Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Frensis Skott Fitsceraldın "Gecə zərifdir" (1934) romanı əsasında çəkilmiş filmi təqdim edirik.
Romanın məzmunu: Hadisələr Fransada 1920-ci illərdə cərəyan edir. Hollivud aktrisası Rozmeri anasıyla dəniz kənarında dincəlir. Burda onlardan başqa, zəngin bir ailə də öz dostları ilə istirahət edir. Bu, psixiatr Dik Dayverin ailəsidir. Dik və arvadı Nikol onları öz malikanələrinə ziyafətə dəvət edir. Rozmeri onların gözəl, əyləncəli həyat tərzinə heyran olur və Dikə vurulur.
Ziyafətdə gözlənilməz hadisə baş verir. Qonaqlardan biri xanım Makkisko həyəcanla otaqlardan birində gördüyü hadisəni danışmaq istəyəndə ailənin dostu Tommi ona bu barədə nəsə deməyə izn vermir.
Dayverlər ailəsinin dəvəti ilə Parisə gedən Rozmeri getdikcə Dikə daha çox aşiq olur. Amma o, eyni zamanda onun arvadı Nikolun gözəlliyinə, zərifliyinə də heyrandır.
Bir dəfə
isə Rozmeri təsadüfən Nikolun insan səsinə bənzəməyən çığırtısını eşidir, onun əyilmiş üzündən dəhşətə gəlir. Onda Rozmeri anlayır ki, xanım Makkisko o vaxt Nikolu oxşar vəziyyətdə gördüyündən həyəcanlanaraq məhz bu hadisəni danışmaq istəyirmiş.
Dik evli olduğu 6 il ərzində ilk dəfə hiss edir ki, onun həyatı dalana dirənib.
Vaxtilə Amerikadan İsveçrəyə işləməyə gələn Dik Avropanı zəkasıyla fəth etmək iddiasındaydı və müəllimi ona çox ümidlər bəsləyirdi. O, "Psixiatr üçün psixologiya" adlı kitab işləyir və klinikada uğurlar qazanır. Amma burda zəngin ailənin qızı Nikolu müalicə edərkən onu sevir. Nikolun psixi pozğunluğunun səbəbi, o, on altı yaşında olarkən atasının məşuqu olması və sonradan atasının intihar etməsiydi. Bu hadisə onun psixi müvazinətini pozur.
Ailənin mirasını isə onun böyük bacısı Bebi idarə edir.
Dik seçim qarşısında qalır: peşəni, yoxsa sevgini seçməli. Çünki Nikol Dikin işlədiyi şəhərdə qalmaq istəmir, həm də onun psixikası kövrək olduğu üçün əri bütün diqqətini ona yönəltməyə məcburdur. O, özünü tamamilə arvadına həsr edir və anlayır ki, bu xəstəlik yenidən qayıda bilər.
Bebi Dikin bacısıyla evliliyinin kökündə pulun dayandığını düşünür. Dikin isə Nikola hissləri səmimidir. O, Bebinin təklif elədiyi pulu qəbul etmir. Bununla belə, maliyyə baxımından müstəqil olmağa çalışsa da, ailənin hakimiyyətindən qurtula bilmir. Nikolun sağlamlığı üçün dəniz kənarında tikilən mülk, onun ehtiyacları, ziyafətlər, səyahətlər - hamısı böyük pullar demək idi.
Vaxtaşırı tutmaları olan arvadına Dik həm həkim, həm ər olur. Vaxt keçdikcə, Nikolun tutmaları, yersiz qısqanclıqları onu təngə gətirir. Həm də hiss edir ki, Nikol xəstəliyindən istifadə edərək onun üzərində hakimiyyətini saxlayır.
Bu həyat Dikin şəxsiyyətində ikiləşmə yaradır, o, ər və həkim arasındakı sərhədi itirir, təmkinli Dik səbirsiz, aqressiv adama çevrilir. Rozmeridə təsəlli tapsa da, bu sevgi onun həyatını dəyişmək gücündə deyil.
O, həmkarı Fransla birlikdə aldığı klinikada pasiyentlərlə kobud davranır, daim içir. Nəhayət, klinikadan da çıxır. Nikolla münasibəti isə tamamilə çat verir. Nikol Tommiyə ərə gedir. Dik isə Amerikaya dönərək, kiçik şəhərlərdə həkimlik edir, arvadı getdikcə ondan daha az məktub alır.
Fitscerald roman üzərində bir neçə dəfə işləyərək əsaslı dəyişikliklər edib. İlk variantda
baş qəhrəman, səs operatoru Frensis anası ilə
Avropaya səyahət edir. O, burada gənc və zəngin
adamlarla tanış olur. Onların
təsirinə düşən Frensis anasını
öldürür.
İkinci variantda isə o, Rozmeri obrazını əlavə
edir. Rozmeri gəmidə
Hollivud rejissoru Kelli və onun arvadı Nikolla tanış olur. Bu
variantdan bir neçə əlyazma qalıb.
Nəhayət, 1932-ci ildə yazıçı növbəti
variantı işləyir. Yenə əsaslı dəyişikliklər
edir və Nikolun psixi pozğunluğu motivini gətirir.
Əsər çap olunur və uğur qazanmır. Tənqidçilərin
sözlərinə görə, seçilmiş struktur
romanın mətnini və xronoloji
ardıcıllığını pozur. O, bu iradlardan
sonra əsəri yenidən dəyişir. Amma
ölümü əsəri tamamlamağa macal vermir. Əsəri dostu və tənqidçi Malkolm Kouli
sona çatdırır. Və 1951-ci ildə
bu versiya çap olunur.
Tənqidçiləri qane etməyən nə idi?
Ssenari haqda məşhur dərsliklərin müəllifi,
amerikalı Sid Fild "Kinossenari" adlı kitabında
romanla bağlı maraqlı detala toxunur. Öncəliklə
qeyd edim ki, borca girən, içkiyə aludə olan Fitscerald 1937-ci
ildə yeni həyat arzusuyla Hollivuda gəlir, ssenarist olmaq istəyir.
Amma uğur qazana bilmir. Fild
yazıçının uğursuzluğunun səbəbini
onun ssenarist kimi özünə güvənsizliyində
görür. Bunun üçün "Gecə zərifdir"
romanını misal çəkir: "Universitetdə ingilis
dilli ədəbiyyatını öyrənəndə bir
seminar üçün Fitsceraldın "Gecə zərifdir"
romanının birinci və ikinci nəşrini oxudum. Süjetə görə, psixiatr öz pasiyentilə
evlənir, qadın sağaldığı müddətdə
kişini tükədərək, bütün həyat
enerjisini əlindən alır.
Əsərin birinci hissəsi Rozmerinin
gözündən göstərilir və o, Dayverlər ailəsini
ideal, xoşbəxt hesab edir. Əsərin
ikinci hissəsində isə Rozmerinin gördüyü ideal
ailənin, əslində, ciddi probelmləri olduğunu oxuyuruq.
Birinci nəşr satılmayanda Fitscerald Hollivuddakı təcrübəsinə
əsaslanaraq,
uğursuzluğunun səbəbini romanda Dayverlər ailəsini
gec təqdim etməsində görür. Ona
görə kitabı yenidən işləyir və Dayverlər
ailəsinin həyatını ilk hissəyə salır.
Amma roman yenə populyarlaşmır. Məni
isə Fitsceraldın bir şeyi görməməsi heyrətləndirir:
romanın Rozmerinin Dayverlər ailəsini müşahidəsi
ilə başlaması ədəbiyyatdan çox kinoya
yaxın idi. Kinematoqrafik baxımdan bu, möhtəşəm
başlanğıc idi - baş qəhrəmanları digərlərini
necə görməsi. Fikrimcə,
Fitsceraldın ssenarist kimi özünəinamı
olmadığından o, belə bir gözəl
başlanğıcı dəyişir".
Film daha
çox 1934-cü il versiyasının
strukturuna istinad edir. Bununla belə, romanda müxtəlif
personajları xarakterizə edən ruhi zədələr,
psixoloji situasiyalar, münasibətlərdəki çətinlik
və çoxmənalılıq, sarkastik ton, Rozmerinin həyatı,
Diklə bir-birinə sevgisi geniş əhatə olunur. Filmdə isə bu detallar nəzərə
alınmayıb.
Romanla filmin fərqi həm də bundadır ki, Rozmeri əsas
personajlardan biri olduğu və əhvalatın bir hissəsi
onun baxışından göstərildiyi halda
ekranlaşdırmada o, ikinci planda qalır. Üstəlik,
Dikin Rozmeriyə münasibəti də filmdə səthi
işlənib.
Ümumiyyətlə, romanın psixoloji miqyası dərin,
bədii təsviri zəngin olduğu halda,
ekranlaşdırmada bu, əksini tapmayıb.
Rejissor Henri Kinq əsasən Dayverlər ailəsinə
fokuslanır.
Və filmi Amerika rejissoru Dulqas Sirkin
kinematoqrafiyasının üslubunda, tonallığında
çəkməyə cəhd edib.
Yaradıcılığı
sabun operalarının ilk mənbəyi kimi qiymətləndirilən,
1950-ci illərdə Hollivudda yaxşı gəlir gətirən
Sirk filmlərində bir qayda olaraq ideal ailə modeli
yaradır, adətən emosional səviyyədə işləyir
və ilk rejissordur ki, parlaq rənglərin, dəbdəbəli
dekorasiyaların, interyerlərin vasitəsilə insan tənhalığını,
faciələrini, "Amerika arzusu"nun puçluğunu
göstərir. Onun personajları dəbdəbli
həyatlarının və sosial moralist konsepsiyanın
girovudurlar. Sirkin
yaradıcılığı bir çox nüfuzlu rejissorlara
təsir edib. Gələcəkdə layihəmizdə
onun, Erix Mariya Remarkın "Yaşamaq və ölmək
zamanı" romanı əsasında
ekranlaşdırdığı filmdən
danışacağıq.
Deyim ki, Fitsceraldın romanı Sirkin konsepsiyasında
işləmək üçün yetərincə material
verir. Amma təəssüf
ki, Kinqin ekranlaşdırması Sirki imitasiyadan o yana keçə bilməyib.
İlk 15-20 dəqiqədə rejissor Dayverlər ailəsinin
xoşbəxt tablosunu cızır. Hərçənd,
romandan fərqli olaraq, rejissor dramaturji tələskənliyə
yol verir, o, Nikolun problemlərini tamaşaçıya dərhal
bəyan edir və artıq ilk epizodlarda Nikolun mənalı,
müəmmalı davranışından nəyinsə
qaydasında olmadığına eyham vurur. Və tələsik dramaturji dönüş etməklə
də əhvalatın magiyasını pozur, personajları
tamaşaçıya dərhal tanıtdırır və
dramatizmi xəfiflədir. Sonrakı səhnələrdə
arvadının tutmalarından məyus olan Dikin məyusluğu
təsvir edilir və fleşbək metodu ilə onun
keçmişinə nəzər salırıq: psixiatr kimi
arzuları, Nikolu müalicəsi, müəlliminin onu pasiyentinə
evlənmək fikrindən daşındırmaq cəhdi, toy mərasimi
və s.
Filmin
problemi ondadır ki, əhvalatda bu qədər konflikt nöqtəsi,
mənəvi-psixoloji, hərəkət materialı, sarkazm
olduğu halda ritmsiz, nəsə baş verməyən, az qala
konfliktsiz bir süjet izləyirik.
Final da təsirli alınmır. Dik heç nəsiz
taksidə malikanəni tərk edir. Onun
qanını sovurmuş Nikol isə dəbdəbəli evində
sevgilisi və snob bacısı ilə tək qalır. Onun tərəddüdü, ağrısı belə
son səhnəni dramatik edə bilmir. Çünki
rejissor işi zəifdirsə, ifadə vasitələri, təsvir
vurğuları doğru deyilsə, səhnənin təsirli
alınmasına yaxşı aktyor oyunu da kömək etmir.
Romanın
ümumi qayəsinə gəlincə, burada mərkəzdə
dayanan aşırı zənginlik, dəbdəbədir. Bu zənginliyin içində isə insan faciələri
yaşanır. Faciələrini unutmaq üçün
onlar aşırı istehlakçılığa meyillənirlər,
onunla təsəlli tapırlar - geyimlər, bahalı
içkilər, səyahətlər, ziyafətlər. Amma bu onları xoşbəxt etmək gücündə
deyil. Fitsceraldın
"Möhtəşəm Qetsbi" əsərində
olduğu kimi, burda da təkəbbürlü,
harınlaşmış, rasist baxışlı, maddi
gücünə arxalanaraq başqalarını istismar edən
personajlar var. Bebi mirasından istifadə edərək,
bacısının sağalması üçün Dikin elmi
imkanlarını, sevgisini istismar edir,
Dik tükənib lazımsız adama çevriləndə
isə ondan üz döndərilir.
Hər bir insan həyatının müəyyən
dönəmlərində seçimlə üz-üzə
qalır. Seçimlərimiz bizim həyatımızı
müəyyən edir. Dik sevgisinə
görə peşəsindən imtina edir. Və
nəticədə o, özünün yox, özgəsinin həyatı
ilə yaşamağa başlayır. Özü kimi ola bilmir, daim rol oynayır, nəvazişli, diqqətli
ər və təmkinli, qayğıkeş həkim rolunu
oynamaq onu tükəndirir, şəxsiyyətini deformasiyaya
uğradır. Nikolu sağaltmaq onun həyatı
bahasına başa gəlir.
Bu sual da açıq qalır ki, sevgi fərdi
özgələşdirirsə, ona tutunmaq
lazımdırmı?
Müəllimi
Dikə evliliköncəsi xəbərdarlıq edir: "Sən
eyni zamanda ər və Tanrı ola bilməzsən.
Nikolun xəstəliyi keçəndə, o
anlayanda ki, Tanrıya yox, insana ərə gedib, sevgisi də
keçəcək". Nikol xəstəliyi
səbəbindən ərindən asılı olduğu
üçün ona Tanrı nəzəri ilə baxır,
sağalandan sonra isə ona ehtiyac duymur.
Roman müəyyən mənada avtobioqrafikdir. Çünki yazıçının
arvadı da psixi pozğunluqdan əziyyət çəkib.
Dayver
cütlüyünə gəlincə isə bu, bir az da Cerald və Sara Myörfi
cütlüyünün həyatına istinadla yazılıb. Myörfilər Avropaya köçmüş zəngin
ailə idi, bir çox rəssam və yazıçılara
himayədarlıq edirdilər.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.31.