"Azadlıq mənim üçün müqəddəsdir..."

 

Sahilə İbrahimova ilə müsahibə

 

- Yeni qələmə aldığınız "Şeyx" romanı 3 dönəmi əhatə edir. Tarixi Şeyx Sənan, Şümeysat Sənanın uşaqlığı indiki zamanı. Postmodern texnika ilə yazılıb. Sevgi üzərində qurulsa da əsas problematikası din, müharibənin azadlığımızı pərçimləməsidi. Bəs siz romandakı obrazlara azadlıq imkanı tanıdınızmı? Çünki bildiyim qədəri ilə sonluğu dəyişmisiniz?

- Şeyx Sənan "Leyli Məcnun", "Fərhad Şirin" kimi əfsanə əsasında ədəbiyyata gəlmiş sevgi hekayələrindəndi. Mən daha çox Fəridəddin Əttarın poemasına əsaslanmışam. "Şeyx" Şeyx Sənan haqqında yazılmış ilk romandı. Mənim "Şeyx Sənan"ımın sonu Fəridəddin Əttarın yazdığı sonluğa daha yaxındı. Hüseyn Cavid Xumarla Sənanı birlikdə öldürmüşdü. Mənim romanımda hadisələr belə bitmir. Romanın ikinci-müasir xəttinin sonluğuna gəlincə, bir az dəyişikliklər oldu. Düşünürəm ki, bu romanda məqsəd sonluqda deyil, əsərin mahiyyətini başqa hissələrdə axtarmaq lazımdı. Ona görə sonluğu dəyişmək, ya dəyişməmək prinsipial məqam deyildi. Əsas problematikasını artıq qeyd etdiniz. "Şeyx" bəşəri ideyalar naminə yazılmış əsərdi. Azadlıq bəşərin ən müqəddəs dəyərlərindəndi. Mənim üçün dünyada çox az şey müqəddəsdi. Adətən, saxta "müqəddəslər"i ilə yaşayan adamların cahilliyindən dəhşətə gəlirəm. Azadlıq isə mənim üçün müqəddəsdi. məhz bu əsərdə obrazlarla despot kimi davrana bilməzdim. Onları pafosdan, yalançı vətənpərvərlikdən uzaq tutmağa çalışdım. Amma bu obrazların səhvləri var, tərəddüdləri .

- Romanı oxuyarkən diqqətimi bir məqam çəkdi. Şeyx Sənanın dövründə İslamı qəbul edənlər bizdən sayılır. Qəbul etməyənlər isə azca xərac ödəyib firavan yaşayır. Siz tarix fakültəsini bitirmisiniz bu məlumat tarixi gerçəklik daşıyır, yoxsa yazıçının uydurmasıdır? Çünki xristian dinində təxminən buna bənzər olay yaşanıb. Avropa insanı kilsədən pul qarşılığında cənnətdən torpaq payı alarkən alman reformasiyasının başçısı Martin Lüter kilsəyə gəlir xeyli pul ödəyərək bütün cəhənnəm torpaqlarını alır...

- Əlbəttə, bu sözlərin tarixi əsası var. Tarixdə həmişə pul çox şeyi həll edib. Şeyx Sənan həm buna görə üsyan edirdi.

- Hesab edirəm ki, bu cür tolerantlığı, siyasiliyi özündə daşıyan bir roman vaxtsa Nobel siyahısına düşə bilər. Axı Nobel mükafatı da siyasi mükafatdır.  "Şeyx" romanında da Sənan erməni Şümeysat azərbaycanlıdır. Amma əsərdə elə qələmə almısınız ki, onlar, sanki dünyalıdı, düşmən yox. Sevginin fonunda bu problemlər romanın ikinci qatında qalır...

- Nobelin necə mükafat olmağı haqqında yekun fikir demək çətindi. Bu il heç Nobel verilmədi. Biz verilişimizdə ətraflı şəkildə bundan danışmışdıq. Nobel məni maraqlandırmır. Qətiyyən. Məni bu dünyada ən çox insan maraqlandırır. Mən insandan daha böyük vətən, daha maraqlı məkan tanımıram. Bütün gözəllikləri, bütün yenilikləri insan üzərindən dərk edirəm. İnsan robot deyil. Onun hissləri təxmin edildiyi qədər idarəolunan deyil. Kütlə saydığımız insan toplusundan kimsə qəfildən çıxa bütün bildiklərimizi alt-üst edə bilər. İnsanın, onun hissləri, istəkləri yanında dil, din, hakimiyyət mənim üçün təfərrüatdı. Təəssüf ki, dünya insanların təbiətini əsas götürərək qurulmayıb. Biz şərin yaratdığı dünyanın sakinləriyik. Yoxsa niyə bu qədər müharibə olsun, bu qədər günahsız insan ölsün ki? İnsanlar şər yüklü gücün diktəsi ilə yaşayır, ona görə hisslərimiz, davranışlarımız sağlam deyil. Sevgi bu durumu dəyişməyə cəhd edir. Romanımın qəhrəmanı da sevgidən yapışıb inqilab etməyə çalışır.

- Pasternakın fikrinə görə, bir adam siyasətə qarışmasa da, siyasət ona qarışır. "Şeyx" romanı siyasətə qədər qarışıb?

- Siyasət mənim kimi adi adamların qarışmalı olduğu şeydi. Antik dünyada siyasətə qarışmayan adamlara idiot deyirdilər. Mən siyasətə qarışmayan adamı ya tərki-dünya, ya da axmaq kimi görürəm. Ya hər şeydən əl götürüb dağlara çəkilirsən, ya da adamlar arasından yaşayırsansa, mütləq siyasətə qarışmalısan. Hərdən adamlar gülünc obrazlar geyinib yaşayırlar. Tez-tez yazıçı dostlarımızla belə şeylərə gülürük. Məsələn, deyirik, mən sufiyəm, tərki-dünyayam, amma adıma VÖEN var, olar da belə, yox? Yaxud mən adam tanıyıram ki, "Qarabağı geri verin" tipli adda QHT açır, şirkətlərdən pullar alır, 211 seriyalı nömrələr istəyir, bələdiyyə seçkilərinə namizəd olur fəxrlə deyir ki, siyasətə qarışmır. Mən doğrudan o adamların ilə qidalandıqlarını anlaya bilmirəm. Siyasət insanlar üçündü, ona insan qarışmasın kim qarışsın, yarasalar, qarışqalar?

- Romanı 3 ilə yazdınız. Tarixi dini araşdırmalara görə 3 il vaxt aldı?

- Çoxlu elmi, bədii, publisistik ədəbiyyatdan yararlandım. İstər Qərb, istər Şərq müəlliflərinin dinlə, sufizmlə bağlı yanaşmaları ilə tanış oldum. Romanın ən intensiv yazılma ili sonuncu - üçüncü ildi. Günə beş yuz söz yazırdım. Həftə sonları isə uyğun olmayan hissələri silirdim.

- Romanda estetik bənzətmələr, xatırlamalar var. Xüsusən Şümeysatın uşaqlıq illəri ilə bağlı. Dili çox axıcıdır. Rahat oxunur. Tarkovskinin bir sözü var "Sənət xatırlamadır", amma poetik bədiilik azdır, zənnimcə. Sizcə, mükəmməl roman nəyi ilə seçilməlidi, poetik estetik dili, mövzusu texniki quruluşu, bəşəri olması ilə?

- Adətən, mənə nəsrində poetik yanaşmalar çoxdu deyirlər. Mən şair adam deyiləm. Hekayəçiyəm. Kimsə yazdıqlarımda şeirsəl ifadələr tapırsa, bunu kompliment kimi qəbul edirəm. Bu əsərdə qəsdən nəyisə azaldıb çoxaltmamışam. Roman sənəti ilə bağlı çoxlu araşdırma yazısı var. Amma onları oxuduqca sənətin sərhəd tanımadığını bir daha anlayırsan. Roman belə olmalıdır, elə olmamalıdır deyən nidalı cümlələri oxuyuram, amma çox da ciddiyə almıram, düzü. Bilmirəm çox, az olmalıdı.

- Əvvəlki romanlarınız "Qanun" nəşriyyatında çap olunmuşdu. Necə oldu "Teas Press"i seçdiniz? Çap, yazıçı-nəşriyyat məsələləri ötən illərlə müqayisədə sizi qane edirmi?

- "Qanun" nəşriyyatında kitablarımın çapı üçün ödəniş eləmişəm. Satıldıqca da nəşriyyat dağıtım satış xərclərini götürürdü. Gəlirim olmurdu. Belə yanaşma ilə davam edə bilməzdim. Pul verib kitab çıxartmaq etapını adlamalı idim, artıq ayıb sayırdım özümə. Üçüncü kitabım AYB kitab seriyasının ilk kitabı olaraq çap olundu. Onlara pul ödəməsəm , onlar da mənə heç vermədi. Mən heç vaxt yazıçılığa şöhrət üçün, olur-olsun məni oxusunlar, ad olsun kitab yazıram prinsipi ilə yanaşmamışam. Ona görə daha Azərbaycanda kitab çıxarmağı düşünmürdüm. Köşə yazmağa başlamışdım. "Teas Press"də məni bu köşələr vasitəsilə tanıdı, saytın redaktoruna yazılarımı bəyəndiklərini bildirmişdilər. Mən Azərbaycan nəşriyyatlarına güvənmirdim. Saytın redaktoru məni nəşriyyata az qala zorla göndərdi. Şərtləri, yanaşmaları peşəkar göründü, ona görə əməkdaşlıq alındı. Müqavilə imzaladıq. Əlyazmanı verdim, qonorarımı aldım.

 

Söhbətləşdi: Dəniz Pənahova

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S. 17.