Türk qəhrəmanına şair duası
Lirik resenziya
İnanıram ki, bu yazının
20 Yanvar ərəfəsinə
təsadüf etməsinin
bir mistik səbəbi olmalıdır. Çoxdandır
ki, xalq şairi Nəriman Həsənzadənin epopeyası
- poemaları ("Zümrud
quşu", "Nəriman",
"Kimin sualı var", "Pompeyin Qafqaza yürüşü"...)
haqqında yazmağı
düşünürdüm. Əvəzində isə
"Ədəbiyyat qəzeti"nin son nömrələrinin
birində şairin Milli Qəhrəmanımız
Mübariz İbrahimovun
mübarək ruhuna ünvanlanmış poeması
ətrafında aşağıdakı
lirik ricətlər yarandı...
Nədənsə, həmişə düşünmüşəm
ki, Nəriman Həsənzadənin təhtəlşüurunda
tarixçi və şair obrazı (şərti olaraq Plutarx ruhu və
Nizami ruhu) birləşir, qoşalaşır...
Şair həmişə sözünün
keyfiyyətini və ruhunun durumunu anlayanda başqa bir janra keçir. N.Həsənzadə üçün hazır,
qəlib, daşlaşmış
poema forması yoxdur. Poema N.Həsənzadədə bitməyən bir yaradıcılıq prosesidir.
O, poema janrının
maraqlı tipoloji variantlarını yaratmışdır.
Nəriman Həsənzadə bəlkə
də, yeganə şairdir ki, ömrünün bu müdrik, ixtiyar çağında poemalarını
əzbər söyləyir. Dəfələrlə
şahidi olmuşam: manasçı "Manası"
necə oxuyursa, o da "Nuru Paşa"nı,
"Zümrüd quşu"nu,
"Qaçaq Kərəmi"...
elə birnəfəsə
söyləyir. Yaddaş
oxuyur!
Mübariz İbrahimov bir türk savaş qəhrəmanıdır. Şair
onu şumer
dastanının mifik qəhrəmanına - Gilqamışa
bənzədir. Bir xalqın (etnosun) varlığı, ölüm-dirim məsələsi
həll olunanda epos ortaya çıxır. Qəhrəmanlıq eposu "dünyanın
epik durumunu" (Hegel)
əks etdirir. Epos üçün mütləq savaş lazımdır. Müqəddəs Vətən savaşı olmalıdır. 90-cı illərin
epik durumu - Qarabağ müharibəsi,
qanlı Xocalı və 20 Yanvar faciələri, müstəqillik
mücadiləsi, Azadlıq
meydanında ehtirasların
coşqusu epik janrı - dastanı, poemanı tələb edirdi.
Ona görə
də şair qəhrəmanın təqdimatını
epos sözünün enerjisi
ilə başlayır. "İstiqlal
əsgəri" poemasının
epik miqyası ölkənin, millətin taleyini
dərketmə dərəcəsi
ilə müəyyən
edilməlidir.
Nəriman Həsənzadə, sanki
klassik Azərbaycan romantizminin möhtəşəm
janr layihəsini XXI əsrdə davam etdirir. Fikrimcə, lirik epos yalnız
romantizm məfkurəsində
gerçəkləşə bilər. Lirik epos bu qoca dünya
ilə ideallarının
konfliktini yaşayan şəxsiyyətin iç
dünyasının dərkinə
həsr olunur. Lirizm və romantika ilə süslənmiş
"İstiqlal əsgəri"
ilk növbədə lirik
eposdur.
Poemanın məntiqi mənalar
strukturu qarşıdurmalar
üstündə qurulur:
xeyir-şər, həqiqət-yalan,
ölüm-həyat, yerli-gəlmə,
dost-düşmən, doğma-yad...
Mübariz İbrahimov Xeyiri,
Həqiqəti təmsil
edirsə, erməni yalanın, şərin təcəssümüdür.
"İstiqlal əsgəri"
poemasında "səkkizliyin"
ritmik havasında, misra keçidlərində
şairin canlı səsini eşidirsən. Sanki poemanı öncə söyləyib, sonra yazıya alıb. Hər epizodda mövzu - ideyadan asılı olaraq, səs tembri dəyişir. Şairin səsi qəhrəmanının
ruhuna güzgü tutur. Qarı düşmənin xislətindən, xəyanətindən
danışanda səsində
hiddət notları olur, qəhrəmanını
öyəndə qürurlanır,
Ali Baş Komandandan söz açanda inamlı olur. Şaman mətnlərində
olduğu kimi, öncə şəhidin ruhu ilə əlaqəyə
girir, ruhun adını çağırır...
Nəzəriyyə dililə desək, sintaqmalar, paralelizmlər
boy boylayan, soy soylayan ozanın dilini, nağıl pişrovlarının
dilini xatırladır. Poemada vurğunun,
bölgünün simmetrik
düzümü fərqli
təhkiyə havacatı
gətirir, nəfəsi
qətiyyən tövşüməyə
qoymur. Feli sifətlərin mətnboyu
təkrarı və sadalanması, qafiyələrin
fellər üstündə
köklənməsi müəllifin
dilini yüyrək edir. Feli sifət sırası qarı düşmənin
xalq yaddaşındakı
obrazını belə
təqdim edir:
Dedik ki, insan insandı:
taxılbiçən, otçalandı,
çərçivəyə ayna salan,
çəkmə tikən,
zurna çalan,
rəsm çəkən...
ta nə deyim?
Bu, xalqın içindən,
folklor düşüncəsindən
süzülüb gələn
sözdür, ozan söyləməsinin davamıdır. Folklor təhkiyəsi
ilə şair yalnız mövqeyini bildirmir, həm də xalqın adından danışır.
Çiyələk bitən yerləri,
Kəkliklər ötən yerləri,
havası - loğman
yerləri
bulaqlar axan yerləri,
meşələrin ətəyini
arılar pətəyini
təzə qalxan biçənəyi,
gülün üstə
kəpənəyi
bizim yaylaq yerimizi,
yaz vaxtı - dağ yerimizi,
seçib qonşuya
verdilər,
sənəyi suya verdilər...
Şair inanır və bizi də inandırır
ki, millətin güclü sərkərdəsi
və igid əsgəri bir olarsa, vətən gəlmələrdən, düşmənlərdən
xilas olar - poemanın bir ideyası da budur. Əsərin kompozisiyası Milli
Qəhrəmanla ölkə
rəhbərinin - Ali Baş
Komandanın birliyini ifadə edir.
Lirik eposda üç obrazın - tarixi keçmişimizin, xalqın və qəhrəmanın obrazı
ustalıqla Ali Baş
Komandan obrazı ilə birləşdirilir. Son misralarda Ali Baş Komandanla qəhrəman obrazının vəhdəti
isə xalqın mənəvi bütövlüyünə
işarədir, istiqlalın
təntənəsinə inamın
ifadəsidir. Şəhid ruhlarının
qayıdışına inancın
təcəssümüdür.
Göydə ağ-ağ göyərçinlər,
uçuşurdu səhər-səhər.
Mübarizin o ruhuymuş,
bütün gecə
yuxuluymuş.
sərhəd boyu ər oğlu, ər
dolaşırdı səngər-səngər
Şəhidlərin varisiydi,
amma gəlib öz adından, -
Sizə
raport verəsiydi
Cənab
Ali Baş Komandan!
Deyirlər ki, şairlərin duası müstəcab olur. Türk qəhrəmanının
ruhuna böyük türk şairinin duası bizi buna inandırır!
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2019.-
19 yanvar.- S.18.