Rekviyem çələngi
İsin göz yaşımla, hava
soyuqdur,
Əyninə geydiyin qəbrinə qurban.
I
Belə
qərib-qərib ağlama,
qızım,
Bir az da mənimçün göz
yaşı saxla.
Balaca əllərin çətirim
olsun,
Ömrümü isladan yağışı
saxla.
Ta uçdu könlümün
arzu qoxusu,
Baş qoyub sinəmə ümidim ağlar.
Hər gün göz yaşımda dəstəmaz
alır,
Əcəl köynəyini geymiş ağrılar.
Dilimdə sözlərin dili
quruyub,
Könlü qancır olub bu sətirlərin.
Yellənir bir ömrün
əcəl bayrağı,
Gözü doluxsunub xatirələrin.
II
Gözü doluxsunub xatirələrin,
Qırpır kirpiyini sözlər içimdə.
Könlümün ətrinə tamarzı
qalan,
Bir məzar
yolumu gözlər içimdə.
Mələk göyə uçar,
mənim mələyim,
Niyə uçub getdin torpağa sarı?!
Götür öz əlinlə
öz məzarından,
Könlümə bir ovuc torpağı
sarı.
Kədər təbəssümlə baxır üzümə,
Sözüm, sətir-sətir gəl, ayağa dur.
Mənim
pəncərəmdə üşüyən
işıq,
Nakam bir ananın son məktubudur.
III
Nakam bir ananın son məktubudur,
Gözümü oxuyan payız yağışı.
Əcəlin köynəkdən çıxdığı
yerdə,
Yağış-payız oxur, payız-yağışı.
Ürəyimdən keçən tənhalıq
yolu,
Özünə don biçib sənin
səsindən.
Asılıb kədərin nəm
təbəssümü,
Bəxtimin qırılmış pəncərəsindən.
İlahi,
könlünü mən
necə alım,
Sinəmdə hönkürən qərənfillərin.
Ovcunda bir layla buz
bağlayıbdı,
Göz yaşı
qoxulu çiçək
əllərin.
IV
Göz yaşı qoxulu çiçək əllərin,
Əyninə dar gəlir sükut köynəyi.
Alnımdan torpağa yıxılan
yolun,
Üstündə bir əlçim ümid göynəyir.
Ürəyim, səbrimə daha
qar yağır,
Götür qalan ömrü yığışdır, gedək.
Üzündə xəfifcə qəm
gülümsəyir,
Bu qəbri mənimlə
danışdır, gedək.
Könlü məzar-məzar hönkürən
sözün,
Gözündə ünvansız qəbrim islanır.
"Təsəlli" sözünü
külək apardı,
Payızın ovcunda səbrim islanır.
V
Payızın ovcunda səbrim
islanır,
Boğazı quruyub təsəllilərin.
Daha ürəyimdə ürək
qalmayıb,
Geysin köynəyini
sənsiz illərin.
Nəm çəkməz bu qəbir göz yaşlarımdan,
Sükutu sərmişəm başdaşın
altda.
Saçların torpağa qoy dağılmasın,
Götür ürəyimi qoy başın altda.
Adın
damcılayır, adın,
əzizim,
Yaralı sükutun qara səsindən.
Ümid
sahilləri görünmür
daha,
Yelkənsiz qayığam dərd dənizində.
VI
Yelkənsiz qayığam dərd
dənizində,
Gözümün yaşından su içir sular.
Payız
yarpağıtək düşür
gözümdən,
Əlləri qoynunda qalan arzular.
Geyib köynəyini "gedər-gəlməz"in,
Ümid xəcalətdən üzümə
baxmır.
Sən mənim əlimi buraxıb getdin,
Nə yaxşı
həsrətin məni
buraxmır.
Yeriyən bir damla göz yaşıyam mən,
Səbrimin yarası qan verir hər gün.
Sən gedən yolların dodaqlarında
Könlüm sətir-sətir can
verir hər gün.
VII
Könlüm sətir-sətir can
verir hər gün,
Hüsnün ləpələnir baxışlarımda.
Gecələr yuxunu yuxuya verib,
Gəzirəm alnımın qırışlarında.
İslanmış məktubdu gözümün
yaşı,
Xəttimi min dəfə oxuyanım, gəl.
Ölümün əlləri sevgiyə
çatmır,
Məzarı məhəbbət qoxuyanım,
gəl.
Ətri
burda qalıb qədəmlərinin,
Ahım tonqal çatıb göyün üzündə.
Hər gün ürəyimi dəfn eləyirəm,
Sənin ləpirində, sənin izində.
VIII
Sənin
ləpirində, sənin
izində,
Mənim ağrılarım gül-çiçək
açır.
Asıram
gecəni kirpiklərimdən,
Hər səhər
dərdlərin dodağı
qaçır.
Əcəlin çiynində gedən
baharım,
Bir bənövşə
ömrü dur, ayaq saxla.
Sinəm
arzuların məzar yeridir,
Məni
başdaşıtək bir
az qucaqla.
Mənim
gözlərimin payız
günüydü,
Əcəl qəfil dərdi bənövşəm - səni.
Yığıb göz yaşımı
ümid əvəzi,
Yenə görüşünə gəlmişəm
sənin.
IX
Yenə
görüşünə gəlmişəm
sənin,
Gözümdə min ilin həsrət buludu.
Qəlbimdə bir sətir yer qoymamısan,
Barı bircə sətir səni unudum.
Ta ömrüm bir gündü - sənsizlik günü,
Ayrılıq qolunu boynuma salıb.
Söylə Əzrayıla saata
baxsın,
Yanına gəlməyə nə qədər qalıb.
Surələr yüyürür, ayələr
qaçır,
Solur çiçək-çiçək
sonuncu güman.
Səsimi
isladır sükutun şehi,
De, niyə dinmirsən,
səbrinə qurban?!
X
De, niyə dinmirsən,
səbrinə qurban?!
Adını asmışam öz ürəyimdən.
Bəyaz
varaqları camalın
bilib,
İntihar eləyir söz ürəyimdə.
Üzü göyə gedən
tənha cığırdı,
Bu qəbrin başında
dalğalanan daş.
Dur, gəl əllərimlə
dara saçını,
Çatlamış güzgündü gözlərimdə
yaş.
Elə sakit-sakit baxır üzümə,
Bu dərdin Allahdan
xəbəri yoxdur.
Üstümə qar kimi yağır ayrılıq,
İsin göz yaşımla, hava soyuqdur.
XI
İsin
göz yaşımla,
hava soyuqdur,
Kövrəlib sözümün sehri, ovsunu.
Yumdu gözlərini insaf yolları,
Apardı ömrümün yar qoxusunu.
Getdin, bu dünyanı çırpdın üzümə,
Utandı bəxtindən bütün
qapılar.
Nə mənim könlümtək
bir eşq yolçusu,
Nə sənin
hüsnündə gözəl
tapılar.
Məhəbbət ətirli başdaşınam
mən,
Səsimlə-güzgülən, sözümlə-daran.
Mənim
gözlərimin yaraşıq
yeri,
Əyninə geydiyin qəbrinə qurban.
XII
Əyninə geydiyin qəbrinə
qurban,
Dərdimin boynuna qolunu sal, get.
Sənin
saçlarında qalıb
əllərim,
Gəl,
bu son ümidin tozunu al, get.
Ocaq qalamışam göz yaşlarımdan,
Külümü ovcunda tutub mələklər.
Hər gün gülümsəyir
dağlar sinəmdə,
Ətrindən danışır hər gün çiçəklər.
Elə qəfil əsdi əcəl küləyi,
Düşüb çilikləndi bu alın yazım.
Bir layla üşüyür bu məzar üstə,
Belə qərib-qərib ağlama,
qızım.
XIII
Belə
qərib-qərib ağlama,
qızım,
Gözü doluxsunub xatirələrin.
Nakam bir ananın son məktubudur,
Göz yaşı
qoxulu çiçək
əllərin.
Payızın ovcunda səbrim
islanır,
Yelkənsiz qayığam dərd dənizində.
Könlüm sətir-sətir can
verir hər gün,
Sənin ləpirində, sənin izində.
Yenə
görüşünə gəlmişəm
sənin,
De, niyə dinmirsən,
səbrinə qurban?!
İsin
göz yaşımla,
hava soyuqdur,
Əyninə geydiyin qəbrinə qurban.
Balayar Sadiq
Ədəbiyyat qəzeti.- 2019.- 26
yanvar.- S.4.