Formanın müqəddəs sirri
Səməd Mənsur
VII məqalə
Dünyada
sırf satirik adında, statusunda bir şair yoxdu, sırf
satirik şair kimi tanınanlar, əslində, millətin,
insanların dərdini danışmaq, yazmaq istəyən və
buna görə də onu məşhurlaşdıran çox
şeydən vaz keçmiş sənətkarlardır,
özü də ehtiraslı xitab formasında, burda məhz
şairin niyyəti və istedadının xassəsiylə
bağlı qəribə bir məqam var: keçid məqamı,
- dərdi yalnız ehtiraslı xitab üstündə yazanlar
sıradan da tez çıxır, dərdi yalnız satirik dildə
hecalara bölənlər də uduzur və ən pisi "təmsil"
yazana çevrilirlər, ancaq bu hər iki istiqaməti bir
nöqtədən görə bilənlər hər gün, həmişə
millətin, adi insanların damarında çarpırlar, Səməd
Mənsur kimi. Hər iki formanı bir baxış
bucağından görmək o anlama gəlir ki, lap sevgi
şeiri yazanda da məzmun, şeirlə işarə edilən
duyğular haçalanır, bu təmiz ehtirasın içindən
sevginin nişangahında olan bütün hisslər rentgen
qurğusundan keçirmiş kimi ən müxtəlif istiqamətlərə
tuşlanır, bu isə qəzəlin, əruzun içində
fərqli komponentlərin olmasını tələb edir, bu
selin, bu fərqli konsepsiyanın qarşısında forma
gücsüz qaldıqda deyək ki, janr, qəzəl janrı
öz-özünə oxuyan səsə çevrilir.
Bütün digər janrlardan fərqli olaraq, qəzəldə
formanın özü bir dildir, bu dili döndərmək, başqa
bir dilə "tərcümə etmək"
qeyri-mümkündür, rus poeziyasının gümüş
dövrünə məxsus şairlər, məsələn,
Bryusov da qəzəllər yazdı, ancaq ekzotikadan başqa bir
şey alınmadı, formanın məxsusi dili izafətlərin,
tərkiblərin olmasını tələb edir, onlarla nəfəs
alır, bu nəfəs kəsildikdə candan ayrılan ruh - həmin
səs itiyini axtarır və tapmır. Diqqət edin:
Saqi, əksin
mərdümi-çeşminə gər göstərsə
cam,
Badəxar olmaz meyi-təlxindən hərgiz təlxkam.
Burda məsələ (yaxud problem) mətndəki izafət,
ərəb-fars sözlərinin mənasını bilməklə
məhdudlaşmır, həmin forma şairin fərdi həyat
duyğusunu (son dərəcə metafizik ölçü-!)
ötürmək funksiyasını yerinə yetirir, qəzəlin
dili - budur, başqa bir şey deyildir.
Səməd
Mənsurun nəzərində hər şey poeziyadır, bu qənaət
məhz XX əsrin əvvəlləri üçün belə
deyək, son dərəcə təbii səslənirdi, həm
də hər şey poeziya məmləkətinə nüfuz
etməyə, onun sərhəd zonasında yer tutmağa çalışırdı. Səməd Mənsur sözün müstəqim mənasında
əsl poeziya aləmində yaşayırdı, bu səbəbdən
şeirlərinin kitab kimi çapına laqeyd
yanaşırdı, daha doğrusu, buna lüzum
görmürdü. Yəni poeziya sırf
özünün vektorları üzərində olanda ondan kənarda
nəyinsə olmasını istəmir, belə bir nümunəni
yada salın: özü şair olsa da, Platon bütün
şairləri dövlətdən qovub
çıxarmışdı. Yəni Mirzə Cəlil
demişkən, "Bu xamuşluqda insana elə bir zehin üz verir ki, dünyanın yaxşı və
yamanını...", hər şeyi dəqiq
seçib-ayırır, tükü-tükdən seçir, Səməd
Mənsurun "Rəngdir" şeiri məhz belə bir
xamuşluğun məhsuludur. Bu prosesdə
hansısa başlanğıc bir lad var (Mamardaşvili),
ağappaq duman içindən süzüb keçir, yəni,
həm mövcuddur, həm də yox, gerçəklik
mövcud olmayan və heç zaman mövcud olmamış
hansısa bir nəsnənin pozulması hesabına qəbul
edilir. Filosofun fikrincə, belə bir çox incə
detalsız həyat əsl deyil, imitasiyadır, yəni hər
şey üçün özül olan nəsnə görə
bilmədiyimiz o nəsnədir, həmin fəryad (həpsi rəngdir)
bu nazikdən nazik, son nöqtəsinə qədər incəlmiş
"sapın" "olmadığı" məqamdır.
Bu məqama həmin şeirdə istinad da var:
Qıl təsəvvür
bir daha şairlərin xülyasını,
Aşiqi-zarın
başında seyr qıl sövdasını,
Qəbri
aç, göstər ona Şirinini, Leylasını,
Bir
ayılsın da, düşünsün gördüyü
röyasını,
"Bax",
deyir "həqqi bütün
eşqü
məhəbbət rəngdir".
Məsələ heç də dəfələrlə
deyildiyi kimi, ştamp-simvol sözlərin (saqi, badə, cam,
mey...) sıx-sıx və müəyyən
ardıcıllıqla işlədilməsində deyil, bunlar
zahiri bəlirtilərdir, əsas məqam formanın gizlin
dilinin hər şeyi idarə etməsindədir. Forma dili idarə
edir, ona yiyələnir və "başqa cür
düşünməyinə" imkan vermir. Amma məsələn, müxəmməs
formasında məsələ tam fərqlidir.
Elə
buna görədir ki, bu çarpışmalardan sonrakı
dövrdə, deyək ki, Müşfiqdə, Səməd
Vurğun, Rəsul Rza və Süleyman Rüstəmdə
formanın içində həmin səsin havası hətta
ad-konseptlərə də sirayət etdi - "Küləklər"
şeirinə baxın, yaxud Süleyman Rüstəmin Cənub
şeirlərinə. Bu gərgin dinamika
Müşfiqdə hecayla sərbəstin qovuşuğunu
yaratdı. Yeni dövrün lirikası
müəyyən mənada satirik formaların daxiliylə
axıb gedən, poeziyamızın minillik ənənəsini
saf-çürük edən prosesdən doğdu.
Bizdə hamı Səməd Mənsuru "Rəngdir"
şeirinin müəllifi kimi tanıyır, halbuki ədəbi
prosesin dinamikasını anlamaq baxımından onun digər mətnləri
daha dəyərli və diqqətəlayiqdir. Bu şeir, sadəcə,
onun yaradıcılığıyla bərabər, bəlkə,
ondan da çox xarakteri və şair naturasından irəli gələn
qənaətdir. Səməd Mənsur
ictimai ədalətsizliyə son dərəcə həssas bir
sənətkar idi, onun əqidəsi - özünün dediyi
kimi, sağa və sola əyilməməsi, xarakterinin möhkəmliyi
və sərtliyi həqiqət bildiyi sözünü sona qədər
demək ehtiyacı yaradırdı. Müxtəlif
şeirlərində bu mövzulara toxunur, xarakter və
düşüncə tərzini bütövlüklə bədii
mətnə köçürməyə cəhd edirdi.
"Qan" şeiri belələrindəndir:
Bir əsr
ki, yer səhnəsidir qan ilə əlvan,
Bir vəqt
ki, özvayinə heyran olur insan,
Bir
gün ki, baxan hər tərəfə qan görəcək,
qan,
Qarşı
duruyor zülmət ilə bədri-dirəxşan,
Qan
tökməyə, can verməyə amədədir hər an,
Hər kəs
ki, hüququn düşünər, rütbəsin anlar,
Hər kəs eşidər həq səsini, həq
sözün anlar.
Şeir hər biri yeddi misradan ibarət olmaqla iki bənddən
ibarətdir. Hər bəndin ilk üç misrası əsr, vəqt
və gün sözləriylə başlayır. Bu düzülüş qaydası bədii mətni səsin,
çağırış səsinin özünə
çevirir, yəni XX əsrin əvvəllərində ədəbi
düşüncədə gedən dinamik proseslər mətnə,
onun quruluşuna da ciddi təsir göstərirdi.
XIX əsrin ortalarından XX əsrin ortalarına qədər,
yəni təxminən bir əsr boyunca
yaradıcılığı əsasən lirik və satirik
şeirlərdən ibarət olan şairlərin
dövrüdür. Yəni yaradıcılığın
başında lirika, sonra sonadək satira. Bu
sənətkarları lirikadan "küsdürən", daha
önəmlisi satiraya bağlayan nə idi? Üstəlik, qəzəl şairi kimi tanınmaq əbədi
məşhurluq anlamına gəlirdi. Həm
də Sabirdən sonra bu formada yazmaq, qənaətlərini
satirik dilə çevirmək o qədər də asan deyildi.
Hər halda bir standart baxışın nəticəsi
olaraq onu Füzulinin davamçısı
adlandırırdılar. Satira isə məlum klişe
fikirlərə görə, elə indinin özündə də
daha az ədəbiyyatdır. Ancaq sözü gedən dövrdə kiminsə
davamçısı olmaqdansa, özünü,
özünün dövrana münasibətini ifadə etmək
daha önəmli idi. Demək, ənənədə
davamçı olmaq xassəsi etiketdən başqa bir şey
deyildir. Yəni Səməd Mənsur
şeiri Füzulinin, yaxud Sabirin davamçısı
olduğuna görə yox (-!), məhz Səməd Mənsur
intonasiyasına görə böyük əhəmiyyət
daşıyır. Səməd Mənsur
bilindiyi kimi, mətnlərinə qarşı bir elə diqqətli
deyildi, hətta naşir olduğu dövrdə belə, bircə
kitabını burxmaq yadına düşməmişdi. Demək, kiminsə davamçısı olmaq, bu
ladlar üstündə yazdıqlarını bağrına
basıb saxlamaq eyninə deyildi. Satirik şeirləri
isə o dövrün ən aparıcı məcmuələrində
çap edilirdi. Beləliklə, həmin
dövrdə ədəbiyyat anlayışının məzmunu
dəyişmişdi, demək olar, hər gün dəyişən
məzmun formanın da başqalaşmasına səbəb
olurdu, ancaq formanın daxildən dəyişməsi olduqca uzun
sürür. Onların bir-birinə
keçməsi əksetdirmədə məlum layların
dağılmasına, yenilərinsə aysberq sayağı
batıb-çıxmasına səbəb olur. Bunun nəticəsində Səməd Mənsur
şeirində yeni intonasiya modelləri yaranırdı. Yəni
əsas olan həmin dəyişmə prosesindəki tərəddüd
və təbəddülatlarla bərabər onlara
reaksiyanın hansı səviyyədə olmasıdır,
çünki satira nə qədər kəskin olsa da dialoq tələb
edir, bununla özünün də reaksiyasını, var olmaq əndişəsini
də yoxlamaq istəyir, janr, üslub və istiqamət-diskurs
kimi satira ocaqdakı közə bənzəyir, həmişə,
elə bu dəqiqə yaddaşının itəcəyindən,
daha doğrusu, gerçəklikdəki küyün, yəni
nişangahında olan şeylərin (dəyərləri zədələyən
cəfəng şeylərin) onun yerini tutacağından ehtiyat
edir, deyiliş və intonasiyadakı kəskinlik burdan irəli
gəlir. Səməd Mənsur satiralarında mükalimə,
danışmaq, dialoqa girmək ehtirası var,
Ölsəm
mən əgər bir neçə kağızdan ibarət
Asarım
olar anlayana rəhbəri-ibrət!
Səməd
Mənsurun mətnlərində günün hadisələrinə
qarşı da qəribə bir həssaslıq var,
çünki bu hiss şair kimi onun naturasını müəyyənləşdirən
ülvi keyfiyyətlərlə bağlı idi. "Rəngdir"
şeiri məhz bu xalis, əsl hissetmə məqamından
doğduğuna görə ona etirazlar da vardı. Yəni, əslində, anlaşılmayan şeirin
qaynaqlandığı incə nöqtələrdir, o məqamı
anlamaq insanın içdən zəngin olmasını tələb
edir. Baxın:
...Hərə
yıldız arayır, bəxtinə həp ondan əsər
Gözləyir,
mənzərəsi etdi məni zirü zəbər,
Nöh fələkdən
hanı bir namü nişan, gülməldir...
Yaxud
Cam doldur
mənə, ey saqiyi-şəngül, mənə cam,
Mənü
sən gülməliyüz, pirü cavan gülməlidir...
"Şeypur"
məcmuəsindəki "Ziyalılarımız" adlı
felyetonunda yazırdı: "...İndi mənə deyirlər
ki, hökumət müsəlmanındır, gərək
uşaqlar türk dili danışsınlar, pamiluy! Mən öz əlimlə öz uşaqlarımı
necə portit eləyim? İndi gərək
mən bunlara türk yatmağı, türk yeməyi, türk
oynamağı öyrədim. Onda bunlardan nə
çıxar, axı bunlar gərək doktor, injener olsunlar...
Həmsöhbəti onu sakitləşdirir: canım, sən
özün yaxşı görürsən ki, burada türk
dili bilən biçarələri heç qapıdan içəri
qoymurlar ki, gedib dərdlərini öz köhnə
ağalarına ərz eləsinlər...".
Günün
nəbzini tutub, ondan vaz keçmədən məmləkət
və insan xisləti üçün əbədi xüsusiyyətləri
qələmə almaq Səməd Mənsur üslubu
üçün səciyyəvi idi, yəni duymaq ki,
dünyaya xaos hakim kəsiləndə, hər şey bir-birinə
qarışanda hər bir nəsnənin təyinatı itir, bu
məmləkətdə hamı əlinə qələm
alıb şair olur, şairliyin, o cümlədən
bütün müqəddəs sənətlərin astar
üzü çıxır üzə.
Min-min qələm
əhli törənib çapükü çalak,
Kim istədisə sahibi təbü-əsər oldu.
Amma biri var
fəlsəfəvü hikmətə dara,
Hətta
sözünün mətləi "Şəqqül-qəmər"
oldu...
Səməd
Mənsur ironiyası xüsusi ladda təqdim edilir, onun əsl
xassəsini bəlirləyən "doğruya bənzəyən
yalanlar" (Rəsul Rza) deyimini bu məqamda işlətmək
yerinə düşür:
Derlər:
"Ərzi-bəşər axır olacaqdır cənnət"
Böylə bir zənni-xəta sizdə də var, bizdə
də var".
Səməd
Mənsurun satiralarından görünən lövhələr
ard-arda düzülən kino kadrlarına bənzəyir, bu
fraqmentlərdəki personajlar, əslində, böyük bir
hadisənin parçalarıdır, kadrlar hərəkətə
gəlincə, hadisə-personajlar böyük bir məmləkətin
işığa həsrət qalmış qaranlıq hücrələrini
nişan verir, bu işarələr keçmişə şaxələnərək
onun müxtəlif guşələrini fokusa gətirir,
kadrın o biri üzündə öz hücrəsində
başını sinəsinə əyib aşiqanə şeirlər
yazan Mirzə Şəfi görünür:
Nə qədər
kim, fələyin sabiti-səyyarəsi var,
Ol qədər
sinədə qəmzən oxunun yarəsi var...
Kadrlar dəyişir,
onlardan biri anidən yavaşıyır, kadr-lövhədə
yenə Mirzə Şəfi... bu dəfə Mirzə Fətəliylə
söhbət edir: səndəmi şarlatan olacaqsan? Yəni
öz şeirlərinin
çapına laqeyd baxan Səməd Mənsurun əsərlərinin
qatlarından ədəbi keçmişin, yəni ədəbiyyat
tarixinin bu şəkildə görünməsi qəribə də
olsa çox səciyyəvidir.
Səməd
Mənsur bəlkə də, son nəfəsində deyirdi:
"Bu zəmanə alçaqlıq zamanı, ayaq öpənlər,
vicdansızlar meydanıdır. Bu zəmanədə
hər kəs vicdanını satmaqla yaşayır. Üzlərdən həyalar mədum olmuşdur.
İnsaf və mürüvvətdən əsər
qalmamışdır...".
Bu
sözləri oğluna ünvanladığı "Vəsiyyətində"
deyirdi...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.30.