Nadin QORDİMER
Köhnə-kürüş
hekayə
ƏDƏBİYYAT ÜZRƏ
1991-Cİ İLİN: NOBEL mükafatçısı Nadin
QORDİMER. 1923-cü il, 20 noyabrda CAR-da, yəhudi
ailəsində anadan olub. İlk qələm təcrübələrini
9 yaşı olanda yazmağa başlayıb, bir il
sonra onda ürək xəstəliyi aşkar edilib və Nadin təhsilini
evdə davam etdirib. 16 yaşında ikən
Yohannesburqda nəşr olunan "Forum" jurnalında
"Sabah bir də gəl" adlı ilk hekayəsi çap
olunub. "Üz-üzə" adlı
ilk kitabı 1949-cu ildə işıq üzü görüb,
1953-cü ildə isə ilk romanı - "Yalançı
günlər" ilə oxucuların qarşısına
çıxıb. Ona dünya şöhrəti
qazandıran "Culaya xalqı" romanı 1981-ci ildə
çap olunub. Daha sonra bir-birinin ardınca
çıxan onlarla kitabı ilə Nadin Qordimer XX əsr
dünya ədəbiyyatının ən tanınmış
simalarından birinə çevrilib. Bu
cür rəngarəng ədəbi fəaliyyətinə və
insanlığa xeyir gətirən möhtəşəm əsərlərinə
görə yazıçı 1991-ci ildə ədəbiyyat
üzrə növbəti Nobel mükafatına layiq
görülüb. Yazıçı
2014-cü ilin 13 aprelində CAR-da vəfat edib.
Beril Fels
adlı qadının bit bazarından aldığı qədimi
dəmir sandıqçada hədiyyə olaraq məxmər və
zər-bafta parçalar vardı. Evdə
açıb baxanda parçaların altında bir dənə
də "hədiyyə" gördü - məktublar.
Ezamiyyətə
gedəndə, ya da uşaqları zökəm olanda etdiyi kimi,
yenə dostlarına zəng vurub onlardan məsləhət istədi:
- Normal adam özgə məktubları tapanda nə
edir?
- Sahibinə
qaytarır.
Axmaq məsləhətdir!
Kimə qaytarasan? Yəqin,
köhnə-kürüşçü bu məktubların kimə
aid olduğunu bilmir. Belə adamlar onun-bunun
şey-şüyünü satmaqla dolanırlar, lombardları
gəzir, əlimyandıda pula ehtiyacı olanların köhnə-kürüşünü
alıb satırlar.
- Siz
oxuyun da onları. Əlbəttə, oxyuyacaqsız!
Tanış kitab alverçisi, əntiq mallardan
başı çıxan adamdır, o dəqiqə rola girdi. Söhbət 40-45
yaşlarında, ömrü boyu şəngülüm
ovqatında olan homoseksualist, bibliofildən gedir. Beril
Fels onunla bir yerdə ideal cütlük kimi teatra, avanqard filmlərə
tamaşa etməyə gedirdi.
- Yəqin,
yandırırlar gedir, başqa neyləmək olar? - rəfiqələrindən biri, dünyanın ən
prinsipsiz qadını deyir. Övladlarının telefon
danışıqlarını dinləməkdən iyrənməyən
adam.
- Dəmir
sandıqça sənin nəyinə lazımdır? - başqa bir tanışı soruşur. Bu adam şənbə günlərində
xırdavat almaq üçün şəhəri
dolaşmaqdan, hansısa mağazadan nəsə qeyri-adi pendir,
ya da çox baha olmayan yaxşı şərab axtarmaqdan
zövq alır.
Məktubların hamısı eyni qadının bir şəhərdəki
abunə yeşiyi ünvanına, ya da tələb olunanadək
qeydi ilə müxtəlif şəhərlərə və hətta
ölkələrə ünvanlanmışdı. Berilin özünə gəlincə,
yüz il qala sandıqçadan məktubları
saxlamaq üçün istifadə etməyi ağlından
keçirməzdi. Özü də... nə qədər! 307 məktub, 9 açıqca saydı. Üstəlik, xeyli teleqram da vardı - bəziləri
heç şəffaf zərflərin içindən
çıxarılmamışdı. Teleqramları
saxlamaq ha - nəsə qəribə işdir... Əlinə
keçənlərdən birini oxumağa qərar verdi; əşşi kimdir ey orda intim şeylərdən
yazsın. Poçt işçisi də sözləri
hesablayanda mətni oxuyur!
Teleqram qısa və imzasız idi. Yalnız tarix, nömrə
- yəqin, dəmiryol platformasının nömrəsi idi, - üstəlik,
mətni də çətin başa düşmək olurdu.
"Hə, hə, hə", - yəqin, eşqə
düşənin hisslərinin təsdiqi idi. Eşqə
düşmədən 307 dənə məktub yazmaq olar?
Berilin ağlına qəribə bir fikir gəldi, sanki məktubları
sandıqçaya onların sahibi yox, kimsə bir
başqası yığıb gizlətmişdi: məktubların
bəzisi elə bil başqa şeylərin arasında qalıb
əzilmişdi. Görünür, onları kimsə
tapıb necə gəldi sandıqçaya atmışdı -
lap altda təlimat kimi bir şey yazılmış adi vərəq
vardı; elə güman etmək olardı ki, məktub sahibi
bu kağızı qutunu ilk açacaq adama ismarış kimi
yazıb. "Ölümümdən sonra bu məktubları
20 il ərzində açıb oxumadan
qoruyub saxlamaq lazımdır, sonra kitabxanaya, ya da arxivə təhvil
vermək olar". Altından da zərflərdə
olan imza. Poçt ştapmlarındakı ən son tarix
1940-cı ilə aid idi (demək, teleqramlardakı rəqəmlər
aviareysə deyil, doğrudan da dəmiryol platformasına aiddir)
- yəqin, embarqo qüvvədən
düşmüşdü. Qadın sağ
olsaydı, məktubları başqasının əlinə
keçməkdənsə, onları yandırardı. Beril Fels onları səhər qəhvə içə-içə
oxudu. Yazılan məktubların əksəriyyəti
qadının yeni çapdan çıxmış
kitabının tərifləndiyi dövrə təsadüf
edirdi. Görünür, bu fikirlərdə onun
romanının qəhrəmanları nəzərdə
tutulurdu: dedim axı, qadın yazıçı idi.
Qadınsa, öz növbəsində, onunla bağlı
saf arzularını dilə gətirir, nə vaxt mükafatlandığını,
nə zaman tərifə layiq görüldüyünü
unutduğunu deyirdi. Bu fikirlər onun abzaslarında
açıq-aydın görünürdü. Hiss olunurdu
ki, bu sözlərlə onun toz basmış fikirlərini
sahmana salmağa, onun istedadlı adamların, mükafatlardan
uzaq qalan adamların qarşılaşdığı bu
haqsızlıqlara daha ayıq başla yanaşmağına
çalışır. O, çirkab kimi ətrafa yayılan,
ləyaqətdən uzaq yollarla uğur zirvəsinə qalxan
adamalara qəzəb yağdırırdı. O, çox nəzakətlə
fikir bildirir və yanlış fikirlərdən
qaçırdı, - yəqin, öz qiymətini bilib də, -
əmin idi ki, başqalarının haqqına girməklə
qazanılan zavallı sədəqələrdən bir şey
çıxmaz, onun özünü isə yeri gəlsə,
lap Nobel mükafatı gözləyir.
Görünür,
o, doğrudan da, öz fərqliliyinin yüksək qiymətini
bilib: sevgi nəvazişi ilə süslənmiş qürur
nümayiş etdirmək onun üçün hardasa yeni
xüsusiyyətdir.
Məşhur qadın aşiq olduğu kişinin
mükafatlanacağı mərasimə qatılmaq istəyirdi. Kişi onu bu
fikirdən daşındırmaq üçün bir ay sərasər
dilə tutmuş, daha sora hərfi mənada
yalvarmışdı. "Hətta sən
Ebenşteyn vasitəsilə Freyzerə çıxa bilsən
belə, elə güman edirsən ki, o, torbada pişik
olduğunu bilməyəcək? Sənin altdan-altdan
iş görməyin də varmış! Yox,
düz sözümdür, sevgilim. Tədbirə
yalnız elmi cəmiyyət üzvləri ilə
xanımlarını buraxacaqlar. Mətbuatı
deyirsən? Onlar belə tədbirlərə
gəlmirlər. Axı bu, dünya əhəmiyyətli
bir şey deyil. Sonra laureatların
siyahısı dərc olunmuş press-reliz çap olunacaq.
Bir də axı sən nə vaxtdan bəri
özünü jurnalistlər gildiyasına aid edirsən?
Birdən-birə səndə cəmiyytin fəaliyyətinə
maraq haradan yaranıb? Şəklini kitab
cildində görənlər o dəqiqə tanıyacaqlar.
O ki qaldı bizə, necə özümüzü bir-birini
tanımayan adamlar kimi apara bilərik?..".
Görünür,
onun məyusluğu keçirdiyi sarsıntı ilə
bağlı idi, çünki növbəti məktubunda bu
mövzunu inkişaf etdirməyə məcbur olmuşdu:
"Elə şeylər var ki, onu özümüzə rəva
bilmirik. Özün demişdin axı: biz elə bir xəzinəyə
sahibik ki, başqaları onu xəyallarına belə gətirə
bilməzlər. Gözə gələrik deyə,
bunu dilə gətirməyə də qorxuram. Bu, sadəcə, "biz"im
varlığımızdan asılı deyil, bu, sadəcə,
bizim möhtəşəm dostluğumuzun və
yaxınlığımızın böyüklüyü ilə
bağlı deyil, bu həm bizim yaradıcı uğurumuzun təzahürüdür.
Tam səmimi deyirəm, əzizim: yaxın zamanlarda sənin
adın zəmanəmizin ən tanınmış adamları
ilə bir sırada çəkiləcək... Təəssüf,
əgər biz birlikdə ən adi məişət qayğılarından
qurtula bilmiriksə, o zaman bir-birimizin uğuru ilə
açıq-aydın qürurlanmağa dəyməz. Bu - evli
cütlüklərin haqqıdır və deyərdim ki, yeganə
haqqıdır. Özünü mənim
arvadım kimi, universitet illərindən qalmış arvad
rolunda qələmə vermək sənin nəyinə
lazımdır? Elə bir arvad ki, əri onunla nəinki
yatmaq, hətta üz-üzə gəlib danışmaq belə
istəmir və qadın da, sadəcə, ətrafa
gülümsəməkdən, ya da şlyapa yelləməkdən
başqa çarə tapmır...".
Növbəti dəfə qadın ona daha bir kitab həsr
etmək istədiyini bildirdi. Kişi acı təəssüflə
bunu qeyri-mümkün yazır. "Adlarımızı
nə qədər şifrəli və gizli təxəllüslərlə
göstərməyə çalışsan da, belə getsə
sirrimiz hər yana yayılacaq - növbəti etiraf buna yetər.
Gəl, 5 il sərasər gizli saxlaya
bildiyimiz kimi, yenə sirrimizi gizli tutmağa davam edək. Bu -
xoşbəxtliyin dəyəridir. Qoy kütləvi
informasiya vasitələrinin başı tapmaca tapmağa
qarışsın, amma mən onsuz da bilirəm ki, bu kitab - mənim
əbədiyyətə ümidimdir".
Gecə saat 5-də Beril Fels son məktubu oxuyub
qurtardı.
Beril Fels masa arxasından qalxdı. Mədəsi
quruldadı; foksun kəskin dəyişməyi ilə
otaqdakı cizgilər bulanıq və yayğın
göründü. Külqabıda - gic kimi
saydı - düz 13 dənə siqaret kötüyü
vardı. Hər tərəfdə səpələnmiş
şənbə qənimətləri onu real həyata, öz
varlığına qaytardı. Məktəb
direktoru kabinetindəki sarı ağacdan düzəldilmiş
masaya oxşar bir şeyin arxasında olduğunu görəndə
bir anlıq özünü itirdi, sanki öz
dünyasını yırtıb keçərək, yad
adamların keçmişinə soxulmuş -
düzbucaqları və hamar səthi olan dünyadan sevinc dolu,
lakin qadağan olunmuş uşaq səs-küyü ilə
yüklənmiş bağçanın bir küncünə
düşmüşdü. O, ani bir hərəkətlə
əllərini üzünə aparıb, uşaq kimi
qoxladı.
Yerindən
qalxıb, vanna qəbul etdi, tənha
çarpayısını açıb, şalvarla geyməyə
alışdığı ipək köynəklərindən
birini seçdi, - bir sözlə, həmişəki ayinlərinə
qayıtdı. Təəssüf ki, bazar
günüydü, yoxsa şəhər kitabxanasına zəng
vura bilərdi - bəlkə onlarda həmin qadının
kitablarından vardı? Əntiq şeylərdən
başı çıxan dostuna zəng vurdu, amma o, hər
bazar günü olduğu kimi, hansısa qonaqlıqda idi.
Səbirsizliklə bazar ertəsini gözləmək
qalırdı.
Bazar ertəsi əntiqçi dostuna və iki yaxın
tanışına - şəhər və universitet
kitabxanası müdirlərinə müraciət etdi. Onun dediyi
yazıçı qadın haqqında heç birinin məlumatı
yox idi. Hər üçü peşə
bacarıqlarının bu qədər bəsit olduğunu
anlayıb, həvəssiz şəkildə aradan
çıxmağa çalışdı. Ola bilsin həmin yazıçı qadın
"yazıçılar üçün
yazıçılar" zümrəsinə aid olub və
yalnız özünü sənətə həsr edənlər
arasında tanınıb. Üstəlik,
kitabxana kataloqunda onun bircə dənə də olsa
kitabının adı tapılmadı.
Başladığı işi qətiyyətlə sona
çatdırmaq istəyən Beril Fels bir
tanışından onu nüfuzlu universitet professoru ilə
görüşdürməyi xahiş etdi. Beril
tapıntısını ona göstərmədi, lakin məşhur
aşiqin şəxsiyyətini üzə
çıxarmağa kömək edə biləcək
bütün faktları açıb tökdü. Yenə bir şey alınmadı. Həmin dövr üçün ölkədə
elmin müvafiq sahəsi ilə (söhbət geofizikadan gedirdi)
məşğul olmuş və böyük uğur
qazanmış heç bir tanınmış alim bu söhbətə
uyğun gəlmirdi. Hər ehtimala qarşı heç
Nobel mükafatçıları siyahısında da belə
bir uyğun adam tapılmadı.
Əntiq bilicisi hər ehtimala qarşı məktubları
qoruyub saxlamağı məsləhət bildi.
- Nəvələrimiz
üçün...
O, öz
məşhur naharlarının birində tez-tez saata baxaraq,
"zalın dirçəlməyini" gözləmiş və
belə bir nitq söyləmişdi.
- Hətta
kənar adamların məktubları belə, dəyərlidir,
sadəcə, onları 50 il qoruyub saxlamaq
lazımdır. Üzərində kurort şəkilləri
olan köhnə açıqcalar, camaşırxana qəbzləri...
Bu sizin üçün yenilikdir? Başqa cür olsaydı, mən sizin
üçün belə bir süfrə aça bilərdimmi?
Sonra da
ciddi görkəm alıb, sözünü
yekunlaşdırmışdı:
- Eh,
adamlar ağıllarına gələn hər şeyin
kolleksiyasını toplayırlar!
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2019.- 26
yanvar.- S.28.