Həyətimizdəki işıq da, sanki ağlayırdı...
"Kürsü" layihəsinin
qonağı - mərhum yazıçı, aktyor Şahmar
Hüseynovun həyat yoldaşı aktrisa Elmira
Hüseynovadır
- Elmira xanım, Şahmar müəllimlə
necə tanış olmuşdunuz?
- Elə
teatrda tanış olduq. O məndən on
üç yaş böyük idi. Aramızda da
heç bir sevgi yox idi. Teatra işə gələndə
mənim on altı yaşım vardı. O mənə həmişə
göz qoyurmuş. Uzun saçlarım vardı.
Bir gün saçlarımı çiynimə qədər
kəsdirdim. Gördüm ki, Şahmar mənə
çox hirsli, küskün baxır, mənimlə
danışmır. Qızlara dedim ki, görəsən o
mənə niyə elə baxır, ona neyləmişəm. Sonradan bildim ki, saçımı kəsdirdiyimə
görə məndən inciyib. Çox həssas adam idi. Adamın fikir və istəklərini
gözlərindən oxuyurdu. Sonra biz ailə
qurduq.
- Toyunuz oldu?
- Yox. Toyumuz olmadı. Bizə nişan
gətirdilər. Sonra da yüngülvarı
yığıncaq elədik.
- Elmira xanım, Şahmar müəllim
dram aktyorluğu fakültəsini bitirib və Adil İskəndərovun
tələbəsi olub. Amma aktyor kimi taleyini Kukla Teatrı ilə
bağlayb...
-
Bilirsiniz, o vaxt o, bir neçə dəfə kinostudiyaya film
sınağına getdi. Amma onu çəkmədilər.
"Əhməd haradadır" filmindəki
Saqqal Ramiz roluna onu çəkəcəkdilər. Amma sonra necə oldusa onu yox, Siyavuş Aslanı
çəkdilər. O da sonradan elə taleyini Kukla
teatrı ilə bağladı. Aktyorluqla
yanaşı, həmişə yazmaq və oxumaq
üçün vaxt tapırdı. İşdən
evə gələndən sonra ancaq yazı yazırdı.
Hərdən görürdüm ki, çox gərgindir,
siqaret çəkir, otaqboyu gəzişir. Onda bilirdim ki, yazı prosesində nəsə narahatlıq
var. Oğlumu götürüb ya qonşuya, ya da anamgilə
gedirdim. Başqa vaxt harasa tək getməyimə
icazə verməzdi. Xasiyyəti çox
tünd idi. Teatrda həm aktyor, həm də
rejissor köməkçisi işləyirdi. İçi mən qarışıq kimin hünəri
nə idi ki, mizanları, sözləri bilməsin, ya unutsun.
Onda çox əsəbiləşərdi.
Yadıma gəlir ki, bir dəfə
"Tülkü və Hacıleylək" tamaşasında
improvizə etmək istədim. İnanın
mənə, o qədər hisrləndi ki, pərtliyimdən
bilməmişdim nə edim. Sonra dedi ki, mən sənə
qarşı sərt davranmasam, sonra başqaları elə
fikirləşər ki, həyat yoldaşım olduğun
üçün sənə güzəştə gedirəm. Ondan sonra çalışırdım, onunla bir
tamaşaya düşməyim.
- O dövrün ədəbiyyat
adamları, yazıçılarından kimlərlə
yaxınlıq edərdi?
- Əkrəm
Əylisli, Vaqif Cəbrayılzadə, Azər Abdulla, Saday
Budaqlı, Vidadi Məmmədov, Baba Vəziroğlu ilə
çox yaxın dost idilər. Şahmar rəhmətə
gedəndən səkkiz ay sonra Vidadi Məmmədov rəhmətə
getmişdi. Təxminən belə
demişdi ki, - Şahmardan sonra yaşamaq çox çətindir.
Cibindən də onun şəkli
çıxmışdı.
Vaqif Cəbrayılzadə bizim evin adamı olub. Biz 1979-cu ildə
Daşkəndə qastrola gedəndə Vaqif müəllim təxminən
on gün bizim oğlumuza baxmışdı. Yəni adlarını sadaladığım
insanların hamısı bizə gəlirdilər. Və gələndə də sırf ədəbiyyatdan
danışırdılar. Mətnləri
oxuyub bir-birlərinə ötürürdülər, fikir
mübadiləsi aparırdılar. Siz
inanırsınız ki, bizim evdə uşağı əyləşdirib
yedirtmək üçün yer yox idi. Hər
yer kitab, qəzet və yazılı vərəqlərlə
dolu olurdu.
Onun çap olunmayan hekayələri, gündəliyi var.
Gündəliyinin birinci dəftərini bitirib, ikincisinə
keçmişdi. Amma ordan da cəmi beş vərəq
yaza bilmişdi. Əlyazmalarını bu günə
qədər saxlayıram. Sadəcə
olaraq, maraqlanan olmayıb deyə, mən də üzə
çıxarmamışam. Kimdənsə
xahiş, minnət etmək də mənim xasiyyətimdə
yoxdur.
- O vaxtlar artıq çap olunurdu?
- Xeyr. Heç bir hekayəsi hələ çap
olunmamışdı. İlini unutmuşam,
amma ilk dəfə "Köynək" hekayəsi
keçmiş "Ədəbiyyat və incəsənət"
qəzetində çıxdı. 1986-cı
ildə ilk kitabı, "Elçilik" çap olundu.
Rəhmətə gedəndən sonra 1989-cu ildə
isə "İtki" kitabını dostları Saday
Budaqlı ilə Maarif Soltan çap etdirdilər. Biz onlarla köçəcəyimiz təzə
evimizdə qonşu idik. Amma ora hələ
köçməmişdik, kirayədə qalırdıq.
Şahmar fikirləşirdi ki, evi təmir etdirəndən,
böyük oğlumuz da orta məktəbi bitirəndən
sonra ora köçərik. Amma elə oldu
ki, təzə mənzilə köçmək ona qismət
olmadı. O, orda bircə gün də yaşamadı
(ağlayır).
- Şahmar müəllimin
ölümündən otuz il vaxt
keçib. Nələrsə unudulub, ya hər
şey dünənki kimi xatirinizdədir?
- İllər, əlbəttə ki, hər şeyə təsir
edir. Amma mənim ondan sonra ağlamadığım
günüm olmayıb. O illər hədsiz dərəcədə
ağır illər idi. Çətinliklərim
yadıma düşür, itkisi məni çox
yandırır. Fikirləşirəm ki, o
olsaydı belə edərdi, hər şey başqa cür
olardı. Oğullarım indi yanımda
olardı. Lap xaricə köçüb
getsələr də mən tək yaşamazdım, Şahmar
mənimlə olardı. Düzdür, hər
iki oğlum ailə qurublar, işləyirlər, güzəranları
yaxşıdır. Amma mən burda təkəm.
- Elmira xanım, mən bildiyimə
görə, Şahmar müəllimin ölümü qəfil
olub. O vaxta qədər səhhətindən hansısa
şikayət etmişdi?
- Qəti
şəkildə heç bir vaxt şikayəti olmayıb. Hər
səhər idmanla məşğul olan, sağlam həyat tərzi
keçirən adam idi. Son
dövrlər içki və siqareti də birdən tərgitdi.
Rəhmətə getməzdən bir gün əvvəl
kirayə yaşadığımız evdə süfrə
açıb təzə evimizin bir illiyini qeyd etdik. Yaxşı qonşularımız vardı. Onlardan biri də ölən ana qədər
Şahmarın yanında olan Məcid dayı idi. Allah ona da rəhmət eləsin. Qonaqlıq vaxtı o, Şahmarın səhhətindən
nəsə şübhələnmişdi. Birdən o, Şahmardan soruşdu ki, sən niyə
tez-tez sol çiynini oynadırsan? Şahmar da dedi ki,
bilmirəm, qolum nəsə yaman ağrıyır.
Həmin gecəni səhərə qədər məni
yuxudan oyadıb qolunu ovxalatdırdı. Mən də
heç nə başa düşmürdüm. Elə bilirdim ya soyuq olub, ya da turnikdən sallananda qolunu
gücə salıb. Ertəsi gün
"təcili yardım" çağırmaq istədik.
Qoymadı. Həmin vaxt da yeni il bayramı ərəfəsi idi. Biz işdə bayram tamaşası ilə
çıxış eləməliydik. Balaca
oğlumu da özümlə götürüb işə
getdim. İşdən də elə nigaran
qayıtdım. Yolda həmin Məcid
kişinin kiçik oğlu mənim qarşıma
çıxdı. Dedi ki, Elmira xala, Şahmar əmi
yoxdur. Mən elə bildim ki, kimsə onu
axtarır. Dedim yoxdur, gələcək də. Dedi yox e,
Şahmar əmi yoxdur, ölüb. Ondan sonra bilmədim nə
baş verdi. Çantam bir yana
düşdü, oğlum bir tərəfdə qaldı. Həyətimizə necə
çatdığımı xatırlamıram. Bircə həyətimizdəki gur
işığın parıltısını bu günə qədər
də unuda bilmirəm. Həyətimizdəki
işıq da, sanki ağlayırdı. Mən evə
çatandan on beş dəqiqə əvvəl
keçinmişdi. Divanda uzanılı
qalmışdı. Ona yaxınlaşıb
əllərini tutanda gördüm əlləri istidir, hələ
soyumayıb. Allah heç düşmənimə
də göstərməsin.
- Sonralar ölüm anının təfərrüatlarına
vardınız?
- Hə...
Mən işə getməzdən əvvəl Məcid
dayı bizə gəldi. Mən ona dedim ki, məni qoymur
həkim çağırmağa, bəlkə, sizi eşidib həkimə
gedər. Sonra onlar ikisi əvvəlcə
Şahmarın işlədiyi yerə gediblər. İş yoldaşları görüblər ki, onun
rəngi yaxşı deyil. Onu rolunu ifa etməyə
qoymayıblar. O da onlarla sağollaşanda zarafatla deyib
ki, sizə nə eləmişəmsə, halal edin. Sonra yenə Məcid dayı ilə həkimə
gediblər. Həkim ona baxan kimi deyib ki,
ürəyin xoşuma gəlmir, xəstəxanada
yatmalısan. Şahmar da bizim narahat
olacağımızdan ehtiyat edib, xəstəxanada qalmayıb
evə gəlib. Nahar edib, çay içib. Üç,
dörd sətirlik nəsə yazıb. Amma
bütün bunları elə ağrıya-ağrıya edib.
Məcid kişi görüb ki, bunun
ağrısı azalmır, gedib yaxınlıqdakı hərbi
xəstəxanadan həkim gətirib ki, onu yoxlasın. Şahmar həkimə deyəndə ki, əlimin
içərisi göynəyir, ağrı düz çiynimə,
ürəyimə vurur. Elə həmin
sözlərdən sonra başı yastığa
düşüb, keçinib. Ondan sonra nə
qədər həkim tökülüşüb gəlib,
süni nəfəs verib. Amma heç bir faydası
olmayıb (ağlayır).
- Dəfnində də böyük
izdiham olub...
- Elədir.
Mən istəyirdim Şahmar burda dəfn olunsun.
Amma valideynləri qoymadılar. Gecəylə qardaşı gəldi. Cənazəni Gəncəyə aparıb orda dəfn
etdilər. İnanırsınız ki, onu
dəfn etməyə aparanda məhləmiz, ətrafdakı
küçələr hamısı adamla dolu idi. İzdihamdan tabutu aparanlar irəliləyə bilmirdilər.
Tabutu getmirdi. O, balalarından da, məndən
də nigaran getdi (kövrəlir).
- Ölümündən sonra ilk
ağlınıza gələn nə oldu?
- Məclis
dağılandan, hamı öz evinə çəkiləndən
sonra bircə onu fikirləşdim ki, mən uşaqları necə
böyüdəcəm. Böyük oğlum
onuncu sinfi təzə bitirimişdi, balaca oğlumun altı
yaşı vardı. Özümün də otuz beş yaşım vardı. Nə bilim... Qaşsız üzük necə olursa, mən də
onu itirən gündən elə oldum.
Amma onun ölümündən bu günə qədər
bir kimsənin, hətta öz doğma anamın belə,
qapısını döyüb nəsə istəmədim. Mənim
qapımı döyüb kimsə məndən nəsə istədi,
amma mən yox. Uşaqlarımı birtəhər
özüm təkbaşına böyütdüm. Teatrımızın o vaxtkı rəhbəri Rəhman
Quliyev mənə çox köməklik etdi. Elə indiki rəhbərimiz Rəşad Əhmədzadənin
də köməyi, qayğısı çox olub. Yaxşı insanların xeyirxahlığını
unuda bilmərəm.
- Sizə verilən evi də
ölümündən sonra satdınız...
- Dərhal
yox. Amma böyük oğlum ailə qurandan sonra
o evi satıb onu ayırdım. Özümə də
birotaqlı ev aldım. Həm
də o evdən bizə xeyir gəlməmişdi.
Şahmarı öldürən elə o ev
oldu. O evi alana qədər çox əziyyət
çəkdi. Onu gah ev növbəsinə
salırdılar, gah da çıxarırdılar. Əvvəlcə
də üçotaqlı ev bizim ola-ola
götürüb başqasına vermişdilər. Altı ay hər gün evə əsəbi,
üzünün rəngi qapqara vəziyyətdə gəlirdi.
Evə görə için-için çox
çəkdi.
- Şahmar müəllim həm
də sizi özünün şagirdi adlandırıb. Siz necə, onu özünüzə müəllim hesab
etmisiniz?
- Əlbəttə. O mənim müəllimim olmuşdu. Teatrda da, evdə
də hər şey öyrədirdi, başa salırdı.
Bir kitabdan iyirmi, otuz səhifə ayırıb verirdi ki, iki
üç saata oxu, təhlil et. Nə qədər iş-güc olsa da, mən
oxumağa və onun dediyi vaxtda qarşısında əyləşib
əsəri ona təhlil etməyə məcbur idim. Çünki bu, həm də bizim işimiz idi.
Böyük kitabxanası vardı. Yadıma gəlir, onun paltarlarını yuyanda
görürdüm ki, bütün köynəklərinin
qolunun alt hissəsi qəzet daşımaqdan qapqara olub. Hər gün beş-altı qəzet alırdı və
hamısını səhərə qədər oxuyub bitirirdi.
Puşkini, Dostoyevskini, Qorkini çox sevirdi. Rus
dilində təmiz danışa bilməsə də, çox
yaxşı mütaliə edirdi. Bizim
öz yazıçılarımızdan isə Əkrəm
Əylislini, Anarı çox sevirdi. Dostlarının,
tanışlarının qəzetdə çıxan
yazılarını, təzə çıxan
kitablarının hamısını oxuyurdu.
- Həmkarlarının
yazılarını, kitablardakı əsərlərini oxuyanda
özünə görə təəssüfləndiyini,
ağrıdığını hiss etmişdiniz?
- Əlbəttə, çox olurdu. O, gec çap
olunduğundan, özündən istedadsız adamın
çap olunduğunu görəndə qüssələnərdi.
Bir dəfə adını unutduğum bir müəllifin
kitabını vərəqləyə-vərəqləyə
dedi: "Mənim yazdıqlarımı da oxu, onun
yazdılarını da. Axı bu nə yazıb
ki, kitabı çap olunub?"
Bilirsiniz, o vaxtlar adamın adamı söhbətləri
var idi. Bunun isə kiməsə ağız açmaq, kimdənsə
minnət götürmək xasiyyəti olmayıb. Hətta bir dəfə teatrda pul mükafatı olub,
onu Şahmara vermək istəyəndə imtina edib, öz
yerinə yaşlı və ailəsi böyük olan aktyorlarımızdan
birini təklif edib. Ümumiyyətlə, gözütox adam idi. Cibində beş
manatı olanda elə bilirdi ki, beş yüz manatı var.
- Elmira xanım, sizcə,
özünü daha çox aktyor hesab edirdi, ya
yazıçı?
- O, teatra
gələndə özünü aktyor hesab edirdi. Amma evə gedəndə artıq
yazıçıya çevrilirdi. Sizə
deyim ki aktyorluq sənətini və xüsusən Kukla
Teatrını çox sevib, ora çox bağlı olub.
Həm də onun məktəbi də
güclü idi. Adil İskəndərovun
tələbəsi olmaq o dövrdə asan məsələ
deyildi. Elxan Qasımovla, Xamis Muradovla, Əbdül Mahmudovla
bir kursda oxumuşdular. Sonralar da
görüşürdülər.
- Şahmar müəllimin
hekayələrində bioqrafik məqamlar hiss olunur. Sizcə, ən çox hansı hekayəsində
özünü yazmışdı?
-
Uşaqlığı çox ağır keçmişdi,
müharibə illərinə düşmüşdü. Ailədə dörd uşaq olmuşdular. Atası müharibəyə gedəndən sonra onun
qayıtmasına o vaxtkı hökumət icazə verməmişdi.
Ancaq qayınanamı öz yanına apara
bilmişdi. Şahmargili nənəsi
soğan, kartof əkə-əkə saxlamışdı.
Onun uşaqlığı ilə bağlı
çoxlu xatirələr eşitmişəm. Həm özündən, həm də kənddəki
qohumlarından. Şahmarın ən
ağrılı və özünü ifadə edən hekayəsi
"Köynək" olmuşdu. Çünki
necə yazmışdısa, eləcə də
yaşamışdı. Amma siz o əhvalatı
onun öz dilindən eşitsəydiniz, daha da təsirlənərdiniz.
Hekayədə hər şeyi olduğu kimi
yazmamışdı. Görünür, özü istəməmişdi...
O,
çox həssas adam idi. Mən
də ona oxşamışam xasiyyətdə. Amma o, həssaslığını gizlədə
bilirdi, mən yox. Ondan sonra daha da həssas
olmuşam, get-gedə daha da kövrəkləşirəm.
Bilmirəm nədəndir... Bəlkə də,
təklikdəndir. İnsan nə qədər
evinin qapısını tək açıb içəri girər,
çaynikini sobaya qoyub onun səsini dinləyər, təkcənə
çay içər. Nə qədər
öz-özü ilə danışar. Hərdən
gözüm onun şəklinə sataşır. Onunla söhbət edirəm. Deyirəm,
özün getdin, məni tək qoydun.
- Taleyinizə rəğmən
Şahmar Hüseynovun həyat yoldaşı olduğunuz
üçün özünüzü xoşbəxt qadın
hesab edirsiniz?
- Əlbəttə. Bizim toyumuz olmamışdı. Mən də
istəmişdim ki, gəlinlik paltarı geyinim, fata taxım.
Bu mənim ürəyimdə nisgil kimi qaldı.
Amma bunlara baxmayaraq, Şahmarı sevmişəm.
O mənim ilk sevgim, on altı yaşımdan başlanan məhəbbətim
olub. On yeddi il ömür
sürmüşük. Bütün
kobudluqlarına rəğmən onu sevmişəm. Bilirəm ki, o da məni sevib.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.28-29.