könlünü almaq üçün şeirə
baş qoşmuşdum (gülüşmə).
- Şair olmaq istəmədiniz demək.
Bildiyimə görə, evdə ədəbiyyatçı
olmağınızı istəmirlərmiş...
- Evdəkilər
mənim həkim olmağımı istəyirdilər. Tibb
Universitetinə sənədlərimi vermişdim. Kiçik
dayımla buraxılışa gedəndə birdən
ağlıma gəldi ki, məndən həkim olmaz, geri
qayıtdım. Sənədlərimi ədəbiyyat fakültəsinə
verdim. Evdə də bunun üstündə dava
düşdü. Amma mən ədəbiyyatı sevirdim. Ona
görə də o fakültədə oxumaq istədim.
Oxuya-oxuya da yazılar yazır, qəzetlərdə çap
olunurdum.
- Çox erkən vaxtlardan yazmağa
başlamısınız. Tez də məşhurlaşmısınız.
Hətta Komsomol mükafatını da sizə gənc
yaşlarında veriblər. O mükafata görə bir az
narazılığınız olub, deyəsən.... Onun
tarixçəsi necədi?
-
Narazılıq deyildi. Deməli, 1988-ci ildə
"Günah" adlı kitabımı təqdim etdilər
Lenin Komsomol mükafatına. Mən də o mükafatı
aldım. Mükafatı alandan sonra məndən müsahibələr
alırdılar. "Gənclər" qəzetindəki
müsahibəmdə soruşdular ki, mükafatı almağa
sevindinizmi. O zaman dedim ki, əgər bu mükafatı Ramiz
Rövşəndən, Vaqif Bayatlıdan sonra alsaydım,
çox sevinərdim. Onlar məndən istedadlı
adamlardı, necə olur ki, mən alıram, onlar almır? Bir
az da problem yaratmışdı bu sözüm.
- Aqil müəllim, sizi tanıyanlar,
dostlarınız deyir ki, o, çox koloritli, yumor dolu
insandır. Hətta İradə xanıma (yazıçı
Məmməd Arazın qızı İradə Tuncay nəzərdə
tutulur - red.) elçi getdiyinizdə rəhmətlik Məmməd
Arazla Füzuli üstündə münaqişə
düşdüyü deyilir. Necə idi o əhvalat?
- Elə
şey olmayıb. Mən bir az qabartmışam. Biz Bayat kəndindənik,
atamın da üç sevdiyi şair var: Nizami Gəncəvi,
Sabir, Səməd Vurğun. Atam bunları əzbər bilirdi.
Deyirdi ki, o biriləri sadəcə şeir yazıb. Onun
üçün göydən gələn üç şair
var idi, vəssalam. Deməli, elçilikdə də Füzuli
söhbəti düşdü. Bir az mübahisə yarandı.
Məmməd Araz da dedi ki, məndən qız almağa gəlmisiniz,
yoxsa dava eləməyə? (gülür). Yəni sözündən belə
çıxdı ki, mənlə ədəbiyyat davası eləyirsən?
- Ən məşhur romanınız
"Dolu"dur. Hətta roman əsasında film də çəkilib.
Müxtəlif rəylər aldınız, kimiləri çox
təriflədi, kimiləri də tənqid etdi. Müsahibələrinizin
birində demişdiniz ki, romanın detallarını siqaret
qutularının üstünə yazmışam...
- O zaman
Türkiyədə idim. Kağız tapa bilmirdim. Ya siqaret
qutularının üstünə yazırdım, ya da qəzetin
qırağına qeyd edirdim. Rəşad Məcidin
gözünün qabağında olub bu. Rəssam
"nabroska" eləyən kimi, mən də beləcə
xırda-xuruş qeydlər edirdim.
- Sonra o qeydlər romana
çevrildi...
-
Ağdam işğal olunandan o roman beynimdə idi.
Ayrı-ayrı şeylər yazmışdım.
"Çadırda Üzeyir Hacıbəyov doğula bilməz",
"Qiyamət gecəsi" və s. Hiss edirdim ki, bu roman
yavaş-yavaş içimə yığılır. Günlərin
birində Elməddin adında bir döyüşçü
ilə çay içirdik. O mənə bir əhvalat
danışdı. İki dost əsgər olub,
dalaşıblar. Müharibədə biri ölüb, o birisi də
bunu daşıyıb. Bu əhvalatı mənə
danışdı, səhərisi romanı yazmağa
başladım.
- Bəs nə vaxtsa müharibə
mövzusuna təkrar qayıdacaqsınızmı? Bir dəfə
demişdiniz ki, müharibə haqda cəmi 10 faiz
yazmışam, hamısını yazsam, aləm dəyər
bir-birinə. "Dolu"nun davamı olacaqmı?
-
Davamı olmayacaq, yəqin ki. Başqa bir mövzuda yaza bilərəm.
Amma müharibə orda mütləq olacaq. Bilirsiniz, indi
böyük həcmdə nəsr oxunmur. Daha yığcam
formada nəsə yazmağı düşünürəm.
İkincisi, sualınıza gələndə... Elə şeylər
var ki, onları yazmaq olmur, aləm bir-birinə dəyə bilər.
Adam hər bildiyini yazmaz. Bu olmaz.
- Aqil müəllim, sevimli
yazıçınız Mirzə Cəlildir...
- Mirzə
Cəlil stolüstü kitabımdır. Mən Mirzə Cəlil
məktəbinin davamçısıyam. Mənim bütün əsərlərimdə
ironiya var. Bu da Mirzə Cəlildən gəlir. Ümumiyyətlə,
düşünürəm ki, Mirzə Cəlili, Haqverdiyevi,
Üzeyir Hacıbəyovu oxumayan heç vaxt yaxşı yaza
bilməz. İndiki gənc yazarlar elə ancaq Den Braun, Kafka
adı çəkirlər. Azərbaycan dilini bilmir bu
uşaqlar. Çünki bu dildə oxumayıblar.
Yazdıqları da tərcümədən oxuduqları kimidir.
Azərbaycan dilinin gözəlliyini, dərinliyini, incəliyini
bilmirlər. Çağıraq bu dəqiqə gənc
yazarların çoxunu, görək nə qədər sinonim,
antonim sözlər bilirlər. Bir cümlədə iki eyni
sözü işlətməzlər axı. Nəinki eyni
sözü bir cümlədə, hətta bir abzasda da işlətməzlər.
Bu, yazıçı işi deyil. Amma onlar bilmirlər və
bu səhvləri həmişə təkrar edirlər. Biri
cümlədə "müvəffəqiyyət"
sözünü on dəfə yazır, bir dəfə də
"uğur" yaz da...
- Oxuyursunuz gəncləri?
-
Cavanların demək olar, hamısını oxuyuram. Şərif
Ağayar, Kəramət Böyükçöl, Aqşin
Yenisey, Seymur Baycan, Ayxan Ayvaz, Oğuz Ayvaz, Eminquey sevdiyim
imzalardı. Sizə bir şey deyim. Gəncləri tənqid
etmək olar, amma qolunu-qanadını qırmaq olmaz. Mən,
sadəcə, dostcasına onlara iradımı demişəm...
- Postmodernizm haqda nə
düşünürsünüz?
- Mən
bilmirəm o postmodernizm nədir. Yazıçı
yazısını yazar, onun janrını tənqidçi
müəyyən edər. Yazıçı
qarşısına məqsəd qoymaz ki, mən postmodern mətn
yazacam. Bu mənim üçün anlaşılmaz bir
şeydir.
- Sevirsiz o cür postmodern mətnləri?
-
Xoşuma gələnlər olur. Məsələn, mənim
üçün Azərbaycanda ən gözəl postmodernist
yazıçı Kamal Abdulladır. Azərbaycan ədəbiyyatından
kənara da çıxa bilib və orda da qəbul olunub.
- Yazıçı və millət vəkili.
Özünüzü daha çox hansı sahədə hiss
edirsiniz?
- Mən
yazıçıyam. Millət vəkilli müəyyən
dövr üçündür. Əslində, şairlər,
yazıçılar, rəssamlar millət vəkilləridir.
Millət vəkili iki cürdür: rəsmi, qeyri-rəsmi. Bu,
şərəfli bir addır.
- Aqil müəllim, son sualım:
Nobel mükafatı qazanmaq istəyiniz olub?
- Nobel
siyasi mükafatdı. Heç bir azərbaycanlıya o
mükafatı verməzlər. Məsələn, İsa
Hüseynova Nobel düşürdü, amma vermədilər. Mənə
gəldikdə isə... Dünyaya çıxmaq
üçün o qədər əlləşən adam deyiləm.
Söhbətləşdi: Dəniz Pənahova
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.19.