Nazim Hikmət və doktor Qalina
Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etdikdən
sonra SSRİ Yazıçılar İttifaqı onun ədəbi
irsi üzrə komissiya yaratmış və
tanınmış yazıçı Konstantin Simonov
komissiyanın sədri, Əkbər Babayev isə məsul
katibi təyin edilmişdi. Bu komissiya uzun illər uğurla
işləmiş, Nazim Hikmətin arxivinin bir hissəsinin Mərkəzi
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə verilməsini, şairin yubileylərinin, ədəbi
görüşlərin keçirilməsini təşkil
etmişdir. Konstantin Simonov və daha sonra Əkbər
Babayev vəfat etdikdən sonra komissiyanın işində bir
müddət durğunluq meydana gəlmişdi. Bunu diqqətə
alaraq SSRİ Yazıçılar İttifaqı katibliyinin 15
may 1980-ci il qərarıyla komissiyanın
yeni heyəti təsdiq edilmişdir. Aralarında Çingiz
Aytmatov, Robert Rojdestvenskiy, Boris Polevoy, Valentin Pluçek, Rəsul
Rza kimi tanınmış sovet yazıçılarından,
ictimai xadimlərindən ibarət 20 nəfərlik komissiyaya
Mirzə İbrahimov sədr, mən isə məsul katib təyin
olunduq.
Azərbaycan Yazıçılar İttifaqının sədri
olan Mirzə İbrahimov ildə ancaq 2-3 dəfə Moskvaya gəlirdi
və ancaq o zaman biz Mirzə müəllimlə
görüşür, görüləcək işlərin
proqramını müzakirə edə bilirdik. Yuxarı təşkilatlarla
əlaqədar problemlər olduqda, Mirzə müəllim
onları həll etməyə çalışardı.
O, Moskvaya vaxtaşırı gəldiyi üçün
komissiyanın bütün ağırlığı mənim
üzərimə düşmüşdü və mən bu
yükü böyük həvəslə
daşıyırdım, çünki
yaradıcılığına, bir insan kimi mərdliyinə,
dönməzliyinə, həqiqəti çəkinmədən,
qorxmadan dilə gətirdiyinə, böyük həsrətinə
görə Nazim Hikmətə qarşı xüsusi sevgim,
sayqım vardı.
Komissiya
işə başladıqdan bir müddət sonra Nazim Hikmətlə
yeddi il bərabər yaşamış
Qalina Qriqoryevna Kolesnikova telefon edib mənimlə
görüşmək istədiyini söylədi. Doğrusu, bu telefon zəngi mənim
üçün gözlənilməz idi, çünki
eşitdiyimə və bildiyimə görə, Nazim Hikmətin
vəfatından sonra Kolesnikova heç kimlə əlaqə
saxlamırdı. Əkbər Babayevdən
onun haqqında soruşduğumda, Qalina Kolesnikovanın Nazimin ətrafında
olan bütün insanlardan incidiyini və bu səbəbdən
heç kimlə görüşmək, əlaqə saxlamaq
istəmədiyini demişdi. Hətta
yaşına görə o insanların sırasında olmayan
Yazıçılar Birliyinin türk ədəbiyyatı məsləhətçisi
gənc Vera Feonova işlə əlaqədar telefon etdiyində,
Kolesnikova ona bir daha zəng etməməsini demişdi. Bu
səbəbdən Nazimin vəfatından 17 il
sonra, Kolesnikovanın səssizliyini pozaraq, ilk dəfə kənar
bir şəxsi evinə dəvət etməsi və problemlərini,
arzularını, təkliflərini paylaşması, həqiqətən
gözlənilməz bir olay idi.
Qərarlaşdırdığımız günü mən
Kolesnikovanın Moskvanın Kunsevo rayonunda yerləşən
evinə getdim.
Qalina xanımın "Xruşşovka"
deyilən beşmərtəbəli binanın ikiotaqlı mənzilinə
gəldiyimdə hər yerdə köhnə çamadanlar,
karton qutular, böyük qovluqlar gördüm. Qonaq otağının baş tərəfində
kiçik bir masanın üstünə Nazimin böyük
büstü, önünə isə qoltuqlu kürsü
qoyulmuşdu. Qalina xanım həmin
qoltuğa, mən isə qarşısındakına oturdum.
Kolesnikovanın başı üstündən
bizə baxan Nazim qəribə bir ovqat yaradırdı.
Söhbətimiz
zamanı Kolesnikova Moskvada tək qaldığını, qardaşı
və qohumlarının Udmurt Respublikasının Votkinsk şəhərində
yaşayıb işlədiklərini,
yaşlandığını nəzərə alaraq Nazim Hikmətin
arxiviylə bağlı narahatlıq keçirdiyini və mənim
komissiyanın məsul katibi kimi məsləhətlərimə
ehtiyacı olduğunu dedi. Mən arxiv məsələsini həll
etməyə çalışacağımı və ilk
iş olaraq ondan arxivə vermək istədiyi materialların, əşyaların
ayrı-ayrı siyahılarını tutmasını xahiş
etdim. Çiyələk mürəbbəsiylə
çayımızı içərkən Qalına xanım:
- Bir
neçə ildir Nazimin arxivini sahmana salmaqla məşğulam.
Gördüyünüz kimi, bu zəngin arxivi təkbaşıma
sistemləşdirmək, siyahısını tutmaq,
ayrı-ayrı qutulara yerləşdirmək çox vaxt alan işdir. Sizin də qeyd
etdiyiniz kimi, Nazim dahi şairdir, o, təkcə Türkiyənin,
Sovet İttifaqının deyil, bütün dünyanın
şairidir. Odur ki, onunla bağlı hər şey, hətta
onun üzərində işlədiyi və sonra
çırıb atdığı kağız
parçalarının da gələcəkdə
araşdırmaçılar üçün dəyərli ola biləcəyini düşünərək,
onları Nazimdən xəbərsiz ütüdən
keçirib qovluqlarda toplamışam. Heyiflər
olsun ki, mən türkçə bilmirəm, bu səbəbdən
Nazimin məktubları, yazıları, qeydlərinin məzmunlarını
anlamaq, dəyərləndirmək imkanım olmayıb.
Onları tərcümə etsəniz sizə minnətdar
olaram, - dedi.
- Əlbəttə,
- dedim. - Bu işdə sizə hər zaman yardım etməyə
hazıram.
Qalina xanım əlinin altındakı bir qovluğu
açdı.
Onun içi kağız parçaları ilə
dolu idi. Kolesnikova bir kağızı
götürüb mənə uzatdı.
- Zəhmət
olmasa, bu kağıza baxın görək orada nə
yazılıb.
Qalina xanımın verdiyi kağızı gözdən
keçirərkən şairin ünlü bir şeirinin iki
misrası üzərində necə işlədiyi,
kağızdakı nöqtə və çizgi işarətləriylə
şeirin ritmini necə yaxalamağa
çalışdığı görünürdü. Başqa
kağızları da gözdən keçirməyə
başladım. Bu kağız
parçaları, həqiqətən, şairin
yaradıcılıq laboratoriyası haqqında maraqlı bilgilər
verirdi.
Arxiv və başqa məsələlərlə
bağlı olaraq ayda bir-iki dəfə Qalina xanımı
ziyarət edirdim. Hər görüşdən sonra onun mənə olan
etimadının artdığını hiss edirdim. Yəqin ki,
bu səbəbdən ümumi problemlərimizdən
danışdıqdan sonra o, həvəslə öz həyatından,
Nazim Hikmətlə necə tanış
olmasından, onunla birlikdə yaşadığı günlərdən,
şairin keçirdiyi xəstəlikdən və müalicəsindən
bəhs edərdi. Nazim Hikmətin həyat və
yaradıcılığını araşdırmağıma
və onun haqqında yazılmış, demək olar ki,
bütün elmi əsərlər, xatirələrlə
tanış olmağıma baxmayaraq, Kolesnikovanın Nazimin
özəl həyatıyla bağlı anlatdıqları mənim
üçün yeni idi və şairin bütləşmiş
obrazına insani keyfiyyətləri qaytarırdı, bu da onu mənə
daha da yaxınlaşdırır, gözümdə daha da
ucaldırdı.
Bilindiyi kimi, Nazim Hikmət 1952-ci ilin oktyabrında
sülh tərəfdarlarının beynəlxalq konfransında
iştirak etmək üçün Pekinə getmiş, orada
ürəyindəki qüvvətli sancılar üzündən
xəstəxanaya aparılmış, xolesistit diaqnozu ilə
müalicə olunmuşdur. Moskvaya
qayıtdıqdan bir ay sonra ürəyində ağrılar
yenidən başlamış, onu Qranovski küçəsində
yerləşən Kreml xəstəxanasına aparmış və
həkimlər Nazimin geniş infarkt miokardı keçirdiyini
təsbit etmişdilər. Dörd ay müalicə
olunduqdan sonra həkimlər ona siqaret çəkməyi,
spirtli içkilər içməyi yasaqlamış, pəhriz
tutmasını, ən əsası da imkan daxilində əsəbləşməməsini,
stress keçirməməsini tövsiyə etmişdilər. Bütün bunları Nazim Hikmət onu müalicə
edən həkiminə yazdığı "Lidiya İvanovna
ilə söhbət" şeirində dilə gətirmişdir.
Dörd aylıq müalicə tamamlandıqdan sonra
sağlamlığını möhkəmləndirmək məqsədilə
Nazim Hikməti bir aylığa Moskva ətrafında yerləşən
Kremlin "Barvixa" sanatoriyasına göndərirlər. Sanatoriyanın
həkimi Qalina Kolesnikova onun müalicə doktoru təyin
olunur. Çox keçmədən həkim
- xəstə münasibəti başqa bir məcrada gəlişməyə
başlayır. Qalina xanım bu olayı belə
anladırdı: "Nazim Hikmət sanatoriyaya gəldiyi ilk
gündən orada işləyən 17 yaşından 70-ə qədər
bütün qadınlar, o cümlədən mən ona
vurulmuşduq. Onun həkimi olduğum
üçün duyğularımı büruzə verməməyə
çalışırdım. Nazimin
sanatoriyada qaldığı bir ay tez gəlib keçdi. Sonuncu günün axşamı mən növbətçi
həkim kimi sanatoriyada qalmışdım. Otağımda işlərimlə məşğul
idim. Birdən qapı döyüldü, Nazim içəri
girdi və o saat mətləbə keçdi: "Doktor, mənim
sizinlə ciddi söhbətim olacaqdır. Həkimlər
konsiliumdan sonra mənim daim təmiz havada olmağımı
istəyirlər. Bunu nəzərə
alaraq Yazıçılar İttifaqı şəhər kənarındakı
"Peredelkino"da mənə daça-bağ verib. Orada təkbaşına mən nə edəcəm?
Doktor, əgər Siz daçada mənimlə bərabər
qalmasanız, Moskvadakı evimə gedib orada yaşayacam".
Mən bu söhbəti uzatmamaq üçün
vaxtın gec olduğunu, dincəlməsi gərəkdiyini
deyib, onu otağına yola saldım. Sabahısı gün
Nazim Moskvadakı evinə getdi.
İki gündən sonra Baş həkim məni
yanına çağırdı və Nazimi evində
müayinə edəcəyimi söylədi. Nazimin
sağlığında balaca bir dəyişiklik olan kimi
dalımca maşın göndərilir və mən gedib ona
baxır, lazımi dərmanları yazıb sanatoriyaya
qayıdırdım. İlk vaxtlar həqiqətən
Nazimin səhhətində balaca da olsa problemlər vardı.
Zamanla onlar da tədavi olundu. Ancaq buna baxmayaraq, Nazim məni yenə tez-tez
çağırtdırırdı. Onun artıq bir həkim
kimi mənə ehtiyacı olmadığını dediyimdə
Nazim, "Qalya, mən sənsiz yaşaya bimirəm, xahiş
edirəm, həmişəlik mənimlə qal", - dedi. Mənim prestijli işim,
çalışdığım müddətdə yaşaya
biləcəyim evim, mənimlə qalan yaşlı anam
vardı. Bütün bu arqumentlər Nazimi
fikrindən döndərə bilmədi. Anamla
görüşüb onu razı saldı, mənə Kunsevo
rayonunda mənzil aldı. Ona yaxın olmaq üçün
iş yerimi dəyişdirdim, daha sonra o işdən də
çıxdım və bundan sonra Nazimlə
"Peredelkino"dakı daçada bərabər
yaşamağa başladıq".
Qalina Kolesnikova Nazimin həm həyat yoldaşı, həm
də 24 saat səhhətinin keşiyində duran həkimi idi. Xaricdə
olarkən Nazim elektrokardioqraf almışdı. Ürəyində
bir dəyişiklik hiss edən kimi Qalina xanım Nazimin
elektrokardioqrammasını çəkər, Kreml xəstəxasının
professorlarını çağırar, onların məsləhət
etdikləri müalicə sistemini həyata keçirərdi. Kislorodla nəfəs alması üçün Qalina
Nazimin yatağının üstünə kislorod
"çadırı" qurdurmuşdu.
Nazim xarici ölkələrə çox vaxt Qalina ilə
birlikdə gedərdi. Bu səfərlər zamanı Qalinanın
istəyi, xahişi üzərinə həmin ölkələrin
kardioloqları Nazimi müayinə edər, tövsiyələrini
verər və Qalina onları uyqulamağa
çalışardı. Bu xanımın
sevgisi və bir həkim kimi köməyi sayəsində
şair normal şəraitdə yaşayır, aktiv
yaradıcılıqla məşğul olur, səyahətlərə
çıxa bilirdi.
Bərabər
olduqları yeddi il ərzində Qalina
xanım Nazimi dörd dəfə real ölümdən xilas
etmişdir. Stalinin dövlət başçısı kimi fəaliyyətinə
siyasi qiymət verən Kommunist Partiyasının XX
qurultayından bir il əvvəl, 1955-ci ildə
Nazim Hikmət Stalinin şəxsiyyətinə pərəstişi
ifşa edən məşhur "İvan İvanoviç
vardımı, yoxdumu" pyesini yazır və bu pyes 1956-cı
ildə Moskvanın Satira Teatrında səhnəyə qoyulur. Tamaşaçıların olduqca böyük
marağına səbəb olan bu tamaşa dörd dəfə
göstərildikdən sonra "sovet həqiqətlərini
yanlış təsvir etdiyi" bəhanəsi ilə
qadağan olunur. Qalina Kolesnikova ilə
birlikdə getdikləri Varşavada bu xəbəri eşidən
Nazim Hikmət çox sayda dərman içərək
özünü zəhərləyib öldürmək istəyib.
Qalina xanım böyük çətinliklə
şairi ağır koma vəziyyətindən
çıxararaq həyata qaytarıb.
Nazim Hikmət
26 aprel 1957-ci ildə göndərdiyi bir məktubda bu məsələyə
toxunaraq yazırdı: "Qalina, sən məni ən azı
dörd dəfə ölümdən xilas etdin. Bilmirəm,
yaxşı iş gördün, yoxsa pis. Hər
şeyə rəğmən, həyatda olmağımdan
çox razıyam. Yəqin ki, dünyada
yaşamaqdan gözəl şey yoxdur. Çox sağ ol, qızım".
Xəstəliyinə baxmayaraq, Nazim çox aktiv həyat
sürürdü. Onun daçadakı evi hər zaman
dostları və qonaqlarıyla dolu olardı. Arkadiy
Raykin, Konstantin Simonov, Bella Axmadulina, Yevgeniy Yevtuşenko, Mixail
Zoşşenko, Rəsul Rza, Pablo Neruda, Bertold Brext, İrji
Taufer, başqa ədəbiyyat və sənət adamları
Nazimin və Qalinanın müsafirləri olmuşdular.
Kolesnikova Nazimin xaricdə ağır şəraitdə
yaşayan həyat yoldaşı Münəvvər xanıma və
oğlu Məmədə dərin hörmətlə
yanaşar, onlara pul göndərməsini tez- tez şairə
xatırladardı. Nazim xəstə olduğu zamanlarda Qalina xanımın
özü banka gedər və Münəvvər
xanımın adına pul köçürərdi. 1959-cu ilin mayında Parisdə olarkən Nazim Münəvvər
xanıma pul göndərə bilməyib və məktubunda
bunu Qalinaya yazıb. Qalina cavab məktubunda
"Münəvvərə pul yollaya bilmədiyinə, onlardan
məktub almadığına çox üzüldüm,
çünki məhz bu işlərə görə sən
Parisə getmişdin", - deyə yazmışdı.
Qalina, eyni zamanda Nazimin katibəsi rolunu da üzərinə
götürmüşdü. O, dünyanın dörd tərəfindən
gələn məktublara Nazimin diktə etdiyi cavabları, müxtəlif
qəzet və jurnalların xahişi ilə yazdığı
məqalələri yazı makinasında çap edərdi.
Bütün bu anlatdıqlarını qısa şəkildə
yazmasını Qalina xanımdan xahiş etdim. Bir müddətdən sonra
hazırladığı on səhifəlik əl yazısı
ilə tanış olduqda, Nazim Hikmətin
50-ci illərdəki Moskva həyatının bir çox
qaranlıq məqamlarının
aydınlandığını gördüm və Kolesnikovaya
daha ətraflı bir şəkildə xatirələrini
yazmasını təklif etdim. İlk vaxtlar bu təklifə
ehtiyatla yanaşan Qalina xanım, 1993-cü ildə Udmurtstana,
doğma Votkinsk şəhərinə köçdükdən
sonra xatirələrini yazmağa başladı. Kitabın hazır hissələrini oxumaq və redaktə
etmək üçün mənə göndərirdi.
Əlyazısıyla tanış olduqdan
sonra bəzi bölümlərdə düzəlişlər
etməsini, özəlliklə də Nazimlə olan bərabərlikləri
haqqında daha geniş məlumat verməsini təkif
etmişdim. Mənim xahişimi nəzərə alan Qalina xanım kitabının 387-ci səhifəsinə
yeni və çox maraqlı bir bölüm əlavə
etmişdi. "Nazim Hikmətlə yeddi il bərabər"
kitabı 1999-cu ildə İjevskdə çap olundu. Bir müddətdən sonra o, türkcəyə də
tərcümə edildi və İstanbulda yayınlandı.
Qalina xanımın xatirələrində Nazimin
Moskva həyatı uydurmalardan uzaq, gerçəyə,
obyektivliyə, faktlara və dəlillərə dayanılaraq
göstərilməkdəydi. Bu kitab özəlliklə
Türkiyədə böyük əks-sədaya səbəb
olmuşdur. Tanınmış
yazıçı Mehmed Aydın bu xatirələrin etkisiylə
"Nazim, Qalina və Vera" adlı pyes də
yazmışdır.
Qalina Kolesnikovanın "Yeddi il Nazim Hikmətlə"
xatirə kitabının bir bölümü şairin müxtəlif
illərdə xarici ölkələrdən ona rusca
yazdığı məktublara ayrılmışdı. Duyğularını,
düşüncələrini, sevgisini rusca istədiyi şəkildə
ifadə edə bilmədiyindən şikayətlənən
Nazim ("Ə tebə oçenğ çasto viju vo sne.
Çert poberi, kak ne umeö pisatğ po-russki.
Mne xotelosğ tak mnoqo i krasivo pisatğ tebe".
01.07.1954), göndərdiyi məktublarında hər
fürsətdə Qalinaya olan sevgisini, ehtiramını, minnətdarlığını
dilə qətirirdi. O, Qalinaya Güllü, Adil Gəray
adlarıyla müraciət edərdi. 1959-cu ilin avqustunda Praqadan
yazdığı məktubunda ona türkcə müraciət
edərək yazırdı: "Güllü hanım, a benim
canım, sultanım, güzəlim, şəkərim! Ə bıl tak rad, mne bılo tak xoroşo, koqda
slışal tvoy qolos".
Nazim ilə
Qalina arasındakı sevginin şahidi olan Əkbər Babayev
bunu Qalinaya imzaladığı kitabında belə ifadə
etmişdir: "Nazimin sevdiyi qadına, Nazimi sevən müəllifdən
kiçik bir xatirə".
1955-ci ildə
"Soyuzmultfilm" kinostudiyası Nazim Hikmətin ssenarisi əsasında
"Sevdalı bulud" çizgi filmini çəkməyi qərarlaşdırır
və müəlliflə əlaqə yaratmaq,
razılığını almaq işini studiyada yenicə
işə başlamış 23 yaşlı Vera Tulyakovaya həvalə
edir. Çizgi filmiylə bağlı olaraq Vera
arabir gah kinostudiyada, gah Nazimin evində onunla
görüşür. Film tamamlandıqdan
sonra bu gənc qız ərə getməsinə,
uşağı olmasına baxmayaraq, Nazimi rahat buraxmır və
hər fürsətdə onun diqqətini cəlb etməyə
çalışırdı. Nazim bu gənc,
gözəl qadına vurulur və onların gizli
görüşləri başlayır. 1960-cı
illərin əvvəllərində Nazim Vera ilə Kislovodska
gedir və ondan sonra bir daha Qalinanın yanına
qayıtmır.
Kislovodska getməzdən öncə Nazim Hikmət bu hadisəylə
bağlı dostu və sirdaşı Əkbər Babayevə
bir, Kolesnikovaya iki türkcə məktub göndərir. Əkbər Babayevə məktubunda
Nazim yazırdı: "Əkbər, övladım! Qalyaya
ünvanladığım məktubları ona tərcümə
et. Mən son dəqiqəyə
qədər bu məsələni sənə
açıb-açmamaqda tərəddüd edirdim. Qorxurdum ki, bu hadisəyə görə sən öz
məntiqinlə məni günahlandıracaqsan. Mən başqa cür hərəkət edə bilməzdim.
Məni başa düşməyini və bunu Qalinaya da
başa salmağını səndən xahiş edirəm. Bu, səndən
gizli saxladığım yeganə şəxsi sirrim idi.
Gözlərindən öpürəm, oğlum.
Qalinanı yalqız, tək qoyma.
Nazim Hikmət"
Qalinaya
ünvanlandırdığı duyğulu məktubunda isə
Nazim yazırdı: "Mənim ürəyim, Adil Gərayım,
Məmədim, Münəvvərim və Qalyam! Səni
çox, olduqca çox üzdüyümü bilirəm, yenə
təkrar edirəm, başqa cür hərəkət etməyim
imkansız idi. Ən çox məni
üzən sənin tənhalığındır. Əgər mən ölsəydim, bu tənhalığı
daha qorxunc bir şəkildə hiss edərdin. Səndən
dostluğumuzu davam etdirməyini, yenə də oğlum Məmədim,
Münəvvərim, Adil Gərayım olmağını
xahiş edirəm... İstəsən də, istəməsən
də mən sənin atan, sən mənim anam, bacım,
yoldaşımsan.
Salamat qal.
Bilirəm, çox çətindir, ancaq yenə də məni
bağışlamağa çalış. Çox
çalış. Bəlkə,
bağışlaya bildin.
Nazim Hikmət"
Nazim Peredelkinodakı daçanı,
maşınını Qalinaya qoyur, evin xərçlərini də
ödəyir.
Özü isə Vera ilə Moskvadakı mənzilində
yaşamağa başlayır.
Söhbətlərimizin
birində Qalina xanımdan Nazimi bağışlayıb,
bağışlamadığını soruşduğumda o:
"Əlbəttə, bağışladım, - dedi. - Nazim
dahi şair, yaradıcı adam idi. Yeni əsərlər yazması üçün ona
yeni həyəcanlar, duyğular, hətta stresslər lazım
idi. Mən bunları başa
düşürdüm. Ancaq bir həkim
kimi də başa düşürdüm ki, bu hadisə Nazimin
həyatını qısaldacaq, çünki o, ağır xəstə
idi, daim nəzarətdə olmalıydı".
Ayrılmalarına baxmayaraq, Nazim Qalina ilə əlaqəsini
kəsmir, onun yaşayışı, maddi vəziyyəti ilə
maraqlanırdı. Və ən çox da ona inanır,
güvənirdi. Ölümündən
sonra bütün var-dövlətinin oğlu Məməd,
Münəvvər xanım və partiyası arasında
bölünməsini istədiyi vəsiyyətnaməsini saxlaması
üçün Nazim məhz Qalinaya vermişdir. Qalina da o vəsiyyətnaməni Nazimin dəfn mərasiminə
qatılmaq üçün Moskvaya gələn Münəvvər
xanıma çatdırmışdır.
Yazıqlar olsun ki, Nazimin sonuncu məhəbbəti
xoşbəxtliklə nəticələnmədi, ehtiraslı,
gənc qadın keçmiş əriylə münasibətini
bərpa etdi, yerli-yersiz tələblər irəli
sürdü, evinə sahib olmaq məqsədilə Nazimi sovet vətəndaşlığını
qəbul etməyə və daha sonra da onunla evlənməyə
vadar etdi. Veranın hərəkətlərinə dözməyən
Nazim dəfələrlə evini tərk edib, dostu Maratın,
Əkbər Babayevin mənzilində qalmalı olub. Son dəfə 1963-cü ilin əvvəllərində
Əkbər Babayevin tövsiyəsi, xahişi ilə Nazim evinə
döndü və çox keçmədən, iyun
ayının 3-də həyata vəda etdi. 1963-cü ilin
aprelində yazdığı axırıncı şeirində
Nazim yaşamının son iki il beş
aylıq dövrünün nəylə
sonuclanacağını bir neçə misrayla və
anlamlı şəkildə belə dilə gətirmişdir:
Gəlsənə,
dedi mənə,
Qalsana,
dedi mənə,
Gülsənə,
dedi mənə,
Ölsənə,
dedi mənə.
Gəldim.
Qaldım.
Güldüm.
Öldüm.
Nazimin durumunu yaxşı bilən və uzun illər
Moskvada yaşayan dostu Şükrü Martəl, Moskva radiosunun
diktoru Fatma xanım, bir neçə rus yazıçı
dostları Nazimin bu seçimini qəti şəkildə dəstəkləmirdilər. Nazimdən
söz düşərkən Fatma xanım həmişə
göz yaşlarını çətinliklə tutaraq
"kaç kere ona, abi, gözünü sevəyim, yapma bunu,
kendinə kıyma", dediyini yaxşı xatırlayıram.
Nazim Hikmətin
bacısı Samiyə xanım isə 1978-ci ilin 23
oktyabrında doktor Qalinaya göndərdiyi məktubunda
yazırdı: "Əziz Qalina! Səni, Sovet
İttifaqında mənim qardaşım Nazim Hikmətin ən
yaxın insanını, ürəkdən salamlayıram.
Nazimin səhhətinə göstərdiyim diqqətdən xəbərdarıq...
Dörd dəfə onu ölümdən
qurtardığına və ömrünü
uzatdığına görə sənə minnətdarıq.
Nazimin ölümündən keçən 15
ildə səni həmişə xatırlamışıq.
Səni qucaqlayır və bərk-bərk
öpürəm. Samiyə".
Nazim Hikmətin
yaxın dostu, Parisdə yaşayan ünlü türk rəssamı
Abidin Dino da Kolesnikovaya minnətdarlığını bildirərək
yazırdı: "Sevgili Qalina! Güzin (Dinonun
xanımı - T.M.) və mən sizi tez-tez yadımıza
salırıq. Nazimin həyatında
oynadığınız rolu unudanlardan deyilik və buna görə
sizi çox sevirik. 29.05.1989".
1959-cu ildə
Parisdə çıxan şeirlər kitabını Qalinaya
imzalayarkən Nazim bunları yazmışdı: "Sağ
olarkən insan unudulmur, sən məni öləndən sonra
da unutma. Nazim". Kolesnikova
nəinki Nazimi unutmadı, həyatının sonuna qədər
Nazimə olan sevgisini ürəyində qoruyub saxladı və
xatirəsini yaşatmağa çalışdı.
Nazim Hikmətin vəfatından sonra Yazıçlar
İttifaqının tələbi ilə Qalina
Peredelkinodakı daçanı boşaltmalı oldu. Nazimlə bərabər
yaşadıqları o evdə şairlə bağlı hər
şeyi - kitabları, məktubları, dünyanın dörd
tərəfindən göndərilmiş hədiyyələri,
Pikasso, Dino kimi bir çox rəssamların
bağışladıqları və özünün
aldığı rəsm əsərlərini, yüzlərlə
əşyanı Kunsovodakı ikiotaqlı mənzilinə daşıdı
və illərlə onları göz bəbəyi kimi qorudu. Vera Tulyakova və ətrafındakıların onun
haqqında yaydığı iftiralara, yalanlara, uydurmalara məhəl
qoymadan, Nazimin ətrafındakı dost-tanışlarla əlaqələri
kəsərək o, Nazimli dünyasında təkbaşına
yaşamağa davam etdi.
Qalina xanım siyahı üzərində işlərkən,
mən də Nazim Hikmət komissiyasının məsul katibi
kimi Rusiya Mərkəzi Dövlət Ədəbiyyat və
İncəsənət Arxivi ilə görüşlər
aparırdım. Mirzə İbrahimov, Vera Feonova və
SSRİ Yazıçılar İttifaqı katibliyinin dəstəyi
ilə aparılan bu görüşlərin nəticəsində
Nazim Hikmətin arxivinin bir hissəsinin ora verilməsi və
şairin fondunun yaradılması qərarlaşdırıldı.
Qalina
Kolesnikova arxivə veriləcək 501 sənət əsərinin,
kitabın siyahısını 22 noyabr 1987-ci il
tarixində poçtla mənə göndərdi. Həmin
siyahıda müxtəlif ölkələrdən Nazimə
göndərilmiş üç çamadan və bir
sandıq dolusu sənət əsərləri, ünlü
ispan rəssamı Albertonun, türkiyəli Abidin Dinonun, rus
Vaysberqin və başqa rəssamların 16 əsər,
latış heykəltəraşı Erna Varnasın
hazırladığı Nazimin büstü, şairin şəkillərindən
ibarət 16 albom, onun daçada istifadə etdiyi Türkiyədən
göndərilmiş manqal və başqa əşyalar
vardı. Bir neçə gündən sonra
Yazıçılar İttifaqının
ayırdığı maşın və işçilər
siyahıdakıları protokolla Ədəbiyyat və İncəsənət
Arxivinə təslim etdilər.
Burada bir nüansa toxunmaq istəyirəm. Pensiyaya
çıxdıqdan sonra maddi çətinlik içində
yaşamasına baxmayaraq, Qalina xanım Nazimlə bağlı
olduğu üçün əlindəki olduqca dəyərli
rəsm əsərlərindən birini belə, satmağı
ağlının ucundan keçirməmişdir.
***
Doktor Qalina həyatının sonuna qədər Nazimi
yaşatmağa çalışmışdır. Yaşadığı
Votkinsk şəhərində şairin yubileylərini qeyd
edir, yerli qəzetlərdə onunla bağlı məqalələr
yazır, məktəblilərlə görüşlər
keçirirdi. Şəhərin Tarix və
Mədəniyyət Muzeyinə Nazim Hikmətlə
bağlı kinofilmləri, diafilmləri, şairin
kitablarını, məktublarını bağışlayaraq,
orada türk şairinin bir guşəsini
açdırmışdı.
Keçən
əsrin doxsanıncı illərinin ortalarında İstanbulda
yaranmış Nazim Hikmət Vakfının nümayəndələri
Kıymet Coşkun və ünlü türk kinoartisti Tarık
Akın Qalina Kolesnikova ilə görüşmək və onun
qoruduğu Nazim arxiv materiallarından bəzilərini almaq məqsədilə
Moskvaya gəlmişdilər. Mənim xahişim
ilə Qalina xanım Kıymet Coşkunu Votkinskdə qəbul
etmiş və Vakfa bir xeyli arxiv materialları hədiyyə
etmişdir.
100 illiyi
ilə əlaqədar olaraq YUNESKO 2002-ci ili
Nazim Hikmət ili elan etmişdir. Bu münasibətlə
tanınmış türk jurnalisti və rejissoru Can Dündar
şairə həsr edilmiş sənədli film çəkməyə
başlamış və Qalina Kolesnikovadan müsahibə almaq
üçün 2001-ci ildə Kıymet Coşkunla birlikdə
Votkinskə gəlmişdir. Çəkiliş
zamanı Can Dündar Nazimin həyatı, dostları, sevgisi, əsərləri,
başqa bir qadının yanına getməsinin səbəbləri
haqqında çoxlu suallar verirdi. Onlardan biri də belə
idi: "Siz KQB-nin əməkdaşı olmusunuzmu?". Bu sualı eşidən Kolesnikova təəccüblə:
- Siz nə
danışırsınız? Nə KQB ilə,
nə də başqa təşkilatlarla əlaqəm
olmayıb, istəyirsiniz, and içim.
Can
Dündarın belə bir sual verməsinin səbəbi
vardı. Vera Tulyakova və Çingiz
Hüseynov xatirələrində,
çıxışlarında Kolesnikovanın KQB-nin agenti
olduğunu iddia edirdilər.
2009-cu ildə 91 yaşlı Qalina Kolesnikova Nazimin əlindəki
bütün arxiv materiallarından ibarət iki böyük
qovluğu poçtla mənə göndərdi. Mən də
onları 2014-cü ildə öz kitabxanam və arxivimlə bərabər
Azərbaycan Milli Arxivinə bağışladım.
Bir
gözü tutulmuş, bir gözü də olduqca zəifləmiş
91 yaşlı Qalina Kolesnikova axırıncı məktubunda mənə
göndərdiyi şəkildə Nazimin büstü
önündə duraraq, sanki ona nə isə, bəlkə də,
həyatının sonuna qədər şairə sadiq
qaldığını, xatirəsini
yaşatdığını deyirdi.
Doktor Qalina 2014-cü ildə 96 yaşında Votkinskdə
vəfat etmişdir.
Tofiq Məlikli
Ədəbiyyat qəzeti.-2019.- 26
yanvar.- S.14-15.