Bumeranq...
hekayə
Çin rəvayəti əsasında
Anasının əlindən tutmuşdu. Şirniyyatlara, sulara, oyuncaqlara baxa-baxa qalmışdı.
Hərdən dayanıb nəsə
demək istəyirdi.
Amma anası onun əlini sıxaraq susmasını tələb
edirdi. Sussaydı da, üzündəki
təbəssüm hər
dəfə yenilənirdi.
Böyük mağazada onu
xoşbəxt edəcək
hər şey var idi.
Tortlar olan hissəyə gələndə
daha çox sevindi. Daha onu susdurmaq olmazdı. Anasına
yalvarmağa başladı:
- Ana, mən tort istəyirəm.
Nolar, al da, ana.
Anası gah qızına, gah da tortlara
baxırdı. Bəzəkli, rəngarəng tortlar
şüşənin arxasından
elə gözəl görünürdü ki,
artıq ananın da nəfsi çəkirdi.
Fəridə anasının üzündəki
razılıq ifadəsini
görüb sevindi.
Az qala
atılıb-düşəcəkdi mağazanın ortasında.
Anası
dəsmalının arasındakı
pulları əliylə
ovuşduraraq nəsə
düşünürdü. O isə xəyalında bütün tortlardan dadmışdı. Ən şirinini
seçmişdi də.
Ana nəsə düşünüb
"yox", - dedi. Bu "yox" Fəridənin
aldığı ən
acı "yox"uydu.
- Pulumuz
az qalıb. Tort alsaq, başqa şeylərə pulumuz
çatmaz. Gələn səfər alarıq.
Ana danışdıqca
Fəridə daha çox səssizcə ağlayırdı.
Əslində, o göz yaşları anaya yox, Allaha üsyan
idi, bəlkə də. Yazıq ana nə etsin? Kövrəlmək
onun əlində su içmək kimi bir şey idi. Bədbəxt
ana gözlərindən qocalmağa başlamışdı.
Bir neçə
şey alıb getdilər. Yaşadıqları binanın
girişində onları bir səs dayandırdı. Arxadan gələn
gənc adamın səsi anaya yad idi. Gənc adam təngnəfəs
dayanıb bir az susdu. Fəridəyə baxa-baxa anasından
xahiş etdi:
- Bu
kiçik hədiyyəmi qəbul edin, xahiş edirəm.
Ana
çaşqın idi, qəbul etmək istəmirdi.
Gənc
adam:
-
Xahiş edirəm, bu tortu qızınıza verməyimə
icazə verin.
Elə həmin
tort, Fəridənin xəyalən daddığı ən
şirin tort. Ana Fəridənin yalvarışlı
baxışlarına və gənc adamın israrlı
xahişinə təslim oldu.
Fəridə
tortu elə tutmuşdu ki, sanki bütün dünya
ovucundaydı. Gənc adamın tortla bərabər verdiyi
kağızı da sol ovucunda sıxmışdı.
Evə daxil oldular. Fəridənin atası onları qarşıladı. O, əlil arabasında bu gün daha təkəbbürlü görünürdü. Axı bu gün onun doğum günüydü. Fəridə hələ doğulmamışdı atası ayaqlarını itirəndə. O, atasını ayaqsız sevmişdi. Qardaşı da atasının ayaqlarını görməmişdi.
Ailə bir arada idi, üzlərində təbəssüm dolaşırdı. Ən çox da Fəridə xoşbəxt görünürdü. O, əlindəki tortu atasına uzadanda atası sual dolu baxışla ona və anasına baxdı. Sanki bu tortu hansı pulla aldınız,- deyə soruşmaq istəyirdi. Fəridə gənc adamın verdiyi kağızı da atasına uzatdı.
Saralmış, kirli kağızda bu sözlər yazılmışdı: "Yaxşılıq et və bil ki, bir gün sənə qayıdacaq".
Fəridə çaşıb qalmışdı. Atası kağızı oxuyub həm gülümsəyir, həm də gözündən yaş axıdırdı. Heç nə anlamadı həmin gün. Həmin tortun üzərində bir şam da yandırıb mahnı oxudular, yedilər, içdilər, danışdılar, güldülər. O düşünürdü ki, atasının doğum günü ən gözəl bayramdır. Heç vaxt atasını ayaqlı düşünməmişdi. Ayaqsız sevmişdi atasını. Atası hərdən gülür, hərdən də düşüncələrə dalırdı. Düz iyirmi il öncələrə getmişdi düşüncələri.
Gənc adamın Fəridəyə verdiyi kağızı o özü yazmışdı. Həm də iyirmi il öncə yazmışdı. "Yaxşılıq et və bil ki, bir gün sənə qayıdacaq".
O kağız neçə tortlar hədiyyə aparmışdı, neçə ailəni xoşbəxt eləmişdi, neçə uşağı sevindirmişdi, bilmirdi. Amma iyirmi illik yol gəlib onun evinə çıxmışdı. O, hələ müharibədən qabaq ayaqları üzərində gəzəndə bir adama vermişdi həmin kağızı hədiyyə üzərində.
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2019.-
26 yanvar.- S.9.