Allah və İnsan
əfsanə
İnsan heyvani dövrlərində
daha xoşbəxt idi...
Biri var idi, biri yox
idi - bir "Var" var idi,
bir "Yox".
"Var" Allah idi, "Yox" - insan.
Allah elə böyük
idi, elə böyük idi, qurd da bilirdi,
Allahdı bu, quş da.
Amma insan elə balacaydı, elə balacaydı, hətta sətrin başında da adını balaca hərflə yazırdı.
Gəl ki, insan Allahın böyüklüyünü görsə
də, özünün
kiçikliyini görə
bilmirdi.
Çünki insan təzə yağan qardan da təmiz idi. Danışanda ağzında sözü görünürdü, güləndə
gülüşü.
İnsanla Allahın ortaqlı
malı da vardı. O da insanın ağlıydı. Ağlı olmasaydı,
insan Allahlıq eləyərdi.
Bir an da boş-bekar
dayanmayan insan gün batan kimi başını atıb yatırdı.
Axı Allah da boş-bekar deyildi - gecə-gündüz fikir-xəyal
içində olardı. Bir əli yaradırdısa,
bir əli dağıdırdı.
Allah bir dəfə
nə fikirləşdisə,
gülümsədi. O dəqiqə
bir dəstə insan həmcinslərindən
ayrıldı
Biri ulaya-ulaya
gedib qurda qoşuldu.
Biri mələyə-mələyə
qoyun sürüsünə
cumdu.
Biri hürə-hürə
it oldu.
Biri kişnəyə-kişnəyə
at oldu.
Biri tülkü...
Biri ayı...
İnsan qurda qoşulan kimi qurdlar parçalayıb
yedi onu.
İnsan qurda qoşulan kimi qoyunlar kəllələyib
sürüdən çıxartdılar
- qarğa-quzğun didib
dağıtdı.
İt insanın
leşini dartdı.
At təpikləyib öldürdü.
Tülkü tikəsini göyə götürdü.
Ayı basıb belini qırdı...
Bu yandan da insanların
başından çıxan
ağlı düşdü
dünya üzünə
- gəzdi... gəzdi...
gəzdi...
Biri gedib girdi itin kəlləsinə,
it bir dəfə hürüb, dönüb oldu insan - qaçıb
soxuldu insanların arasına.
Biri gedib girdi atın kəlləsinə - at "hi-ha" deyib, dönüb oldu insan - qaçıb
soxuldu insanların arasına.
Qurd "uuu..."
eləyən kimi düşdü insan cildinə.
Qoyun bu yandan...
Tülkü o yandan...
Ayı da...
Bayaqdan insan təkcə insan idisə, qoyundan insanı oldu, atdan insanı
oldu, itdən insanı oldu, qurddan insanı oldu, tülküdən... ayıdan...
Day güləndə gülüşü
gördünmədi insanın,
danışanda sözü.
Adını da başladı
böyük hərflə
yazmağa: - İnsan
- Allah.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2019.-
19 yanvar.- S.23.