Camış bağa girdi, gəl
Xanəndə Sədi Məmmədovun
əziz xatirəsinə
hekayə
Dolamalardan yenib Ağa körpüsünə çatanda
yuxudan ayıldı. Dan yeri çoxdan
sökülmüşdü. Əvvəl-əvvəl
gözlərini ovxaladı. Sonra
şüşəni yendirib pəncərədən
çölə boylandı. Dağların bal kimi havası doldu içəri. Bu yolu ayda ən azı bir-iki dəfə getsə də,
harda olduğunu anışdıra bilmədi.
Bərkdən
əsnəyib soruşdu:
-
Hardıyığ, ə?
Bacıoğlu:
- Ağa
körpüsünü keçdik.
- Ə, sarsağ oğlu sarsağ, saa deməmişdim
ki, Şuşaya çatanda məni oyat. Qəmərin
xəngəlini yeməmiş Şuşadan keşmək olar?
-
Dayı, vallah, elə gözəl yatmışdın ki,
ürəyim gəlmədi. Xəngəli
Ağdamda yeyərsən, nə fərqi?
- Ə, onnar nə bilir xəngəl nədi Qəmərin
xəngəlinin yanında? Özdəri tezdən
durub qaçırlar Şuşaya - Qəmərin yanına.
Qəmər ayrı Qəmərdi ey. Spidometri yetmişi döyür, elə bil təzə
gəlindi. Xan əminin ağlın başından nə
təhər alıbsa, ona mahnı da qoşub; - dedi və
başladı "Ay Qəmərim, Qəmərim"
oxumağa.
-
Dayı, istəyirsən dönüm Malıbəyli
bulağına, Xanoğlangilin yanına.
- Ə, sür, orda kavabı yaxşı bişirirlər. Səər-səər
kavab yeyərlər? Birdən yenə yuxu məni
tutar Şampan zavodun keçəndən sonra sağda bir
xaşxana var, orda saxlıyarsan.
Sonra bir siqaret yandırdı. Səhərin təmiz
havası kimi tüstünü çəkdi ciyərlərinə.
Acı tüstü Zarıslı
bulağının suyu kimi tükündən
dırnağınacan yayıldı, ləzzət elədi.
Qeyri-qarabağlılar İsa bulağının suyuna
görə tökülüb gəlirdilər Şuşaya. Gedəndə
də bidon-bidon su aparırdılar.
Köklü qarabağlılar, özlərini xan-bəy
nəvəsi sayanlar isə İsa bulağının suyunu bəyənməzdilər
ki, adamı köpdürür. Zarıslı
bulağını xoşlayırdılar. Doğrudan,
bu suyun dünyada əvəzi yox idi. Nə
qədər yeyirsən-ye, nə qədər vurursan-vur,
üstündən bircə stəkan içib cır armudu da
bir dişləm yeyəndən sonra elə acırdın ki,
üstündən bir cəmdək də yeyə bilərdin.
Zarıslının cır armudu da arağın
dərmanı idi.
İndi siqaretin tüstüsünü hər dəfə
sinəsinə çəkdikcə Zarıslı
bulağının suyu kimi tükündən
dırnağınadək yayılırdı. Bir az
özünə gəldi.
-
Dayı, deyirəm birdən razı olmazlar ey,
sözünü yerə salarlar.
- Qələt
eliyillər. Dayının sözünü hələ yerə
salan bir kişi olmuyuf, olmeyjax da.
- Deyirəm,
birdən oldu da.
- Bir ətək
pul verəjəm, minnəttəri olsun.
-
Dayı.
- Nədi,
ə?
-
Dayı, bu ağdamlılar bu qədər pulu hardan alırlar?
- Mən
nə bilim, ə? Özdəri kəsirlər.
-
Dayı, bəs sən bu qədər pulu hardan alırsan?
- Ə, sarsağ oğlu sarsağ, abaxeyis-zadsan. Mən də
onnardan öyrənmişəm. Üç il havayıdan orda selxoztexnikomda oxumamışam
ha. O texnikom deyildi ey, akademiyaydı. Onun
hesabına otuz ildi sədr işləyirəm. İnşallah, bu payız səni də ora düzəldəjəm.
Oxu, adam ol.
-
Dayı, doğrudan onların bazarında atom bombası
satırlar?
- Ə,
gopa basırlar. Atom bombası nəəzir,
iki dənə varıydı, onu da nemesdər düzəltmişdilər,
amerikalılar da nemesdərdən oğurluyuf atdılar
Yaponiyya, day qalmadı. Olseydı tapıb gətirib
satardılar fələstinlilərə, onnarın da canı
İsraildən qurtarardı. Amma yanıcüjəli
toyux nə qədər istəsən;- dedi
belindəki nikel tapançanı çıxarıb
sığalladı və yenidən qoydu belinə.
Əsgəran
qalasını keçəndə elə bil Dayıya iynə
batırdılar, öz-özünə hirsləndi:
- Buna bax,
bir cındır küçələri var rayon eliyiflər. Bizim kənd bunun yanında Sumqayıt kimi bir
şeydi. İt uşaqları bizim
Şahmalı Kürdoğlunu da şərləyib tutdurdular.
Hərdən istiyirəm düşəm
bir-ikisindən Şahmalının hayfını alam. O
harsına bax ey, Ağdam-İstipanakert dəmir yolu qədər
işlənif. Yadında saxla, qayıdanda bir-iki
kletka pivə alax. İt
uşaxlarının pivəsindən yoxdu.
-
Dayı, saa qurban olum, nolar Ağdamdan maa bir saz al, bizimkilərin
sazı birtəhərdi ey, səsi yaxşı
çıxmır.
- Ə, onnar nə bilir saz nədi? Onnarınkı
tardı, bir iki yüz vurub segah çaldırıf
ağlaşsınlar. Saz əzəmətdi
ey, bizim dağlar kimi. Aşıq Umbaya dəərəm
saa bir saz bağışdıyar.
-
Dayı, Aşıq Umbay nivasını
bağışdıyar, amma saz bağışdamaz.
-
Yaxşı, baxaram.
Şampan zavodunu keçdilər. Dayı qarşıda
sağda görünən xaşxananı göstərib dedi
ki, orda saxlayarsan.
Bu da xaşxana. Maşından düşdülər.
Dayı bir-iki dəfə gərnəşdi,
quluncunu qırmaq üçün gövdəsini sağa-sola
burxutdu. Sonra girdilər içəri.
Səhərin gözü açılmamış, camaat
gözü yox, ayrı ifadə işlədirdi, xaşxanalar
ağzınadək dolurdu, yer tapmaq mümkün olmurdu. Amma indi
gün çıxmışdı, bu vaxtlar müştəri
azalardı. Səhərin gözü
açılmamış gələnlər xaşlayıb
getdikləri üçün içəri o qədər
tünlük deyildi. Xaşın iyi,
sarımsağın iyi, tut arağının iyi, siqaretin iyi
bir-birinə qarışıb elə bir qoxu
yaratmışdı ki, dünyanın heç bir ətriyyat
fabriki, hətta Şanel də belə bir qoxunu ala bilməzdi.
Keçib əyləşdilər bir küncdə.
-
Dayı, vallah, qorxuram razı olmayalar, sən də pərt
olarsan camaatın yanında.
- Səfeh,
səfeh danışıf əlimin üstə nəs gətirmə.
Mənim burda da vesim var. Sən öl, rəisə deyərəm
kepeze maşınına basıb göndərər; - sonra
dedi: - Bajoğlu, bilirsən də, bu xaşı bizim dədələrimiz
icad eliyiflər. Bütün gejəni
yatmıyıflar, heyvanı, qoyun-quzunu güdüflər, səər
tezdən də xaş yeyiflər ki, yata bilsinlər. Bu görməmişlər də elə bilillər
ki, xaşı tezdən yemək lazımdı. Tökülürlər xaşxanaya, sonra da
günortayacan yatırlar. - dedi və güldü.
Xaş gəldi. Böyür-başıyla, dəmiylə-dəsgahıyla
bir yerdə.
- Ə, xalası göyçək, arağın girdirmə
döyül ki?
- Sənin
kimi bir kişiyə girdirmə araq vermək olar? Seyid Lazım
Ağanın cəddi haqqı, axşam özüm düzəltmişəm,
bir yüz də vurmuşam, bal kimidi.
İçəridəkilər hamısı
güldü.
Xaşı sarımsaqla, sirkəylə qəşəng
hazırladı.
- Bəh-bəh,
mətdi ey mət, ölü yesə dirilər.
Bacıoğlu
Dayı ilə məzələndi:
- Gedəndə,
bəlkə, bir az aparaq ölülərimizə?
Dayı:
- Genə
sarsağladın?! - sonra özünə də,
Bacıoğluya da araq süzdü.
-
Dayı, mən içməyim də, geri
qayıdacağıq, həm də qaidən qorxuram.
- Vur, ə.
Qailər hamısı mənim dostumdu.
- Yox,
vallah, içmirəm. Sən boyda kişini mən
sağ-salamat geri qaytarmalıyam.
Özü bir yüz vurdu, girişdi yeməyə. Bir yüz də vurdu, sonra
xörəkpaylayanı çağırdı:
- Ə, xalası göyçək, adama bir boşqaf da
gətir.
Bu vaxt xaşxananın müdiri girdi içəri. Hamıyla salamlaşdı,
bir "nuş olsun" - dedi. Dayını
görəndə iki əlini geniş açıb basdı
bağrına.
- Əmioğlu, sən hara, bura hara? Çoxdandı
görünmürsən?!
- Əşi katib qoyur ki, rayondan çıxaq? Ət planı, süd
planı, yağ planı, yun planı. Bakıdan gələn qonaqları yola salmaq planı.
Amma sən öl, sənin xaşından
dünyada yoxdu. Kaş sənin kimi belə
xaş bişirən səliqəli bir arvadım oleydi.
Bu sözə həm özləri, həm də yeməkxanadakılar
gülüşdülər.
Dayı
sonra üzünü tutdu Bacıoğluna:
- Ə, dur o baqajdakı motaldan birini gətir bura.
Müdir:
- Əşi, bu nə xəcalətdi?
- Xəjələtdi
düşmənin olsun. Sən öl, baqajda
üç motal var - biri rəisindi, biri Məcidovun, birini də
asobu saa gətirmişəm.
Bacıoğlu motalı gətirdi. Hamının
gözü qaldı motalda.
Yer-yerdən:
- Qardaş,
satlıq yoxdu?
- Mən
heç motal satana oxşayıram?! Biz motalı
satmırıq, dost-tanışa pay veririk. Ürəyiniz istəyəndə qalxın bizlər
tərəfə, hərənizə birini
bağışdıyım.
Sonra stolun üstünə bir iyirmibeşlik atdı.
Müdir:
- Əmoğlu, ayıbdı, pulu götür.
- Ə,
saa vermirəm, uşaqlara verirəm, qoy dayının
hesabına vursunlar.- deyib xörəkpaylayanları
göstərdi.
Yenidən müdirlə
öpüşüb-görüşdü,
xaşxanadakılarla da sağollaşıb çıxdı. Oturdular
maşına.
-
Dayı, bəs motalın birini prokurora gətirmişdin?
- Ə, sür, bazar doludu motalnan, birini alıb göndərərəm. Sən sür
Məcidovgilə.
-
Tanımıram axı.
- Yolu
göstərəjəm.
Hərbi Komissarlığın önündə
yaşı bilinməyən bir armud ağacı vardı. Bura
Şuşa-Laçın, bir də Füzuliyə, Cəbrayıla
gedən avtobusların, taksilərin dayanacağı idi. El arasında bura "Armudun dibi" deyirdilər.
Səhər-səhər olmasına baxmayaraq, xeyli adam vardı.
- Ə, gör bizimkilərdən varsa, denən gözdəsinlər,
günorta qayıdanda götürrük.
Bacıoğlu
diqqətlə baxdı, tanış
tapmadı.
-
Dayı, bizimkilərdən heç kim
yoxdu.
- Onda
qazda getsin.
Hamama
çatanda dedi ki, dön sola. İki tin keçdilər, dedi,
indi bir də sola dön. Bir dəmir
darvazanın qabağında maşını saxlatdı,
düşdü. Yerdən bir daş
götürüb darvazanı möhkəm-möhkəm
döyəcləməyə başladı.
-
Dayı, zvanoku bas də!
- Ə, zəhləmi tökmə.
Darvazanı bir cavan oğlan açdı.
- Kimi istəyirsiz?
- Məcidov
evdədi?
- Xeyr! Məcidov bir ay olar köçüb Ağcabədiyə.
- Niyə,
buralar xoşuna gəlmədi?
- Yox, ora
daha böyük vəzifəyə göndərdilər.
- Bəs,
sən kimsən?
-
Qohumuyam, evi mənə tapşırıblar.
Dilxor-dilxor qayıdıb oturdu maşına. Allahverdinin
restoranının qabağında bir taksi dayanmışdı.
Maşını saxlatdı, düşdü
aşağı, getdi taksiyə tərəf. Taksi sürücüsü də hörmət əlaməti
maşından düşdü.
Üzünü
tutdu taksiçiyə:
-
Qardaş, savahın xeyir.
- Avətin
xeyir.
- Məcidovu
tanıyırsan?
- Seyidi kim tanımır ki?
-
Ağcavədidəki evlərini də tanıyırsan?
- Ora
ojaxdı, oranı kim tanımır ki?!
-
Ağcavədiyə neçəyə gedirsən?
- On
manata.
Döndü
Bacıoğluna:
- Ə, düş o baqajı aç. Ordakıları
gətir bura.
Taksiçi də kömək elədi. Bir iri qoyun cəmdəyi,
bir motal, üç kiloluq bankada da balı
qoydular taksiyə.
-
Qardaş, sən Allah, ehtiyatlı ol banka
qırılar, hayıfdı. O balı
özüm kəsmişəm.
- Narahat
olma.
Əlini
cibinə salıb iki dənə şax onluq
çıxarıb atdı oturacağın üstünə:
-
Bunları tez çatdır, ət xarab olar.
- Deyim kim
göndərdi?
- Əşi, deynən əmioğlun, özü biləcək.
Taksi yola düşdü. Onlar qayıdıb
oturdular maşına.
-
Dayı, barı taksinin nömrəsini
götürəydin dana.
- Niyə?
- Bəlkə,
birdən aparmadı?
-
Boş-boş danışma, ə, bu camaatda heylə şey
olmaz, - sonra dedi; - Bajoğlu, bilirsən Məcidov nə
kişidi? Bizim Mirhacib ağanın oğludu.
Halal adamdı. Dost-doğma
da əmuşağıyıx. Burda Qorponun
müdiriydi. Keçən dəfə gələndə
saldı məni isklada, hamısı da importnı mal.
Dedi, əmoğlu, ürəyin nə istiyir seç. Xeylax şey-şüy aldım. Nə qədər
elədim əlimi civimə salmağa qoymadı, dedi, buralar saa
qurbandı. Gələn dəfə gələndə
gedərik bir Ağcavədiyə, həm seyidin ojaxına, həm
də qonağı olarıx. Oğlu da fəxrimizdi,
şairdi, kitavı-zadı da çıxıf.
- Bizim Malik Fərrux kimi?
- Ə, o uşaqdı. Malikdən heç Azərbaycanda
yoxdu.
- Bəs,
Ağa əmi, bəs Sücaət?
- Onnardan
heç mirdə yoxdu.
Sonra maşını sürdürdü Milis şöbəsinə.
-
Düş ordan nöbətçiyə denən dayın
çağırır.
Növbətçi gəldi.
- Oyy,
Dayı, xoş gəlmisən, həmişə sən gələsən,
nə qulluq?
Dayı əvvəl
əlini salıb cibinə bir onluq çıxartdı və
basdı növbətçinin döş cibinə:
- Rəis
burdadı?
- Yox, hələ
gəlməyib.
- Baqajda rəisə
çatajax pay-pürüş var, götürün onu.
Növbətçi bir nəfər də milisioner
çağırdı, pay-pürüşü
götürdülər.
Dayı:
- Hə,
indi sür bazara.
-
Dayı, bəs prokurorun payı qaldı axı?
- Ə,
sür bazara dedim, sür dana.
Məscidin önündən keçəndə Dayı
bir "Fatihə" surəsi oxudu, sonra da salavat çevirdi.
Bacıoğlu:
-
Dayı, saa qurban olum, içirsən, donuz əti yeyirsən,
sonra da fatihə oxuyursan.
- Ə, sarsağlama. İçənnərin
Allahı yoxdu? Özü də mən
donuz əti yemirəm, qaban əti yeyirəm. Bir də ki, donuz əti pis şey olsa, o boyda Berejnyev
yeməz. Əsas odu ürəyini Allahla
düz saxlıyasan.
Bacıoğlu:
-
Dayı, niyə bunların mecidləri var, amma bizim yox?
- Noolsun
meciddəri var, amma bunnarın da seyidləri yoxdu. Seyidlərin hamısı bizdən gəlmədi.
Elə Seyid Lazım Ağa da bizdərdəndi.
Özü də Sultan bəy olmaseydı
bunnarın da meciddəri olmazdı.
Məscidi
keçəndən sonra əvvəlcə sola, sonra sağa
burulanda ikimərtəbəli bir binanın qabağında dedi
ki, saxla və maşından düşdü. Baqajı
açdırdı. Bal
bankasını özü götürdü, dedi, cəmdəyi
də sən götür, qalx dalımca.
-
Dayı, bəs prokuror?
- Onunku
qaldı gələn dəfiyə.
Qalxdılar ikinci mərtəbəyə. Qapısına
"Qəbul otağı" yazılmış bir kabinetə
girdilər. Kabinetin səliqə-sahmanına söz ola bilməzdi. İki kreslo, bir
divan, televizor, divanın önündəki stolun üstündə
də qalaq-qalaq moda jurnalları, kitab dolabı, pəncərədə
gül dibçəkləri.
-
Dayı, heç bizim katibin belə qəbul otağı yoxdu.
Bu buraların müdiridi?
Bu vaxt
içəri otaqdan ortaboylu, ağbəniz, sifətinə
xüsusi yaraşıq verən qapqara bığlı,
İslam Rzayevə oxşayan gülərüz bir adam çıxdı. Onları
görəndə elə sevindi ki, elə bil oğlu əsgərlikdən
qayıdıb indicə həyətə girmişdi.
-
Əmoğlu?!
- Can əmoğlu.
Qucaqlaşdılar. Dayı onu nə təhər sıxdısa:
- Ə,
burax, qol-qabırğamı sındırdın ki! Sən öl, bu dəfə elə söhbət
yoxdu, gedəjiyik evə. Xalayın bir
döşəmə plovunu yeməsən mümkün deyil.
Bəlkə, sənin hesabına mənim də
ağzım bir dada gələ.
- Əmoğlu, vallah, tələsiyirəm. Katibdən
bircə günlük icazə almışam. Gələn şənbə bizim gədənin
toyudu. Gəlmişəm həm
bazarlığa, həm də manısdarnan danışım.
Balla cəmdəyi də xalama gətirmişəm.
Motal da vardı ey, bir az vurmuşdum, bilirsən
də mən də vuranda sıyrılıram, bağışdadım
Petro Elbrusa. Toydan sonra ondan da
yaxşısını göndərəjəm.
- Əmoğlu, xalana motal-zad lazım döyül ey,
bazar motalla doludu, sən lazımsan, səni görsün. Bir o
dağları yada salsın.
- Allah
qoysa, gələn dəfə.
- Deyirsən
gələn şənbə toydu? Bəs, bizim
niyə xəbərimiz yoxdu?
- İndi
dedim də. Uzax yoldu, gəlsən də sağ
ol, gəlməsən də. Gəlsən
xalanı da gətirərsən, bizimkilər sevinər.
Sonra Naməlum Kişi harasa zəng elədi,
tapşırdı ki, təcili bir çay dəsgahı
düzəltsinlər. Sonra kitab dolabının alt gözündən iki banka çıxardıb qoydu stolun üstünə.
-
Heç olmasa xalayın bişirdiyi mürəbbələrlə
bir çaya nə deyirsən?! Biri çiyələkdi,
biri də gül.
Dayı:
- Yaman
olar - deyib sərildi kresloya. Sonra da
üzünü tutdu bacıoğlusuna; - Ə, otur də,
gözünü niyə döyürsən?
- Bu kimdi?
- Bizim
bajoğludu, əsgərrikdən təzə gəlif, hələlik
götürmüşəm özümə şofer. Bu il qoyajam burda selxoztexnikoma. Midir
dostumdu.
Naməlum
Kişi onu da qucaqladı:
- Otur a
bala, elə bil öz evinizdəsən.
Qapı açıldı, içəri əlində
sini bir nəfər girdi, bir çay süfrəsi
açdı, cürbəcür şokoladlar da qoydu stolun
üstə.
Sonra dedi:
-
Aydın müəllim, ayrı qulluğun?
- Sağ
ol, sağ ol.
Çay gətirən getdi.
Bacıoğlu
dayısının qulağına pıçıldadı:
- Bu
ispalkom Aydın müəllimdi.
Naməlum Kişini gülmək tutdu.
Dayı:
- Ə, yox.
Aydın
müəllim deyilən kişi bir az da bərkdən
gülüb dedi:
- Əmoğlu, deməli bir dəfə Novruz
bayramıdı. Qapı döyüldü, uşaq getdi
açdı. Bir də gördüm ki,
uşaqlar bir cəmdək, mer-meyvə, qoz-fındıq, hətta
banan, moskovski araqlar. Soruşdum ki, bu nədi,
bala. Dedilər ki, bir uaz gətirmişdi,
paydı. Sən bilirsən də, bizim payımız olar
Səyavuşun şampanları, ya konyakları,
uzaqbaşı bir banka Kəlbəcər
balı. Çaşdım. Bir
azdan məlum oldu ki, bu payı İspalkoma göndəriblərmiş,
səhvən mənə gəlib. İspalkom
da qohumdu axı. Zəng elədim ki, sizə
çatan şeyi səhvən bizə göndəriblər.
Qəşş elədi. Dedi, ə, qohum,
halal xoşun. Öyün bizim uşaq
dalaşıb, aparıblar milisə. Deyiblər,
kimin oğlusan? Deyib, Aydın müəllimin.
Buraxıblar. Biz də belə
irəli düşürük ey. Yaxşı,
evə getmədin-getmədin, onda günorta mənim
qonağımsan.
- Yox ey,
günorta istiyirəm manısdara bir qonaxlıx verim.
- Lap
yaxşı, onları da götürərsən gedərik
Batumun yanına, bir çörək yeyərik, sonra da səni
yola salaram.
- Nə
deyirəm, sən deyən olsun.
***
Bazarın yaxınlığında maşını
saxlamağa zorla bir yer tapdılar.
Bacıoğlu:
- Vay dədəm,
vay, bir belə maşın olar?
Dayı:
- Bu nədi,
ə, şənbə-bazar buranı görsən,
başına hava gələr. Şəər
camaatı şənbə-bazar maşınnan küçəyə
çıxmırlar ki, kolxozniklər şəərdədi.
Girdilər bazara. Girişdə düz yolun ortasında bir
çəkməçi oturub öz işiylə məşğuldu.
Camaat az qala onu tapdalayıb keçir, amma
heç vecinə də deyil.
-
Dayı, bu niyə belə ayaq altında oturub?
Dayını
gülmək tutdu:
- Gəl
görüm. Deməli, bir dəfə ispalkom gəlir
bazara. Görür bu kişi oturuf elə
indi oturduğu yerdə. Bazarkoma deyir ki, ə,
bunu yolun ortasından götürün, başqa yerə qoyun.
Hopstof götürüf qoyullar bir kənara.
Axşam ispalkom evəələndə sekadan zəng
gəlir ki, bəs, bizim orda bir yetimçə var, bazarda
çəhməçilik edif balalarını saxlıyır,
onu incitmisən. Qoy harda istiyir, orda da
otursun. İspalkom dəli olur. Tez bazarkomu tapıf deyir ki, bu dəyqə gedirsən
bazara, o oğraşı tapıf şey-şüyünü
də götürüf indiyəcən harda oturmuşdu
qoyursan ora, canı çıxsın. Bildin?
Burda hərənin bir dayısı var ey!
Ara gün olmasına baxmayaraq, bazarda yenə basabasdı. Dayı gedir,
Bacıoğlu da dalınca.
Seyid Lazım Ağa bir dükanının önündə
kresloda oturmuşdu, əlində də uzun gərməşov
çubuğu. Keçib gedənlər kimisi əlindən
öpür, kimisi nəzir verir. O da yanında əliuşaqlı
adam görəndə saxladıb
uşağa bir şirni pulu verib başını
sığallayırdı.
Dayı:
- Bax, o,
Seyid Lazım Ağadı. Cibində pulun var?
Apar Ağaya bir iyirmibeşdik ver.
-
Dayı, niyə özün aparıb vermirsən?
- Ə, sarsağ oğlu sarsağ, görmürsən
işmişəm? Gedim kişini mundarlıyım? Sən apar ver, sonra pulunu verəjəm.
-
Dayı, deyim kim göndərdi?
-
Heç nə demə. Pulu bas kişinin cibinə,
əlindən də öp, qayıt.
Bacıoğlu getdi iyirmibeşliyi qoydu Seyid Lazım
Ağanın döş cibinə, sonra əlindən
öpdü.
Ağa da onun başını sığalladı:
- İmam
Hüseyn köməyin olsun,- sonra
çıxarıb Bacıoğlunun cibinə bir manatlıq
qoydu; - Götür, bala, seyid puludu, bərəkətli olar.
Bacıoğlu qayıtdı Dayının yanına.
- Ə, o manatlığı qoy mənim döş cibimə.
- Niyə,
dayı, mənə verdi axı?
- Ə, ağanın pulu bərəkət gətirir. Məndə
olmasa, siz nə … yeyəssiz.
Bacıoğlu manatlığı qoydu Dayının
cibinə.
Dayı:
- Di get bazarın başına, orda
arabaçılar var, birini götür gəl.
Bacıoğlu gedib arabaçıların birini gətirdi. Dayı
başladı bazarlığa, heç malların qiymətini
də soruşmadı. Qoz-fındıq
aldı, mer-meyvə aldı, arabanı doldurdu.
Banan da
alanda Bacıoğlu dedi:
- Bunu
neynirsən, dayı, bunu Afrikada meymunlar yeyir.
- Bizdə
də pullular.
Sonra
Dayı gəldi bir piştaxtanın yanına:
- Nə
çayınız var, ə?
- İndeyski, seylon, qruzinski.
- Ordan bir
on paçka seylon ver. Gürcü çayı nədi ə,
satırsız? Bizim Astara çayı onnan min dəfə
içməlidi - deyib satıcını danladı.
-
Ağsaqqal, burda mesni mala pul verən yoxdu ey, elə biri də
sən.
Sonra da
Bacıoğluna dedi:
- Apar
bunları yığ baqaja, qayıt gəl. Arabaçıya
da bir-iki manat pul ver.
Bacıoğlu dediyini edib qayıtdı. Dayı sonra
girdi bir ərzaq mağazasına. Satıcıdan
soruşdu ki, ə, kişi ol, içməyə
yaxşı nəyiniz var.
Satıcı:
- Əla moskovski arağımız da var, Göy-göl
konyakımız da.
- Ə kişi ol, girdirmə döyül ki?
- Seyid Lazım Ağanın cəddi haqqı, yox,
xüsusi dostlar üçündü. Amma
özüm ölüm, bizim girdirmələr bunlardan içməlidi.
-
Yaxşı, bir kletka kanyax, iki kletka da maskovski. Bajoğlu,
bir arabaçı da çağır bunnarı daşı
maşına, qayıt.
Bacıoğlu komandirdən əmr almış kimi
tapşırıqları yerinə yetirib qayıtdı.
Sonra Dayı girdi böyük bir pal-paltar
mağazasına. Mağaza müdiri elə oturub ləzzətlə
çay içirdi ki, elə bil qırx eşşəyi
sağına gəlir.
Dayı
içəri girəndə, bayaqdan bəri qırx eşşəyi
sağına gələn müdir, obaxeyisi görmüş
kimi qalxdı ayağa:
- Bay,
xoş gəlmisən, həmişə sən gələsən.
Dağlarda nə var, nə yox? Eşitdim hökumətlə dava salıb yuxarı kəndlərə
işıq çəkdirirsən?
- Ə, ağzım nədi hökumətlə
dalaşam. Xahiş etmişəm, sağ olsunlar da,
sözümü yerə salmayıflar.
Görüşüb-öpüşdülər.
- Nəyiniz
var?
- Odeey,
kostyumlar, köynəklər, ayaqqabılar. Nə
istəsən.
- Ə, Valadarskinin kastyumlarını gözümə
soxma ey. Heç Valadarskinin müdiri ondan geyinmir.
- Əla finskilərimiz var, uşaqlar Leninqraddan təzə
gətiriblər.
- Sən
öl, bu hökumət dağılajax. Ə,
Leninqradda, o soyuxda finski kəstyum geyən var? Finski kəstyumu göndərirlər Leninqrada,
qış ayaqqavıların da bizim Hindarxa. Davay, iki dənə əlli dörd razmer finski gətir
görək.
Müdir satıcıya göz elədi. Satıcı
keçib arxa otağa, ordan dörd-beş dəst kostyum gətirdi.
Dayı bir-bir götürüb baxdı, ikisini seçib qoydu
kənara:
- Bunnara
uyğun köynək də gətir. Ayaqqavı
nəyiniz var?
-
Yuqoslavski də var, rumınski də.
- Ə, rumınlar nə bilir ayaqqavı tihməyi,
onnarınkı mebeldi. İki dənə yuqaslavski.
Satıcı:
-
Ağsaqqal, neçə razmer?
- Qırx
dörd.
Satıcı təəccüblə müdirə
baxdı.
Müdir:
-
Neçə?
- Qırx
dörd.
- Qırx
dörd razmer ayaq olar?
- Niyə
olmur, ə? Mənim ayağım qırx
beşdisə, oğlumunku də, qırx dörd
olmalıdı də. Biz mamlı-matan
şəər uşağı əhmirik ey, dağlar oğlu
əkiriy.
-
Yaxşı, otur bir çay iç, - dedi müdir, sonra
üzünü satıcıya tutdu; - Qaç Qurbanovun
mağazasına, denən iki dənə qırx dörd
yuqoslavski ayaqqabı versin.
Satıcı on dəqiqəyə qayıtdı, əlində
də iki dənə ayaqqabı qutusu.
Dayı
üzünü tutdu Bacıoğluna, mağazadakı
kostyumları göstərib dedi:
-
Neçə razmer geyirsən, ə? Keç
ordan özünə bir kəstyum seç.
Bacıoğlu əlli iki deyib, Dayıya nə təhər
yazıq-yazıq baxdısa.
Dayı:
- Ə,
bir dənə də əlli iki razmer finski də buna gətir,
- dedi, sonra Bacıoğluna hirsləndi; - Ə, dədən-baban
finski kəstyum geyinif?
Bacıoğlu:
- Dədəm-babam
sənin də dədən-baban deyilmi? Bəs, sən
niyə geyirsən? Onlar geymiyib deyin, mən geysəm
dünya dağılar?
Dayı
Bacıoğlunu qucaqlayıb öpdü:
-
Yaxşı, daşı maşına.
Sonra
çıxarıb aldıqlarının pulunu verdi,
on manat da atdı satıcıya ki, bu da sənin.
Bazardan çıxdılar, oturdular maşına.
- İndi də sür manıslar olan yerə.
Vaxtilə bazara çataçatda bir böyük bağ
vardı. Həm bazara gələnlərin, həm də ətrafdakı
dükan və atelyelərdə işləyənlərin sərinləmək
üçün istirahət yeri idi. Uşaqlar da burda mərc
çəkərdilər: kim neçə
ağacdan-ağaca keçər. Bir də Pasan
deyilən bir oğlan burda velosiped kirayə verərdi - 30 dəqiqəliyə,
bir saatlığa, iki saatlığa. Deyəsən,
saatı 20 qəpik idi. Bir dəfə də
velosipedi aşırtdığına görə bu sətirlərin
müəllifinə qəşəng bir şapalaq vurmuşdu.
Bağın aşağısında da
böyük bir çayxana vardı. Çayxananın
bir tərəfinə taksi sürücüləri, bir tərəfinə
də toy tutmaq istəyən musiqiçilər
yığışardı.
Sonra rayona yeni katib gəldi. Ağacları dibindən kəsdirdi,
bağı şumlatdı, kiminsə adına
bir xiyaban düzəltdi, daşlardan ibarət. Düzdür,
çayxananı sökdürməyə gücü
çatmadı, amma bağ da əldən getdi.
Bağın
aşağısında, çayxananın yanında
maşını saxlatdı:
- Sən get Aydın əmoğlunu götür gəl.
- İspalkomu?
- Ə, sən nə tupoy adamsan, ə? Bayaxkı
kişini deyirəm də.
Girdi çayxanaya. Yer-yerdən durub görüşdülər.
Onu tanıyan manıslar da
yığışdılar başına, xoşgəldindən
sonra da çayçıya dedilər yaxşı bir çay
dəmlə.
Dayı
çayçıdan soruşdu:
- Kəkotunuz
var, ə?
- Var.
- Maa kəkotu
çayı gətir.
Manıslardan
biri:
-
Ağsaqqal, nə qulluq?
Dayı:
- O bir
gitarist var ey, meymunnan gəzən, Çinqaçuka
oxşuyur.
- Rəmişi
deyirsən?
- Hə,
hə, Rəmiş.
-
Ağsaqqal, o burda yaşamır ey, Bakıda yaşayır,
toydan-toya gəlir.
Kimsə:
- O
gün burdaydı, meymunu xəstələndi, apardı
Bakıya. Sənə gitarist lazımdısa Qəhrəmanı
götürək. Rəmiş nə
tökübsə o da yığıb, heç ondan da geri
qalmır. Peşə məktəbləri
ümumittifaq festivalının laureatıdı.
Dayı:
- Bir dənə
də tarçalan.
- Gitara
varsa, tarçalanı neynirsən?
- Ə, gitarayla muğam oxuyarlar, adınızı da
muzkant qoymusuz?
- Onda Eldarı götürək. Onun kimi
tarçalan var?
- Eldar Qədirsiz toya getmir.
- Elə
mən Qədiri istiyirəm.
Musiqiçilər dilxor oldular, Qədirin öz
ansamblı vardı, bunlardan da zəhləsi gedirdi. Qədiri
tapsalar, toy əldən çıxacaqdı.
-
Ağsaqqal, çətin məsələdi. Qədir
burda deyil, Bakıdadı, deyəsən radioya
çağırıblar, həm də gələn şənbə
Bakıda toyu var. Bəlkə, Sədiyə deyək, bu dəqiqə
moddadı.
- O
Bağdagülü oxuyan? Hə, pis oxumur. Qonşu kənddə bir toy aparırdı. Amma, o da hamıynan məzələnir ey. Toyda
dolamadığı adam qalmadı. Vallah, mən olmasam onu döyəjeydilər.
Bizim camaatı tanıyırsız, dana. Bir də o Məmli var ey, qarmonçalan, bərdəli,
onu da tapın.
- Əşi, Zahidin yanında o nə bilir qarmon
çalmağı.
Beş dəqiqəyə ansamblı düzəltdilər. Sədini də
tapdılar, Zahidi də.
Sədi
Dayını görən kimi:
- Ə,
bu Dayı Laçının yiyəsidi ey, bir kişi
bunun qabağında söz deyə bilməz. Pul
da Dayıda mal tırığı kimi. Özü
də bir oynamağı var ki, Məşdibaddakı
Süleyman onun yanında qolun qaldıra bilməz, - deyib
Dayını basdı bağrına.
Dayı baxdı ki, gitaraçı da kəkodu,
nağaraçı da, qarmonçalan da. Bir şaqqanaq çəkdi:
- Ə, İldırım Həsənovu da tapın, bir kəko
ansamblı yaradın, o qayadı, daşdı-kəsəkdi, nədi
sizin yanınızda qələt eliyir.
Bu vaxt
Aydın kişi də gəldi:
- Hə,
indi durun gedək Batumun pavilyonuna, söhbətin dalını
orda eləyərsiz. Bu kişi də
qayıdıb getsin.
Oturdular maşınlara, çıxdılar Qiyaslı
yoluna, Batumun pavilyonuna. Palıd ağacının altında
yaxşı bir süfrə açdırdılar.
Ofisiant qəlyanaltıları qoyandan sonra soruşdu:
- Nə
yeyəssiniz?
- Nəyiniz
var, ə?
- Hər
şeyimiz. Lüləkabab, tikəkabab, basdırma kababı,
hinduşka kababı, çolpa…
- Ə, saxla görüm. Nə qədər
kabab yemək olar, balığınız var?
- Niyə
yoxdu? Sazan, kütüm, çay
balığı.
- Ağ
balıx nətər?
- Var.
- Davay. Ağ balıxdan başdıyax. Özü də
maskovski araq ver. Bu girdirmə arağınızı az sırıyın camaata.
Sağlıqlar başladı, nə başladı. Hamısını
da Dayı deyirdi. Sultan bəyin nəslinin
sağlığına, Qaçaq Nəbinin nəslinin
sağlığına. Ağa Laçınlının
sağlığına, gördü ki, bir az
ağ oldu, hamı da ona əyri-əyri baxır, hətta bəziləri
mısmırığını sallayıb heç
içmir, keçdi Xudu Məmmədovun
sağlığına. Yadına
düşdü ki, təzə bir alim çıxıb, cavan
oğlandı, SSRİ Dövlət Mükafatı alıb, bir
aydı televizor, qəzetlər ondan danışır, birtəhər
adını yadına saldı - Rafiq Əliyev. Sonra onu da yadına saldı ki, qayınatasıyla da əvvəllər
yun alveri-zadı olub, bir təmtəraqlı sağlıq da
ona. Qaldı şair, onu da tapdı.
Famil Mehdi bir neçə dəfə Ağayla onlara qonaq gəlmişdi,
hələ kitab da bağışlamışdı, onun bir
şeirini də əzbər bilirdi, şeiri əzbər dedi.
- Familəm,
həmişə yanmaqdı peşəm,
Can deyən
gözələ canan demişəm.
Bu yolda
sevinc də, qəm də yemişəm,
Bir daha yemərəm, tamarzıyam mən.
Beləliklə, hesabı üç-üçə
bağladı.
Sonra fikirləşdi ki, heç-heçə ona sərf eləmir,
burdan qalib çıxmalıdı, dedi:
- Ə, bu rayonun qədrin bilin. Bu rayondan mirdə
yoxdu. Görün bizim əmoğlu Kürdoğlu
Hüseyn rayonunuz haqqında nə deyiv ey:
Yenə də
baş çəkim Ağdama gərəh,
Qarqarın suları Ağdama gərəh.
Bu yerin qədrini
bilmiyənlərin
Qara
gözdərinə ağ dama gərəh.
Beləliklə, hesabı dörd-üç öz xeyrinə
dəyişdi və sonra da əli ilə işarə elədi
ki, stolun üstündəkiləri
yığışdırıb çay gətirsinlər.
Çay gəldi. Dayı çaydan bir qurtum aldı, sonra əvvəl-əvvəl
Bacıoğluna baxdı, musiqiçilərə baxdı,
dedi:
- Hə,
indi keçək əsas məsələyə. Bir şərtim var.
Sədi:
-
Ağsaqqal, xırdala gəlsin. Beş yüz mənlikdi,
min manat da uşaqlara.
- Ə, söhbət puldan getmir. Pul əl çirkidi.
Ayrı bir şərtim var. Toya vertalyotnan gələssiz.
Hamısı
birdən dilləndi:
- Nəynən?
-
Vertalyotnan.
Gitaraçı:
-
Aydın kişi, əmoğlun deyəsən
biznən məzələnir axı, bəlkə, samalyotla gələk?
Bacıoğlu:
-
Dayı, saa demədim?
- Ə, küçük, sən səsini kəs, - sonra
üzünü tutdu çalğıçılara; - Mən
heç məzələnən adama oxşuyuram? Ciddi
sözümdü. Qonşu kolxoz sədrinin
oğlunun toyuna sizinkilər mersedeslə gəlmişdi. Bütün kənd yığılmışdı
maşının başına. Maşın
yiyəsi də forsdanırdı ki, o xakkeyis var ey, Tretyak, ondan
alıf. Sədr yerə-göyə
sığmırdı. Mən də bir az
vurmuşam, onun ajığına hamının içində
dedim ki, bizim gədənin toyuna muzkantları vertolyotnan gətirdəjəm.
Mərc çəkdiy. Bütün
rayon bilir. Mən vesimi aşağı sala
bilmərəm axı.
Sədi:
-
Ağsaqqal, başına dönüm, vertalyotu hardan tapaq? Hərəmizin bir dranqulet jiqulimiz var. Sənin xətrinə
jiquliylə yox, QAZ-24-lə gələrik.
Dayı:
- Vertalyot
mənlikdi, danışmışam, pullarını da
vermişəm. Şənbə günü saat
doqquzda sizi Məzahirin ayriportundan götürüb gətirəjək
kəndə, iki gündən sonra da qaytarıb qoyajax yenə
Məzahirin ayriportuna.
"Məzahirin ayriportu" sözünü də elə
deyirdi ki, elə bil aeroport Məzahirin dədəsinin idi.
Nağaraçı
dəbbələdi və dəbbələyən kimi, ya hirslənən
kimi də kəkolayırdı:
- Yoooox,
qqardaş, məənlik deeyil. Heçç
yeerdə düdüz əməlli ggəzə bibilmirəm,
gögöydə nə itim azıb. O vevertalyot, oo da siiz
mən gegetmirəm.
Bacıoğlu:
-
Dayı, saa dedim axı.
- Ə, küçük, saa demədim sus. Uşaxlar,
burda nə var ki? Səər-səər
xaşla adama bir iki yüz vurub minirsiz vertalyota, uzağı
bir saata, saat yarıma bizim kəddəsiz. Hərənizə
ayrıca İstipanakert pulu da verəjəm.
"İstipanakert
pulu" eşidən kimi bir-birlərinə baxdılar,
Nağaraçı da sıyrıldı:
- Əşi, nə olar-olar. Ağsaqqal, amma bir az
bahalaşıblar ey.
Dayı əlini saldı qoltuq cibinə. Bir topa şax
pul çıxartdı. İçindən on dənə
yüzlük seçib atdı stola:
- Bu sizin
behiniz, şabaş da sizdikdi, min də vertalyotdan düşəndə
verəjəm - dedi, sonra da beş dənə əllilik
sayıb atdı yüzlüklərin üstünə;- bu da sizin İstipanakert pulunuz.
"İstipanakert pulu" eşidən Bacıoğlu
yazıq-yazıq dayısına baxdı. Dayı da Bacıoğlunu
başa düşdü və dedi:
- Qələt
eləmə, sənin hələ yaşın çatmır. Uşaxlara dəərəm saa bir saz gətirəllər,
- sonra üzünü tutdu musiqiçilərə; - Ə,
sizdə saz olur?
-
Gülablı dolu deyil?
- Gələndə
buna bir saz da gətirin.
Sədi
pulları götürüb qoydu cibinə:
-
Ağsaqqal, vertalyot nədi ey, istiyirsən lap sayuzappolonla gələk.
Dayı
xörəkpaylayanı səslədi:
- Ə,
xalası göyçək, gəl hesabı al, gedək, -
dedi və əlini atdı cibinə.
Musiqiçilər
hamısı əllərini cibinə atdı:
- Olmaz,
Allah haqqı, day ağ eləmə də.
Nolsun pulun çoxdu, qonağımızsan.
Aydın kişi:
-
Hamınız oturun yerinizdə. Hesab mənlikdi.
Əmoğlu mənim qonağımdı.
***
Aeroportda
Məzahir onları qımışa-qımışa
qarşıladı:
- Nədi
ə, lotular deyəsən artırmısız, toya getməyə
vertalyot zakaz eləmisiz?!
- Dağ
yeridi də, yollar xarabdı, dedik maşınımız
hayıfdı, vertalyotla gedək.
Bu vaxt
pilotlardan biri onları səslədi:
- Ay
qardaşlar, bayaqdan sizi gözləyirik, tərpənin də.
Bizim bu gün hələ bir sürü
işimiz var.
- Gəlirik
dana, beş dəqiqə ilə dünya
dağılajaq?
Məzahir
müəllim:
- Gözləyin,
- dedi və girdi binaya, bir bağlama ilə qayıtdı; - bu,
Şirvan konyakıdı, mənim adımdan
bağışlayarsız Dayıya. Əla
kişidi.
Kimsə:
- Məzahir
müəllim, hər şeyi başa düşdük ey, amma
bu vertolyotu hardan tapıb?
-
Maşın çıxmayan kəndlərə işıq
çəkdirir. Materialları dəmiryoldan
vertolyotlarla daşıyırlar. Çox
vaxt özü də vertalyotla gəlib-gedir. Burda da mənim maşınımı
götürüb sürür. Qonağı
da olmuşam. Kəndləri cənnətdi
ey. İki-üç gün kef
partladassız.
Vertolyot yerdən qalxan kimi Nağaraçının rəngi-rufu
qaçdı.
Malıbəylinin üstündən keçəndə
öyüdü:
Pilot:
- Ə, orda paket var, verin ona yeri batırmasın.
Nağaraçı
bir partiya qusdu, sonra dəsmalla ağız-burnunu silə-silə
deyinməyə başladı:
-
Tütüpürüm bebelə pul qaaazanmaağa. Maa dedeyən gərək, ay iiit oğlu, beeeş
maanatdan ötrü sənin gögöydə nə işin
var? Caamaat bu dədəyğa Qəqəmərin
yaanında xəxəəngəl yeer. Məən
də ggöydə şaşalvaarıımı
babatırıram. Siizi bilmirəm,
qaqayıdanda məən aaavtobusla qaqayıdajam.
Gitaraçı:
- Ə, kef elə. Nəslindən Şuşaya göydən
baxan olub? Bax dəə, gözlərin
bayram eləsin.
Nağaraçı nə isə demək istəyirdi ki,
yenə qusdu, bu dəfə paket verməyə macal olmadı. Elə bil pilota od qoydular:
- Orda
şəlpə var, atın o zibilin üstünə, - dedi,
sonra əlavə etdi; - Sən öl, bir də
böyükağanı çağırsan, səni
götürüb qapıdan atacam aşağı, get Qəmərin
xəngəlini ye.
Nağaraçı:
-
Qqardaş, nə qəqədər dedeyirsən saa pul verim, məni
düdüşürt Ccıdır düdüzündə.
Kimsə
pilotdan soruşdu:
- A bəy,
hələ çox qalıb?
Pilot əsəbi
halda:
- Yox, bircə
qusmaqlıq.
***
Pilot
düz deyirmiş. Kəndə çatanadək
Nağaraçı bircə dəfə qusdu.
Kənd meşənin içindəydi, vertalyotu yendirməyə
bir açıq meydan yox idi.
Pilot:
- Komandir,
bura heç Qaqarin də vertalyot yendirə bilməz. Bəlkə, qalxaq dağın döşündəki
inşaat meydançasına, gəlib ordan apararlar?
Komandir:
- Ə, yox. Kişiyə söz vermişik ki,
manısları düz həyətə düşürəcəyik.
İndiyənəcən bir ton çörəyini
yemişik, bir ətək də pulunu almışıq.
Mən vertalyotu ağaclardan bir az
yuxarıda saxlayacam, sən də onları bir-bir trosla yendir
aşağı.
Pilot:
- Bəlkə,
nərdivanı açım?
- Yox. Yıxılıb eləyərlər poxa düşərik.
Əvvəl alətləri yendirdilər. Trosu Xanəndənin belinə
bağlamaq istəyəndə Nağaraçı dedi:
- Ə, babaşınız xaxarab olub? Kakamandir,
qaqaytar biizi gegeriyə.
Sədi
Nağaraçıya:
- Ə, düdük, sən bir səsini kəs, - sonra
pilotdan soruşdu; - Qaqa, bu nədi?
- Trosdu,
bağlayacam belinə, sonra sizi yavaş-yavaş yendirəcəm
aşağı, kinolarda görməmisən?
-
Görmüşəm, qaqa, amma biz desant deyilik ey,
muzıkantıq.
- Əsgərlikdə olmamısan?
- Niyə
olmamışam, olmuşam. Özü də
Sibirdə, stroybatda.
Dayı
aşağıda camaatı bir kənara çəkmək istəyirdi:
- Ay
camaat, qıraa durun də, meymun oynadıram?! Vertalyot
görməmisiz?
Vertolyotu görmüşdülər. Amma ondan trosla
sallanıb düşənləri görməmişdilər.
Dayının qorxusundan hamı bir kənara
çəkildi.
Dayı əli ilə işarə elədi ki, ver gəlsin.
Pilot trosu
yavaş-yavaş buraxmağa başladı:
-
Düşəndən sonra trosu açarsan.
Pilot sonra
bir-bir o birilərini yendirdikcə aşağıdakılar
"urra" deyə bağırırdılar.
Nəhayət,
qaldı Nağaraçı:
-
Qqardaş, sisizə ququrban olum. Bir çəçətən
külfətim vaar, məəəni qaqaytarın Aağdama.
Komandir:
- Ə, ağciyər olma. Görmədin, onlar
necə rahat yendilər, burda nə var ki?
- Ə,
iitoğlu, iistəəmirəm dana.
Komandir:
- İstəmirəm
nədi, köpəyoğlu, kişi
aşağıda gözləyir. Toya şətəllik
qatmaq istəyirsən? - sonra pilota
dedi; - Bağla trosu, at aşağı. Yoxsa onu
bu dəqiqə trossuz tullayacam.
Pilot
Nağaraçı ilə boğuşa-boğuşa trosu onun
belinə bağlaya bildi, elə komandir dediyi kimi də
qapıdan çölə itələdi:
- Qoz
getdin!
Nağaraçı
bağırdı:
- Səənin
ananııı…
Nağaraçı əl-qol ata-ata,
çabalaya-çabalaya söyür. Yenə möhkəm
öyüdü, aşağıdakıların bəxtindən
day mədəsində qusmağa heç nə
qalmamışdı.
Tros onun naqolay hərəkətlərindən yellənməyə
başladı.
Və palıd ağacının budağına
ilişdi. Vertolyot ləngər vurdu, komandir sükanı
zorla saxlaya bildi:
- Ə, bu it oğlu bizi qıracaq.
Pilot
yuxarıdan bağıra-bağıra, əli ilə işarə
edir ki, kəməri aç. Nağaraçı var, bu il ölmüsən, bildir.
Pilot
gördü ki, vəziyyət ağırdı, nərdivanı
aşağı salladı və özü yendi ağacın
başına:
- Ə, əclaf, bayaqdan bağırmıram kəməri
aç?
Nağaraçının dili tutulub. Pilot onun belindən kəməri
açıb öz belinə bağladı:
- Di
canın çıxsın qal burda, - dedi və əli ilə
komandirə işarə elədi ki, çək.
Pilot
ağacdan ayrılan kimi vertolyot qalxdı, Nağaraçı
qaldı ağacın başında.
Pilot:
- Komandir,
Dayının konyakı qaldı, Məzahir bilsə
qanımız getdi.
Komandir:
- Bizim
qismətimiz imiş. Axşam Dayının
sağlığına vurarıq.
Nağaraçı
ağacın başında canıyla əlləşirdi,
aşağıdan da qışqırırdılar:
- Ə,
düş aşağı dana.
Nağaraçının dili söz tutmur, əli ilə
işarə edir ki, düşə bilmirəm.
Sədi:
- Ə, demədim bunu götürməyək? Keçən dəfə
Hindarxda görmədiniz necə içib sarsaqladısa az qaldı mitilimizi atsınlar. Zarafata
salmasaydım, nağaranı keçirdəcəkdilər
başına. Vallah, bu Dayı onu dəli
inək balasını çığnayan kimi
çığnayacaq.
Dayı da söyür.
Sədi:
-
Dayı, narahat olma ey, bu dəqiqə düşəcək. Qoy bir özünə gəlsin. Yazıq
birinci dəfədi vertalyota minir. Vallah,
buracan qusub canı qalmayıb.
Dayı:
- Ə, düş. Vallah, yoxsa çıxıf səni ordan
təpəsi üstə salajam yerə.
Yer-yerdən:
- Ə,
düş, dana.
- Hə-hə-həzrət Aaabbas haaaqqı
düdüşə bilmirəm.
Bu vaxtı gəlin gətirən maşınların
"vərə-vürə" siqnalları kəndi
götürdü başına. Bərk gedən
oğlanlar hərə bir-iki qoyun satıb gedib Ağdam
bazarından "vərə-vürə" səsi
çıxaran italyan siqnalları almışdılar.
Dayı
bir qapıya tərəf qaçdı, sonra qanrılıb
geri qayıtdı:
- Ə, çalın də. Gəlini gətirirlər.
Klarnetçi:
-
Nağarasız vağzalı çalmaq olar?
Dayı
nağaranı verdi bir uşağın əlinə:
-
Çıx ver o dəyyusa, qoy canı çıxsın ordan
çalsın.
Uşaq
meymun kimi dırmaşdı ağaca və nağaranı verdi ona.
-
Neneneynirəm ə ooğraş, bunu?
Dayı
aşağıdan bağırdı:
- Orda
çal, köpəyoğlu, - dedi və qaçdı
darvazaya tərəf.
Klarnetin səsi aləmi götürdü başına. Nağaraçı
nə qədər elədi ritmi tuta bilmədi. Dişini dişinə sıxıb, başladı nə
gəldi döyəcləməyə.
Sonra parta-part başladı. Tüfəngdən,
tapançadan, hətta avtomatdan, kasıbın nəyi var, onun
nə çaldığı heç kimin vecinə deyildi.
Gəlini evə ötürəndən sonra musiqi də
kəsildi, partapart da.
Yazıq
Sədinin boğazı quruyub:
- Ə, düş. Gecə ağacda yatassan?
Bu vaxt
Dayı qayıtdı çalğıçıların
yanına:
- Dəyməyin,
rəysə zəng eləmişəm pajarnı göndərif,
indi gələjəklər.
Nəhayət, yanğınsöndürənlər gəlib
çıxdılar.
Yanğınsöndürənlərdən
biri nərdivanı qaldıra-qaldıra:
- Ə, avara, düşə bilməyəcəkdin ora nəyə
çıxmışdın?
Sədini
gic gülmək tutdu:
-
Çıxmıyıb ey, göydən düşüb.
Nərdivanı qaldırdılar ağacın
başına.
Yanğınsöndürənlərdən biri qalxdı
yuxarı:
-
Qardaş, qorxma. Əlini ver mənə, hə,
indi çıx nərdivana, tutmuşam, yavaş-yavaş
düşəcəyik.
-
Yıyıxılmaram ki?
- Dedim mən
burdayam da! Qoy nağara qalsın, mən təzədən
çıxıb götürərəm.
- Qqaqa, bu
məmənim çöçörək ağacımdı.
Yanğınsöndürən:
- Ə, gəl
görüm! Bu da mənim çörək
ağacımdı;- deyib əlini vurdu nərdivana,
- sonra onu birtəhər yendirdi.
Camaat:
- Urra!
Urra!
Elə bil Bir May idi, raykomun tribunasının
önündən keçirdilər.
Çalğıçılar
meyitə dönmüş Nağaraçını
bağırlarına basdılar:
- Ə, ordan bir çappa araq gətirin.
Elə bil çappa araq hazır idi. Nağaraçı çəkdi
başına, gözü çıxdı kəlləsinə:
- Nanamərddər,
bubu tutut aarağıymış ki?
Bu vaxtı Dayı gəldi. Nağaraçı
qorxutdu ki, bu dəqiqə onu salacaq ayağının
altına çığnayacaq.
Amma gördülər ki, Dayının gözləri
dolub, yanağından göz yaşı axır.
Nağaraçını necə qucaqlayıb
qaldırdısa, yazığın ayağı yerdən
üzüldü. O üzündən-bu üzündən öpdü:
-
Bajoğlu, bağışda məni. Bağışda,
bu axmax dayını. Bir eşşək mərci
ilə səni də zibilə salmışdım,
özümü də. Sənin bir İstipanakert pulun da
mənnikdi;- sonra Sədini qucaqlayıb
dedi: - Səni and verrəm Seyid Lazım Ağanın cəddinə,
bunu orda-burda danışıf məni dilə-dişə
salmıyın.
Sədi:
-
Ağsaqqal, elə kişilik olar. Seyid Lazım
Ağanın cəddi, ağzımı açmaram, bir toyda
danışaram, bir yasda.
Ağsaqqalı
gülmək tutdu, yenə Sədini basdı bağrına,
dedi:
- Sən
yaxşı oğlansan, danışmazsan. Di
keçin mağara, camaat gözdüyür.
Keçdilər mağara. Ağız deyəni
qulaq eşitmirdi. Amma Dayını görən
kimi elə bil qurbağa gölünə daş atdılar.
Çalğıçılar yerlərini tutdular, alətlərini
köklədilər. Sədi bir-iki dəfə mikrofona - Bir,
bir, bir - deyib yoxladıqdan sonra boğazını
arıtlayıb səsini köklədi.
Dayı Nağaraçının nağarasını
alıb qoydu stolun üstə, özünü də çəkdi
mağarın ortasına ki, mənimlə oynayacaqsan. Sonra stolun üstünə
bir əllilik atdı:
- Mənim
havamı çalın.
Yeryerdən
çığırdılar:
-
Gamış bağa girdi, gəl…
Bəlkə,
qırx iliydi Ağdamda bu havaya bir köhnə kişi
vardı, Astorq İbrahim, bircə o oynayırdı. O qədər
ağır-ağayana bəy havasıydı ki!
Sədi:
- Gözlərinizi niyə döyürsüz, ə? Bu ağsaqqal da buraların Astorq İbrahimidi! Getdik!
Çalğıçılar başladı çalmağa. Sədi də mikrofonu götürdü:
- Ədə, ədə Abasqulu,
gamış bağa girdi, gəl.
Tənəhləri yedi, gəl.
Dayı qollarını qaldırdı, elə bil uçmağa hazırlaşan bir qoca dağ qartalıydı. Nağaraçı da qollarını qaldırdı, elə bil onun önündə sərçəydi.
- Ədə, Abasqulu,
gamış bağa girdi, gəl,
Tənəhləri yedi, gəl.
Aqil ABBAS
Ədəbiyyat qəzeti.- 2019.- 26
yanvar.- S.6-9.