"ANTİSOVETSKAYA PRAVDA"

 

Tələbə vaxtı Vətənə yanvar tətili üçün gəlmişdim. Bakıdakı siyasi olaylar məni rahat buraxmadığına görə, kəndimizdə çox qalası olmadım. Doğmalarla sağollaşıb tezcə Bakıya gəlməyi, Sumqayıtda yaşayan şair dostum Şaiq Vəlinin qonağı olaraq burdakı siyasi proseslərin şahidi olmağı, tətil bitən kimi isə Moskvaya qayıtmağı qərarlaşdırdım.

Bakıda 20 Yanvar qırğınından bir neçə gün əvvəl Prezident Aparatının qarşısında rəhbərliyə üsyan mitinqi düzənlənmişdi. Aparatın qabağında simvolik olaraq dar ağacı da qurulmuşdu. Havada qorxunc bir gərginlik vardı. Mən mərhum dostum Şaiq Vəli ilə birlikdə mitinqçilərin çıxışlarını dinləyirdik. Mitinqin gecə də davam eləməsinə baxmayaraq, biz qaranlıq düşəndən sonra Sumqayıta getmək üçün oranı tərk elədik. Gecə marşrutlarının basabasına baxmayaraq, birtəhər Sumqayıta, Şaiqin evinə gedib çıxa bildik.

Səhər tezdən hər yanı başına götürən həyəcan siqnalına oyandıq. Şaiq dedi, yəqin, zavodların hansındasa ciddi qəza olub. Sonra izah elədi ki, zavodlarda qəza olan kimi həyəcan siqnalı verirlər.

Çox ertə idi, televiziyaların vaxtı deyildi, bir xəbər eşitmək arzusu ilə radionu açdıq, ancaq xışıltıdan başqa heç nə eşitmədik. Şaiqin evində telefon da yox idi. Həm də o vaxtlar televiziya verilişləri gecələr bağlanır, bir də səhər proqramları ilə açılırdı. Çay içdik, bir neçə siqaret çəkdik, nəhayət, televiziya verilişlərinin vaxtı çatdı. Televizoru açdıq: qara ekran və vahiməli xışıltı - başqa heç nə!

Əyin-başımızı geyinib küçəyə çıxdıq. Baxdıq ki, adamlar kütləvi olaraq mərkəzə sarı axışır. Dedilər, rus qoşunu Bakıda minlərlə soydaşımızı qırıb. Gəlib Sumqayıt Mədəniyyət Sarayının qarşısına çatdıq. Orda bir tribuna düzəldib mitinq keçirirdilər.

Bakı ilə Sumqayıtın əlaqəsi kəsilmişdi, yalnız bəzi evlərdəki telefonlar işləyə bilirdi. Ona görə adamlar arasında sürətlə müxtəlif səpkili şayiələr yayılırdı. Bu qeyri-müəyyənlikdən ürəyimiz partlayırdı. Fikirləşirdik, görəsən, dostlardan kim ölüb, kim qalıb? Həmin gün Bakıya getmək istədik, ancaq mümkün olmadı, maşınların işləməsinə qadağa qoyulmuşdu.

Bütün günü Sumqayıt çayxanalarında, yığıncaqlarda Bakıdakı hadisələr haqda söhbətlərə qulaq asası, fərziyyələr dinləyəsi olduq. Sabah tezdən yenə Bakıya getməyə çalışdıq. Avtovağzaldan Bakıya avtobus getmirdi. Biz yol taksiləri ilə qırıq-qırıq birtəhər Bakıya gəldik. Rus tanklarının tırtılları altında qalıb əzik-üzük hala düşmüş maşınları yol qıraqlarında görüncə həyəcanımız daha da artırdı...

Bir neçə gündən sonra mən dərslərdən qırılmamaq üçün qatarla yola düşdüm və yanvarın 27-də Moskvada oldum. Tələbə ola-ola axşamlar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin binasında növbətçi işləyir, gecələr isə oradakı otelin birinci mərtəbəsində mənə verilən xüsusi otaqda gecələyirdim. Ona görə Moskvaya düşən kimi elə birbaşa Nümayəndəliyin binasına gəldim. Bakıda törədilmiş qırğınla əlaqədar olaraq hər gün orada toplaşan həmvətənlərimiz söylədilər ki, qanlı 20 Yanvar gününün səhərisi Heydər Əliyev öz ailəsi ilə Nümayəndəliyə gəldi və azərbaycanlılar qarşısında Qorbaçovun millətimizə qarşı törətdiyi qanlı hadisəni şərh edərək onu xalqımızın qatili elan elədi.

Həmyerlilərimiz onu da dedilər ki, yanvarın 26-da Nümayəndəliyin konfrans zalında mətbuat nümayəndələrinə hadisənin təfərrüatını danışan AMİP sədri Etibar Məmmədovu silahlı OMON-çular elə zaldanca apardılar.

Mən Nümayəndəliyin konfrans zalının tavanında avtomat gülləsinin izlərini öz gözlərimlə gördüm. Demək, binaya hücum edərək zalda güllə atmış, Etibar bəyi birbaşa konfrans zalından aparmışdılar. O zamanlar nümayəndəliyin içində yerləşən otelin təsərrüfat işlərinə tələbə yoldaşım olmuş Adil Əlioğlu baxırdı. Adil BBC telekompaniyasından gəlmiş Etibar Cəfərov adlı rusdilli jurnalist soydaşımıza oteldə bir otaq ayırmışdı. Etibar Bakıdan oğrun yollarla gətirdiyi 30-a yaxın videokasetlərdən montajla bir kaset yığıb faciəni səfirliklər vasitəsilə xarici kanallara ötürürdü. Ayrı-ayrı kasetlərdən montajla kəsib bir kaset düzəltmək o vaxtkı texniki vasitələrlə xeyli vaxt aparırdı. Ona görə Etibar günlərlə həmin otaqdan bayıra çıxmırdı.

İnstitutumuzun yataqxanasında qalan tələbə yoldaşlarım axşam mənə Leninqraddan (indiki Sankt-Peterburqdan) göndərilmiş telefon nömrəsi gətirdilər. Həmin nömrəyə zəng elədim, Saatlıdan olan tələbə yoldaşım Şamil Bahadır idi, təcili mənim Leninqrada gəlməyimi istəyirdi.

Sabah tezdən sürət qatarı ilə Leninqrada yola düşdüm. Dostlar məni səhər tezdən perronda qarşılayaraq otelə gətirdilər. Şamilin həmyerlisi və yaxın dostu olan Əli adlı bir dəliqanlı (ona hamı Alik deyirdi) bizi öz pasportuyla şəhərin ən yaxşı oteli sayılan "Pribaltiysk"də yerləşdirdi. Demə, mən ora gələnə qədər Şamil, artıq Leninqraddakı həmyerlilərimizi bir yerə toplayıb gətirdiyi kasetləri nümayiş etdirərək Bakıda törədilən qanlı 20 Yanvar hadisəsini onlara şərh eləyibmiş.

Saatlıdan tarix müəllimi Ramazan Səmədov adlı cəsur və mehriban bir oğlan da Bakıdan Şamillə gəlmişdi. Məqsəd, Bakı qırğınını Rusiya mətbuatı və televiziyaları ilə yayımlamaq idi. O vaxtlar, Moskvadan fərqli olaraq, Kremlin siyasətini Leninqrad ictimaiyyəti qəbul eləmirdi. Şamil rus tələbə yoldaşlarını da işə qoşmuşdu. Marina Paley, Sergey Paxomov və Pyotr Kojennikov bizə yaxından kömək eləyir, işin maliyyə ağırlığını isə Alik çəkirdi. Nəhayət ki, Kojennikovun çalışdığı Leninqradın ən məşhur "Pyatoye koleso" adlı telekompaniyasında qanlı 20 Yanvarın izahlı görüntülərini yayımladıq.

Həmin günün sabahı biz oteli təcili tərk edəsi olduq, çünki Sabirabaddan gəlmiş bir cəbhəçinin otel telefonuyla "Azadlıq" radiosuna, Mirzə Xəzərə zəng elədiyini bilən KQB əməkdaşları oteldə axtarış apardılar. Zəng isə Alikin olduğu otaqdan getdiyinə görə onu çox çək-çevirə salmışdılar.

Leninqradda Saşa Boqdanov adlı gənc və cəsur jurnalist "Antisovetskaya pravda" adlı bir list qəzet buraxıb hər həftə Moskvanın mərkəzində satırdı. Qəzetin "samizdat" forması orda çap olunan xəbərləri daha mötəbər göstərdiyinə görə moskvalılar Saşanın peyda olmasını səbirsizliklə gözləyir, o gələnə qədər özləri növbəyə dururdular. Saşa tirajı iri əsgər heybəsilə belində gətirib Puşkin meydanı tərəfdə küçədəcə satışa çıxarırdı. Onun qəzeti Qorbaçovun imperialist siyasətini məqalə və karikaturalarla darmadağın eləyirdi. Şamilin dostları bizi Saşa ilə tanış elədi. Saşa qəzetin iki nömrəsini - Sumqayıt hadisələrindən tutmuş 20 Yanvara qədər - Qorbaçovun Azərbaycan siyasətinə həsr elədi.

Mən Şamil Ramazanı bir çamadan qəzetlə Domodedovo hava limanından yola salmalı idim. Biz cəmisi bir bilet tapa bildik və qəzeti Ramazan aparmalı oldu. Kəndirlə düyün-düyün bağladığımız qəzet ölçüsündə olan çamadanı keçid şüasından ötürəndə təəccüb elədilər. Min nüsxəyə yaxın kip yığılmış qəzet listi çamadanda bütöv bir qara daş kimi görünürdü. "Bu nədi?" - polislər soruşdu.

Üçümüzün rəngimiz dəyişmişdi. Çamadan açılsa hər birimizi 3 ildən 7 ilə qədər cinayət işi gözləyirdi. Ancaq Ramazan əvvəlcədən bizə demişdi, tutsalar, sizin xəbəriniz yoxdu, hər şey mənlikdi. Nəzarətçi polislərə dedik, kağız-kuğuzdu, kip yığılıb, ona görə belə görünür. Qəsdən registrasiyanın lap sonlarında gəldiyimiz üçün polislər çamadanın düyünlü kəndirinə baxıb vaxt darlığına görə açdırmaqdan vaz keçdilər...

Qəzetin özümüzdə qalan nüsxələrini və Qriboyedovun başçılığı ilə İrandan, Türkiyədən köçürülən ermənilərin Dağlıq Qarabağda necə yerləşdirildikləri haqda məşhur rus yazıçısı V.L.Veliçkonun yazdığı "Kavkas" əsərinin kserokopiyasını Moskvada yaşayan vətənpərvər ziyalımız Valeh Rzayevin təşəbbüsü və köməkliyi ilə paketlərə qoyub rus ziyalı və yazıçılarının məlumat kitabçasından götürdüyümüz ev ünvanına göndərirdik. Bununla kifayətlənmir, həmin vərəqləri insanlarla aşıb-daşan məşhur Qədim Arbat küçəsinin divarlarına yapışdırırdıq. Çox vaxt küçəni geri qayıdanda görürdük, yapışdırdıqlarımızı əsasən ermənilər divardan cırıb atır. Biz də qayıdıb məcburən təzələrini yapışdırası olurduq...

Ramazan qəzetləri Azərbaycana çatdırmışdı. Sonralar Şamildən eşitdim, Ramazanı Rusiyada öldürüblər. O, heç 40 yaşına da çatmamışdı...

Sonralar eşitdim ki, "Antisovetskaya pravda" buraxan Saşa Boqdanovu da evində güllələyiblər...

P.S. Maraqlananlar üçün deyim ki, qəzetin nüsxələri Saatlı Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.

 

Murad Köhnəqala

 

Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.27.