Yazdım, ürəyimin
qanıyla yazdım...
Bu əlli
yaşımın əlli şeirini.
Şair Ehtiram İlhamın 50 illiyinə
Sevgi də bulaşıcı xəstəlik kimidir, ondan
qorunmağa, ağız-burnunuzu tənziflə bağlamağa
dəyməz, gücünüz yetdiyincə insanları sevin. Və sizin
sevginiz sevdiyiniz birini başqalarına da sevdirəcək.
Tərəddüdə gərək yox,
sınayın və dediyimin doğru olduğunu
özünüz də görəcəksiniz. Əslində, bir insanı sevməklə, ona
sayğı duymaqla bütün insanlığı sevmiş və
sevgi "xəstəliyinə" yoluxdurmuş
olacaqsınız.
Haçansa
ağlımdan keçən bu fikri Ehtiram İlhamın əlliillik
yubileyi üçün yazmaqda olduğum yazıya əlavə
etməyim səbəbsiz deyil, çünki Ehtiram
İlhamın davranışları sözün tam
anlamında bu fikirlərin həyati təsdiqidir və bəlkə,
elə ağlıma gəlməyimin gizli səbəbi də
bir başqası deyil, elə Ehtiram İlham örnəyidir...
Adamlar özlərindən xəbərsiz onlara verilən
adlara çəkir. Bu çoxdan qəlibləşmiş
fikir də Ehtiramın şəxsində aşkar təsdiqini
tapır. Yaradılanı sev, yaradana
görə, Ehtiram İlham bu tanrısal formulu
şüuraltı bir sezi ilə həyat devizinə
çevirmiş adamdır. Sadəcə,
inrernetdə Facebook səhifələrinə ötəri bir
göz atsanız bunu siz də fərq edərsiniz. Dost
doğum günlərini əsla unutmayan,
aşağı-yuxarı bütün paylaşımları bəyənən
onun kimi ikinci bir könül adamı tapmaq da asan deyil...
Deyə bilərəm ki, E.İlhamın bu yaş illərinin
hardasa otuz üçü gözlərimin önündə
keçib.
İndiki kimi xatırlayıram Tovuza qısamüddətli
gedişlərimin birində mənimlə görüşməyə
iki qardaş gələcəkdi: Böyük qardaş Firdovsi
həkimin adını çoxdan eşitmişdim,
yanındakı kiçik qardaş - Ehtiramı isə ilk dəfə
idi görürdüm. Firdovsi həkim elə ilk
dəqiqələrdən dil boğaza qoymur, ölkənin
tanınmış, tanınmamış şairlərindən
(arada mənim şeirlərimə də sıra gəlirdi)
şeirlər əzbər deyir, sanki sinədəftərliyini
sübut etməyə çalışırdı.
Şeirli uvertüra bir növü bu gəlişin
amacını da ortaya qoyurdu: Arxa planda şeirlə
bağlı nəsə var...
Fikirləşdiyim kimi də olacaqdı, axırda
böyük qardaş kiçik qardaşın şeir
yazdığını, mənimlə görüşə
buna görə gəldiklərini söyləyəcəkdi.
Ehtiram
utana-utana əlindəki çizgili şagird dəftərini mənə
uzadacaqdı... (Həyəcanlı halıyla mənə, 16
yaşında Tovuzun Əsrik kəndindən soyuq fevral səhərində
yük maşınının üstündə Tovuza - rayon qəzetində
yenicə təşkil olunmuş "Ədəbiyyat dərnəyi"nin ilk toplantısına gedən və tələsdiyindənmi,
həyəcandanmı şeir dəftərini kənddə
unudub gələn məni xatırladırdı). Şeirlər
əlbəttə ki, hələ yeniyetməlik illərini
yaşayan sənətin qürbətindən sənətin vətəninə
keçmək üçün çalışıb
çabalayan, yollar axtaran bir ürəyin tərəddüd
çırpıntılarından başqa bir şey deyildi və
şübhəsiz ki, başqa cür ola da
bilməzdi. Olsa-olsa yazılarda söhbət gələcəyə
ümid verə biləcək uğurlu misra və ya bənddən
gedə bilərdi.
Şeirləri oxuyacaq və məsləhətlərimi
verəcəkdim. (Doğrusunu deyim ki, vətəndə
yaşadığım hardasa 55 il zaman kəsiyində
yanıma məsləhətə, ya da işləməyə gələnlər
çox oldu, amma tərəddüdsüz deyə bilərəm
ki, onların arasında ən sabitqədəmi Ehtiram
olacaqdı).
Ehtiram əsgərliyə getdikdən sonra da əlaqəni
kəsməyəcək, mənə şeir dolu məktublar
göndərəcəkdi. Amma bu illər ərzində
ona məsləhət və ümid verməkdən başqa,
bir köməyim olmayacaqdı. Hətta "Gənclik"in
redaktoru olduğum beş il müddətində
də ona jurnalın səhifə qapılarını
açmayacaqdım. Sonralar ilk kitabını
çap etdirəndə yazdığım ön söz də
hardasa sıradan, bəlkə də, candərdi olacaqdı.
"Gənclik"in qapılarını az
qala dabanından çıxarmağa çalışan,
çap olunmaq üçün tovuzlu olduqlarını
söyləyib inad edən digər şeir həvəskarı
tovuzlulardan fərqli olaraq, Ehtiram o zamanlarda başını
sallayıb işini görən qarışqa misalı qumsalda
batan su kimi hardansa yenidən var olmağa, özünütəsdiqə
doğru yol gedirdi. Həm də yazılarına soyuq
münasibətim əsla onun mənə kiçik qardaş
sevgisinə, dost sadiqliyinə əngəl olmayacaqdı. Tovuzluların, xüsusilə də tovuzlu qələm
adamlarının bir-birinə necə dəyər verdiklərini
(oxu - vermədiklərini!) nəzərə alsaq Ehtiramın
hamıya, daha çox da sənət adamlarına sevgisi,
ehtiramı həqiqətən də unikal hadisədir. Niyə unikal hadisə deyirəm? Hələ həyatının
gənclik çağlarında atasını, anasını,
qardaşlarını itirən, arzuları ilə imkanları
çox zaman örtüşməyən, fələk, ya da
zaman deyilən zalımın solaxay, tərs
şapalaqlarını hamıdan çox yeyən bir adamın
ürəyi daşlaşmaq yerinə, bir bu qədər sevgi,
mərhəmət, ehtiram və ilhamla dolu qalırsa, bunun
adı inikal hadisə olmayıb da nə olmalıydı?!
Türkiyə
türkləri demiş, Ehtiram, sanki ömrünü iki
şeyə adamış: Bir, böyük poeziyanı can həvəsi
ilə təbliğə - özünütəsdiqə, iki,
dostluğa etibarına, adındakı mənaya sadiqliyə!
Doxsanıncı illərin əvvəllərində
qısamüddətliyinə də olsa bir yerdə işləyəcəkdik. Bəzi
istisnaları nəzərə almasaq, orada da özünü
doğrultmağa çalışacaqdı.
Şair var ki, elə ilk şeirindən diqqətləri
öz üzərinə çəkir. Şair də var, sabitqədəmliyi
ilə özünü, sözünü təsdiq
üçün daşı dələn su misalı
çıxdığı yoldan, düşdüyü həvəsdən
yorulub bezmir, əzmin zəfərinə doğru irəliləyir.
Hansına uğurlu deyək, ilk sənət
addımlarından başarılı olub sonra o ilk
uğurların kölgəsində baş girləyənlərmi,
yoxsa içini dağıdan böyük ilhamın enində,
sonunda üzə çıxmasına gec də olsa nail olan və
bu yolu büdrəmədən davam edənlərəmi?
Cavab bəllidir!
Davranışları şair taleyini üstələyəndə
hərdən Ehtiramla sözümüz də çəp gəlir. Bəlkə,
yubileyərəfəsi bir yazıda bunlara toxunmaq elə də
doğru deyil, amma olsun. Həyat şərtləri
nə olur-olsun şəxsi davranışlarıyla ona tale tərəfindən
hədiyyə verilmiş istedadı məhv etməyə kimsənin
haqqı yoxdur. Çünki Baratinski
demişkən, istedad bir Tanrı görəvidir. Hər
istedadlı adam bu görəvi sona qədər
yerinə yetirməyə borcludur.
Yaddaşın istedad işarəti olduğu çoxdan
bilinir. Bu anlamda Ehtiramın fenomen yaddaşı var desəm,
yanlış olmaz. Saatlarla əzbərdən
şeir söyləmək bir Ehtiram
ayrıcalığıdır. Amma öz
şeirlərini oxuduğunu nadir hallarda görərsiniz.
Beləcə, ondakı fenomenal yaddaş və əzmin
zəfərinə doğru inadlı axtarışlar onu enində,
sonunda sözün magistral yoluna çıxaracaqdı.
Ehtiramın da, mənim də, daha çox oxucuların
da gözlədiyi bir gün varmış, sən demə. O gün hardasa on-on beş il bundan əvvəl gələcəkdi.
İnternetdə, ya da jurnalların birində bir
silsilə şeirlərini oxuyacaq və sözün tam
anlamıyla heyrətlənəcəkdim. Bunlar artıq
hardasa çağdaş sənət atmosferinin fərqli
aurasından nəsibini alan şeirlərdi.
Sanki bu şeirləri ilə Ehtiram ilk öncə öz
keçmiş yazılarından və hardasa bir az da məndən qisasını alacaqdı.
"Əlli il əlli şeir". Gözəl düşünülmüş bir kitab adı - hər ilə bir şeir! Bu, əslində, yalnızca Ehtiram üçün deyil, bütün sənət adamları üçün ölçü vahidi olmalıdır, olur da. Qızılın özünütəsdiq üçün can atdığını görən oldumu? Olmaz da! Çünki Allahın bu ağıllı metalı nə dəyərə sahib olduğunun hər kəsdən daha yaxşı fərqindədir. Ünvanı əbədiyyət olan heç nəyin ölüm qorxusu olmaz, istər qızıl olsun, istərsə də dəyərbiçilməz sənət abidələri. Və mən inanıram, əlli ilin hər birinin sənət payı olan əlli şeirdən oluşacaq kitab zəngin ədəbiyyat və əbədiyyət kitabxanasında öz layiqli yerini alacaq.
Bir adam az
deyil, milyon adam çox! Bu fikrin də həyati
təsdiqini Ehtiram İlhamın şəxsində görmək
mümkündür. Dostların, ya da əsl
sənət adamlarının yubiley və ədəbi tədbirlərinin
təşəbbüskarı və mərkəzi adamı kimi
boy göstərən də Ehtiram İlhamdan başqası
deyil. Beş il bundan əvvəl 75 illiyim
yaxınlaşanda və bu yaş rəqəmi kimsəni
maraqlandırmayanda mən istəməyə-istəməyə
döşünü qabağa verən və mənə
sevgisi ilə də hamını "yoluxduran" və
möhtəşəm bir yubileyin keçirilməsinə səbəb
olan da yenə Ehtiram İlhamdı.
Ehtiram İlhamın şeirləri heca şeirinin qəlibləşmiş
biçimləri içində gözlənilməz gəzişmələri,
deyimləri ilə seçilir. Hətta işlənmiş
mövzulara həsr olunanda belə, bu şeirlərdə
coşqulu fikirlər, yeni ovqat hardasa misra qəlibinə
sığmır.
Mənim
mürəkkəb taleli mənəvi övladımın əlli
ilini canı-könüldən təbrik edir, gözlərindən
öpürəm,
Çanaqqala, Türkiyə
Məmməd İsmayıl
Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.29.