Afad Qurbanovun dilçilik dərsləri
Keçən
əsrin ortalarından başlayaraq Azərbaycan dilçiliyinə,
əsasən, akademik Məmmədağa Şirəliyev,
akademik Əbdüləzəl Dəmirçizadə və
professor Muxtar Hüseynzadənin yetirmələri (və
davamçıları) olan ikinci nəsil gəldi ki, həmin
nəslin ən görkəmli nümayəndələrindən
biri akademik Afad Qurbanov idi.
Afad
Qurbanov (1929-2009) ali məktəbi bitirəndən
dərhal sonra əmək fəaliyyətinə doğma kəndlərindəki
yeddiillik məktəbin direktoru (1945-1946) kimi
başlamışdır. Və həyatının,
yaradıcılığının, ümumən şəxsiyyətinin
mahiyyətində dayanan müəllim-pedaqoq missiyası onu
bütün ömrü boyu heç zaman tərk etməmiş,
əksinə, yüksəldiyi ən uca məqamlarda da Afad
Qurbanov öz müəllim adını şərəflə
daşımışdır.
Əvvəl
Tiflis Müəllimlər İnstitutunda (1946-1948), sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda (1948-1951) təhsilini davam
etdirən Afad Qurbanov Borçalının Hamamlı kəndində
məktəb direktoru (1951-1955), Tiflis Müəllimlər
İnstitutunda müəllim (1955-1956) işləmiş, Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda (sonralar Universitetində) isə
1956-cı ildən başlayaraq aspiranturadan rektorluğa qədər
çox zəngin bir yüksəliş yolu keçmişdir. Və bu, heç şübhəsiz, nə qədər
istedadlı olsa da, bir insanın şəxsi taleyi deyil,
kökdən, nəsildən (genotipdən) gələn
enerjidir ki, həmin kökə, nəslə məxsus
hansısa bir insanın taleyində bütün gücü ilə
təzahür edir.
Azərbaycan
dilçiliyi tarixində həmişə nəinki tələbələrinə,
hətta müəllimlərinə də xüsusi tələbkar
münasibətilə xatırlanan professor Əbdüləzəl
Dəmirçizadə Afad Qurbanovun aspiranturada
saxlanılması üçün rektorluğa belə bir təqdimat
yazmışdı:
"Afad Qurbanov oxuduğu müddətdə istər
yazmış olduğu kurs işlərində, istərsə də
tələbə elmi dərnəklərindəki
çıxış və məruzələrində
özünün dilçilik elminə həvəskar
olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə,
gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir".
Təqdimatın müəyyən qeyd-şərtlə
yazılması, əlbəttə, gələcək elmi rəhbərin
tamamilə "təbii" üslubu idi. Və bu son dərəcə
qeyri-təbii üslubun bir əlaməti də o oldu ki,
Əbdüləzəl müəllim öz aspirantına namizədlik
işini gənclik illərində "patriarxallıq"da tənqid
etdiyi Səməd Vurğunun "Vaqif" pyesinin
dil-üslubundan yazmağı məsləhət bildi.
Böyük
dilçi olduğu qədər də cəsarətli
"eksperimentçi" olan Əbdüləzəl Dəmirçizadə
hiss edəndə ki, N.Y.Marrı tənqid kampaniyasına
başlamaq istəyirlər, "dahi dilçi"ni müdafiə
etmək üçün Bakıda "yuxarılar"la məsləhətləşmədən
birbaşa gedir Moskvaya... Orada köhnə
"marrçılar" ona izah edirlər ki, mərdlik-namərdlik
yeri deyil, fitva Stalindən gəlir, qayıt geri, görək,
başımıza nə iş gələcək.
Əlbəttə, Səməd Vurğun öz
keçmiş "tənqidçi"sinin dərin
dilçilik təfəkkürünü layiqincə qiymətləndirməyə
bilməzdi.
Ancaq böyük şairin "Hər sadə, mürəkkəb
cümləmizin də Əzəl mübtədası
partiyamızdır" misralarındakı "Əzəl"
sözündən həm əvvəl, həm də sonra
vergül qoyub görkəmli alimə göndərirlərmiş
ki, cümlədə mübtədanın baş üzv
olmadığı barədəki fikrindən əl çəksin...
Məsələ
burasındadır ki, böyük alimin istedadlı
aspirantının Səməd Vurğunun şah əsərinin
dilindən yazdığı dissertasiya o qədər uğurlu
alınmışdı ki, müəllif bu problem üzərində
araşdırmalarını həmişə davam etdirməyə
ehtiyac duymalı olmuş, bədii mətnin linqvistik təhlilinə
dair daha bir sıra dəyərli əsərlər
yaratmışdır. Və özünün ilk şah əsəri
olan "Müasir Azərbaycan ədəbi dili"nin xeyir-duasını da, heç şübhəsiz,
böyük müəllimi vermişdi.
Afad
Qurbanovun elmi tərcümeyi-halının, müasiri olduğu
Nəsir Məmmədov, Əlövsət Abdullayev, Yusif
Seyidov, Fərhad Zeynalov, Ağamusa Axundov, Rəhilə Məhərrəmova,
Zərifə Budaqova, Musa Adilov, Zinyət Əlizadə, Tofiq
Hacıyev... kimi görkəmli dilçilərdən bir
mühüm fərqi də odur ki, Əbdüləzəl Dəmirçizadənin
yetirməsi olmuşdur.
İkinci
fərq daha dərin idi... Professor Muxtar Hüseynzadənin
başçılıq etdiyi "Universitet dilçiləri"
ilə professor (sonra akademik) Əbdüləzəl Dəmirçizadənin
başçılıq etdiyi "APİ dilçiləri"
arasında nə isə ciddi ixtilaflar,
anlaşılmazlıqlar vardı...
Afad müəllim bu "baryer"i həm elmi, həm də
böyük şəxsiyyətilə tədricən aradan
qaldırmağa nail oldu. Rektor olduğu illərdə APİ-nin
qapısını "Universitet dilçiləri"
üçün o qədər geniş açdı ki, nəinki
ixtilaflara, hər hansı anlaşılmazlığa da yer
qalmadı.
Afad
Qurbanovun müəllimliyi, xüsusilə dilçilik dərsləri
Azərbaycan elm-təhsil tarixində ən böyük məktəblərdən
biridir ki, ən azı aşağıdakı mühüm məziyyətlərilə
seçilir:
1) etnoqrafik mükəmməllik;
2) yüksək vətənpərvərlik;
3) milli dövlətçilik təfəkkürü
(və təəssübkeşliyi).
Afad
müəllimin yetirmələrindən olan professor Sayalı
Sadıqova yazır:
"Afad Qurbanov Azərbaycan Pedaqoji İnstitutunun
filologiya fakültəsinin dekanı idi. İlk
baxışda dərin gölləri xatırladan dumduru iri qara
gözlərilə tələbələrə baxarkən
çöhrəsinə ilıq, həlim, isti bir təbəssüm
qonanda duyurdum ki, bütün varlığı ilə
ziyalı-vətəndaşlıq yanğısı olan
müdrik bir alimlə qarşı-qarşıya durmuşam.
İlk növbədə, professor pak, səmimi bir insan idi,
sonralar APİ-nin rektoru, Milli Məclisin üzvü olanda da dəyişmədi,
həm bir insan, həm bir təşkilatçı alim kimi
öz sadəliyində, təmkinində qaldı, həm də
bu sadəlik və təmkin daha da dərinləşdi, daha da
zənginləşdi.
Afad müəllim şəxsiyyətinin bir cəhətini
xüsusi qeyd edim ki, o, əsl istedadın vurğunu və
qayğıkeşi idi. Bu gün elmimizə, mədəniyyətimizə
ləyaqətlə xidmət edən 70-dən artıq
istedadlı alimin yetişməsində onun əvəzsiz xidmətləri
olmuşdur".
Afad Qurbanovun dilçilik dərsləri bu gün də
davam edir. Həm
çoxsaylı yetirmələrinin elmi-pedaqoji fəaliyyətində,
həm də xüsusilə heç zaman dəyərini itirməyəcək
dərsliklərində... Həmin dərsliklər
(və dərslər) Azərbaycan dilçiliyindən
başlayaraq ümumi dilçiliyə qədər, demək
olar ki, dil haqqındakı elmin bütün sahələrini əhatə
etməklə dilçi-pedaqoqun maraq dairəsinin son dərəcə
genişliyini göstərir.
Afad
Qurbanov, ilk növbədə, Azərbaycan dilçiliyi mütəxəssisi
olmuş, "Səməd Vurğunun "Vaqif" pyesinin dili
və üslubu" mövzusundakı namizədlik (1962),
"Müasir Azərbaycan ədəbi dili"
mövzusundakı doktorluq (1968) dissertasiyalarını məhz ana
dilinin ədəbi norma, funksional üslub
xüsusiyyətlərinə həsr etmişdir. Bununla belə,
onun yaradıcılığında dilçiliyin Azərbaycan
elmi üçün səciyyəvi hər üç sahəsi
- həm Azərbaycan dilçiliyi, həm ümumtürk
dilçiliyi (türkologiya), həm də ümumi
dilçilik tam miqyasda təmsil olunur. Və bu,
ona Azərbaycan dilçiliyi tarixində heç bir dilçi
ilə müqayisə edilməyəcək xüsusi
üstünlük verir.
Afad
Qurbanovun doktorluq dissertasiyasının əsasını təşkil
edən "Müasir Azərbaycan ədəbi dili" dərsliyi
(1967) yarım əsrdən artıqdır ki, Azərbaycan ali məktəblərində
uğurla istifadə olunmaqdadır. Həsr edildiyi sahənin
ölkəmizdə ilk dərsliyi "Ümumi
dilçilik"ə (1973) gəldikdə isə professor Nizami
Xudiyevlə razılaşmaq lazım gəlir ki, "Afad
Qurbanov Azərbaycanda ümumi dilçilik probleminə dair
fundamental araşdırmalar aparan ilk alimlərdən biridir. Onun "Ümumi dilçilik" adlanan ikicildlik dərsliyi
bu sahənin mütəxəssisləri tərəfindən həm
ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir.
Bu dərsliyin əsas məziyyəti odur ki,
ümumbəşəri məzmun daşımasına
baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində
yazılmışdır".
Ümumiyyətlə,
Afad Qurbanov o məhsuldar alimlərdən idi ki, əldə
etdiyi nəticələrlə heç vaxt kifayətlənmir,
elmin, təhsilin, cəmiyyətin inkişaf tələblərinə
uyğun olaraq axtarışlar aparır, öz tədqiqatlarında
"dünən"dən "sabah"a baxmağı
bacarırdı. Dünyagörüşünün
(və elmi maraq dairəsinin) genişliyi imkan verirdi ki, o, Azərbaycan
dilinin və ya dilçiliyinin hər hansı probleminin təhlilini
məhdud dairədə yox, lazımi miqyasda - türkologiya,
yaxud ümumdilçilik kontekstində aparsın. Ali məktəblərdə
dilçilik fənlərinin tədris planları
hazırlananda da, Azərbaycan onomastikasının bütün
yönləri ilə araşdırılması "hərəkatı"na
rəhbərlik edərək beynəlxalq nüfuzlu məktəb
yaradanda da, Milli Məclisdə Əlifba Komissiyasının sədri
kimi bilavasitə müəllifi olduğu müasir Azərbaycan
əlifbasını tərtib edəndə də Afad Qurbanov həmin
prinsipə xüsusi diqqət yetirirdi. Və o, əmin
idi ki, istər milli olanı beynəlmiləldən, istərsə
də beynəlmiləl olanı millidən ayırmaqla nə
elmdə, nə də həyatda hər hansı məqsədə
çatmaq mümkün deyil.
1986-cı
ildən 2009-cu ilə - ömrünün sonuna qədər
Afad Qurbanovun rəhbərliyi ilə APİ-də (sonra isə
ADPU-da) on beş beynəlxalq elmi-nəzəri
konfrans keçirilmişdi ki, həmin illərdə, heç
də təsadüfi deyildi ki, bunlar, sadəcə, "Afad
Qurbanov konfransları" adlanırdı. Və
o da təsadüfi deyildi ki, Azərbaycan dilçilərinin
ağsaqqalı akademik Məmmədağa Şirəliyev bu
işlərə böyük qiymət verir, Afad Qurbanovun
"Azərbaycan dilinin onomalogiyası" əsərini
dünya türkoloji dilçiliyinin böyük nailiyyəti
kimi dəyərləndirirdi.
Xatırlamaq əhəmiyyətsiz olmazdı ki,
böyük alim hələ gənclik illərində çap
olunan ilk məqaləsini də şəxs adlarına həsr
etmişdi. Və Azərbaycanın istiqlalı ərəfəsində
xüsusi adların öyrənilməsinə xüsusi önəm
verməsi də, ilk növbədə, ona görə səbəbsiz
deyildi ki, min illər boyu həmin adlarda bilavasitə ifadə
olunan tariximiz milli mənliyimizin ən parlaq göstəricisi
idi.
Afad Qurbanovun dilçilik dərslərində dil
haqqındakı elmin anlayışlarına xüsusi diqqət
göstərilməklə yanaşı, dil hadisələrinə
münasibətdə özünəməxsus təsnifat həssaslığı
dərhal nəzəri cəlb edir. Və hər iki cəhət
hind-Avropa mənşəli dilçiliyin milli elmi idrak
texnologiyaları əsasında mənimsənilməsinə
xidmət edir ki, bu, heç şübhəsiz, böyük
alim-müəllimin Azərbaycan dilçilik elminin tarixi
ideallarına sədaqətindən irəli gəlir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2019.- 26
yanvar.- S.10.