Maqsud Şeyxzadə və

romantik bədii düşüncə

 

Professor Abbas Zamanov qəribə taleli Maqsud Şeyxzadənin 1972-73-cü illərdə çap edilən ikicildlik seçilmiş əsərlərinə yazdığı ön sözü "İki xalqın oğlu" adlandırmışdı. Bu ənənənin davamı kimi indi də onu "İki xalqın şairi", "İki xalqın iftixarı" adlandırırlar. Aydın görünür ki, hər iki əsərdə M.Şeyxzadə Azərbaycan və özbək xalqlarının birliyinin simvolu kimi təqdim olunur. Doğrudan da, az-az sənətkar tapmaq olar ki, öz sözü və sənəti ilə həm doğulduğu, həm də uzun müddət yaşadığı məmləkətləri ləyaqətlə təmsil edib bütün həyatını onların ədəbi-mədəni yaxınlaşmasına sərf etsin.

M.Şeyxzadəni daha çox məşhurlaşdıran əsərlərinin coğrafiyası sadədir: müxtəlif mövzulu şeirləri, "Ağsaqqal" və "Daşkəndnamə" poemaları, "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluğbəy" adlı tarixi faciələri. Doğulub boya-başa çatdığı və qəza mərkəzi olan Ağdaşda yeni tipli məktəbdə oxuması, sonra Bakıda Hüseyn Cavid, Abdulla Şaiq kimi romantik sənətkarlardan dərs alması onun yaradıcılığına təsirsiz qalmamışdır. Yaradıcılığa başladığı ilk dövrlərdən  ömrünün sonuna qədər romantik bədii düşüncə onu tərk etməmiş, romantik üslub əsərlərinin əsas bədiilik amillərindən birinə çevrilmişdir.

Şairin ötən əsrin 30-cu illərinin əvvəllərində qələmə aldığı "Rəmz" və "Küləklər" şeirləri öz romantik pafosu ilə seçilir. Bu şeirlərin lirik qəhrəmanları özlərində qol-qanad açmaq, quştək ucalmaq əhval-ruhiyyəsini yaşadırlar. Küləyin huşsuz aşiqə bənzədilməsi, dodaqları ilə sahilləri öpməsi, mifik obraz olan pəriyə çevrilməsi romantik üslubun əlamətləridir. Hətta Mikayıl Müşfiqin bundan əvvəl yazılmış "Küləklər" şeirini xatırlasaq, eyniadlı bu iki poetik nümunə arasındakı romantik düşüncə ilə bağlı əlaqələri asanca görmək olar. "Bahar yağışı"nda lirik qəhrəmanın ucalığa, intəhasızlığa can atması ilə bərabər, şairin müxtəlif şeirlərində olduğu kimi, təbiətin insaniləşdirilməsi aparıcı mövqedədir və bu mövqe, ilk növbədə, insanın həyat eşqini canlandırır.

M.Şeyxzadənin "Qanadlar" şeiri (1937) öz epiqrafı ilə diqqəti daha çox cəlb edir: "Uçmaq gözəl arzu, gözəl xəyaldır". Bir cümlədən ibarət olan bu epiqraf şairin romantik düşüncəsinin real nümayişidir. M.Hadi və H.Caviddə də belədir:  onların poeziyasında göylərə və əngin səmalara uçmaq ehtirası bu sənətkarların xoş gələcəyə istiqamətlənən bədii təfəkkürünün mayasını təşkil edir. Maqsud Şeyxzadənin də mövcud rejim daxilində öz hiss və duyğularını məhz o şəkildə canlandırması xüsusi bir dəyər daşıyır. Həmçinin bu, gerçəkliyin sıxıntıları içərisindən çıxaraq öz insani keyfiyyətlərinin inikasına nail ola bilmək bacarığı idi. Bu mənada "Lacivərd göylərə baş vurur xəyal" misrası şairin qanadlı fikirlərinin qarşısında uzanan yolları bütün aydınlığı ilə nişan verir. M.Şeyxzadənin elə misraları da vardır ki, onun yaşadığı məkanı və zamanı kifayət qədər üstələmiş olur:

Bulud yox, işıqdan soraq ver bizə,

Açsın ağuşunu nurlu kainat.

İşıqla baş verir hər bir möcüzə,

Qanad istəyirik, uçmaqçün qanad.

Maqsud Şeyxzadənin şeirlərində təbiət xəyalın enerji mənbəyinə çevrilir ("Gəlin uçaq" - 1938); şairin xəyalı Səmərqəndi, Rumu, Şirvanı, Krımı dolaşır, Leyli və Məcnun kimi aşiq qəhrəmanlar yaddaşı yenidən oyadır ("Yoldaş Nəvai" - 1939); xəyal fikrə hakim kəsilir və ruh şeir aləminə köç edir ("Misranın yaranması" - 1940), hətta onun yaratdığı şair də romantik şair obrazıdır ("Müqimi" - 1943). Kor bəstəkarın şəhlagözlü bir qızı vəsf eləməsi yalnız şeirin cazibəsini hiss edən düşüncənin məhsulu ola bilər ("Kor bəstəkar" - 1952), "Göyərçinlər" şeirini (1955) şairin gəncliyindən üzü bəri yaratdığı romantik qəhrəmanın uçmaq ehtirasının davamı kimi anlamaq mümkündür, hətta "Ölməz səslər" şeirində (1955) ellər nəğməkarının simasında Füzuli qəzəli quş kimi uçur. O da maraqlıdır ki, "Üç təbəssüm" şeirində (1957)  bir-birilə sıx bağlı olan üç obraz var: öz gələcəyi gözlərində gülən bir uşaq, xəyalla görüşüb şirin-şirin söhbət edən bir qız və xəyalı arxada qalan illərin dalınca yol gedən bir qoca. Onların üçü də romantik təbiətli lirik qəhrəmanlardır. M.Şeyxzadənin yaradıcılığının böyük bir dövrünü əhatə edən bütün bu poeziya nümunələri isə qanadlı poeziyanın, pafoslu bədii düşüncənin bəhrəsidir.

M.Şeyxzadənin sənətə, poeziyaya olan münasibətinin bədii şəkildə ifadəsi "Şeir bir gözəllik ilahəsidir" poetik nümunəsində (1963) daha qabarıq görünür. Şair burada şeirsiz yaşayan və qəlblərində işıq əlaməti olmayan insanların halına acıyır; onun düşüncəsinə görə, nəğməsiz evlər gülüşə həsrətdir, şeirsiz küçələri tale qarğımışdır, orada sevincdən əsər-əlamət yoxdur. Nəhayət, şair şeiri gözəllik ilahəsi kimi görür. Şeirlə gözəlliyi bərabərləşdirmək ənənəsi romantik bədii düşüncəyə xasdır. Bu xətti H.Caviddə və digər romantiklərin yaradıcılığında asanlıqla aşkarlamaq mümkündür.

Romantik simvollara, müqəddəs arzulara gəldikdə isə "Su hekayəsi" (1949) adlı poetik nümunə sovet dönəmində insanın mövcud gerçəkliyin təsiri ilə qaynaqlanan baxışlarının deyil, ürəkdən gələn duyğularının təcəssümünə yaxşı örnəkdir. Bu şeirdə Volqanın gen yatağı, Xəzərin qucağı, Qafqaz günəşi, Sır-Dərya çayı ilə bağlı ünvanlara yönələn arzulara təsadüf kimi baxmaq olmaz, onlar türk dünyasının birliyini ifadə edən elə rəmzlərdir ki, bunlara yalnız M.Şeyxzadənin ürəyinin dərinliklərində yaşatdığı ülvi hisslərin bədii inikası kimi yanaşmaq  lazımdır.

M.Şeyxzadə mənən qüdrətli və həssas şairdir. Onun yaradıcılığındakı bədii ifadə formalarının dərindən və müasir elmi-nəzəri təfəkkürlə öyrənilməsinə böyük ehtiyac vardır. Bu baxımdan M.Şeyxzadənin şeirlərindəki "yeddiillik", "kommunizm" sözlərinin də fərqinə varmağa dəyər. Şairin yaradıcılığında həmin sözlərə yeni yanaşma üsulu öz novatorluq xüsusiyyətinə görə yalnız Azərbaycan və özbək ədəbiyyatında deyil, ümumiyyətlə, sovet ədəbiyyatında təsadüf edilməyən poetik bir məqamdır. Birincisi, M.Şeyxzadənin "Yeddiillik balladası" adlı şeirində yeddiillik plandan çox, tarixə ekskurs formasında folklorla bağlı olan "yeddi" rəqəminin sakral məzmunu daha qabarıq ifadə edilmişdir. Bunu həssas sənətkarın öz arzu və istəklərini əks etdirmək baxımından fürsətdən yararlanmaq kimi də qəbul etmək olar. İkincisi, həm "yeddiillik", həm də bəzi məqamlarda işlənən "kommunizm" sözləri, sadəcə, gələcəyi işarələyir, onların heç birinin  ideologiyaya aidiyyəti yoxdur. Şairin yaradıcılığında sosializmin atributları ilə bağlı meydana çıxan şeirlər isə birmənalı şəkildə  təqvim xarakteri daşıyır. M.Şeyxzadənin bədii irsi keçən əsrin pedant dünyagörüşünü yaşadan populist və yalançı tənqidçini deyil, müstəqillik dövrünün yeni ədəbi-elmi dünyagörüşü ilə silahlanan tədqiqatçısını gözləyir.

Maqsud Şeyxzadənin yaradıcılığında daha çox nəzərə çarpacaq iki janr var: ballada və tarixi mənzum faciə. Bunların hər ikisi romantizmin janrlarıdır. XIX əsrdə Avropa romantikləri - Hüqo, Höte, Heyne və rus romantikləri - Puşkin, Lermontov ballada janrına daha çox müraciət etmişlər və ona romantizmin janrı kimi vətəndaşlıq hüququ qazandırmışlar. Azərbaycan ədəbiyyatında mənzum faciənin banisi və bu janrın klassik nümunələrini yaradan isə M.Şeyxzadənin həm həyatda, həm də yaradıcılıqda müəllimi olmuş böyük şair-dramaturq Hüseyn Caviddir.

M.Şeyxzadə romantizm ədəbi cərəyanının nümayəndəsi olmasa da, romantik bədii düşüncənin təmsilçisi və romantik üslubun pərəstişkarı kimi məhz həmin janrlarda əsərlər yazmışdır. O, bir sıra şeirlərini ballada adlandırır: "Yoldaş Nəvai", "Dəniz balladası", "Günəşlə söhbət", "Üç təbəssüm", "Yeddiillik balladası", "Busə toxumu", "Hafizin ikinci ömrü", "Bənövşə". Hətta xatırlamış olsaq ki, M.Şeyxzadə tərcümə məsələlərində xüsusi seçim etmiş və dünya ədəbiyyatının romantik düşüncəli sənətkarlarının - Şekspirin, Hötenin, Bayronun, Puşkinin, Lermontovun şeirlərini tərcümə etmişdir, onda bir çox qaranlıq məsələlər də aydınlaşmış olar. Azərbaycan ədəbiyyatında belə bir ənənənin başlanğıcı M.Şeyxzadədən əvvəl məhz romantik şair Abbas Səhhətə məxsusdur.

Mənzum faciə ənənəsinin davamçısı kimi isə M.Şeyxzadə "Cəlaləddin Mənquberdi" (1941) və "Mirzə Uluğbəy" (1964) əsərlərini qələmə alır. Hər iki nümunə mənzum dramaturgiya nümunəsidir və faciə janrında olmasına, tarixi mövzuda yazılmasına, obrazlar qalereyasına (sövdəgərlər, kəndlilər, çarvadarlar, falçılar, ara həkimləri, mirzələr, tələbələr, müəllimlər, əsgərlər, oyunbazlar, çalanlar, oxuyanlar, rəqqasələr, saqilər və təlxək), oxunan mətndaxili mahnılara, nəhayət, romantik vüsətinə görə, H.Cavidin "Topal Teymur" və "Səyavuş" əsərlərini xatırladır. Hətta janrın təbiəti baxımından deyil, bir surətin  -  hökmdar surətinin yaradılmasında da oxşarlıq tapmaq çətin deyil (H.Caviddə: Topal Teymur, Yıldırım Bəyazid, Keykavus, Əfrasiyab və M.Şeyxzadədə: Xarəzmşah, Cəlaləddin, Uluğbəy).

Maqsud Şeyxzadə dərrakəli və uzaqgörən dramaturqdur. "Cəlaləddin Mənquberdi" əsərinin ilk pərdəsində təqdim olunan Xarəzmşahla oğlu Cəlaləddinin söhbətində aparıcı mövzu Çingizxan təhlükəsidir, son pərdədə isə müharibə mövzusu davam etdirilir   Çingizxan Cəlaləddinin yenilməzliyindən bəhs edir. Faciənin ideyası isə müharibələr əleyhinə yönələn bir ideyadır.

Aydınca görünür ki, ilk pərdədə Xarəzmşah da, Cəlaləddin də, Bədrəddin də hərbə-zorba ilə danışırlar. Hətta Xarəzmşah Çingizxanın elçilərini qəbul edəndən sonra Cəlaləddin "Qanı qan ilə də yuyarlar əlbət" çağırışını edir, ölkəni müharibəyə səsləyir. Əslinə qalanda isə bu məqamda və başqa bir dialoqda Xarəzmşah "Boş yerə nə qədər qan tökmək olar?" fikri ilə vuruşun əleyhinədir. O, bununla birincisi, hələlik zəif olduqlarını nəzərə çarpdırır; ikincisi də, ümumiyyətlə, müharibəyə qarşı olduğunu konkret şəkildə ifadə edir. Əsərin sonlarında evi, obası dağılan Qoca obrazı da müharibəyə nifrət yağdıran kədərli mahnısını oxuyur. Qılınca, qalxana həris olan Cəlaləddin isə "Əmr edin qoşuna olum sərkərdə, Doğuldum, böyüdüm mən ki yəhərdə" düşüncəsi ilə ardıcıl olaraq döyüşün tərəfdarı kimi özünü göstərir. Amma onun bu iddiasında başlıca olaraq taxt-tac arzusu gizlənmişdir ki, bunu anlayan Xarəzmşah Cəlaləddini vəliəhdlikdən məhrum edir. Beləliklə, başlanğıcda xarici müdaxiləyə qarşı yönələn dramaturji xətt qəfildən ata-oğul ziddiyyəti ilə əvəzlənir, hakimiyyət ehtirası ön plana keçir. Cəlaləddinin son həmlədə qələbə çala bilməməsinin də səbəbi elə məhz budur. Cəlaləddin həm tarixdə, həm də faciədə məğlub olan qəhrəmandır. Xarici müdaxiləyə qarşı yazılan əsərdə qəhrəmanın məğlubiyyəti ağlasığmazdır və bu mənada dramaturqun başlıca idealı xarici müdaxiləni dəf etməkdən daha çox, Hüseyn Cavidin "Topal Teymur" əsərində olduğu kimi, üz-üzə gələn iki qonşunun, iki qardaşın, ata və oğulun faciəsini əks etdirməkdir. Hətta qan-qan deyən Cəlaləddin də, nəhayət, belə bir fikrə gəlir: "Yumruqtək yumulur böyük səltənət, Tayfalar içinə düşdü ədavət".

M.Şeyxzadənin "Mirzə Uluğbəy" faciəsi birbaşa Teymurilər dövrünə aid tarixi faciədir. Əsərdə iki mühüm məkan var - rəsədxana və hökmdar sarayı. Ulduzları seyr edən keşikçilər hər ulduzda bir insanı görürlər, hətta onlardan biri Ayı sərkərdə, ulduzları da alay hesab edir. Təbiətən romantik düşüncəyə malik olan bir sənətkar rəsədxananı bədii əsər üçün məkan seçə bilərdi, başqa sözlə, rəsədxanadan, ulduzlardan danışmaq romantik əhval-ruhiyyəli insana daha çox yaraşır.

Məkan kimi seçilən sarayın sahibi həyatını ulduzlara bağlayan bir insandırsa,  onda bu sarayın sahibi olan hökmdar da, şübhəsiz, romantik düşüncəyə malikdir. Uluğbəyin bir obraz kimi bütün davranış və düşüncələrində romantik əhval-ruhiyyə aparıcıdır. Uluğbəyin söylədiyi "Dedim insanlara: baxın səmaya, Bənzəyin saflıqda ulduza, Aya" fikri də bunu təsdiq edir. O, idrakı və elmi cəmiyyətin inkişafının əsası kimi irəli sürəndə də romantik əhval-ruhiyyənin daşıyıcısı kimi görünür:

Bəli, məmləkətə mərifət gərək,

İdrak, qeyrət gərək, fərasət gərək.

Gərək arif olsun soltanlar özü,

Elm ilə açılsın ellərin gözü.

Gülüşü və şeiri insanların qisməti hesab edən, din və millət ayrılığına "yox" deyən, yaratdığı Ulduz cədvəli ilə fəxr edib getdiyi yolu işıqlı ulduz yolu adlandıran, ölüm, qan, ədavət əleyhinə mübarizə aparan, qəlblərə hakim olan məhəbbəti alqışlayan, ümidi insanlar üçün əbədi yolçu kimi görən Mirzə Uluğbəyə necə romantik düşüncəli qəhrəman deməmək olar?!

M.Şeyxzadənin Uluğbəy obrazında Hüseyn Cavidin Topal Teymur və Səyavuş obrazları birləşir. Uluğbəy əmisi uşaqlarının davasını pisləyəndə, Teymurilər arasındakı ədavətə son qoymağa çağırış edəndə, birbaşa qardaş qırğınını lənətləyən Topal Teymuru xatırladır, oğlu tərəfindən atasının - Uluğbəyin ölümünə fitva verilərkən gözlərimiz önündə dayılarının xəyanətinin qurbanı olan Səyavuş canlanır.

İndi Uluğbəyin rəsədxanasını ziyarət edənlərə orada bir rəvayət söyləyirlər. Həmin rəvayətdə deyilir ki, bir dəfə tələbəsinin səhvi ucbatından karvanın yolunu düzgün nişan vermədiyinə görə onu öldürürlər. M.Şeyxzadə həmin rəvayəti öz faciəsinin mövzusu kimi seçməmişdir, çünki həmin rəvayət karvanın sonu deməkdir. Amma M.Şeyxzadənin söz karvanı hələ də yol gedir və bundan sonra da sonu görünməyən yolları fəth edəcəkdir.

 

Kamran ƏLİYEV

 

Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.20-21.