Rembo

 

hekayə

 

Onun bizim məhəlləyə vaxt hardan gəldiyini bilmirəm. Səhər tezdən işə gedib axşam qayıdıram. Qonşularla oturub-durmağa macalım yoxdur. Düşəndən-düşənə, toylarında iştirak edir, Allah göstərməsin, itki üz verəndə başsağlığına gedirəm. Yalnız iki ev aralıqdakı Əmirxan həkimlə get-gəlimiz var; yoldaşı Firəngiz tibb bacısıdır, ara-sıra uşaqlar xəstələnəndə hərarətlərini ölçmək, iynə vurmaq üçün evdəkilər onu çağırırlar, sonra da çay içib söhbətləşirlər. Onun sayəsində aptekdə işləyən Əmirxanla da tanış olmuşuq; sonra soyuq bazar günlərinin birində Firəngiz xanım yoldaşının adından bizi evlərinə günorta yeməyinə dəvət etdi. Yoldaşım mənim tərəddüdümü görüb "bilmirsən, yəqin, Firəngiz xanım Borçalıdandır, gözəl xəngəl bişirir" - demişdi.

Firəngiz xanımın Borçalıdan olduğunu bilmirdim desəm, günah olar, bu dadlı-duzlu, cana yaxın ləhcəni başqa yerlərin danışığı ilə qarışıq salmaq olmaz. Onu da bilirdim ki, qonşularımızın çoxu Ermənistandan qovulan, Gürcüstandan sıxışdırılıb gələn, burda özlərinə sığınacaq tapan qardaşlarımızdır. Amma tərəddüdümün əsas səbəbi başqa görüşümün olub-olmadığını xatırlamaq üçündü. Yoxsa belə soyuq havada Borçalı xəngəlindən kim imtina edər?!

Əmirxan həkimlə yaxınlığımız belə başlamışdı. Bir evimizin böyründə ət meyvə dükanlarının, onlarla üzbəüzdə, yolun o tayında balaca maşın təmirxanasının işçiləri ilə salaməleykimiz vardı; arada evə ayın-oyun almağa düşür ya rayonlara çıxanda ehtiyata maşını göstərirdim. Dükanların qabağı qonşuların yığnaq yeriydi, topuna salam verib keçirdim; mehriban adamlardı, bu salamlaşmalardan, hal-əhval tutmalardan sonra ürəyimə bir yüngüllük gəlirdi. Bəzən özləri söhbətə tutub saxlayırdılar. Dünyanın gələcəyi-gedəcəyi ilə maraqlanır, Gürcüstanla, Ermənistanla münasibətdəki son gəlişmələr haqqında suallar verirdilər; söz yox, məişət məsələləri unudulmurdu: "Müəllim, yaxşı dana kəsmişik, məsləhətlidir, adam çiy yemək istiyir, sizə neçə kilo verək? Vaxtınız yoxdursa evə göndərək!".

Bu, onların öz mallarını işə vermək üsulları deyildi. Onsuz da kəsdikləri heyvanın əti yarım saat qalmır, satılıb gedir; bu, diqqətdi bəlkə, elə buna görə hər gün sübhdən balkonumuzun altında kəsilən buğanın, dananın böyürtüsünü eşitməyin qədər ağır olduğunu belə yerdə heyvan kəsilməsinin sanitariya baxımından yasaqlandığını, ora yığışan milçəklərin evimizə dolduğunu üzlərinə vurmurdum. Qaçqın adamlardır, dolanışıqlarını bu yolla nizamlayırlar, onlara söz demək Allaha xoş getməz. Bir ki, səhərdən axşamadək burdadılarsa, elə həm məhəlləmizdən, evlərimizdən göz-qulaq olurlar.

Onu da ilk dəfə bu adamların arasında gördüm. Başqa qonşulardan fərqli olaraq, dinib-danışan deyildi. Sonra bir gün oğlumun qapının ağzında kimləsə xoş bir ovqatla danışdığını eşitdim:

- Rembo, gözlə! Gözlə, gətirirəm!

Gözucu baxdım, küçəyə açılan qapının ağzında həmin lal-dinməz adam dayanmışdı.

Qapı örtüləndən sonra, "oğlum, kimdir bu?" - deyə soruşdum.

- Rembonu deyirsən? - deyə gülümsədi. Məhəlləmizin bomjudur. Kömək edir, evlərin zibilini yığıb aparır, həftədə bir manat veririk.

Onun cavabından iki şey anladım: bir, Remboya mərhəmətlə yanaşmasını, ikincisi , bomj sözünün mənasını bütünlüklə dərk etmədiyini, çünki məhəlləmizin bomju sözünü deyəndə üzündə elə bir ifadə var idi ki, sanki məhəllənin qəhrəmanından, xüsusi xidməti olan bir imtiyaz sahibindən danışır.

Bundan sonra demək olar ki, hər gün görürdüm Rembonu. Sən demə, o, elə əvvəllər buralarda imiş, mən fikir vermirmişəm. Yolun o üzündə transformatorun yanında atılıb qalan, vağzal hamballarının arabasının da Remboya aid olduğunu sonralar başa düşdüm. Həftədə iki-üç dəfə qapıları döyüb, çöp torbalarını, atılmalı əşyaları toplayıb, magistral yolun o üzündə təxminən üç yüz metr aralıda qoyulmuş zibilqablarına boşaldır. Qonşuları əllərində torba o yolu getməkdən xilas eləmişdi. Buna görə məhəllədə onu məndən başqa hamı tanıyırmış. Ancaq doğulduğu yeri-yurdu bu Rembo adının hardan çıxdığını, yəqin, qonşular da bilmirdilər.

Ortaboylu, dolu bədənli, ağır-ağır bir azca irəli əyilə-əyilə, başı aşağı gəzən bir adamdı. Geyim-keciminə uşağın bomj sözündən sonra fikir vermişdim. Əynində köhnə əzik kostyum, ayağında Van Qoqun "Metropol" muzeyində gördüyüm "Ayaqqabı"lara bənzər ayaqqabı, sanki dünyanın bütün yollarının tozu üstündə... Boğazlı, toxunma yun köynək çənəsinə qədər qalxdığından elə bilirsən heç boğazı yoxdur, başı birbaşa bədəninə yapışıb.

Adamların üzünə baxmadan, özünü gizləyirmiş kimi gəzib-dolanırdı.

Bir bazar günü zəng səsinə qapını özüm açdım. Rembo dolu arabasına söykənib dayanmışdı. Oğlumun gülümsər üzünü gözlədiyi yerdə mənim tutqun sifətimi görməyin onu çaşdırdığını hiss elədim. Saqqallı, qara üzü bir az da qaraldı. Başı ilə verdiyi səssiz salamını aldım. Yəqin, bilir ki, burda söz deməyə ehtiyac yoxdur. Yoldaşım arxadan atılası torbanı gətirdi və ovcuma bir manat pul basdı, yəni "ver ona". Torbanı əlimdən alıb arabasına qoydu. Pulu alanda gözünü qaldırıb mənə baxdı, ancaq bu, bir razılıq baxışı deyildi, vərdiş elədiyi işdir, zibili atır, pulunu alır. Məhəllənin sazişsiz razılaşmasıdır. Çoxu zibil daşıdığına görə yox, evsiz-eşiksiz, köməksiz olduğuna görə, ac qalmasın deyə, "Allaha xoş gedər" inamı ilə verir bu manatları. Rembonun bu baxışı tük basmış üzünün ifadəsini dəyişdirdi. Bu gözlər uşaq kimi saf, məni tanıyan və sayqısı olan, düşdüyü duruma görə xəcalət çəkən və "nə etməli, həyat bura gətirib çıxarıb, günümü görürsən də, müəllim, bu bir manatı almazdım sizdən, ancaq başqa cür yaşamaq imkanım yoxdur" - deyən bir adamın gözləri idi.

Həmin gündən sonra Rembo xəyalımda bir faciə qəhrəmanına çevrildi. Və mən onun başı aşağı gəzməsinin səbəbini anladım. O, gözlərindəki ağrını və yaşadığı faciələrin izlərini adamlardan gizlədirdi.

Uşaqlardan başqa, kimləsə danışdığını eşitməmişdim.

Üzünü saqqal bassa da, çox da yaşlı olmadığı görünürdü. Ancaq səliqəsiz, köhnə paltarı, arabasını ayı kimi yan basa-basa sürüb getməsi, nədənsə mənə Ezopun bir şəklini xatırladırdı.

Kim bilir, bəlkə, bunun da içi dilə gətirmədiyi söz-söhbətlə, yaşadıqlarının tarixçələri ilə doludur.

İlk dəfə danışığını məktəbdən gələn məhəllə uşaqları ilə salamlaşanda eşitdim. Onu xorla salamladılar, sanki öncədən məşq edib hazırlaşmışdılar.

- Rembo, salam.

- Rembo, necəsən?

Uşaq nidaları yüksələndə Rembonun da üzü güldü, dili açıldı. Gur səslə:

- Vətənimin qəhrəman uşaqlarına eşq olsun! - dedi.

Bu salamlaşmadan sonra Rembonun qırışığının açıldığını, uşaq kimi sevindiyini görmək çətin deyildi. Sonralar onun məktəblilərlə əsgəri salamlaşmağa bənzər bu dialoqunu dəfələrlə eşitdim.

Rembo yalnız uşaqlarla danışır, onları görəndə gözləri gülürdü.

Bir dəfə Rembodan söz düşəndə oğlumun gözləri doldu, ağlamsına-ağlamsına:

- Qalmağa yeri yoxdur, ata! Arabasında yatır. Ermənilərin tutduğu rayondan gəlib... - dedi.

Bu cavab məni sarsıtdı və Rembonun bomj həyatının kökünü öyrənmək istədim. Oğluma "onu danışdır, gör rayonda nə iş görüb, ailəsi hardadır. Evdən yemək apar ona" - deyə tapşırıq verdim.

- Qonşular ac qoymur, artıq pal-paltarlarını da yığıb ona verirlər, - deyə cavab verdi və sonra da məlum oldu ki, Rembo ilə bağlı məni maraqlandıran sualların cavabını oğlum çoxdan bilirmiş:

- Ata, bilirsən, Rembo adını ona Qarabağ müharibəsində veriblər. Elə Rembo kimi vuruşurmuş, sonra maşını minaya düşüb, ağır yaralanıb...

- Bəyəm sürücü olub?

- Elə-belə sürücülərdən olmayıb e, klass sürücü olub! Sonra maşınını təmir elətdirib. Bakıya öz KAMAZ-ında gəlib.

- Bəs hanı maşını?

- Deyir, daha sürməli deyil. Şəhər kənarında atıb gəlmişəm.

Təəccübləndiyimi görüb əlavə elədi:

- Eləliyinə baxma, ailəsi var, çadır düşərgəsində yaşayırlar.

Arxadan yoldaşımın səsi gəlirdi:

- Kül olsun onun arvadının başına! Ayda bir dəfə gəlib bu yazığın əlində nə varsa, alır, bu da burda arabada yatır.

Bir ara Rembo gözə dəymədi. Başım qarışıq idi və onun haqqında söhbətlərimizə ara vermişdim. Təxminən iki həftə sonra onu yenidən gördüm. Elə bil qəddi düzəlmişdi, üzü işıqlanmışdı. Qabağımda dayanıb soruşdu:

- Bəy, bizə vaxt icazə verəcəklər, gedib torpaqlarımızı azad eləyək?

Ondan belə ciddi sual gözləmədiyimə görə çaşdım. Sonra fikrimi toplayıb "darıxma", - dedim. "İnşallah, tezliklə işğalçıların dərsini verərik", - dedim.

Gözləri güldü. Axşam Remboyla bağlı bütün yeniliklərdən xəbərdar olan oğlum məni çaşdıran bir məlumat verdi.

- Bilirsən, Rembo cəbhə xəttindən keçib öz rayonlarına gedib. Bir həftə dağda-daşda gəzəndən sonra sağ-salamat qayıdıb gəlib. Deyir, müharibə olsa, bir aya azad edərik Qarabağı.

Rembonu görəndə bu hadisənin təfərrüatını soruşacağımı qərarlaşdırdım. Ancaq bu arada xarici ölkələrin birində keçirilən konfransa gedəsi oldum. Fevral ayı idi və konfrans Xocalı soyqırımına həsr olunmuşdu. Bakıya gecə qayıtdım, səhər-səhər yenə Sumqayıtdan gələn gəlinin "Xlor var, xlor!" səsi məni silkələdi və küçəmizdə nəyinsə dəyişildiyini hiss elədim. Bir neçə gün keçdi, ancaq bu arada Rembo gözümə dəymədi.

- Dostun görünmür! - deyə oğluma söz atdım.

- Rembo öldü, ata, - dedi və gözü doldu.

- Necə yəni öldü, cavan adamdı.

- Arabasıyla küçəni keçəndə KAMAZ vurub.

Küçəmizdə Rembonun məktəbliləri görərkən yüksələn səsi çatışmır: "Vətənimin qəhrəman uşaqlarına eşq olsun".

 

2010

 

Sabir Rüstəmxanlı

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.5.