Azərbaycan ədəbiyyatında paralel
dünyalar
Türkiyə Cümhuriyyəti Ərdahan Universiteti,
Türk dili və ədəbiyyatı fakültəsi,
Çağdaş türk dilləri və ədəbiyyatları
kafedrasının doktorantı Aynur Beşkonak Kamal Abdulla
yaradıcılığını tədqiq edir. "Ədəbiyyat
qəzeti" onun "Azərbaycan ədəbiyyatında
paralel dünyalar" yazısını təqdim edir.
Gözlə
görünən kainatdan savayı, başqa kainatların var
olma düşüncəsi kainatın bir parçası olan
insanın həmişə marağını çəkmişdir.
Bəzi elm adamlarına görə, kainatın
sonsuz boşluğunda bizim görə bilmədiyimiz paralel
kainatlar mövcuddur. Bizim kainat, bəlkə
də, saysız-hesabsız paralel kainatlardan sadəcə
biridir. Çoxlu kainat demək çox
sayda dünya deməkdir. Paralel dünya
anlayışına görə, yaşadığımız
dünya yeganə dünya, yaşadığımız həqiqətlər
də yeganə həqiqətlər deyildir. Bu da, eyni zamanda çoxlu ehtimal deməkdir.
Paralel kainat insanın verəcəyi qərarların və atacağı addımların yaratdığı sonsuz sayda ehtimallar dünyasıdır. Bu fikrə görə, həyatda bizdən başqa bizlər mövcuddur və bizlərin başqa dünyada başqa bir həyatı yaşama ehtimalımız var. Bu düşüncə "hər kəsin sonsuz sayda həyatı var, hər kəs sonsuz sayda eynizamanlı həyat yaşayır" fikrini ağıla gətirir. Bu nəzəriyyə üzərində baş sındırmaq həyatı və ölümü mühakimə etməyə aparıb çıxararaq "Yaradan Tanrıdır" düşüncəsini sual altında qoyur: "Qəribədir ki, paralel kainat nəzəriyyəsi aspektindən baxanda ölüm deyə bir şey yoxdur. Çünki bir nəfər bir kainatda ölsə belə, digər kainatlarda hələ də həyatdadır. O halda sonsuz sayda kainat varsa, həyat da sonsuzdur". Buna nümunə kimi Kamal Abdullanın "Unutmağa kimsə yox" romanında Bəhram öldükdən sonra F.Q.-nin Bəhramın olduğu digər dünyada olmaq istəməsini misal göstərmək mümkündür. Yaxşı, bəs çox sayda dünya həyatı varsa, hansı dünya daha gerçəkdir? Paralellik mövcuddursa, o zaman gerçəklik də bərabər səviyyədə olmalıdır.
Təkcənəlik vaxtı, Paralel dünyalar, Möhtəşəm ahəng, Hadisələrin üfüqü kimi fəlsəfi anlayışların Kamal Abdullanın əsərlərində işlənməsi təəccüblü deyil. Çünki bu kimi təbirlər Kamal Abdulla fenomenidir, fəlsəfəsidir, onun geniş təxəyyülünün məhsuludur, yaradıcılıq fantaziyasının nəticəsidir. Yazıçı bir essesində paralel kainat anlayışını bu şəkildə açıqlayır;
"Deyirlər ki, bizim yaşadığımız və tanıdığımız dünya öz mövcudluğunda tək deyil. Onunla bərabər ona qismən bənzər digər dünyalar da sonsuz fəzada mövcuddur. Hətta bizim hər birimiz o biri paralel dünyalarda tamam başqa-başqa tərzlərdə öz həyatımızı davam etdiririk. Mən nə zamansa (deyəsən, tələbəlik illəri idi) filologiyanı atıb musiqiçi olmaq istəyirdim. İndi o dünyaların birində mən öz gənclik arzumun ardınca gedib, bəlkə də, ala-babat bir musiqiçi olmuşam. Başqa bir Kamal Abdulla isə başqa bir dünyada, bəlkə də, artıq həyatda yoxdur. (O müdhiş gündən sonra yaşamağa dəyərdimi?) Beləcə, sonsuz dünyalarda, sonsuz reallaşmalarda, sonsuz paralellərdə...
Məncə, mənim üçün paralel olan dünyalarda yaşayanların özləri üçün də başqa paralel dünyalar var.
Mənim paralel dünyalarımla oralardakı hər hansı "mən" üçün də mövcud olan paralel dünyalar eyni deyildir. Bu, həqiqətən də bitmək bilməyən, əsl sonsuz çoxluqdur: Hər paralel dünyanın öz paralel dünyaları var.
Deməli, paralel dünyalar bir müstəvidə deyil, bütün kəsişən xətlərdədir. Evklid həndəsəsindən Lobaçevski həndəsəsinə keçid də bu mahiyyətin dərkindən başlayır".
Bu və digər fəlsəfi düşüncələr yazıçının əsərlərində ya açıq, ya da qapalı şəkildə əksini tapır. Yazıçının əsərləri, xüsusilə son romanı "Unutmağa kimsə yox"u dərin fəlsəfi məzmun daşıyır. Kamal Abdulla bu romanında illərdir elm dünyasını məşğul edən Paralel kainatlar nəzəriyyəsinə toxunmuş, dərin məzmuna malik bu nəzəriyyəni romanına naxış kimi işləmişdir. Elm dünyasını uzun illərdir məşğul edən belə mürəkkəb və dərin məzmunlu məsələnin Kamal Abdulla romanında işlənməsi yazıçının fərqli və qeyri-adi düşünmə qabiliyyətinin nəticəsidir.
"Unutmağa kimsə yox"
romanında Paralel dünyalar məfhumuna tez-tez toxunan
yazıçı əsərdəki bir çox hadisəyə
bu baxımdan aydınlıq gətirmiş, bir çox nəticəni
bu məfhumla əlaqələndirmişdir. Əsərdə
paralel dünyalardan ilk dəfə söz açan Arxeologiya
İnstitutunun rəhbəri Patriarx ləqəbli akademik
Mirəhmədovdur. O, F.Q.-dən paralel dünyalara inanıb
inanmadığını soruşur. F.Q.-nin bu suala
reaksiyası onun paralel dünyaların varlığına
inamını ortaya qoyur: "F.Q. elə bil ömrü boyu həsrətlə
bu sualı gözləmişdi: İnanıram! Bir saniyə
belə düşünmədən qətiyyətlə cavab
verdi. "Var, var, bu dünyalar. Uff. Ürəyimdən, elə
bil, tikan çıxartdı" ("Unutmağa kimsə
yox": 277). Bundan sonra Patriarx F.Q. bunu daha da
aydınlaşdırmaq üçün müəllimi Molla
Güləlinin danışdığı Parislə ilahələrin
alma rəvayətini izah edir və bu hadisənin başqa bir
paralel dünyada baş vermə ehtimalını
vuğulayır. Bu rəvayətə görə, Paris üzərinə
"Gözəllər gözəli üçün"
sözləri yazılmış almanı Heraya verir. "Bəli,
almanın sahibəsi Hera olmuşdu, Paris almanı, əlbəttə
ki, Heraya vermişdi. Ancaq və ancaq Heraya!" (UKY: 302) Homerə
görə, Paris almanı Afroditaya verir. Bununla
Patriarx hadisələrin müxtəlif zaman və məkanlarda
baş verə biləcəyi paralel dünyalar məfhumuna diqqət
çəkir.
Yazıçı
"Unutmağa kimsə yox" romanında paralel dünyalar məfhumuna
baş qəhrəman F.Q.-nin izahı ilə aydınlıq gətirir:
"Paralel. Yeni, sonsuz, çoxlu, ağlagəlməyən dərəcədə
bitib-tükənməz ulduzlar var ha, o qədər sonsuz... Paralel, yeni bizim dünyamıza oxşar. Həm
oxşar, həm də oxşar olmayan" (UKY: 328).
Hər
qapının arxasında sonsuzluğa açılan sonsuz
yollar var. Bir dünyada görülməmiş bir iş
başqa bir paralel dünyada, bəlkə də,
görülmüşdür. Bəhram əmi məhz bu məqamda
söhbəti F.Q.-nin heç cür izah edə bilmədiyi
Çiçəkli Yazıya gətirir: "Onda belə
çıxır ki, sən bir başqa dünyada bu
Çiçəkli Yazını artıq oxumusan" (UKY:
325). Bu söhbət F.Q.-nin başqa dünyada
Çiçəkli Yazını "dilini açan"
başqa bir F.Q.-nin açar sözü söyləməsini
(hayqırmasını) istəməsi qədər
inandırıcıdır.
F.Q. Bəhram əmi ilə eyni gündə fərqli
saatlarda eyni yuxunu görür. İki ayrı adamın eyni yuxunu görməsini
zəif bir ehtimal hesab edən F.Q. uzaq, sonsuz gələcəkdəki
paralel bir dünyada Bəhram əmi ilə
qarşılaşdığını düşünür.
Eyni yuxuların ayrı-ayrı şəxslər tərəfindən
eyni gündə
görülməsində bir paralellik var. F.Q. də
belə düşünür: "paralel dünyalar deyirdik, bu
da paralel dünya..." (UKY: 351)
"Paralel dünyalar, paralel dünyalar... Bu,
deyilmi?!" (UKY: 371)
Çiçəkli Yazının oxunmasında belə
bir "paralellik" var. Saxta şifrə çiçəklərdəki
ləçəklərə uyğun gəlir və bu saxta
şifrənin köməyi ilə yazı oxunur, ancaq bu
oxunuş gerçək oxunuş, həqiqi mətn deyildir. Bəlkə də,
başqa bir tədqiqatçı başqa bir açar
sözün köməyi ilə mətni fərqli şəkildə
oxuya bilər. Bu da sonsuz sayda çoxluq və
ehtimal deməkdir.
Romanın
içindəki bir bənzərlik və ya paralellik də
dörd yüz il əvvələ aid bir
hekayədir. Bu hekayə F.Q.-nin Çiçəkli
Yazını oxumağa çalışmasından bəhs edən
hekayə ilə paralellik göstərir. Dörd yüz il əvvələ aid bir hadisə də paralel
dünyalar anlayışına nümunədir.
1657-ci ilin bir qış günü Əli Qumral
Yüzbaşı və gənc yol yoldaşı bir
yazını oxutmaq üçün Mirzə Pirqulunun
yanına gedirlər. F.Q. də mağaradakı yazını
oxumaq üçün Vəng kəndinə gəlir. Hər iki hekayədə məqsəd yazının
oxunmasıdır. Dörd yüz il əvvələ
aid hadisədəki Mirzə Pirqulu ilə Bəhram əmi
obrazı arasında oxşarlıq özünü göstərir.
Hər iki hekayədə işlənən
mağara və yazı mövzusu bənzər xüsusiyyətlərə
malikdir. Hətta Mirzə Pirqulunun oxuduğu
"yadıma salmağa bir kimsə qalmadı dəxi"
cümləsi (UKY: 207) ilə F.Q.-nin oxuduğu
"Xatırlamağa kimsə yox. Unutmağa da kimsə
yox" (UKY: 472) sözləri arasında məna etibarilə fərq
yoxdur. Mağaranın qabağında olan
içindən işıq saçan daş da hər iki hekayədə
var. Hər iki hekayənin böyük-kiçik oxşar
xüsusiyyətlər daşıması Paralel dünyalar
anlayışı ilə izah oluna bilər.
Bəhram əmi öləndən sonra F.Q. onun başqa
bir dünyada ölmədiyini, ondan adəti üzrə
"Çay qoyummu, balası, təzədəm çay
içəkmi?" (UKY: 447), - deyə soruşduğunu
düşünür. F.Q. Bəhram əminin olduğu "o
başqa dünyada olmaq istəyir" (UKY: 448) F.Q. paralel
dünyalara bu qədər ürəkdən inanır.
Ayazla Afaqın şəhərdən kəndə F.Q.-nin
yanına gəlməsini belə, yazıçı iki fərqli
şəkildə işləyir. Öncə Ayaz, Afaq, Mübarizin evə
keçməsi təsvir edilir: "Əvvəlcə bu gələnlər
F.Q.-nin arxasınca gedib evə girdilər" (UKY: 459). Daha
sonra onların gəlişi fərqli təsvir edilir:
"Heç evə girmədilər. Əllərindəki
(qırmızı paketləri və balaca çamadanı)
artırmaya qoyub "buralar nə gözəlmiş, ay Allah..." ??? Afaq Qarağacın altına tələsdi"
(UKY: 460).
İkinci
təsvirdə Bəhram əmi sağdır, qonaqları o
qarşılayıb samovar yandırır;
"Üz-gözündən aşkar bir məmnunluq yağan
ev sahibi hərdən əlini atıb ağ saqqalını
tumarlaya-tumarlaya (başında alabəzək araxçın
var idi) samovarla əlləşməyində idi" (UKY: 461). Ən son təsvirdə ilk təsvirdə olduğu
kimi, qonaqların birbaşa evə keçdikləri bildirilir.
Bu, bir çox ehtimaldan yalnız ikisidir. Afaqgilin kəndə gəlişi bir çox
ehtimallar arasından yalnız ikisi ilə verilib. Bir dünyada Afaqgil birbaşa evin içinə
keçdikləri halda, başqa bir paralel dünyada gələr-gəlməz,
evə keçmədən Qarağacın altında otururlar.
Afaqın
Çiçəkli Yazının sehrinə qapılıb
özünü mağarada hiss etməsi də paralel
dünyalar məfhumuna bir nümunədir. Baxmayaraq ki, Afaq
Çiçəkli Yazının tapıldığı
mağaranı görməmişdi, ancaq o, mağaranı ən
incə cizgilərinə qədər "görür", hətta
oradakı çiçəklərin ləçəklərindəki
qoxunu da hiss edir.
Hər yazıçı əsərlərində
özünü, öz dünyasını gizli, yaxud aşkar əks
etdirən bir qəhrəman yaradır, duyğu,
düşüncə və fikirlərini bu qəhrəman
vasitəsilə ortaya qoyur. Kamal Abdulla bu əsərdə yaratdığı F.Q.
obrazı vasitəsilə paralel dünyaların
varlığına inamını ortaya qoymuşdur. Kamal Abdulla
yaradıcılığındakı ən böyük
paralellik isə "Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi", "Unutmağa kimsə
yox" romanları arasındakı paralellikdir.
Aynur Beşkonak
Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.11.