Bakıdan Dubnaya, Xəzərdən Volqaya:
Elm və Sənət dekadası...
Müxbir üzvün qeydləri
Bir
müddət öncə deyəndə ki: "Bu gün
"Lirika və Fizika"nın romantik qanadlarında
dünyanın elm mərkəzlərindən birinə - Dubnaya
yol açmaq humanitarilərdən, həqiqətən də, böyük
hünər istəyir. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu
hünərin sahibidir!.." ("525-ci qəzet",
2 noyabr, 2018-ci il) - bir çoxları bu
sözləri zarafata yozmuşdu...
14-24
noyabr tarixlərində Bakıda Xəzərin sahillərində,
Pirquluda Şamaxı Astrofizika Rəsədxanasında və
Moskva yaxınlığı, Volqada Dubna şəhərində
ayaq açıb yeriyən "əsl elm və sənət
dekadası" (akademik İsa Həbibbəylinin sözləridir)
- beynəlxalq "Fizika və lirika: dünya təcrübəsi
və ölkə reallıqları" konfransı göstərdi
ki, demə, nağıllar da gerçək olurmuş. Sadəcə,
bunu istəmək, həm də çox istəmək gərəkirmiş;
yaşadığımız dünya performanslar
dünyasıdır...
AMEA-nın
prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü
ilə 2014-cü ildə(n) ərsəyə gələn və
gün-gündən çiçəkləyən Elm
festivalları çərçivəsində "Fizika və
lirika" konfranslarının təməlçisi,
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyir:
"Hesab edirəm ki, Azərbaycan Milli Elmlər
Akademiyasında "Fizika və lirika: dünya təcrübəsi
və ölkə reallıqları" mövzusunda
keçirilən beynəlxalq elmi konfrans başlamış
elmi-ədəbi proseslərin geniş coğrafiyada daha da
inkişaf etməsinə böyük təkan verəcəkdir...".
"Dekada"ya
ilk olaraq Lirika təkan verdi. Noyabrın
14-ü AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
85 illiyi münasibətilə bayram tədbirinə
dünyanın dörd bir yanından
yığışmış, uzaq Monqolustandan yaxın AYB-yəcən
qonaqlar: Xalq yazıçısı Anar, Moskvadan Rusiya Elmlər
Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun direktoru, professor Vadim Polonski, Tatarıstan
EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus EA Yanka
Kupala adına Ədəbiyyat İnstitutunun direktoru, professor
İvan Saverçenko, Şota Rustaveli adına Gürcüstan
Ədəbiyyat İnstitutunun direktoru, professor İrma Ratiani,
Bolqarıstan EA Ədəbiyyat İnstitutunun direktoru Elka
Traykova, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı,
Əlişir Nəvai adına Daşkənd Dövlət
Özbək dili və Ədəbiyyatı Universitetinin
professoru Naim Kərimov, Monqolustan EA Ədəbiyyat
İnstitutunun direktoru Bilquudei Qaadamba, Rostov Biznes və
Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərov,
Tatarıstan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru,
müxbir üzv Kim Minullin, Qazaxıstan Muxtar Auezov adına
Ədəbiyyat və İncəsənət İnstitutunun
direktor müavini Almira Kaliyeva, Qırğızıstan EA
Çingiz Aytmatov adına Qırğız Ədəbiyyatı
İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina
Iysayeva, əməkdar elm xadimi, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun professoru Qəzənfər
Paşayev çıxışlarında yubilyarı qutlamaqla
qalmadılar, Ədəbiyyat İnstitutunun timsalında həm
də elmin, AMEA-nın qələbələrini
alqışladılar. AMEA-nın prezidentu Akif
Əlizadə Ədəbiyyat İnstitutunun tarixi və
çağdaş nailiyyətlərinə önəm verməklə,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təltif
və mükafatlarını - Tərəqqi medalı və fəxri
fərmanları bu uğurun qazanılmasında böyük
rolu olan seçilmişlərə təqdim etdi (Tədbirdə
Azərbaycan Respublikası Prezident Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fərəh Əliyeva iştirak edirdi). AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli:
"Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu:
elmi ənənələr və müasirlik" mövzusunda əhatəli
məruzə etdi.
Konfransqabağı bu impuls Elmin və Sənətin
dialoqu üçün xoş bir zəmin vəd edirdi.
Həmin nota köklənərək, məşhur
"Literaturnaya qazeta" bir azdan yazacaqdı: "Belə bir
tədbirin təşkili iki, sanki bir-birindən uzaq təşkilatın
- AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu və Birləşik Nüvə Tədqiqatları
İnstitutunun (OİYAİ) çoxillik əlaqələri
sayəsində mümkün olmuşdu. Belə
bir əməkdaşlığın mövcudluğunun
özü bu gün "fiziklər"in və "liriklər"in
qarşılıqlı fəaliyyətini şərtləndirən
amildir" ("Literaturnaya qazeta", 28 noyabr - 4 dekabr 2018).
Rəsmən
"Fizika və lirika: dünya təcrübəsi və MDB
ölkələrinin elm və ədəbiyyat
reallıqları" konfransı 16 noyabr 2018-ci il
tarixində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təbrik
nitqi ilə işinə başladı. Elmlər-arası
inteqrasiyaya son zamanlarda böyük önəm və yer verilən
akademiyada humanitariya və dəqiq elmlər, təbiət elmləri
arasında qarşılıqlı fikir və ideya mübadiləsinə
meydan açan "Fizika və lirika" konfranslarının əsl
kəşf olduğunu vurğulayan akademik Akif Əlizadə,
bu tədbirlərin, eyni zamanda AMEA-da ardıcıl və
dönməz şəkil aldığından söz
açmaqla artıq beynəlxalq müstəviyə yüksəlmiş
V "Fizika və Lirika" konfransına uğurlar dilədi.
Akademik
İsa Həbibbəylinin konfransa giriş səciyyəli
"Fizika və lirika: dünya təcrübəsi və
ölkə reallıqları" məruzəsində problemə
qayıdışın önəmi və sirləri
açıq vurğu altında, hətta bir qədər də
çağırış ruhunda səsləndi. Bir zamanlar,
1959-cu ildə: "Komsomolskaya pravda" səhifələrində
liriklərin poetik etirazından başlanan, fiziklərin
ehtiraslı müdaxiləsi ilə müşayiət olunan elm
və sənətin tarixi mübahisəsi, polemikası,
dialoqu, anlaşması bu gün də vacibdir, aktualdır,
qabardılmalıdır. Həm də poetik
çağırışdan, sənət müstəvisində(n),
metaforik münasibətdən daha da çox, elmi problem kimi, tədqiq,
aydınlanma və konsensus nöqteyi-nəzərindən.
Sitat: "Fikrimcə, XX əsr
dünya fizika elminin iki çox görkəmli nümayəndəsi
olan, Nobel mükafatları alan Albert Eynşteyn və Lev
Landaunun müzakirələrdə iştirakı "Fizika və
lirika" polemikasının qarşıdurma səviyyəsindən
mühüm əhəmiyyətə malik olan elmi problem
miqyasına qaldırılmasında mühüm rol
oynamışdır... Özlərini "insan qəlbinin
mühəndisləri" adlandıran ədəbiyyat və
incəsənət nümayəndələrinin cəmiyyətin
inkişafında ədəbiyyatı və incəsənət
amilini ön mövqeyə çıxarmaları davam etsə
də, Albert Eynşteyn və Lev Landau faktoru mübahisələri
səngitmişdir. Ədəbiyyatın və
elmin tarixində mühüm hadisə olan "Fizika və
lirika" müzakirələri elmi problem kimi yaddaşlarda
qalmışdır. "Fizika və lirika" probleminə
bir də 1974-cü ildə yenidən qayıdılsa da, bu
proses əvvəlki dövrdə olduğu qədər əks-səda
tapa bilməmişdir. Lakin "Fizika və lirika" problemi
elm və ədəbiyyat probleminə
çevrilmişdir..." (İsa Həbibbəylinin
məruzəsindən).
Mənə akademik İsa Həbibbəylinin məruzəsini
iki dəfə dinləmək müyəssər oldu; Bakıda
və bir daha Dubnada. Və diqqət yetirdim, məruzədə dinləyiciləri
cəzb edən, sehrləyən, üzərində saxlayan
başlıca bir not vardı: bütün tarixi mahiyyəti ilə
birgə problemin bugünlüyü! Sanki akademik bütün
müddəalarında bircə amacı güdürdü:
İdeyanın vacibliyini isbat etmək!; necə
etmək olar ki, "Fizika və Lirika" konfransı
yaşasın!; bu iş davam etməlidir, getməlidir və bu
iş getsin! Hətta
kuluarlarda gedən söhbətlərdən də akademikin
başlıca bu meyardan çıxış etdiyini, ideyaya
soyuq yanaşanları qınayıb tərəfdarlarını
necə coşqunluqla qarşıladığını
görmək olardı. Bəlkə də məhz bu
israrın nəticəsidir ki, "Fizika və lirika"
konfransının (elmi seminarının) MDB himayəsi
altında keçirilməsinə nail olunmuşdu; təşkilatçılardan
biri də: AMEA, OİYAİ ilə birgə, MFQS - MDB-yə
daxil olan dövlətlərin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu idi və fondun sədrinin
müşaviri
Aleksandr Qonçarov da Bakıda,
iştirakçılar arasındaydı...
Və həqiqətən
də iş getdi! On gün ərzində dinlədiyimiz onlarla
məruzə elmin -
"fizika"nın və ədəbiyyatın -
"lirika"nın onlarca da aktual problemləri üzərində
düşündürdü. İsa Həbibbəylinin sözləri
ilə: "Fizika" deyəndə bütövlükdə dəqiq
və təbiət elmləri, "Lirika" deyəndə
bütünlükdə Sənət və humanitariya fənləri
göz önünə gəlməlidir. Ana tarix söyləsin,
hansı daha əzizdir bu gün...
***
Hər
şeydən öncə "Fizika və lirika: dünya təcrübəsi
və ölkə reallıqları" konfransı (rəsmən
"beynəlxalq elmi seminar" kimi də qeyd olunurdu) geniş
coğrafiyası ilə heyrətləndirirdi və
"dekada" ərzində məruzələr geniş bir
coğrafiyanın elm və sənət aləmində nələrin
baş verdiyini auditoriyaya sızdıra, mənzərəsini
cıza bildi. Yalnız elə konfransda təmsil olunan elmi
instansiyaların sırasını xatırlatmaq kifayətdir
ki, qəziyyə tam məlum ola. Azərbaycan
Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat
İnstitutu, AMEA Fizika İnstitutu, AMEA N.Tusi adına Astrofizika
Rəsədxanası, Azərbaycan Yazıçılar Birliyi,
OİYAİ - Birləşik Nüvə Tədqiqatları
İnstitutu, Rusiya Elmlər Akademiyası M.Qorki adına
Dünya Ədəbiyyatı İnstitutu, Moskva Pedaqoji Dövlət
Universitetinin Stavropol filialı, Belarus Elmlər Akademiyası
Y.Kupala adına Ədəbiyyat İnstitutu, Ş.Rustaveli
adına Gürcüstan Ədəbiyyat İnstitutu,
Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat
İnstitutu, Moldova Respublikasında "B.P.Xaşdeu"
Rumın Filologiyası İnstitutu, Daşkənd Ə.Nəvai
adına Özbək dili və Ədəbiyyatı Universiteti,
Monqolustan Elmlər Akademiyası Ədəbiyyat İnstitutu,
Tatarıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat
İnstitutu, Qazaxıstan M.Auezov adına Ədəbiyyat və
İncəsənət İnstitutu, Qırğızıstan
Elmlər Akademiyası Ç.Aytmatov adına Qırğız
Ədəbiyyatı İnstitutu...
Konfransın
Azərbaycan qanadında (Bakı, 16 noyabr 2018 - Şamaxı,
17 noyabr, 2018) bəlkə də, bir az
"lirika" üstələyirdi və ilk baxışda, ənənəvi
ədəbiyyat konfranslarından elə də fərqlənmirdi.
Amma təbii ki, həssas olarsaq, fərqlənirdi, məhz
"fizika" notları ilə! Belə ki, Rusiya Elmlər
Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun direktoru, professor Vadim Polonski "Ədəbiyyat
tarixinin elmi öyrənilməsində sinergetik modellər"
məruzəsində XX əsr boyu ədəbiyyat tarixinə
riyazi modellərin tətbiqi, Formal məktəb, M.Baxtin,
A.Veselovski təcrübəsi, Qərb ədəbiyyatşünaslığı,
H.Yaus məktəbi, Lotman konstruktivizmi və s. kimi məlum
araşdırmalara ekskurs etməklə, hazırda ədəbiyyat
elmində yaşanan metodoloji böhran problemini qabartdı. Və
ədəbiyyatın özündə də yaşanan xaotik,
çoxşaxəli, çoxvariantlı gedişata yenə də
"fizika"da(n), sistem nəzəriyyəsində(n)
çarə aradı, hədsiz mürəkkəb proseslərə
sinenergetik yanaşma modellərinin tətbiqini təklif etdi.
M.Qorki
adına Dünya Ədəbiyyatı İnstitutunun digər əməkdaşı,
filoloji elmlər doktoru Andrey Kofman da, bir qədər sonra
Pirquluda dinlədiyimiz məruzəsində çağdaş
xaotik zaman münasibətlərində model
axtarışının aktuallığından söz
açdı, amma metodolojidə deyil, ədəbiyyatın
özündə. "Ədəbiyyatda
zamanın bədii modelləri" məruzəsində
F.Dostoyevski dövründən günümüzəcən ədəbiyyatın
realist zaman modellərindən gerçəkliyə daha dərindən
nüfuz edən modernist çabalarınacan növbənöv
modus və modifikasiyaları üzərində dayandı.
Bu ki, "proseslərin hədsiz mürəkkəbliyi"
ədəbiyyatda da zaman modellərinin intensiv
diferensiallaşmasını şərtləndirir.
Tatarıstan
Respublikası Elmlər Akademiyasının vitse-prezidenti,
akademik Daniya Zaqidullina "Bədii ədəbiyyatda elmi
diskurs: problemin qoyuluşu" məruzəsində artıq
konkret "tatar ədəbiyyatı nümunəsində"
həmincə "hədsiz mürəkkəb proseslər"dən
söz açdı və durumu postmodern düşüncə
modelində qavramaq zərurətini irəli sürdü və
şərh etdi. Onu da deyim ki, xanım Zaqidullina eyni prosesləri
müasir Azərbaycan ədəbiyyatında izlədiyim məruzədən
sonra mənə yanaşdı; yığcam müzakirə əsnasında
bəlli oldu ki, bəhs olunan postmodern gəlişmə
türk ədəbiyyatları nümunəsində, məsələn,
Azərbaycan, tatar, türk, özbək, qazax,
qırğız ədəbiyyatlarında da müşahidə
olunur, amma başqırd, türkmən, Qaraqalpaq, Sibir türkləri
və b. xalqlarda məsələ necədir? - akademiki
ciddi məşğul edirdi.
Rusiya Elmlər
Akademiyası Udmurtiya bölməsindən filoloji elmlər
doktoru Aleksey Arzamasovu da "Udmurt poeziyasının öyrənilməsi
perspektivləri"ndə əsas məsələ kimi ədəbiyyatın
klassik ölçülərini itirməsi, "iri
janrların ölməsi", dramaturji və nəsr irsinin
yoxolması müqabilində çox da "intellektual baqaj istəməyən
poeziyanın, qafiyəpərdazlığın total şəkil
alması" düşündürürdü. Milli dildə
yazmaq praktikasının azaldığı zəmində bir
dildən başqa dilə keçməyin fəsadlarını
vurğulayan məruzəçi, amma bu fonda
"şəhər mövzusu"nun yeni keyfiyyət kəsb
etdiyini də nəzərə çatdırdı.
Qlobal
fiziksəl dünyanın liriksəl milli insanın aləmində
yansıtdığı problemlər M.Qorki adına
Dünya Ədəbiyyatı İnstitutunun əməkdaşı,
filoloji elmlər doktoru Kazbek Sultanovu da "Yaddaşa
bağlı insan və milli narrativ: eyniləşdirmə
problemi" məruzəsində məşğul edirdi. Belə
görünür ki, fiziksəl dünyada "görünməmiş
dəyişmələr", "sürüşən proseslər"
özünütanıma, milli identikləşdirmə
hallarının da itirilməsinə gətirib
çıxarır, məsələn, "bizim Tukay",
"bizim Rustaveli" deyə qabarıq özünüifadə
hallarının nadirləşdiyi bir zamanda milli narrativlərin
taleyi də sual altına düşür; dünya etnik eyniləşmələrdən
multikultural birgəyaşayışa doğru
barışıqlara meyil edir.
Bütün bunlarla yanaşı, "milli narrativlər"
ədəbiyyat tarixinə münasibətdə hələ ki
klassik təsnifatlara möhtac olaraq qalır. Bunu Q.İbrahimov adına
Dil, Ədəbiyyat və Sənət İnstitutunun direktoru,
Tatarıstan Elmlər Akademiyasının müxbir üzvü
Kim Minnullinin məruzəsində söz
açdığı "Milli ədəbiyyat tarixi-etnik bədii
təfəkkürün tarixi kimi (tatar ədəbiyyatı
tarixinin 8 cildliyinin yaradılması təcrübəsi"ndə
də görmək olurdu. Və bu mənim yadıma akademik
İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanan
10 cilddə "Azərbaycan ədəbiyyatı tarixi"ni saldı; eynən: qədim dövr, Orta əsrlər,
maarifçilik dövrü, romantizm və realizm ədəbiyyatı,
sovet dönəmi və müstəqillik illəri... Onu da deyim ki, məruzə ətrafında səslənən
"Molla Nəsrəddin" jurnalının tatar realistik ədəbiyyatına
təsiri məsələsini də Kim Minnullin 8 cildliyə
isnad edərək etirafla qarşıladı.
Konfransın
"Ədəbiyyat qanadı"ndakı məruzələrdə
"fizika"nın "lirika"ya
müdaxiləsi mövzularından daha birisi - ötən əsrin
50-60-cı illərindən gəlişən ETİ
(elmi-texniki inqilab) prosesləri oldu. Azərbaycan ədəbiyyatına
"kosmik era"nın sirayəti barədə
AMEA-nın müxbir üzvü Tehran Mustafayevin "Elmin
inkişafı kontekstində bədii təfəkkürün
üfüqləri" və filoloji elmlər doktoru, professor
Tahirə Məmmədin "Humanitar dünyagörüşdən
texnolojiyə baxış" məruzələrində
söhbət getdi. O cümlədən
Qırğızıstan Milli Elmlər Akademiyası
Çingiz Aytmatov adına Dil və Ədəbiyyat
İnstitutunun qırğız ədəbiyyatı şöbəsinin
müdiri, filoloji elmlər namizədi Nurzina Iysayevanın
"Çingiz Aytmatovun yaradıcılığında elmilik
və bədiiliyin qarşılıqlı əlaqəsi",
Belarus Milli Elmlər Akademiyası Yakub Kolas adına
Dilçilik İnstitutunun direktoru, filoloji elmlər namizədi,
dosent İqor Kopılyovun "Akademik dilçilik tədqiqatlarında
fizikanın rolu və lirikanın yeri. Belarus təcrübəsi",
Qazaxıstan Respublikası Muxtar Auezov adına
Ədəbiyyat və Sənət İnstitutunun direktor
müavini, filoloji elmlər namizədi Almira Kaliyevanın
"Yeni qazax nəsrində virtual reallığın poetik-fəlsəfi
dərki", Qazaxıstan Respublikası Muxtar Auezov adına
Ədəbiyyat və Sənət İnstitutunun şöbə
müdiri Svetlana Ananyevanın "Ata evindən qalaktikaya:
uçuş və kainatın sirlərinə doğru. Daniil
Qranin, İvan Yefremov, Ernst Boos", Moskva Pedaqoji Dövlət
Universitetinin Stavropol filialının direktoru, professor Natalya
Sotnikovanın "Fizika-riyaziyyat fənlərinin humanitar
yönlü tələbələr tərəfindən
elektron dərsliklərin tətbiqi ilə öyrənilməsi
təcrübəsindən", B.N.Yeltsin adına
Qırğızıstan Rusiya Slavyan Universitetinin tarix və
kulturologiya kafedrasının dosenti, filoloji elmlər namizədi
Lyubov Skreminskayanın "İki mədəniyyət
gerçəklik faktı kimi: "fizika və lirika"
probleminin durumu bu gün ("Ədəbi
Qırğızıstan" jurnalının materialları əsasında)"
məruzələrində ETİ həqiqətlərinin
humanitar fikrə, bədii-fəlsəfi təfəkkürə,
konkret milli ədəbiyyatlara təsirindən, ayrı-ayrı
yazıçıların yaradıcılıq
dünyasında təzahürlərindən söhbət
getdi. Bilavasitə ədəbiyyatda elmi fantastik-janrın gəlişməsi
və müasir dünyagörüş və qavrayışda
rolu barəsində Şota Rustaveli adına Gürcüstan
Ədəbiyyat İnstitutunun direktor müavini, filoloji elmlər
namizədi, dosent Maka Elbakidzenin "Quram Pancikidzenin
"Spiral" romanı", Rostov İdarəetmə, Biznes və
Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərovun
"Çağdaş mütəxəssislərin
hazırlanmasında elmi fantastik ədəbiyyatın rolu"
məruzələrini də həmin mövzu dairəsi və
aktuallıq prizmasından almaq və dəyərləndirmək
olardı.
Konfransda bir sıra məruzələr ədəbiyyatda
və humanitar təfəkkürdə elmin izlərini daha qədimlərdən
axtarmaqla, günümüzəcən "fizika və
lirika" münasibətlərinin rəngarəngliyinə
diqqət çəkdilər. Rusiya Elmlər Akademiyası M.Qorki
adına Dünya Ədəbiyyatı İnstitutunun əməkdaşı,
filoloji elmlər namizədi Andrey Korovinin "Ədəbi
nağıl: folklor qaynaqları və inkişaf
yolları", Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunun dosenti Abuzər Bağırovun "Nizami Gəncəvinin
"İskəndərnamə" poemasında kainatın mənşəyi
barədə", Daşkənd Şərqşünaslıq
İnstitutunun professoru Boqijon Tatlıyevin "Əlişir Nəvainin
"Səddi-İskəndər" poemasında alim
obrazları", "B.P.Xaşdeu" Rumın Filologiyası
İnstitutunun əməkdaşı, filoloji elmlər namizədi
Liliya Porubinin "Bessarabiyanın rumın ədəbiyyatında
Freydin psixoanalizi (Aleksandr Robotun romanında bədii
inikas)", M.A.Şoloxov Dövlət muzey qoruğunun direktoru
Olqa Anistratenkonun "Elm və ədəbiyyat: M.Şoloxovun
"Sakit Don" romanının elmi nəşrinin
hazırlanmasında mətnşünaslığın
rolu", Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya
Ədəbiyyatı İnstitutunun şöbə müdiri
Marina Sıçevanın "A.M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunda ədəbiyyatşünas və
folklorşünasların hazırlanması problemi",
Əlişir Nəvai adına Daşkənd Dövlət
Özbək dili və ədəbiyyatı Universitetinin
professoru Naim Kərimovun "XX əsr özbək fəlsəfi-intellektual
şeirinin inkişaf yolu və prinsipləri",
Gürcüstan yazıçılarının Milli
Akademiyasının əməkdaşı Mirzə Maaşovun
"Elizbar Cavelidzenin "Ruhi Bağdadi" kitabı
haqqında", AMEA Arxitektura və İncəsənət
İnstitutunun direktoru, müxbir üzv Ertəkin Salamzadənin
"Təsviri sənət və simmetriya",
"Qırğızstan "Çiqu" təhsil metodika
muzey kompleksinin dosenti, tarix elmləri namizədi Lyudmila
Stavskayanın "İssık Kul petroqliflərində və
Ç.Aytmatovun əsərlərində totemlərin mifoloji
obrazları", Statistika Komitəsinin elmi tədqiqat və
statistik innovasiyalar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri
doktoru Mübariz Nuriyevin "Duyğu üzvləri arasında
fiziki münasibətlərin lirik təcəssümü"
məruzələrində tarix boyu ədəbiyyat və mədəniyyət
mətnlərindən görünən elmi biliklərin
israrı "Fizika və lirika" konfransının da
çağdaş zəmini və önəmini şərtləndirir,
vurğulayırdı.
Bütün
bununla belə, konfransın "Ədəbiyyat mərhələsi"
və mənzərəsində "fiziklər"in fəallığı
heç də "liriklər"dən geri qalmadı.
Əvvəla, "Fizika və lirika: dünya təcrübəsi
və MDB ölkələrinin elm və ədəbiyyat
reallıqları" seminarının təşkilində N.Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə yanaşı, AMEA
Fizika İnstitutunun da məsulluğu və aktivliyi göz
qabağında idi və AMEA Fizika-Riyaziyyat və Texnika
bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru,
akademik Nazim Məmmədov "Fizika və lirika: fizikin
baxış bucağından" mərizəsində həmin
məqamı qabartdı. "Fiziklər də
insandır!" və bu gün bəşəriyyətin həyatını
kökündən dəyişən, az
qala ikinci bir dünya yaradan böyük texnoloji hünərləri
və xidmətləri müqabilində yenə də
duyğusal, liriksəl, xəyalsevər vücud olaraq qalır
və hətta məqamında şeir də yazırlar...
İkincisi,
konfrans təşkilatçıları arasında AMEA
Şamaxı Astrofizika Rəsədxanası da vardı; və
plenar iclasların ikinci gününü, 17 noyabr 2018-ci il
tarixində seminar iştirakçıları həmin
texnogen-fiziksəl-sivilizasion dünyanın bir parçası
olan Bakı şəhərindən yığışıb,
təbiətin qoynunda, payızın duman və sisinə məhəl
qoymadan, "liriklər"in də, "fiziklər"in də
göylərə yaxın bildiyi Pirquluda keçirdilər. Və
demək lazımdır ki, rəsədxananın direktoru,
professor Namiq Cəlilovun və onun işgüzar kollektivinin
ciddi səyləri sayəsində "Astrofizika və
lirika" motivasiyası ümumən baş tutdu. Doğrudur, havanın məğşuşluğu
poetik fürsətdən yararlanıb teleskoplardan uzaq
ulduzları seyrə imkan verməsə də, bu nəhəng
qurğuya əyani ekskurs, eksponatlar və səma mənzərələri
əhatəsində, dairəvi qübbə altında dinlənən
məruzələr özlüyündə kosmik bir rəng
almış olurdu. Burda bir "simvolizm" əlaməti
görüb, bir azdan "Litqazeta"nın
müxbiri də yazacaqdı: "Bəlkə də, ulduzlar
"fiziklər"in və "lirik"lərin ən ilkin və
ən başlıca təmas nöqtəsi olaraq
qalır..." ("Literaturnaya qazeta", 28
noyabr- 4 dekabr 2018).
Təmas axtarışı isə real idi və qeyd olunduğu
kimi, hələ yarım əsr də bundan irəlidən gəlirdi. Seminarın ən gənc
iştirakçıları, N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşları Dilarə Əliyeva
"Fizika və lirika problemi "Literaturnaya qazetada" və
Şəfa Əliyeva "Fizika və lirika problemi "Komsomolskaya
pravda" qəzetində" məruzələrində
xatırlatdıqları kimi, konfransın fizika qanadını
təmsil edən hər bir məruzəçi də məhz
bu məqamda israrlı görünürdü.
Xəzər
Universiteti Direktorlar Şurasının sədri, professor Hamlet
İsaxanlı "Riyaziyyatın poeziyası və
poeziyanın riyaziyyatı", Birləşik Nüvə Tədqiqatları
İnstitutu Sosial infrastruktur İdarəsinin rəhbəri,
fizika-riyaziyyat elmləri namizədi Andrey Tamonov "Birləşik
Nüvə Tədqiqatları İnstitutu bu gün və
sabah", Azərbaycan Milli Aviasiya Akademiyasının professoru
Ağacan Abiyev "Musiqi əsərləri və təsviri sənət
funksional insan sistemində neqativ entropiya kimi", Birləşik
Nüvə Tədqiqatları İnstitutu "Dubna, elm, həmrəylik,
proqres" həftəliyinin redaktoru, Moskva Jurnalistlər
İttifaqının üzvü Yevgeni Molçanov "Fiziklər
və liriklər Dubnada: qanunlar sözünü deyir"; Birləşik
Nüvə Tədqiqatları İnstitutu Gənc alim və
mütəxəssislər Birliyinin sədri, fizika-riyaziyyat elmləri
namizədi Aleksandr Verxevey "Birləşik Nüvə Tədqiqatları
İnstitutunda gənc alim və mütəxəssislərin
konferensiyaları" məruzələrində elmin
mövqeyində möhkəm və təkzibsiz görünməklə,
maraqlıdır ki, eyni zamanda lirikanın hüdudlarında da
həvəslə reverans edirdilər.
Professor
Hamlet İsaxanlının Aristoteldən zəmanəmizin
mütəfəkkirləri Eynşteyn, Çarlz Snou, Puankareyəcən
ünlü filosoflar, alimlər, şairlərdən
çoxsaylı istinadları bir daha əyanilədi ki, poeziya
və riyaziyyat əzəldən ruh və bədən kimi
ayrılmazmış. Yoxdur, olamaz elə bir
riyaziyyatçı ki, heç olmasa bir az
nəğmə oxuması olmasın. Riyaziyyatla
məşğul olmaq insan ruhunun dəliliyinə yozulur. Liriklər də, fiziklər də təbiətdən
gəlir, təbiətə bağlıdır. Təbiət açıq kitabdır, filosoflar bu
kitabın işarələrini oxuyur. Riyaziyyat
və poeziyanın bənzərliyi təbiətin sirrinə qəfil
(poetik) idrak dəmində yetmələri, vaqif
olmalarıdır. Birisinin elmi yolla əldə
etdiyinə digəri obrazla yetir; riyaziyyatın təsvir etdiyini
poeziya yaradır. Hər ikisi modellə işləyir və
modeli verən gözəlliyin özüdür... Bəlkə
də, elə bu doğmalıq axtarışlarının bəhrəsidir
ki: "Zəngin şeir yaradıcılığına
görə fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet
İsaxanlı haqqında "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı" ikicildlik monoqrafik tədqiqatında
ayrıca portret-oçerk verilmişdir" (İsa Həbibbəyli)...
Başqa
bir ünlü sima, daha çox siyasətçi kimi məşhur,
millət vəkili, Siyasi Psixologiya Mərkəzinin direktoru, professor Səməd Seyidov "Bədii
yaradıcılıqda elmi intellektin rolu: həyatın və
insanın bədii dərki və təfsiri" mövzusunda
parlaq məruzəsində çox sayda çağdaş
psixoloq mütəfəkkirlərə istinadla fizika və
lirika arasında konsensusu başqa bir yerdə yox, elə
yaradıcılığın özündə, öz
fenomenoloji təbiətində aradı. Bu ki
yaradıcılıq insan həyatının mənasını
qapsayır; arxasında yaradıcı insan durur. O insan
ki, bu gün bir neçə fundamental keyfiyyətlər
göstərir: 1) fenomenoloji qabiliyyət; insan olmazın məhsuldarlıq,
nəticə nümayiş etdirir; 2)
çoxyönlülük; insan hadisələrə ən
müxtəlif yönlərdən baxa və yanaşa bilir; 3)
orijinallıq, fərqlilik; insan hər zaman başqalarından
fərqlidir... Fərqliliyin daha bir təzahürü o oldu ki,
hətta Səməd Seyidov da mobilinin yaddaşını vərəqləyib
çıxışının sonunda orijinal şeirini
oxudu...
Lirika,
lirika, lirika... Hər yerdə lirika... Elmi
konfransın bütün fiziksəl proseduru, reqlamenti,
qaydalarına baxmayaraq, məclis yaradıcı olaraq bir xeyli də
liriksəl, lirika havasında gəzişdi. Əvvəla, akademik Akif Əlizadə konfransın
yığcam, mənalı açılışını, hər
zaman olduğu sayaq, bir bənd şeirlə uğurladı.
Daha sonra uzaq 1959-cu ildə "fizika - lirika"
münasibətlərinə təkan vermiş Boris Slutskinin
şeiri orijinalda və tərcümədə səsləndi.
Daha da sonra, kainatda tarazlıq və harmoniya yaratmağa yönəlik
Ahəngyol nəzəriyyəsinin təsisçisi, sosioloq,
şair Əhməd Qəşəmoğlu akademik İsa Həbibbəylinin
məxsusi sifarişi ilə konfransa həsr etdiyi şeirini,
qocaman şair Oqtay Rza elmlə süslənmiş şeirlərini,
elmlə şeirin qovşağında "qoşa
qanad"ı təmsil edən, 3 cildlik bədii əsərlər
müəllifi, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət
Mahmud vətənpərvər şeirlərini məruzələrarası
məclis iştirakçılarının diqqətinə
çatdırdılar. Bu həvəsdə
olanlar, demə, çoxmuş və biz bunu "fizika aləminə
səyahətimiz"in ikinci hissəsində Dubnada da aşkar
görəcəkdik. Belə ki, Belarus Milli Elmlər
Akademiyasının Yanka Kupala adına Ədəbiyyatşünaslıq
İnstitutunun filial direktoru, professor İvan Saverçenkonun
ayrıca "Belarus alimlərinin poetik eksperimentləri"
mövzusunda məruzəsi heç də təəccübləndirmədi,
əksinə, eynən bizdə müşahidə olunan proseslərin
miqyasına bir daha maraq oyatdı. Görünür ki, akademik
İsa Həbibbəyli günümüzdə "akademik
şeir" deyə yeni bir cərəyan kəşf etməkdə
heç yanılmırmış: "Artıq elm
qarşılıqlı yazıçı və şairlərin
şəbəkəsinin genişlənməkdə olduğunu
nəzərə çarpdırır. Bu zəmində
Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının
formalaşmaqda olduğunu müşahidə etmək
mümkündür. O da müşahidə olunmaqdadır
ki, indiyədək Azərbaycan ədəbiyyatında
postmodernizm və magik realizm ədəbi cərəyanları
sıralarında fəaliyyət göstərən
elmyönlü yazıçı və şairlər
"Fizika və lirika" müzakirələrinin,
"Qoşa qanad" çağırışlarının
açdığı yolla akademizmə doğru meyillənməkdədirlər..."
(İsa Həbibbəylinin məruzəsindən).
Beləcə,
"Fizika və lirika: dünya təcrübəsi və
ölkə reallıqları" konfransının "Ədəbiyyat
qanadı" lirikanın azca üstünlüyü ilə
keçməklə, necə deyərlər, ev
sahibliyinə haqq qazandırdı, hətta hardasa "lirik kəşflər"lə
müşayiət olundu. Və biz ürək
rahatlığı ilə komandamızı
formalaşdırıb, 21-24 noyabr 2018-ci il
tarixləri arası bu dəfə üz tutduq
çağdaş fizikanın vətəninə -
"dünyanın elm mərkəzlərindən biri
Dubnaya"...
ardı
var
Tehran Əlişanoğlu
Ədəbiyyat qəzeti.- 2019.-
19 yanvar.- S.24-25.